ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
GÖRÜŞLƏR...
.
Search

ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
GÖRÜŞLƏR...
.
MUZEYLƏRDƏ...
.
YARADICILIQ...
.
BIBLIOQRAFIYA...
.
INTERNET SƏHIFƏLƏRINDƏ...
.

 


TÜRK MUSIQI DÜNYASININ ULDUZU

       2002-ci ilin dekabr ayının 14-18-də Türkiyənin Istanbul şəhərinin Tarik Zəfər Tunaya mədəni mərkəzində Istanbul Böyük şəhər Bələdiyyəsinin mədəni işlər başkanlığı «Türk Dünyasının yıldızı» başlıklı «Türklük aləminin öncü müzik dühası Üzeyir Hacıbəyli» mövzusunda anma, xatirə günləri keçirtdi. Istanbulun mərkəzində yerləşən Tarik Zəfər Tunayanın foyesində Üzeyir Hacıbəyovun həyat və yaradıcılığına həsr olunmuş sərgi təşkil edilmişdi. Ayın 14-də elmi konfrans öz işinə başladı. Elə həmin gün türk tamaşaçıları «Üzeyir ömrü («Uzun ömrün akkordları») iki seriyalı bədii filmini seyr etdilər. O biri günlər Istanbulun bir sıra kinoteatrlarında Azərbaycanfilmin istehsal etdiyi «Arşın mal alan» və «O olmasın bu olsun» filmləri böyük uğurla nümayiş etdirildi.

       Istanbulda keçən elmi konfransda məruzə etmək üçün mən də Böyük şəhər mədəni işlər dairə Başkanlığı tərəfindən buraya dəvət edilmişdim. Mən bu dəvəti alanda çox sevindim. Musiqimiz üçün, Üzeyir bəy üçün böyük fərəh və qürur hissi keçirdim. Bilirsiz ki, indi səhnədə ulduzlar çoxdur, gündə biri peyda olur. Lakin onlar tez də axıb gedir, sönüb yox olur. Amma elə ulduzlar da var ki, onlar həmişəyaşardır, həmişə parlaqdır. Türk dünyasının belə ulduzlarından biri də Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəyovdur.

       Mənim məruzəmin mövzusu «Türk musiqi dünyasının ulduzu Üzeyir Hacıbəyli» idi. Mənə ayrılan yarım saat ərzində mən türk dinləyicilərinə Üzeyir bəyin həyatı və çoxşaxəli yaradıcılığı barədə hərtərəfli məlumat verməli idim. Məruzəmi türk dinləyicilərinə tam aydın olsun deyə, mən türk dilində etdim. Hətta axırda bir neçə professor yaxınlaşıb məni təbrik etdikdə bildirdilər ki, mən məruzəni sırf türk dilində oxudum, hətta sözlərin vurğularını belə yerində işlətdim. Konfransda məşhur türk alimləri Əhməd Yürür, Süleyman Şenel, Firat Qızıltuğ, azərbaycanlı Sevinc Rzayeva və başqaları çıxış etdilər və Üzeyir bəyin Türklük aləmində oynadığı çoxönəmli rolundan danışdılar. Onu da qeyd etmək istərdim ki, Istanbul Bələdiyyəsi bu günlərə çox gözəl hazırlaşmışdı, təşkilati işləri lazımi səviyyədə idi. Üzeyir bəyin şəkli olan gözəl plakatlar, əsərlərinin, filmlərinin afişləri şəhərin müxtəlif yerlərini bəzəyirdi, həmçinin sorğu kitabçaları bəstəkar haqqında məlumat verirdi, dəvətnamələr də xüsüsi zövqlə buraxıl mışdı. Bakıya dönəndə mən bu plakatları, afişalari, dəvətnamələri Üzeyir Hacıbəyovun ev muzeyinə, Bəstəkarlar Ittifaqına, Milli Elmlər Akademiyasının Incəsənət Institutuna bağışladım və hər birində ayrı-ayrılıqda Istanbulda keçən unudulmaz Üzeyir Hacıbəyov günləri haqqında, bəstəkarın yaradıcılığına həsr edilmiş maraqlı elmi konfrans haqqında danışdım, onun xüsusi əhəmiyyətini vurğuladım.

       Konfransda müxtəlif sahələrdən – teatr, rəssmalıq, kino, musiqi və s. çoxlu adlı-sanlı sənətkarlarla bərabər, gənclər də maraq göstərib iştirak etmişdilər.

       Türk professoru, doktoru Firat bəy Qızıltuğ isə «Ayyıldız» qəzetinin internet səhifələrində mənim məruzəmin tam mətnini «Türk dünyasının yıldızları» başlığı altında çap etdirmişdi. (Ona görə hörmətli professora öz minnətdarlığımı bildirirəm). Həmin məruzənin əvvəlində Firat bəy yazır: «14 Aralık 2002 akşamı Tarık Zafer Tunaya Kültür Merkezinde gerçekleştirilen toplantıda daha əvvəl sütunlarımızda eserlerini tanıtığımız Prof. Dr. Zemfira Seferova, Üzeyir Hacıbəyli hakkında bir konuşma yaptı. Bu konuda yazı kaleme almaktansa, konuşmanın metnini yayınlanmayı arzu ettik. Sayın Seferova, bizi kırmayıp konuşmasının tam metnini takdim etti. Biz de Ayyıldız okuyucuları ile bu kiymetli incelemeyi paylaşmaktan kıvana duyacağız...».

       Bu məruzə ilə tanış olmaq istəyənlərə «Ayyıldız» qəzetinin Internet ünvanını bildiririk:

www.aygazete.com

Zemfira SƏFƏROVA

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page