ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
GÖRÜŞLƏR...
.
Search

ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
GÖRÜŞLƏR...
.
MUZEYLƏRDƏ...
.
YARADICILIQ...
.
BIBLIOQRAFIYA...
.
INTERNET SƏHIFƏLƏRINDƏ...
.

 


TEHRAN ELMI-BƏDII SEMINARINDA



       Ötən ilin sonunda Iran Islam Respublikasınnın paytaxtı Tehran şəhərində Azərbaycan musiqisinə həsr olunmuş Birinci elmi-bədii seminar öz işini yüksək elmi və təşkilatı səviyyədə başa çatdırdı. Dost ölkənin musiqi sənətçiləri və araşdırıcıları, musiqi məktəbləri, Azərbaycan musiqi və rəqs ansambllarının böyük zəhmətləri ilə keçirilmiş bu mühüm tədbirin təşkilində Tehran Bələdiyyəsinin Mədəniyyət və Incəsənət Qurumu, «Bəhmən» Vərziş Mədəniyyət Sarayı da yaxından iştirak etmişdir. Iran Musiqi Ocağının, Şərqi Azərbaycan Valilik idarəsinin, Ərdəbil, Zəncan və başqa bölgələrin mədəniyyət idarələrinin himayəsi və əməkdaşlığı da Seminarın ərsəyə çatdırılmasında böyük rol oynadı. Həmin tədbir özünün elmi səviyyəsi və geniş əhatəli proqramına görə elmi konfrans əhəmiyyəti daşıyırdı.

       Azərbaycan Respublikasının bir qrup elm və sənət adamlarının da konfransa qatılması və onun hazırlanmasında iştirakı tədbirin işinə xüsusi məna vermişdir. Toplantının elmi və bədii proqramının tərtib olunmasında nümayəndə heyətimizin başçısı, Azərbaycan Milli Konservatoriyasının prorektoru, sənətşünaslıq doktoru, professor Rafiq Imranının əməyi xüsusi vurğulanmalıdır.

       Hikmət və sirlər xəzinəsi olan Şərq musiqi sənəti və onun ayrılmaz bir qolu olan Aərbaycan musiqisinin iki dost ölkə ərazisində yüzillər və hətta minillər boyu inkişaf edib özünün yüksək zirvəsinə yetişməsi Iran və Azərbaycan sənətçilərinin və tədqiqatçılarının sıx əməkdaşlığının zəruri şərtlərindən biridir. Lakin etiraf etməliyik ki, mütəxəssislərimizin görüşləri və fikir mübadilələri təsadüfi xarakter daşıyır. Elə bu səbəbdən də onları bir araya yığıb müştərək məsələlərin həllinə yönəltməkdən ötrü belə konfransların ənənəyə çevrilməsi arzusu da olduqca təbii və təqdirəlayiq sayılmalıdır.

       Azərbaycan musiqisinin Birinci elmi-bədii konfransı Iran paytaxtının ən böyük salonlarından birində-«Bəhmən» Mədəniyyət sarayında 24-25 oktyabr 2002-ci il tarixində təşkil olunmuşdu. Həmin günlərdə keçirilmiş dörd böyük iclas özünün işgüzar şəraiti və rəngarəng məzmunu ilə yaddaşlara möhkəm daxil oldu. Təşkilatçıların nəzərdə tutduqları kimi şifahi məruzələr müxtəlif janrlı xalq musiqi nümunələri ilə növbələşirdi. Dinləyicilər muğam və təsnifləri, xalq oyun havalarını və yallıları, Təbriz, Urmiyə, Qarabağ, Zəncan kimi müxtəlif bölgələrə xas aşıqların ənənəvi sənətini, habelə Fərhad Fəxrəddininin idarəsi ilə Tehran Milli orkestrinin ifasında Iran və Azərbaycan bəstəkarlarının əsərlərini böyük rəğbətlə qarşıladılar. Dahi bəstəkarımız Üzeyir Hacıbəyovun, Cahangir Cahangirovun ölməz əsərlərinin də orkestr tərəfindən gözəl təfsir olunması və dinləyicilərin alqışlarını qazanması qəlbimizi fərəh hissləri ilə doldurdu.

       Bütün iclasları idarə etmək vəzifəsi isə gözəl nitq mədəniyyəti ilə hamını heyran etmiş Xosrov Sərtipiyə həvalə olunmuşdu.

       Açılış mərasimində toplantının rəisi Əli Fərşbaf, Iran Musiqi Ocağının rəisi Əli Muradxani, məşhur alim, «Varlıq» jurnalının məsul redaktoru Cavad Heyət, sənətşünaslıq doktoru, Azərbaycan Milli Konservatoriyasının prorektoru Rafiq Imrani, təşkilat komitəsinin üzvü Məsud Fiyuzat öz ürək sözləri ilə konfrans iştirakçılarını salamladılar və onlara böyük müvəffəqiyyətlər arzuladılar.

       Hər iki tərəfdən təqdim olunmuş elmi məruzələrin mövzuları da kifayət qədər rəngarəng idi. Təşkilatçı ölkənin – Iran Islam Respublikasının nümayəndələrindən Mirəli Seyid Salamat Milli musiqi sənətimizin qədim tarixi dövrlərindən, Cəbir Ənasöri nohəxanlıq ənənələrindən, Həsən Irani məşhur musiqişünas-alim Əbdül Qadir Marağainin elmi musiqi risalələrindən, Rza Hüseynli Tar musiqi alətinin Iranda tədrisi məsələlərindən geniş söhbət açdılar. Fəridə Əsgərniya və Xosrov Əmirinin məruzələri yazılı ənənəli bəstəkarlıq sənətinə, Səməd Pirmusəvinin çıxışı isə Azərbaycanın qədim rəqslərinə həsr olunmuşdu.

       Azərbaycan Respublikasını təmsil etmiş musiqişünasların məruzələri də böyük marağa səbəb oldu. Sənətşünaslıq doktoru, professor Rafiq Imrani Azərbaycan muğamının tarixi və nəzəriyyəsi sahəsində apardığı tədqiqatların başlıca nəticələrini inandırıcı şəkildə bəyan etdisə, sənətşünaslıq namizədi Şəmsi Gülməmmədovanın məruzəsi XIX əsrin Qarabağ musiqi məclislərinə həsr olunmuşdu. Tarix elmləri doktoru Qüdrət Ismayılzadə öz çıxışında arxeoloji tapıntılarda öz əksini tapmış qədim musiqi alətlərinn təsvirlərindən, respublikamızın xalq artisti, professor Tofiq Bakıxanov isə Azərbaycan bəstəkarlıq sənətinin inkişaf yolundan ətraflı şəkildə bəhs etdilər. Sənətşünaslıq namizədi, dosent Fəttah Xalıqzadənin məruzəsi xalq musiqi yaradıcılığının müxtəlif sahələrində oxuma sənətinin əhəmiyyəti barədə oldu. Iki gün əpzində Tehran musiqisevərlərini öz ifaçılıq sənəti ilə məftun etmiş Azərbaycanın Əməkdar artisti Zakir Mirzəyev qarmon alətinin Azərbaycan xalq musiqisində əhəmiyyəti barədə ətraflı məlumat verdi. Seminarın elmi heyətinə daxil olan bəstəkar, respublikamızın xalq artisti, professor Ramiz Mirişli iclaslardan birinə rəhbərlik edirdi.

       Tədbirin bədii musiqi hissəsi haqqında ayrıca danışmağa dəyər. Iran Islam Respublikasını təmsil etmiş ifaçıların maraqlı çıxışları bu ölkədə milli musiqi sənətimizin janr və məhəlli üslub etibarı ilə əlvan mənzərəsi barədə aydın təsəvvür oyatdı, bir növ musiqi atlasının ümumi cizgilərini sərgilədi. Bu sənət aləminə geniş bucaq altında baxmaq imkanı əldə etmək xüsusilə Azərbaycan Respublikasından gəlmiş mütəxəssislər üçün yeni və maraqlı oldu. Belə ki, salona toplaşanlar zurna və doholda səsləndirilən Urmiyənin qəhrəmanlıq havalarını dinlədilər, (Sultanəli Mustafazadə və Kamran Hatəm), oğlanlar qrupunun ifasında qocaqlıq mücəssəməsi olan Balov yallısını heyranlıqla seyr etdilər. Xanəndələrdən Həbib Qasımi (Tehran), Ibrahim Qaraxanlı (Təbriz) muğam oxumaları ilə, tarzən Aydın Şatıryan və nağaraçalan Vahid Əsədullahi solo ifaları ilə tamaşaçıların alqışlarını qazandılar. Səhnədə çıxış edən «Ağçiçək» qızlar qrupu zərif rəqsləri ilə yığıncağa başqa bir yaraşıq verdi.

       Təbriz, Qaradağ, Urmiyə və Zəncan kimi müxtəlif bölgələrin aşıqları bu ulu sənətin bənzərsiz məhəlli xüsusiyyətlərini, istər ifa tərzi, istərsə də repertuar baxımından fərqli cəhətlərini əyani şəkildə numayiş etdirdilər. Müslüm Əsgərinin başçılığı ilə etdiyi Zəncan aşıq dəstəsinin təqdim etdiyi havalar («Şəhriyarı», «Güllü qafiyə/Ağaxanı», «Fərsağı») ümumi ruhu etibarı ilə doğma olsalar da, özünəməxsus melodik və ritmik quruluşu ilə diqqəti cəlb edirdi. Çəngiz Mehdipurun aşıq dəstəsi işə (Qarabağ) maraqlı vəznlərin səlis ifası, xüsusilə də aşıq Məhbub Xəlilinin güclü və təsirli oxumaları ilə yadda qaldı. Qocaman ustad Aşıq Dehqan (Urmiyə) və Kərəcdən əlmiş Imran Heydərinin (saz) musiqi üslubları arasında da dərhal aydın fərq duyulurdu.

       Bəhmən Mədəniyyət sarayının səhnəsi axşam saatlarında respublikamızın musiqi ustalarının ixtiyarına verilmişdi. Ustad xanəndə Azərbaycanın xalq artisti Ağaxan Abdullayevin (onu tarda Mircavad Cəfərov, kamançada isə Ismayıl Həmidov müşaiyət edirdilər) və mahir qarmonçalan, Zakir Mirzəyevin parlaq çıxışları dinləyicilər tərəfindən qurultulu alqışlarla qarşılandı. Beləliklə də, Azərbaycan musiqisinə həsr olunmuş Birinci Elmi-bədii Konfrans əsl bayrama çevrildi.

       Son iclasda konfransın işinə yekun vuruldu, Azərbaycan musiqisinin tədqiqi, tədrisi və təbliği ilə əlaqədar müraciət qəbul edildi, qonaqlara xatirə hədiyyələr və təşəkkürnamələr verildi. Iran və Azərbaycanın qədim musiqi mədəniyyətləri arasında sıx və qırılmaz əlaqələri nəzərə alaraq, arzu edərdik ki, gələcəkdə belə ikitərəfli elmi toplantılar Bakıda, Təbrizdə, Naxçıvanda, Isfahanda və başqa şəhərlərdə də keçirilsin.

       P.S. Redaksiya Tehrandan, Birinci Beynəlxalq Azərbaycan Elmi-Bədii Seminarının icraçı katibi Məsud Fiyuzatdan Seminarın Bəyannaməsini və fotoşəkil almışdır. Biz həmin materiallara görə Ağai-Məsud Fiyuzata təşəkkürümüzü bildirir və aşağıda Bəyannamənin maddələrini dərc edirik.

       1. Ölkənin musiqi fakültələri və məktəblərində Azərbaycan musiqisi dərs materyalları habelə xalq çalğı alətlərinin tədrisi və məzun olanlar üçün rəsmi sənədin buraxılması.

       2. Azərbaycan musiqisinin dirçəliş və geniş yayılması üçün ilgili dairələr tərəfindən büdcə təxsis etmək.

       3. Azərbaycanın müxtəlif şəhərlərində illik elmi musiqi toplantılarının keçirilməsinə yardım etmək.

       4. Azərbaycan musiqi araşdırıcıları və sənətçilərindən ibarət peşəkar, professional dərnəklərin qurulması sahəsində yardım etmək.

       5. Azərbaycanın səlahiyyətli işbilənləri nəzarəti altında Iran Islam Cumhuriyyətinin Radio və Televizionundan yetərli və mətlub zaman həcmində Azərbaycan musiqi proqramlarını yaymaq.

       Bütün Iran xalqlarının musiqi sənətinin dirçəlişi və onun xoş qoxusunun vətənimiz havasını ətirli etməsi arzusu ilə.

       Birinci Beynəlxalq Azərbaycan Elmi-Bədii Musiqi Seminarının Iştirakçıları.

       25 Oktyabr 2002 Tehran–Vərziş mədəniyyət sarayı.

Fəttah XALIQZADƏ



   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page