À×ÛËÌÀÌÛØ ÑßÙÈÔßËßÐ
XX ƏSR AZƏRBAYCAN MUSIQI TARIXI – TOTALITAR ZAMAN KƏSIYINDƏ
Fərəh ƏLIYEVA
Search

À×ÛËÌÀÌÛØ ÑßÙÈÔßËßÐ
XX ƏSR AZƏRBAYCAN MUSIQI TARIXI – TOTALITAR ZAMAN KƏSIYINDƏ
Fərəh ƏLIYEVA

 


SÖZGƏLIŞI

       Totalitar mədəniyyət və musiqi. “Musiqi dünyası” jurnalında Ş.Hüseynov və N.Kərimovanın bu başlıqla çıxmış məqaləsi elə adı ilə də diqqəti cəlb etdi [1]. Totalitar cəmiyyətdən ayrıldığımız az bir zaman müddətini, bu cəmiyyətin müəyyən mənada yetişdirdiyi və formalaşdırdığı bir neçə nəslin hələ də yaşadığını, mənim də bu nəsillərdən birinə aid olduğumu nəzərə alsaq, marağın səbəbi aydınlaşar. Totalitar cəmiyyətdə musiqi yaradıcılığı, ifaçılığı, elmi hansı meyarlarla yaşayırdı? Bu meyarlar nə ilə, kim tərəfindən diqtə edilirdi? Onların total tətbiqi özünü hansı formada, nədə büruzə verir? Sovet Imperiyasının “mərkəzində” və “yerlərdə” vəziyyət eyni idimi? Qeyd edək ki, rus musiqişünaslığında artıq bu cəhdlər XX əsrin 80-cı illərinin sonlarından edilirdi və tanınmış alimlərdən Q.Qolovinski (2), L.Qenina (3), D.Jitomirski (4), V.Zaderatski (5), L.Maksimenkov (6,7), Y.Platekin (8,9) və başqalarının məqalələri böyük əks-səda doğurdu. Əlbəttə, biz yalnız bir neçə parlaq publisistik-elmi məqalənin adını çəkdik : Azərbaycan musiqi tarixində isə bu səhifələr hələ də yazılmamış qalır. Bu sualla­ra cavab axtarmağın məncə, zamanı yetişib. Oxuduğum məqalə isə, məsələnin bir qədər bəsitləşdirilmiş həlli variantını təqdim edir. Axı, totalitar musiqi mədəniyyətinin ən parlaq nümunəsi bu və ya digər bəstəkarın mahnısının mətni deyil. Ən azı ona görə ki, bu mətn bəstəkara deyil, şairə məxsusdur. Mətndəki məna yükünü musiqiyə yükləyib, onu necə totalitar musiqi adlandırmaq olar?! Belə çıxır ki, mahnının sözlərini dəyişib, onu demokratik dəyərlərə həsr olunmuş sözlərlə oxusaq “demokratik musiqi” yaranacaq? Məqalədə bir sıra müddəalar (məsələn, opera və simfoniya ilə bağlı fikirlər) da qeyri-dəqiqdir. Mahnıdan bir parça musiqi göstərib, onun hansı meyarla totalitar xarakter daşıdığını müəyyənləşdirmək olar? Ümumiyyətlə totalitar adlandırdığımız bir dövrün musiqi tarixinin bir çox səhifələrini necə qiymətləndirməliyik? Bu xüsusda geniş diskussiya açmayaraq bir sitat gətirmək istərdik. Vladimir Poznerin bir suala cavabı problemin zənnimcə daha ədalətli görümünü əks etdirir. Müxbirin «Misal üçün I.Dunayevskinin «Vətən haqqında mahnısını» götürək: əgər mətni atsaq və yalnız gözəl musiqi haqqında danışsaq, bu gün o nəyə layiqdir- qınanmağa? bağışlanılmağa? Belə əsərlərin mədəniyyət tarixində həyatı davam edəcəkmi?» sualına Pozner belə cavab verir: «Əgər insan nəyisə ürəkdən, inancdan, inamdan edirsə, onda bunu, mənim fikrimcə, başa düşmək olar… Bu mahnı nə vaxt yazılıb? Yəqin ki haradasa 30-cu illərdə. Və mən fikirləşdim- görəsən ola bilərdimi ki , insan bunu yazsın və yalan danışdığını anlamasın? Axı o, gərək heç olmasa hiss edəydi ki burada heç də azad nəfəs alınmır! Və əgər hiss edirdi və yenə də yazırdısa, onda bu sənət deyil, vicdansızlıqdır. Əgər səmimi qəlbdən inanırdısa, qiymət də başqa olmalıdır. O dövrdə yaşamış və yaratmış insanları mühakimə etmək – mən bunu edə bilmirəm və etmək də istəmirəm» (10, s.5-6). Sovet dövrü musiqi mədəniyyətinin bəzi deyilməmiş reallıqlarını, varlıq məqamlarını, olaylarını bəlkə pafosdan uzaq musiq i tarixi baxımından açıqlamaq daha məqsədəuyğundur.


* * *

       Totalitar cəmiyyətdə musiqi mədəniyyətinin bir sıra tipik olayları var. Azərbaycanın sovet dövrünə aid tarixi inkişaf mərhələsində bu tipik ifadə formaları bütün təfsilatı ilə üzə çıxır. Onları - aşkar, məxfi, qeyri-rəsmi, rəsmi, səmimi inam və məcburi itaətkarlıq zəminində yarananları – üzə çıxarmaq, onların siyasi-ideolojı müstəvidən şüalanaraq sırf musiqi ifadə vasitələri, forma, janr, üslub, mündəricə kateqoriyalarına təsirinin nəticələrini araşdırmaq musiqi tarixi üçün elmi baxımdan daha dəyərli və düzgündür. Musiqi əsərlərinin ideya-bədii konsepsiyasının, bəstəkarların yaradıcılıq niyyətlərinin, təşəbbüslərinin, axtarışları və maraqlarının “istiqamətləndirilməsi”, musiqi sənətinin qiymətləndirilməsi meyarları və, nəhayət, musiqinin dövlət ideolojısı proqramına uyğunlaşdırılması metodlarına diqqət yetirək.


* * *

       XX əsr Azərbaycan musiqi mədəniyyətinin böyük bir mərhələsi sovet dövrünə düşür. Bu dövrün, ümumiyyətlə, Azərbaycan tarixində qiymətləndirilməsi hələ də tam obyektivlikdən uzaqdır: sovet illərini yalnız qara rəngdə görənlər də, bu dövrü yalnız möhtəşəm yüksəliş illəri kimi vəsf edənlər də eyni dərəcədə haqlı, eyni dərəcədə, yanlış düşünürlər. 80 illik zaman kəsiyində elm, maarif və incəsənətin dövlət himayəsi nəticəsində əldə etdiyi yüksək inkişaf səviyyəsi paradoksal şəkildə bu sahələrdə əvəzedilməz itkilər, mənəvi və fiziki repressiyalar, kobud müdaxilələrlə müşayiət olunan dəhşətli olaylarla yanaşı mövcud olmuşdur. Total saxtalaşdırmalar, ağ ləkələr, dəhşətli astarlar... Dövlət himayəsinin müsbət nəticələri ilə paralel bədii yaradıcılıq, elmi axtarışlar sahəsinə siyasətin nüfuz etməsi, total nəzarət. Fikir plüralizminin mümkünsüzlüyü, formaca milli, məzmunca sosialist qəlibinin diktatı. Zaman-zaman formasını, rəngini, gücünü dəyişən dəyişməz postulatlar. Ümumiyyətlə, musiqi sənətini məhz totalitar s iviliyasiyanın kontekstində araşdırmaq lazımdırmı?! Yəqin ki, lazımdır, çünki, Azərbaycan musiqisi XX əsrdəki inkişaf yolunu artıq üç, özünəməxsus kodeksləri olan tarixi-siyasi və mədəni sivilizasiyalarda keçmiş, onların hər biri öz möhürünü bu sənətə basmışdır: «qalib gəlmiş sosializm» ölkəsində incəsənətin taleyi, onun tarixi təkamülünün taleyi həm də totalitar çivilizasiyanın tarixini əks etdirir [ 5. s.6]. 30-40-cı illərin totalitarizmi 50-ci illərin ikinci yarısından SSRI-nin süqutuna qədər siyasi strukturun avtoritar idarəçilik və ya o dövr üçün işlədilən inzibati-amirlik sistemi ilə əvəz olunur. Bu da təbiidir ki, mədəniyyət proseslərinin xarakter və inkişafına təsir göstərirdi.

       Totalitar cəmiyyətdə mədəniyyət proseslərinin axarı 20-50-ci illərin II yarısınadək radikal-aqressiv metodlarla tənzimlənirdi. 20-ci illərdə keçmişin mədəni irsinə inkarçı münasibət, 30-cu illərdə repressiyalar dalğası, 40-ci illərdə dəqiq ideoloji və bədii ölçüləri müəyyənləşdirən, mənəvi repres­si­ya­lara start verən qərarlar; 50-ci illərdən başlayaraq əvvəlki illərin xofu və dərsi ilə tərbiyə­lənmiş ciddi “daxili senzura” mexanizmi, 60-ci illərin mülayimləşməsindən sonra isə ədəbiyyat və incəsənətdə, xüsusilə musiqidə rəsmi dəyərlərə müxalif yeni istiqamətlərin mövcudluğunun mümkünlüyü. Bu proseslər, əslində, cəmiyyyətin bütün ziyalı təbəqəsinin həyatını müşayiət edirdi. Musiqi mədəniyyəti də bu proseslərdən kənarda qalmamış, totalitarizmin bütün “ləzzətini” dadmış və yaşamışdır. Musiqi sahəsində bu prosesləri xronoloji qaydada sıralamağa çalışaq. Qeyd edək ki, bu sxem əlbəttə ki, müəyyən mənada şərtidir.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page