ÏÎÐÒÐÅÒËßÐ
ZIRVƏDƏN ZIRVƏYƏ
Şəhla MAHMUDOVA
HACI XANMƏMMƏDOVUN PORTRETINDƏN CIZGILƏR
Ramiz ZÖHRABOV
ƏZIZ ƏZIZ MÜƏLLIM… (Əziz Əkbər Əzizli - 70)
Leyla MƏMMƏDOVA
|
|
Azərbaycan xalq artisti, SSRI xalq artisti, Dövlət Mükafatı laureatı,
"Istiqlal" ordenli, Azərbaycan MEA-nın müxbir üzvü, Bakı Musiqi Akademiyasının bəstəkarlıq kafedrasının müdiri, professor Arif Məlikovun 70 yaşı tamam olmuşdur
Arif Məlikov haqqında fikir söyləyən musiqişünas onun yaradıcılığı və fəaliyyətini, ümumiyyətlə, Məlikov fenomenini həm Azərbaycan musiqisinin tarixi inkişafı, milli bəstəkarlıq məktəbimizin təkamülü prosesində, həm XX-XXI əsrlərin dünya musiqisi kontekstində nəzərdən keçirə bilər. Və hər bir halda o, haqlı olacaqdır, çünki Q.Qarayevin parlaq yetişdirmələrindən biri olan A.Məlikov, sadəcə olaraq XX əsr Azərbaycan musiqisi korifeylərinin ənənələrini XXI əsrə gətirib çıxaran bəstəkar deyil; o, milli musiqimizi həmin bəstəkarların fəth etdiyi zirvədə saxlayan və həmin nailiyyətlər səviyyəsində ümumdünya miqyasında təmsil edən bir sənətkardır.
A.Məlikovun yaradıcılıq yolunu qısa şəkildə səciyyələndirsəydik, yəgin ki, bunu «zirvədən zirvəyə» adlandırardıq. Çünki kamilliyin ən uca zirvəsinə yönəlmiş olan bu yol öz başlanğıcını da elə zirvədən götürüb: 26 yaşlı bəstəkarın «Məhəbbət əfsanəsi» onun sənət yolunun lap əvvəlində fəth etdiyi yüksəklik, Azərbaycan musiqisinin, milli baletin ümumdünya miqyasında təntənəsi olmuşdur. Beləliklə, sənətdə ilk addımlarından o, musiqi aləmində bir ulduz kimi parlamış, sahibi olduğu fitri istedadını sonrakı illərdə cilalayıb kamilləşdirdiyi peşəkarlığı ilə tamamlayaraq, yeni zirvələrə yüksəlmişdir.
Hər bir böyük bəstəkar kimi, A.Məlikov da böyük-kiçikliyinə və ya nə dərəcədə əhəmiyyətli olub-olmamasına görə musiqi janrları arasında «ayrı-seçkiliyə» yol vermir; əsl peşəkar kimi onun qələminin toxunduğu hər bir nümunədə – istər qlobal konsepsiyalı simfoniya olsun, istərsə də insan qəlbinin xəfif bir duyğusu, bir ovqatını ifadə edən vokal miniatür – bunların hər birində müəllif əsl Sənətkar kimi çıxış edir. A.Məlikovun musiqisində janrlar geniş təmsil olunub. Səkkiz simfoniya, simfonik poemalar (o cümlədən «Nağıl», «Füzulinin xatirəsinə», «Metamorfozlar»), süitalar (o cümlədən «Məhəbbət əfsanəsi» baletindən süitalar), konsertino (fleyta ilə simli orkestr üçün), müxtəlif orkestr pyesləri (o cümlədən «Simfonik rəqslər», «8 pyes», «12 pyes») bəstəkarın simfonik yaradıcılığını təşkil edir.
Sənət yolunun müxtəlif mərhələlərində bəstəkar səhnə musiqisinə maraq göstərmiş, baletlər («Məhəbbət əfsanəsi», «Iki nəfər», «Iki qəlbin dastanı», «Əlibaba və qırx quldur»), operetta («Dalğalar»), dram tamaşalarına musiqi bəstələmişdir. Instrumental musiqi növlərindən prelüdiya (fortepiano üçün), sonata (solo skripka üçün) süita və skertso (skripka və fortepiano üçün) kimi janrlara müraciət etmiş, fortepiano üçün miniatürlər (o çümlədən «Ötəri anlar») yaratmışdır. Irili – xırdalı vokal janrlar da A.Məlikovun yaradıcılıq diqqətindən kənarda qalmayıb: o, Tofiq Bayramın, Vaqif Səmədoğlunun, başqa şairlərin sözlərinə kantata və vokal-simfonik poemalar, Nazim Hikmətin şerlərinə romans silsilələri bəstələmişdir. Bəstəkarın qələmindən çıxmış əsərlər içərisində xalq çalğı alətləri orkestri üçün süita və pyeslər də vardır. Milli kino sənətimizdə Arif Məlikovun bəstəkar kimi böyük payı var – onun «Sehrli xalat», «26 Bakı komissarı», «Ulduzlar sönmür», «Axırıncı aşırım»
, «Rüstəm və Zöhrab», «Qərib cinlər ölkəsində» və bir çox başqa filmlərə yazdığı musiqi milyonlarla tamaşaçıya və dinləyiciyə yaxşı tanışdır. Bəstəkarın çoxşaxəli yaradıcılığından söz açmağımız təkcə onun müxtəlif janrlarda qələmini uğurla sınadığını bir daha göstərmək arzusundan irəli gəlmir; özlüyündə A.Məlikovu yüksək peşəkar, sənətkar kimi səciyyələndirən bu çoxşaxəlilik əslində ona görə qiymətlidir ki, müraciət etdiyi musiqi janrlarının demək olar ki, hamısında bəstəkar orijinal yanaşma üsulu və təfsir nümayiş etdirmiş, bunlardan hər birində öz yeni sözünü demiş və bununla da bir çox mərhələ əsərləri yaratmağa müvəffəq olmuşdur.
A.Məlikov müraciət etdiyi janrları, ilk növbədə, mövzu və obrazlar aləmi baxımından zənginləşdirmişdir. Ilk baxışda, onun əsərlərində toxunulan mövzular da, bunları təcəssüm etdirən obrazlar da heç bir qeyri-adiliyi ilə seçilmir. Nağıl mövzusu və əfsanəvi obrazlar bəstəkarın həm balet yaradıcılığında («Əlibaba və qırx quldur»), həm simfonik əsərlərində («Nağıl» simfonik poeması), həm kamera yaradıcılığında əks etdirilmişdir; «Məhəbbət əfsanəsi», «Iki qəlbin dastanı» baletləri, Ikinci, Dördüncü, Altıncı simfoniyalar, «Metamorfozlar» simfonik poemasında dramatik obrazların parlaq təcəssümünü görürük; Nazim Hikmətin sözlərinə bəstələnmiş romansların çoxu xəfif məhəbbət lirikası nümunəsidir. Bütün bu rəngarəng obrazlar aləmini əks etdirən zaman bəstəkar əslində Xeyirlə Şərin mübarizəsi, Məhəbbət, Vətənpərvərlik, Insansevərlik kimi əbədi mövzuları sanki müxtəlif rakurslarda öz bəstəkar baxışı ilə tutaraq, musiqi ifadə vasitələrinin köməyilə dinləyici üçün açır. Yen
ilik isə tanış mövzuların təfsirindədir. Belə ki, A.Məlikov nağılı da, gerçəkliyin aktual məsələlərini də, lirika dünyasını da müasir bəstəkar mövqeyindən əks etdirir; onun bütün əsərlərində biz öz müasirimizin münasibətini, onun düşüncə və duyğularını, hər birimizin mənəviyyatı və dünyagörüşünü formalaşdıran zəmanəmizin nəbzini, ritmini hiss edirik.
«A.Məlikov özünün simfonik yaradıcılığı, xüsusən səkkiz möhtəşəm simfoniyası ilə musiqimizi zənginləşdirmişdir» deməklə kifayətlənə bilmərik, çünki bəstəkarın milli simfonizmə verdiyi sənətkar «payı» daha böyük, daha əhəmiyyətlidir. A.Məlikov öz simfoniyaları ilə XX əsrin sonu – XXI əsrin əvvəlində milli simfonik musiqimizin əsas inkişaf istiqamətini müəyyən etmiş, bu sahədə aparıcı rol oynamış bəstəkardır. Gerçəklik hadisələrini, müasirliyin taleyüklü məsələlərini ümumiləşdirərək, bütün təzadları, kolliziyaları ilə simfonik konsepsiyada dolğun təcəssüm etdirmək, bir tərəfdən A.Məlikova öz müəllimindən irsən nəsib olmuş missiyadır (D.Şostakoviç – Q.Qarayev – A.Məlikov). Təbiidir ki, bu irsi bağlılığın reallaşması yalnız A.Məlikovun böyük istedadı, ümumiləşdirmə qabiliyyəti, şəxsi intellektual potensialının səviyyəsi sayəsində mümkün olmuşdur. A.Məlikovun müxtəlif quruluşa malik səkkiz simfoniyasından hər biri silsilənin müxtəlif təfsirini verir. Muğam məntiqin
dən irəli gələn xüsusiyyətlərlə simfonik təfəkkür prinsiplərinin müxtəlif səviyyədə qovuşuğundan yaranan dramaturgiya bəstəkarın simfoniyalarından hər birində orijinal həllini tapır. Gerçəkliyin problemləri, bu gün müxtəlif şəkildə təzahür edən həyat təzadları Altıncı simfoniyada xüsusilə yüksək fəlsəfi ümumiləşdirmə səviyyəsində təqdim edilərək, müdrik bir sənətkarın konsepsiyasını əks etdirir.
Simfonik təfəkkür prinsipləri bəstəkarın başqa janrlarda yaratdığı əsərlərə də sirayət edir; xüsusən onun baletlərində bu cəhət parlaq təzahür edir.
Əgər iri janrlarda bəstəkar alovlu bir natiq kimi geniş kütlələrə, milyonlara müraciət edərək ümumbəşəri problemlərdən, hamımızı narahat edən həyat məsələlərindən söz açırsa, miniatür əsərlərində – romanslar, fortepiano pyeslərində o, qəlbinin dərinliklərində gizlədiyi ən məhrəm duyğuları, lirik düşüncələri ilə dinləyicilərin ürəyinə yol tapır.
«…O, yenilik axtarır, lakin köhnə marşrutlara da yaxşı bələddir, axtarışa qapılır, lakin ənənələrin - ilk növbədə milli ənənələrin faydasını, varisliyin səmərəsini də yaddan çıxarmır» - vaxtilə Rodion Şedrinin böyük bəstəkarımız Qara Qarayev haqqında söylədiyi bu fikri onun tələbəsi Arif Məlikova da aid etmək olar. Doğrudan da XX əsrin məktəblərinə, cərəyan və təmayüllərinə gözəl bələd olan, müasir kompozisiya texnikasına mükəmməl yiyələnən bəstəkar ən yeni yazı üsullarından sərbəst istifadə edir. Lakin müəllimi Q.Qarayev kimi, o da əvvəla, ən yeni vasitələrin məqsədə çevrilməsinə heç vaxt yol vermir, ikincisi isə – heç zaman möhkəm milli zəmindən, xalq musiqisinin sağlam köklərindən, həmişəyaşar qaynaqlardan ayrılmır. Vaxtilə təhsilini A.Zeynallı adına məktəbin xalq çalğı alətləri şöbəsindən başlayan, Əhməd Bakıxanov, Mansur Mansurov kimi sənətkarlardan tar ifaçılığının sirlərini öyrənən, öz barmaqlarını tara toxunduraraq, muğamların, xalq musiqisi nümunəl
ərinin cövhərini qəlbinə hopduran A.Məlikov bəstəkar kimi püxtələşib yetişdikdən sonra öz musiqisində bu milli musiqi incilərinə yeni həyat vermişdir. A.Məlikov həm də gözəl pedaqoqdur. Onun sinfində təhsil alan onlarca istedadlı gənc bəstəkar öz müəllimindən sənət sirlərini, kompozisiyanın əsaslarını öyrənməklə yanaşı bəlkə bundan daha vacib olan keyfiyyətləri – vətənə, xalqa məhəbbət hissini, milli mənəvi sərvətləri göz bəbəyi kimi qorumaq, klassik ənənələrimizi yaşadıb inkişaf etdirmək məsuliyyətini də əxz edir, onun himayəsi altında böyük həyat məktəbi keçir. Lakin A.Məlikovun pedaqoji fəaliyyətinin də əhəmiyyəti əslində daha geniş miqyasda – milli bəstəkarlıq sənətinin ümumi perspektivi baxımından qiymətləndirilməlidir, belə ki, o, Bakı Musiqi Akademiyasının bəstəkarlıq kafedrasının müdiri olmaqla Azərbaycanda bəstəkar yaradıcılığının inkişaf yolunu müəyyən etmək məsuliyyətini də daşıyır.
Əgər Arif Məlikov haqqında 15 il əvvəl yazmış olsaydım, bəlkə də onun dolğun portretini yaratmaq üçün musiqi mədəniyyətimizdəki böyük xidmətlərini sadalamaqla kifayətlənə bilərdim. Çünki onun bir bəstəkar kimi qazandığı nailiyyətlər özlüyündə təkcə musiqimizdə deyil, ümumilikdə milli mədəni tərəqqi naminə göstərilən xidmətlər hesab edilməlidir. Lakin bu günün reallıqları baxımından, son onilliklərdə xalqımızın düçar olduğu milli faciə, keçirdiyimiz, sosial-siyasi sarsıntılar prizmasından nəzər salarkən, A.Məlikov vətənpərvərliyinin, həmişə özünü büruzə verən vətəndaşlıq duyğusu və məsuliyyətinin tamamilə yeni məna kəsb etdiyini xüsusi olaraq qeyd etməyə bilmərəm. A.Məlikov XX əsrin sonunda yaşadığımız müsibətləri – qanlı 20 Yanvar hadisələrini, yüzlərlə şəhidimizin faciəsini, qaçqın və köçkünlərimizin fəlakətini məhz ona xas olan cəsarətlə açıb dünya ictimaiyyətinə tanıtdıran bir Azərbaycanlı kimi milyonlarla soydaşımızın və bütün sülhsevər insanların dərin h
örmətini, məhəbbətini qazanmışdır. Və böyük sənətkarımızın o zamankı hökumət nümayəndələrinə, yüksək rütbəli dövlət məmurlarına və hətta keçmiş sovet dövlətinin başçısına oxuduğu qəzəbli ittihamnamə əsl Azərbaycan oğlunun səsi kimi ucalaraq, A.Məlikovun vətəndaş kimi simasına daha bir cizgini əlavə etmiş oldu.
Bəstəkar, pedaqoq, vətəndaş kimi Ü.Hacıbəyov tərəfindən bünövrəsi qoyulmuş məktəbin ən gözəl ənənələrini yaşadan A.Məlikovun yaradıcılığı vətənimizin, millətimizin mədəniyyəti tarixində bütöv bir mərhələdir. Və bu mərhələ kamil sənətkarın bu günki fəaliyyətilə davam edir; A.Məlikov bu gün də mədəniyyətimizin tərəqqisi uğrunda çalışaraq, XXI əsr musiqimizin salnaməsini yaradan sənətkarlar sırasında şərəfli bir yer tutur. Ulu tanrıdan ona möhkəm cansağlığı, uzun ömür diləyir, ondan yeni sənət inciləri gözləyirik.
|