ÏÎÐÒÐÅÒËßÐ
ƏZIZ ƏZIZ MÜƏLLIM… (Əziz Əkbər Əzizli - 70)
Leyla MƏMMƏDOVA
Search

ÏÎÐÒÐÅÒËßÐ
ZIRVƏDƏN ZIRVƏYƏ
Şəhla MAHMUDOVA
HACI XANMƏMMƏDOVUN PORTRETINDƏN CIZGILƏR
Ramiz ZÖHRABOV
ƏZIZ ƏZIZ MÜƏLLIM… (Əziz Əkbər Əzizli - 70)
Leyla MƏMMƏDOVA

 




       Təəsüflər olsun ki, indiki müasir qloballaşma və rəqəm texnologiyalarının yüksək inkişaf etdiyi bir zəmanədə biz, əsl ziyalı və geniş qəlbli insanlarla rastlaşanda təəccüblənirik… Düzünü desək, belə şəxslərlə tanışlıq ömrümüzün axırına kimi yaddaşımızda və ürəklərimizdə silinməz bir iz qoyur…

       Mənim aləmimdə belə insanlardan biri də, gözəl ziyalı, səmimi dost, təcrübəli pedaqoq, iste’dadlı dirijor və, nəhayət, tanınmış bəstəkar Əziz Əkbər oğlu Əzizlidir.

       Sentyabr ayının 30-da Əziz müəllimin 70 yaşı tamam oldu və demək lazımdır ki, bu illər ərzində Ə.Əzizli sənətdə çox dolğun və maraqlı ömür sürmüşdür. Lakin, bir bəstəkar kimi Ə.Əzizlinin böyük xoşbəxtliyi ondan ibarətdir ki, o, öz sənəti ilə minlərlə musiqisevərlərin ürəklərinə yol tapıb. Bu da bəstəkar üçün ən yüksək nailiyyətlərdən biridir.

       Əziz Əzizlinin ifadəsi ilə desək o, öz yaradıcılığında «müasir» romantizmə daha çox üstünlük verir. Həqiqətən də, bəstəkarın bütün əsərlərində öz təbiəti etibarı ilə həyatsevər, hərtərəfli biliyə malik musiqiçinin poetik dünyası öz əksini tapır. Eyni zamanda, Ə.Əzizlinin musiqisi janr baxımından müxtəlifliyi ilə seçilir. Ə.Əzizli opera, 3 simfoniya, 2 konsert, 3 kvartet, kantatalar, vokal-simfonik poema, estrada əsərləri, mahnılar və s. əsərlərin müəllifidir. Maraqlıdır ki, hər bir əsərdə, Ə.Əzizli öz müəllif xəttinin izini qoymuş, həmişəlik yaddaqalan, gözəl melodiya və yüksək professionallıqla seçilən əsərlər yarada bilmişdir.

       Əziz Əzizli musiqi təhsilini Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının iki fakultəsində alıb. Əvvəlcə o, 1957-ci ildə truba aləti üzrə professor Elşad Əfəndiyevin sinfini bitirib. Bəstəkarlığın əsaslarını öyrənməyə başlamamışdan əvvəl Ə.Əzizli ifaçı həyatı yaşamış və bir sıra professional kollektivlərdə, o cümlədən Kərim Şərifin rəhbərlik etdiyi nəfəsli orkestrdə həm ifaçı, həm aranjimançı, həm də orkestrin dirijoru kimi çalışmışdır.

       1961-ci ildə Ə.Əzizli Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şö’bəsinə daxil olmaq qərarına gəlir. Bu, artıq formalaşmış bir musiqiçinin fikri idi. Konservatoriyada Ə.Əzizli zamanın görkəmli bəstəkarı – Qara Qarayevin sinfinə düşür. Q.Qarayev Ə.Əzizliyə hələ qəbul imtahanlarında yaxşı qiymət qoyur və deyir: «…hiss olunur ki, Siz təcrübəli musiqiçisiniz. Lakin, bəstəkar olmaq istəyirsinizsə, bu gündən başlayaraq, ömrünüzün axırına kimi həmişə axtarışda olmalısınız». Artıq 40 ildən çoxdur ki, Ə.Əzizli həmin sözlərə dayaqlanaraq öz tələbələrinə də müəlliminin bu vəsiyyətini yorulmadan çatdırır. Yeri gəlmişkən demək lazımdır ki, Ə.Əzizlinin tələbələri sırasında Moskva, Sankt-Peterburq və Bakı Konservatoriyalarının yetirmələri vardır.

       Bəstəkar Ə.Əzizlinin yaradıcılıq kredosu – vətənpərvərlikdir. O, öz əsərlərində ilk növbədə Azərbaycan musiqisinin incəliklərinə, intonasiya və ritmik xüsusiyyətlərinə arxalanır. Ə.Əzizlinin musiqisi melodik dilin səlist, aydın qavranması və kamil forması ilə seçilir. «…Bu musiqini çaldıqca çalırsan və heç bir yorğunluq hiss etmirsən» – bu sözlər bir sıra ifaçılara məxsusdur. Doğrudan da, müxtəlif illərdə yazılmış əsərlər bu gün də təravətini itirmir və həm dinləyicinin, həm də ifaçıların diqqətini cəlb edir.

       Əziz Əkbər oğlu Əzizli ömrü boyu gənclərin estetik tərbiyəsi ilə fəal məşğul olub. O, bir sıra estrada müsabiqələrinin münsiflər hey’ətinin üzvü, hətta sədri də olmuşdur.

       Xatırlayaq ki, Ə.Əzizli gənc ikən özü də bu cür müsabiqələrdə tez-tez iştirak edib. Onların birində görkəmli bəstəkarımız, mərhum Rauf Hacıyevlə yanaşı Ə.Əzizlinin mahnısı da mükafata layiq görülmüşdü. Gənc musiqiçi üçün bu hadisə böyük stimul oldu və o, bəstəkarlıq sənətinə daha çox maraq göstərməyə başladı. Sonrakı illərdə Ə.Əzizlinin 10-dan çox əsəri müxtəlif müsabiqələrdə mükafatlara layiq görülmüşdür ki, onların sırasında xor və fortepiano üçün yazılmış əsərlər, habelə mahnılar başlıca yer tutur.

       Ə.Əzizli estrada janrında da məmnuniyyətlə işləyib. Onun estrada orkestri üçün «Vals», «Mart ayında musiqi», «Belə də olar», «Görüşənədək» və s. əsərləri qısa zamanda geniş auditoriya tərəfindən sevilmiş və populyar olmuşdur.

       Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Ə.Əzizlinin estrada mahnıları da çox tez məşhurlaşdı. Onun «Qaya» vokal kvarteti üçün Yusif Həsənbəyin sözlərinə bəstələnmiş «Bulaq başında» mahnısı həmin kollektivin ifa etdiyi ilk mahnı oldu. Sonrakı illərdə «Dan ulduzu», «Içəri şəhər», «Axtaran tapar», «Ləpələr», «Yayın son nəğməsi» mahnıları, «Çal-oyna» mahnı-rəqsi və s. çox populyarlaşmışdır. Ə.Əzizlinin mahnılarını dinləyərkən xeyirxah və xoşxasiyyət bir insanın daxili aləmini hiss edir və istər-istəməz ürəkdarıxdırıcı fikirlərdən azad olursan. Bu keyfiyyət isə bəstəkarın musiqisində təkrarolunmaz cazibə qüvvəsinin mövcudluğundan xəbər verir.

       Musiqinin akademik janrları isə bəstəkarı başqa bir tərəfdən səciyyələndirir. 3 simfoniya (1986, 1988, 1989), Skripka və orkestr üçün Konsert (1985), Truba və simfonik orkestr üçün Konsert (1987) bu baxımdan diqqətəlayiqdir. Qeyd edək ki, sonuncu əsər Azərbaycan professional musiqisində truba və simfonik orkestr üçün ilk Konsertdir. «Nəsimi» simfonik poemasının da adını çəkmək lazımdır. Ə.Əzizlinin simfonik əsərlərində dərin fəlsəfi lirika mürəkkəb intonasiyaların rəvan və çox səlist inkişaf prosesində açılır. Bu da öz növbəsində əsərlərə xüsusi yığcamlıq aşılayır. Eyni zamanda bəstəkar Azərbaycan xalq musiqisinin əlamətlərini olduğu kimi saxlamağa nail olur.

       Vokal-simfonik əsərlər sırasında «Əfsanəvi şəhər» kantatası, «Bizim üfüqlər» simfonik poeması, «Qadın ürəyi» poema-monoloqunu qeyd etmək olar. Bu əsərlərdə Ə.Əzizli yenilik axtarışları ilə dinləyiciləri maraqlandırır. Bədii obrazların sıx qarşılıqlı tə’siri və əlaqəsi əsərin tamlığını şərtləndirir və bu zaman söhbət parlaq təzaddan deyil, əslində çox dərin təzadlardan gedir. Qeyd edək ki, bu cəhət Əziz Əzizlinin bütün əsərlərində özünü bu və ya digər dərəcədə göstərir.

       Ə.Əzizlinin kamera-instrumental yaradıcılığı da dinləyicilərin rəğbətini qazanmışdır. Bu janrda yazılmış əsərlər çoxsaylı kollektivlərin repertuarındadır, həm respublikamızda, həm də onun kənarında vaxtaşırı səslənir.

       Onlardan Simli alətlər üçün 3 Kvartet (1979, 1985, 1986), Piano üçün Prelüdlər (1961), Klarnet və piano üçün «Skertso» (1961), Violonçel və piano üçün «Poema» (1962), Orqan üçün 8 fuqa (1963), Ksilofon və piano üçün «Ekspromt» (1964), piano üçün Etüdlər (1969) və s. əsərləri xüsusi qeyd etmək lazımdır. Lakin Ə.Əzizlinin uşaqlar üçün, yə’ni tədris proqramlarında geniş yayılmış kamera əsərləri xüsusilə təqdirəlayiqdir. Bu əsərlərdə də Ə.Əzizli uşaqların qəlbinə yol tapmışdır. Onlar məktəb proqramlarında Azərbaycan bəstəkarlarının əsərləri sırasında öz xüsusi yerini tutub.

       Ə.Əzizlinin yaradıcılığında xor üçün yazılmış əsərlər də çox maraqlıdır. Azərbaycan şairlərinin sözlərinə yazılmış 7 mahnı, Abdulla Şaiqin sözlərinə uşaq xoru və piano üçün «3 səhnə», a’capella xoru üçün 12 Pyes və s. əsərləri xüsusi qeyd etmək istərdik. Bu əsərlər müxtəlif xor kollektivlərinin repertuarlarını zənginləşdirib. Ə.Əzizlinin xor əsərləri xor fakturasının dərindən hiss edilməsi ilə fərqlənir və həmin səbəbə görə həm ifaçılar, həm də dinləyicilər tərəfindən böyük maraqla qarşılanır.

       Demək lazımdır ki, Ə.Əzizli kino və teatr üçün də kifayət qədər musiqi bəstələmişdir. Bu əsərlərin bir çoxu müxtəlif mükafatlara layiq görülüb və respublikamızdan uzaqlarda da uğurla səslənir.

       Yuxarıda deyilənləri yekunlaşdırsaq deməliyik ki, Ə.Əzizlinin musiqisi maraqlı və dəyərlidir. O, mə’na dərinliyi, gözəl lirikası və Azərbaycan musiqisinin incəliklərinə həssas münasibəti ilə seçilir. Əziz müəllimin şəxsiyyəti, bəstəkar və ifaçılıq iste’dadı onu Azərbaycan musiqi mədəniyyətinin layiqli nümayəndələri sırasına daxil etmişdir.

       Son illər Əziz müəllim mürəkkəb bir janra – operaya müraciət etmişdir. Onun «Nəbi» adlı operası artıq tamamlanıb. Əlbəttə, müasir dövrdə öz operasını səhnədə görmək bəstəkarlar üçün nadir bir hadisəyə çevrilib… Lakin, Əziz Əziz müəllim! ümüdinizi itirməyin! Ümidvarıq ki, Sizin operanız səhnə üzü görəcək. Hal-hazırda Azərbaycan Bəstəkarlar Ittifaqının Ü.Hacıbəyov adına Kamera zalında Sizin müəllif gecənizin keçirilməsi planlaşdırılıb və əmin ola bilərsiniz ki, bu konsertdə Sizin «Nəbi» operanızdan da fraqmentlər səslənəcək. Inanıram ki, Sizin musiqiniz hələ bir çox nəsil musiqisevərlərinin qəlbinə yol tapa biləcək.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page