À×ÛËÌÀÌÛØ ÑßÙÈÔßËßÐ
XX ƏSR AZƏRBAYCAN MUSIQI TARIXI – TOTALITAR ZAMAN KƏSIYINDƏ
Fərəh ƏLIYEVA
Search

À×ÛËÌÀÌÛØ ÑßÙÈÔßËßÐ
XX ƏSR AZƏRBAYCAN MUSIQI TARIXI – TOTALITAR ZAMAN KƏSIYINDƏ
Fərəh ƏLIYEVA

 


* * *

       Totalitar cəmiyyətdə dövlətin mədəniyyət siyasətindəki ən radikal aləti - repressiyalar dalğası oldu. Sözlə yeridilə bilməyən, sözün gücü çatmadığı bir məqamda qətliam metodları işə düşdü. Bu, artıq bolşeviklərin sınanmış üsulu idi – «insan özü yoxdursa, deməli onunla bağlı problem də yoxdur». Azərbaycanda qətliamın alovlandırdığı tonqalda məhv olmuş ziyalılar haqda ilk elmi araşdırmalar aparan, müasirlərinə və gələcək nəsillərə sovet repressiyalarının – qırmızı terrorun əsl miqyası haqda məlumat verən böyük alim-vətəndaş, akademik Ziya Bünyadov yazırdı: «Milli kadrları tamamilə məhv etmək, ilk növbədə, dünyaca məşhur, daim düşünən, mütaliə edən, yeni fikirli alimləri, mütəfəkkür və intellektualları aradan götürmək – 30-cu illərdə ölkəni idarə edən rəhbər klanın, qabaqcıl olan hər şeyi caynaqlayan qara əllərin niyyəti belə idi» [21,88]. Z.Bünyadov iki ilə yaxın bir müddətdə 70 minə yaxın ziyalının həbs edilib güllələnməsini qeyd edir. Onlar arasında alimlər, yazıçılar, şairlər, mühəndislər, incəsənət x adimləri, müəllimlər, maarif və mədəniyyət müəssisələrinə rəhbərlik edən dövlət, partiya məmurları var idi. Düzdür, repressiya dalğası elm, ədəbiyyat sahəsi ilə müqayisədə musiqi sahəsində kütləvi xarakter almamışdı. 1937-ci il qurbanları arasında hələlik bizə məlum olan iki musiqiçi vardır: Xədicə xanım Qayıbova və Sergey Paniyev.

       X.Qayıbovanın faciəli taleyi haqda Z.Bünyadov (30),R.Hüseynov (31), S.Gəncəli (32),G. Mirzə (33) söz açmışlar. Milli Təhlükəsizlik Nazirliyinin Arxivində onun istintaq işi saxlanılır.

       Xədicə Osman qızı Qayıbova 1893-cü ildə Tiflisdə anadan olmuşdur. Ana tərəfdən o, Terequlovlar nəslindən idi. Atası Osman Müftizadə qızına mükəmməl təhsil vermək arzusunda idi, ona görə də ailənin maddi vəziyyətinin imkan verdiyi vasitədən istifadə edir. Qafqaz canişinliyinə yazılmış ərizəyə əsasən Xədicə xanım püşkatma üsulilə Tiflisdə Müqəddəs Nina qızlar məktəbinə daxil olur. Uşaq yaşlarından musiqi istedadı ilə fərqlənən X.Qayıbova ilk musiqi təhsilini elə burada alır, elementar musiqi nəzəriyyəsi, fortepianoda çalmağı öyrənir. Onun müəllimləri özünün yazdığı kimi L.N.Knini və Truskovski olmuşdur. 1911-ci ildə məktəbi bitirdikdən sonra mühəndis Nadir Qayıbovla ailə qurur. Bir müddət X.Qayıbova Tiflisdəki tatar (yəni azərbaycan) məktəbində dərs demişdir.1919-cu ildə Qayıbovlar Bakıya köçür. Xədicə xanım artıq bu dövrdən konsertlərdə çıxış etməyə başlayır. O, fortepianoda xalq mahnıları, muğamlar əsasında improvizasiyalarla çıxış edirdi. Sovet dövründə X.Qayıbova musiqi mədəniyyətində daha fəa l iştirak etməyə başlayır, pedaqoji sahədə bir sıra proyektlərlə çıxış edir. Onun bu istiqamətdə fəaliyyəti maarifçilik missiyalı idi. X.Qayıbova Xalq Maarif Komissarlığında Şərq musiqi şöbəsinin müdiri təyin edilir. Onun təşəbbüsü ilə « qısa müddətli Şərq musiqi kursları» təşkil edilir, uşaq xoru yaradılır. «Şərq musiqi kursları» ləğv edildikdən sonra X.Qayıbova 1927-ci ildə ali musiqi təhsili almaq üçün Azərbaycan Dövlət Konservatoriyasında nəzəriyyə və bəstəkarlıqdan (L.Ab) dərs alır. 1933- cü ildə casusluqda ittiham edilərək həbs olunan X.Qayıbova tezliklə heç bir sübüt, dəlil olmadığına görə həbsdən azad edilir. 1934-cü ildən istedadlı musiqiçinin professional fəaliyyəti ADK nəzdində Elmi Tədqiqat Musiqi Kabinəsi ilə bağlı olmuşdur. O, xalq dastanları, mahnı və muğamların toplanması ilə məşğul olur. X.Qayıbova enerjili, nikbin, təşəbbüskar bir qadın idi. Onun evində mütəmadi olaraq musiqi məclisləri keçirilir. Musiqi salonunun sahibi kimi o, ziyalıları – musiqiçiləri, şair və yazıçıları, elm xadimləri, a ktyorları toplayırdı. Bu salonun qonaqları arasında dövlət xadimləri, Bakıya qastrola gələn ifaçılar, müxtəlif tədbirlərdə iştirak edən xarici qonaqlar, xususilə də Türkiyədən alimlər, şairlər var idi. Bu axşamlara Ü.Hacıbəyov, R.Qliyer, L.Rudolf, L.Ab, M.Pressman, H.Sarabski, Bülbül, V.Qorovits, N.Milşteyn, F.Köprülüzadə, Ismayıl Hikmət və başqaları təşrif buyururdular. 1937-ci ildə X.Qayıbova yenidən xalq düşməni kimi tutulur [34]. Bu dəfə əri – Rəşid Qayıbov da satqın kimi həbs edilmişdi. Xədicə xanımı Türkiyə lehinə casusluqda, müsavatçılara rəğbət bəslədiyinə görə ittiham edirlər. Onun həbsinə rəvac verən bəhanə (səbəb deyil məhz bəhanə) – XDIK-da saxlanılan, döyülərək yüzlərlə insanların cinayətkar kimi adına imza atmağa vadar edilən Ə.Fərəczadənin ifadələri oldu. Buradan isə qəribə «zəncir» başlanır; Ə.Fərəczadə Xədicə Qayıbovanın adını artıq həbs edilmiş Dadaş Bünyadzadədən eşitdiyini söyləyir, Dadaş Bünyadzadə isə heç bir dindirilmədə musiqiçinin adını çəkməmişdi. Lakin 1937-ci ildə «satqın və casus ovunda» X.Qayıbova ideal hədəf idi. Xarakteri etibarilə aktiv, ünsiyyətsevər bir insan olduğundan X.Qayıbovanın evində Cumhuriyyət dövründə də, sovet illərində də türk zabitləri, xarici qonaqlar çox olurdu. 1937-ci ildə musiqi axşamları siyasi kontekstdə yad edilməyə başlandı. 1937-ci ildə həbs edilmiş Əli Kərimovun istintaq işində şahid qismində dindirilən məhbus M.Məmmədovun rast gəldiyimiz ifadəsi; «Qayıbovanın evində salonu var idi; burada məsul işçilər-hökumət üzvləri- Bünyadzadə, M.Quliyev, Baba Əliyev, Ə.Kərimov, türkiyəli qonaqlar, Küprülüzadə görüşürdülər. Əli Kərimov 1930-cu ilədək mənimlə olan söhbətlərində Qayıbovanın məclislərində olduğunu söyləyirdi. Qayıbovanın birinci ərinin qardaşı… müsavatın Istanbuldakı nümayəndəliyində katib olmuşdur» (35. s.38). X.Qayıbovanın adı müstəntiqlərin diqtəsi ilə başqa tutulanların da «yadına düşür». R.Axundov guya Əli Kərimovun sözlərindən X.Qayıbovanın əksinqilabi, casusluq fəaliyyətini qeyd edir. B.Çobanzadə yenə də guya Zeynallının dediklərini yada salır və istintaqa məlumat verir: «Zeynallı mənə həm də deyirdi, əksinqilabçı millətçi təşkilat X.Qayıbovanın türk əlaqələrindən də istifadə edir. «Ittihadi-Tərəqqi» partiyasının lideri Şükrübəy Azərbaycan SSR-dən yolüstü keçərkən Qayıbova ilə görüşmüşdür» [36]. Xədicə Qayıbova ona qarşı sürülən qondarma ittihamlara görə cəzalandırılacağını bilirdi, lakin heç ağlına belə gətirmirdi ki onu güllələyəcəklər. «Xalq düşməni»nin arvadı kimi tutulmuş S.M. Əfəndiyevin həyat yoldaşı Zivər Əfəndiyeva onu belə xatırlayırdı: «Dustaqxana qadınlarla dolmuşdu. Onlar ərlərinə görə tutulmuş vəzifəli şəxslərin, hərbiçilərin arvadları idilər. Mənim olduğum kamerada gözəl musiqiçi Xədicə xanım Qayıbova və başqa, 30 nəfərdən çox qadın vardı. Xədicə xanım çox iradəli, şux qadın idi. Özünü şux aparır, hərdən mahnı zümzümə edir, rəqs edirdi. Bir dəfə o dedi: «Mən incəsənət adamıyam. Mənim musiqi dünyam yasa batıb. Mən gərək özümü qoruyam, sarsılmayam, Eybi yoxdur, lap sürgünə də göndərsələr məhv olan deyiləm, lap orada da musiqi klubu düzəld ib rəqs edəcəyəm, oxuyacağam, çalacağam… Qoy onlar sevinməsinlər». Xədicə Qayıbovanın məhkəməsi cəmi 15 dəqiqə çəkdi və ona güllələnmə hökmü kəsildi. Hökm 1938-ci ildə oktyabrın 27-də icra edildi. 1956-cı ildə repressiyanın qurbanlarından olan X.Qayıbova bəraət aldı, onun günahı yox idi.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page