À×ÛËÌÀÌÛØ ÑßÙÈÔßËßÐ
XX ƏSR AZƏRBAYCAN MUSIQI TARIXI – TOTALITAR ZAMAN KƏSIYINDƏ
Fərəh ƏLIYEVA
|
|
- Keçmişin mədəni irsinin inkar edilməsi kampaniyası kontekstində.
- Muğam operaları və tara qarşı hücumlar.
- Üzeyir Hacıbəyova qarşı mənəvi terror və ittihamlar.
- 1937-1938-ci il repressiyalarının musiqi hədəfləri və qurbanları, repressiya kampaniyasının musiqi sənəti ilə səsləşən məqamları.
- 1948-ci ilin bəstəkar yaradıcılığına həsr olunmuş məlum partiya qərarı onun əsas müddəaları ilə əlaqədar geniş miqyaslı kampaniya.
Nəhayət, totalitar kommunist ideologiyasının mövzu, obraz və ideyalarının təcəssümü (siyasi idolların, ideyanın, şəxsiyyətlərin tərənnümü, müasir həyatdan götürülmüş sinfi nöqteyi-nəzərdən düzgün mövzular, müxtəlif mövzulara da sosialist realizmi baxımından əl qəzdirilməsi, rəsmi mövzulara məcburi müraciətlər və s.).Bu, Azərbaycanda sovet sisteminin ilk günündən süqutuna qədər qırmızı xətt kimi bütün bədii yaradıcılıq sahələrini “nişan”layan işarədir.
20-ci illərdə bütün sovet bədii məkanında Proletkult ideologiyası və ifrat solçuluq təmayülü baş alıb gedirdi. Düzdür, sovet rəsmi dairələri ən yüksək səviyyədə Proletkultun mədəniyyət siyasətini kəskin tənqid etdi və dövlətin baş ideoloqu V. I. Lenin partiyanın adından bu mövzuda xüsusi bir məqalə də yazdı [11]. Lakin proletkultun əsas tezisi – «proletariatın mədəniyyəti… sinfi mədəniyyətdir» formasını dəyişsə də dəyərlər sisteminin təməl daşı olaraq qaldı. Milli respublikalarda bu siyasət təkcə mədəniyyət işi deyil, gələcək siyasi məqsədlərə tuşlanmış mühüm strategiyanın kifayət qədər yaşarlı taktikası oldu. Keçmişləri, mədəni irsi, səviyyəsi, bədii mentaliteti müxtəlif olan insanları ümumi məxrəcə gətirərək vahid sosialist, proletar mədəniyyəti yaratmaq üçün məhz keçmişlər, köklər mütləq təftiş olunmalı idi. Bu isə, 20-30-cu illərdə mədəniyyət, o cümlədən, musiqi sahəsində gedən proseslərdə də təzahür edirdi. Onları təsnifləşdirməyə çalışaq. Musiqi yaradıcılığı və
ifaçılığını da elə bu kontekstdə - 20-30-cu illərin siyasi-mədəni kontekstində, tarixi olaylar baxımından işıqlandıraq.
- Keçmişin mədəni irsinin, ümumiyyətlə sovet dövrünə qədərki irsin inkar edilməsi. Bu inkarın sinfi, siyasi nöqteyi-nəzərdən, sinfi münasibətlər meyarı ilə əsaslandırılması.
- Azərbaycan mədəniyyətinin ümumşərq, müsəlman incəsənəti ilə bağlı səhifələrini iran-fars adı ilə cırıb atmaq təşəbbüsləri
- Dövlətin ideoloji nəzarətini həyata keçirmək metodologiyasının - partiya qərarları, rəhbər mövqeyini açıqlayan baş məqalələr, ictimai rəyin lazımi istiqamətdə düzlənməsi taktikası (kifayət qədər aqressiv atmosferdə keçən müzakirələr, iclaslar, ictimai məhkəmələr, zəhmətkeş məktubları və s.).
- Milli kadrlara, xüsusilə də, yaradıcılığa sovetləşmədən əvvəl başlamış, böyük nüfuza malik şəxsiyyətlərin rolunun kiçildilməsi, kəskin sıçrayışla, “yeni mədəniyyət” yaratmaq istəyində milli musiqi kadrlarına etinasiz münasibət.
20-ci illərdə milli musiqi ənənələrinə – muğam operası, tar alətinə münasibət Azərbaycan türklərinin bədii-milli təfəkkürünü, yaddaşını, əski, çoxəsrlik qaynaqları, kökləri ilə bağlayan əlaqə tellərinin ən möhkəmləri – dil, din və mədəniyyətdə varisliyin qırılmasına qarşı yönəlmiş siyasətin təzahürü idi. «Yoxdan var yaratmaq», «köhnə dünyanı dağıdıb, onun xarabalıqları üzərində yenisini – köksüz, keçmişsiz, yaddaşsız bir insan və mədəniyyət tipi yaratmaq» konsepsiyasının həyata keçirilməsi üçün bu üç güclü kök qırılıb atılmalı, məhv edilməli idi. Dinlə mübarizə qəddarcasına, ən radikal üsullarla aparılır və bu istiqamətdə kommunist rejimi heç nədən və heç kimdən çəkinmirdi. Dinlə mübarizənin əks-sədası klassik poeziyanın, hətta musiqi əsərlərinin bu mövqelərdən təftiş olunmasında özünü büruzə verirdi. Azərbaycan ədəbiyyatının M.Füzuli, M.P.Vaqif, M.V.Vidadi, Seyid Əzim Şirvani, A.Səhhət, M.Ə.Sabir, M.Hadi kimi nümayəndələri «dinçi, mövhumatçı» adlandırılır. Hətta şıfa
hi xalq yaradıcılığı nümunələrində güya dini təbliğ edəcək motivlər axtarılırdı. Seyid Əzim Şirvaninin məşhur «Aslan və iki öküz» təmsili mövhümatçılığı əks etdirən əsər kimi qiymətləndirirdi [12]. Mövhumatla mübarizə kampaniyasından musiqi xadimləri, operalar da kənarda qalmır. S.Rüstəm də öz xatirəsində bu illəri xatırlayaraq yazırdı: «O vaxt opera teatrının solistlərindən birini baş repertuar komissiyasının sədri qoymuşdular. Həmin komitədə kitabxanalardakı kitabları yoxlamaq üçün komissiya yaratmışdılar. Mən də komissiyanın üzvü idim. Bir gün Sabir kitabxanasındakı kitabları yoxlayırdıq. Yəqin bilərsiniz, köhnə kitablar, klassiklərimizin əsərləri. Qədim əlyazmalar bismillahi-ərrahmani-rəhim kəlamıyla başlanır. O, bu kitabların hansını əlinə götürür, qışqırır - «Yandırılsın!». Mən Ruhulla Axundovla danışdıqdan sonra bu cür tədbirlərin qarşısı alındı» (13. s.11). Ü.Hacıbəyovun «Əsli və Kərəm» operasında bu məqsədlə aparılan mühüm ideoloji «dəyişiklik» haqda razılıqla xəbər verilirdi: «Bu operanın övham (yə
ni mövhumat – Ə.F.) üzərində qurulmuş bir çox hissələri var idi ki, çoxdan kəsib atmaq, yaxud dəyişdirmək vaxtı çatmışdı. 1925-ci il mövsümü bu islahatı yapmış və operanı bizə yeni bir surətdə təqdim etmişdir. Ən mühüm hissəsi olan – «təyyiməsafə möcüzü», «Şeyxin nagahani zühuru» buraxılaraq həqiqi həyatda mümkün olan bir şəklə salınmışdır. Bu dəfə Şeyx qeybdən zühur etməyərək dağlar arasından keçən bir yol ilə gedir. Və bu yolçulara təsadüf etdikdə «yum gözünü!» komandası ilə bir an vahiddə 600 verst təyy etmək əvəzində «Adətən, Hələb şəhərini tanımayırsansa, odur Hələb şəhəri» - deyə nişan verir» [14]. Göründüyü, kimi aşıq dastanından gəlmə, nağıl estetikası ilə bağlı məqamların (ikinci, bəlkə də üçüncü dərəcəli) mövhumatın ifadəsi kimi, qələmə verilərək dəyişdirilməsi «mühüm addım» kimi qabardılır. Azərbaycan Opera və Balet teatrında işləyən rus vokalçıların həm də kilsədə xorda oxuması siyasi səbatsızlıq kimi qiymətləndirilir, onlar mətbuatda tənbeh edilir, «müqəssirlər» elə mətbuat vasitəsilə «gün
ahlarını» etiraf edirdilər.
Keçmişin mədəni irsinin aradan götürülməsinin təftiş edilməsinin, sinfi ,siyasi meyarlar baxımından əsaslandırılması 20-ci illərdə xüsusilə populyar idi. Xalq şairi Süleyman Rüstəmin bir xatirəsi bu baxımdan maraqlıdır: «Xanəndələr Füzulinin şerini oxuyurdular: «Yarəb, bəlayi eşq ilə qil aşına məni… Net, ponovomu nado. Ponaşemu. Yoldaş, bəlayi-eşq ilə qil aşına məni» [13]. Gənc şairlərin qəzəl yanrına müraciəti də ideoloji baxımdan səhv addım kimi qiymətləndirilirdi. Klassik və XX əsr Azərbaycan ədəbiyyatının yeni sistemləşdirilmə qaydaları yaradılmağa başlanılır. Çıxış nöqtəsi isə «Aprel inqilabına qədərki Azərbaycan ədəbiyyatının artıq dərəcədə fikri və bədii kasıblığı» ideyası idi. Ən geniş yayılmış inkarçı fikirlər isə bu ruhda idi: «Azərbaycan klassik ədəbiyyatı Şərqin fəzalarında sönüb getmişdir... Bu günə qədər Azərbaycan mədəniyyətinin əsas ruhu və mahiyyəti milli, dini, sxolastik orta əsr sayağı olmuşdur... Əsas ruh dini zehniyyət, əsas fəlsəfə təsəvvüf, mist
ikadan ibarətdir. Bu xüsusda Mirzə Fətəli, Sabir və Molla Nəsrəddini nəzərə almamış olsaq, Füzulidən başlamış bu günə qədərki ədəbiyyatdan bu quruluşa (yəni sovet quruluşuna – Ə.F.) lazım olan qədər istifadə mümkün deyildir» [15. s.80]. Ə.Nəzminin dövrün ideoloji təlimatlarını əks etdirən məqaləsində M.P.Vaqif «saray zadəganlığı şairi», S.Ə.Şirvani «burjua ruhlu liberal ruhani şairi», Q.Zakir «mühafizəkar mülkədar şairi», M.F.Axundov «çar dövlət qurucusu olan liberal dünyagörüşlü yazıçı» kimi qiymətləndirilirdi. Klassik irsə bu cür münasibət ümumən mədəniyyət şahəsindəki tipik əhvali-ruhiyyəni əks etdirirdi.
Çığırdaşlar, «xırda burjua yazıçıları» – H.Cavid, Y.V.Çəmənzəminli, Ə.Cavada bu ad verilirdi. Bəs ilk Azərbaycan bəstəkarları necə... «Ü.Hacıbəyov və M.Maqomayev burjua bəstəkarlarının yaradıcılığıdır. Buna biz başqa cür qiymət verə bilmərik» [16]. O dövrdə yaşayan və bolşevik ideologiyasının təsiri ilə düşünən insanların öz yazdıqlarına tarixi fakt kimi müraciət edək. Onda Ü.Hacıbəyov, onun misilsiz əsərləri, onun həyatı və taleyi haqda adət etdiyimiz tarixi-elmi mənzərə necə də dəyişir. Sözü yazıları verək.
- «Onun (yəni Hacıbəyovun – F.Ə.) bütün operaları və operettaları mistik və idealist motivlər ilə doldurulmuşdur. Əsərlərinin əsasında fatalist dünyagörüşü hakimdir» [16].
- Varlı tacirlərin, insaflı mülkədar məişətini təsvir edən Nuh əyyamından qalma «Arşin mal alan» operettasının sosializm mədəniyyəti ilə nə kimi əlaqəsi ola bilər?» [17].
- «Kollektivləşmə vaxtı kəndlilərə... «Şah Abbas və Xurşud banu» kimi əksinqilabı operalar göstərilir» [18].
- «Adətən bu əsərə («Şah Abbas və Xurşud banu» operası nəzərdə tutulur – Ə.F.) «ədalətli padşah» örnəyi gözü ilə baxılmışdır. Fəqət məncə bu baxış özü yanlışdır. Ona görə də haman nöqteyi-nəzərlə qurulan tamaşa başdan-ayağa yanlış olunur» [ 19 ].
- «Əsli və Kərəm» kimi çürük məzmuna malik operalar bizə yabançıdır. Biz təzliklə xuliqanlığı artıran operaların (başda «Əsli və Kərəm» olmaq üzrə) səhnədən çıxarılmasını tələb edirik» [20].
- «Truppa utanmadan bu yaxınlarda «Leyli və Məcnun» kimi luzumsuz, mənasızvə zərərli operanı oynadı» [17].
- Azərbaycan operaları «tamamilə luzumsuz bir şey olaraq köhnə əlifba, çadra və sairə dərəbəyliklər və töküntülərlə bir yerdə muzeyə verilməlidir» [21].
Bu hucum və ittihamlara Ü.Hacıbəyov, M.Maqomayev, M.S.Ordubadi, sonralar Ə.Şərif, Ə.Bədəlbəyli, A.Zeynallı cavab verirdi. Ü.Hacıbəyovun bu illərdə apardığı böyük işlər səmərəsiz qalmadı.
Azərbaycan muğamlarının güya iran-fars musiqi mədəniyyətinin bir hissəsi kimi qiymətləndirilərək, «lazımsızlığı» fikri də mədəniyyət ənənələrinin bir qisminin Azərbaycan xalqına mənsub və məxsus olmayan, köhnəlmiş ənənələrin mövcudluğu ideyasının musiqidə təzahür forması idi. Muğam operalarına və tara qarşı planlı şəkildə aparılan əks-təbliğat kampaniyası haqda Azərbaycan musiqi tarixinin bu dövrünü işıqlandıran elmi işlərdə məlumat verilir [22, 23]. “Muğam operası və tar mühakiməsi” haqda Azərbaycan musiqişünaslığında geniş yazıldığından bu mövzu ilə əlaqədar bəzi məqamları, sadəcə, yada salmaq istərdik. Öz çıxışlarında dövlətin əsas mədəniyyət ideoloqu M.Quliyev dəfələrlə muğam operalarını tənqid edərkən «Iran Çahargahı» ifadəsini neçə dəfə söyləyirdi. Məqalələrin birində isə o, məsələni daha kəskin şəkildə qoyur: «Hazırki musiqimizin formaları, şəkli və məzmunu gündən-günə tərəqqi edən iqtisadiyyatımız ilə uyğun qəlməyir. Havalarımızın çoxu Iran havalarıdır». 1929-
cu ildə "Kommunist" qəzetində Opera və Balet Teatrında keçiriləcək "Tarın məhkəməsi" adlı məlumatda deyilir:" tarın musiqi aləti olmaq üzrə lazım olub-olmaması haqqında böyük müzakirə və mübahisə məclisi çağırılır. Müzakirədə Xalq Maarif Komissarı M.Quliyev və musiqi mütəxəssisləri iştirak edəcəklər". Tar haqqında fitvaya Mustafa Quliyev qol çəkir. «Işlətdiyimiz tar da Iran musiqi alətidir… Tar bir el aləti olaraq Azərbaycanda inkişaf edə bilərmi?! Tar Irandan gəlmişdir». Tarın mürəkkəb (yəni kamil – Ə.F.) alət olduğu fikrinə onda cərək tonların mövcudluğuna əsaslanaraq gələn M.Quliyev belə bir nəticəyə gəlir: «ancaq musiqi və maarifin «ali» cəmiyyətlərinin zövgünə xidmət etdiyi bir zamanlarda bu cür mürəkkəb alətlərə ehtiyac var idi: kütlənin belə mürəkkəb alətlərə heç bir ehtiyacı yoxdur. Bundan başqa tarın heç bir qələcəyi yoxdur və ola da bilməz… dərəbəylik mirası olan bu alət yaşaya bilməz. Buna görə də bu aləti müdafiə etmək gülüncdür… Tar öz-özünə həyat səhnəsindən çıxacaqdır [24. s.27].
|