ČĐŃČĚČÇ
MIRZƏ FƏRƏC
HAQQINDA XATIRƏLƏRIM

(ardı)

Ruqiyə RZAYEVA
Search

ČĐŃČĚČÇ
MIRZƏ FƏRƏC
HAQQINDA XATIRƏLƏRIM

(ardı)

Ruqiyə RZAYEVA
«ARŞIN MAL ALAN»
ADLI SƏNƏT INCISI

Səadət QARABAĞLI
RADIONUN MUSIQI
VERILIŞLƏRI REDAKSIYASI:
DÜNƏN, BU GÜN, SABAH

Ramiz MIRIŞLI

 


IV VIDA NƏĞMƏLƏRI


       1920-ci illərin əvvəlləri idi. Respublikamızda mədəni inqilab şüarları altında maarif komissarı Mustafa Quliyev başda olmaqla milli ənənələrə qarşı, tar, kamança kimi milli musiqi alətlərinə qarşı ciddi kompaniya, mübarizə aparılırdı. «Proletkultçular köhnəliyin, avamlığın, geriliyin qalıqları» kimi tarı tamamilə ləğv etmək, kamançanı isə skripka ilə əvəz etmək istəyirdilər.

       Mikayıl Müşfiqin «Oxu tar» şeri bu səhv cəhdlərə kəskin etiraz idi.

       Bu dövrdə yalançı mədəni inqilabçılar, yəni proletkultçular «proletar mədəniyyəti yaratmaq uğrunda mübarizə» şüarı altında keçmiş nəsillərin bütün mədəni nailiyyətlərinə qələm çəkirdilər.

       Onlara qarşı çiddi müqavimət göstərən mütərəqqi cəbhə Üzeyir bəy Hacıbəyov və Müslüm Maqomayevin başçılığı ilə fəaliyyət göstərirdi. Babam da bu cəbhədə mütərəqqi ideallar naminə mübarizə aparırdı.

       Babam yaşının yetmişi keçməsinə baxmayaraq çox qocalmamışdı. Onun yalnız saçı ağarmışdı, gözü yaxşı görürdü, eynək taxmırdı, bütün dişləri də yerində idi. Nə qədər ki, onun canından artıq sevdiyi, onunla nəfəs alıb yaşadığı tarına toxunmamışdılar.

       Lakin tarı keçmişin, geriliyin bir qalığı kimi rədd etməyə çalışan nadan, proletkultçu fikirli adamlar babamın sakit həyatında bir fırtına yaratdılar. Odur ki, o, ruhdan düşdü. Babam bilirdi ki, ömrünü artıq başa vurmaq üzrədir. O, tarı və onunla birlikdə tarda olduğu qədər heç bir musiqi alətində çalınması mümkün olmayan zəngin xəzinəmizi-muğamlarımızı da itirməkdən qorxurdu. Axı, illər boyu təkmilləşdirilmiş bu alət gələcək nəsillərə də çatdırılmalıdır.

       Tar ətrafında keçirilən qızğın mübahisəli yığıncaqlardan sonra babam bir neçə həmkarı ilə evə gələrdi. Ikinci və əsl yığıncaq bizim evdə davam edərdi. Uzun mübahisələr və həyəcanlı söhbətlər hamını hövsələdən çıxarırdı. Heç unuda bilmirəm. Belə müzakirə günlərindən birində babam əsəbi halda tarı əlinə aldı və yoldaşlarına müraciətlə dedi: «Onları mən tarımın böyük çanağından salıb kiçik çanağından çıxardaram! Mənim tarım və muğamatım yaşamalıdır!». Mən onun belə əsəbi vəziyyətini heç vaxt görməmişdim. Ona çox acıyırdım. Halbuki o vaxt cəmiyyətimizdə nələr baş verdiyini bilmirdim. Ancaq hiss edirdim ki, vəziyyət çox gərgindir. Tarı itirmək qorxusu yaranıbmış. Yəqin ki, hələ ona görə də Mirzə Fərəc həmin günlərdə tarına daha da çox bağlanmışdı. O, bütün günü həzin-həzin, çalırdı, çalmayan vaxtlarda isə daxili iztirablar keçirirdi. Nə haqdasa uzun-uzadı düşünür, əsəbiləşir, dodaqlarını qan çıxana qədər dişləyirdi. Bu vərdiş onda artıq gündəlik bir adətə çevrilmişdi. Bir müddətdən sonra onun alt d odagında balaca bərk bir şiş əmələ gəldi.

       Axır vaxtlarda o elə hövsələsiz və bədgüman olmuşdu ki, tar haqqında yaxşı bir fikir söyləyən adama da inanmırdı. Ona şübhə ilə baxırdı. Ona elə gəlirdi ki, hamının məqsədi tarı məhv etməkdir. Babam o günlər olduqca gərgin psixoloji sarsıntılar keçirirdi. Həmkarları onun yanında olmayanda o gah çalardı, gah da uzanardı, evdə özünə yer tapa bilməzdi. Dodağındakı şiş də ona əziyyət verməyə başlamışdı. Daha işlədiyi musiqi texnikumuna gedə bilmədi. «Tarın məhkəmə»sində iştirak edə bilmədi. Dostları onun nigaran olduğunu bilirdilər. Ona görə yığıncaqda olan söz-söhbəti gəlib evdə ona danışırdılar, təsəlli də verirdilər.

       79 yaşından sonra babama fərdi pensiya təyin etdilər. Ömrü uzunu gümrah, nikbin, işgüzar həyat tərzi keçirmiş babam heç güman etməzdi ki, belə çıxılmaz bir vəziyyətə düşəcək. Onu Mədəniyyət nazirliyindən Moskva şəhərinə göndərmək istədilər. Ancaq nənəm icazə vermədi. O, doğru elədi, çünki babam ağır cərrahi əməliyyata dözə bilməzdi. Onun «əgər məni bu xərçəng xəstəliyi tutmasaydı hələ çox yaşayacaqdım» sözləri mənim indi də qulaqlarımdadır. Getdikcə halı pisləşirdi. Əzizimizi itirirdik. Bunu o özü də hiss etmişdi. Bir gün anamı yanına çağırıb dedi ki, Ağabacını mən sənə tapşırıram. Onu heç vax ərə verməzsən. Əgər bunlarla bacarmasan (o nənəmi və atamı nəzərdə tuturdu) onda heç olmazsa onu evdən kənara vermə, öz yanında saxla, gözün üstündə olsun. Onun o zərif əlləri iş görmək üçün yaranmayıb. O sözünün ardını deyə bilmədi, ağladı. Mən o nikbin babamı birinci dəfə idi ki, ağlayan gördüm. Ağabacını – o əziz nəvəsini nə dərəcədə sevdiyini təsəvvür etmək çətindir.

       Babam çox nikbin idi. Uşaqlıqdan yetim qalsa da, mollaxanadan qovulmuş olsa da dayısının arzusunun əksinə olaraq ruhani yox, musiqiçi olmaq ehtiyacını özündə hiss edib. Bu sahədə rəhbərsiz, böyüksüz, çox çətinliklə yüksək istedada malik olması ilə özünə yol açıb. Qürurlu xasiyyəti ilə, dərin biliyə malik olması ilə xalqına bir ustad kimi özünü sevdirmişdi.

       Çox maraqlıdır ki, babam bütün foto şəkillərində gülümsəyir. Bu daxildən gələn bir fərəhmi idi, yoxsa həyatdan razılıq hissimi deyim, bilmirəm. Hətta xəstə vaxtında ən axırıncı şəklində də bu vəziyyət özünü göstərir. Eldən ayrılmazdı, onun əksinə hərəkət etməzdi. Deyərdi ki, «Elnən qara gün bayramdır». Ehsan aylarında ehsan verərdi. Matəm aylarında toya getməzdi, oruc tutardı. Hər iftar vaxtı süfrə başında ərəbcə oxuduğu dualarını da eşitmişəm. Xalqın, elin bütün adət-ənənələrinə hörmət edərdi, odur ki, el onu çox sevərdi.

       Qayğısız və babamlı uşaqlıq yaddaşıma qara hərflərlə həkk olmuş ilk həyat zərbəsi məni elə sarsıtdı. Ancaq bir dəqiqəliyə gözlərimi yumuram. 75 il bundan əvvəl olduğu kimi, o kədərli mənzərəni gözlərim önündə canlandırıram. Mən o ilə, o evə, o dəmə qayıdıram.

       Babamın ölümündən bir gün əvvəl 1927-ci ilin 25 martında elə bil bir qüvvə məni zorla qaldırıb babamın xəstə yatdığı otağa itələdi. Nədənsə nənəm neçə gün idi heç birimizi o tərəfə keçməyə qoymurdu. Burada gördüyüm mənzərə məni çaşdırdı. Nənəm "dostu" adlandırdığımız qadınla birlikdə babam uzanmış çarpayının ayaq tərəfində əyilib onun ayaqlarına həna qoyurdular. Bu mənə çox qəribə gəldi. Axı o ağır xəstə idi, heç səsi də çıxmırdı. Nənəm belə hənanı həmişə bir Novruz bayramında, bir də ki, bağa köçən günü orada mənimlə Ağabacının ayağına qoyardı ki, ayaqyalın qum üstündə gəzəndə qum dərini incitməsin. Bəs indi... babamın yanına yaxınlaşıb dayandım. Nənəmin başı qarışıqdı, görmədi. Həssas babam mənim gəlməyimi necə də hiss etmişdi, axı üzü, çənəsi, böyük sarğı ilə bağlı idi. Birdən onun çox zəif səsini eşitdim. O deyirdi: «qaydadır, insan dünyadan köçəndə ayaqlarına həna qoyarlar». O, bu sözləri mənə dedi ki, bu qəribə ayinə təəccüb etməyim.

       Bu, babamdan eşitdiyim axırıncı sözü oldu. Görünür bu onun həyatda da elə son cümləsi olub. Onu da eşitmək mənə qismət oldu. Bu çümlə, bu səs mənim ürəyimə iynə kimi sancılıb qaldı və əbədi olaraq qalacaq, nə qədər ki, sağam. Mən indi də hərdən o səsi eşidirəm. O otaq, o səssizlik, o çarpayı, başının üstündə divardan asılmış «Şir-Xurşid» nişanlı sədəfli tarı, babamın ağarmış üzü, ağappaq sif saçları, sinəsinin üstünə qoyduğu uzun barmaqları, nənəmin qızarmış göy gözləri, bir də ki, həna qoyan «Dostu»nun1 bozarmış əsəbi üzü gözlərim qarşısındadır. Heç ağlıma gəlməzdi ki, bu görüş mənim əziz, unudulmaz babamla son görüşümüzdür.

       Babamın ölümü ilə əlaqədar bir əhvalatı heç vaxt unutmuram. Bizim novruz bayramımız yasa çevrildi. Birinci dəfə idi ki, bayramda Ağabacı ilə mənim üçün qırmızı paltar tikilmədi. Əziz babam bizi əbədi olaraq tərk etdi. Özü ilə bərabər evimizin sevincini, xoşbəxtliyini, şənliyini də apardı.

       Bakıda Dağüstü park düzələndə orada olan qəbiristanlıq söküldü. Ona görə babamın və qardaşı Nəsir əminin sümüklərini çıxarıb Maştağada Xonxar məhəlləsinin Məmmədbağır qəbiristanlığında hər ikisini bir qəbirdə basdırdılar. Baş daşında yazılıb: «Tarzən Mirzə Fərəc Rza oğlu Rzayev. 1847-1927».

       Can verməkdə olan adamların ayaqlarına həna qoyulması ayinini qardaşım, sənətşünaslıq doktoru Nəsir Rzayev belə izah edirdi:

       «Bu tədbir Tunc dövründən miras qalmışdır. O dövrün Günəş və ölülər kultu ilə bağlı olmuş ən mühüm ayinlərindən biridir. O dövrdə oxra qırmızımtıl boyalar simvolik olaraq Günəşi təmsil edirmiş. Guya yalnız Günəşlə təmasda olan varlıqlar yaşaya bilərmişlər. Onlar ölülərə ölü kimi yox, öz həyatlarını davam etdirmək məqsədilə müvəqqəti həyatdan daimi həyata, axirət dünyasına köçmüş canlılar kimi baxırdılar. Ona görə də axirət evi hesab edilən qəbirlər, oraya qoyulmuş avadanlıq Günəşin təsviri rəmzləri ilə bəzənirdi».

       Gərək babam heç olmazsa beş il geç vəfat edəydi. Azərbaycan xalqının sevimli tarının, muğamların qorunub saxlanması yolunda dahi bəstəkarımız Üzeyir bəyin apardığı mübarizənin parlaq nəticəsini görəydi. Babam bu qələbəni özü görmüş olsaydı onda onun musiqisini təsnifləri, mahnıları, oyun havalarını nota salmaq istəyən Niyaziyə, Asəf Zeynallıya: – «Mən ölürəm, qoy mənim musiqim də mənimlə bərabər ölsün» deməzdi. Notun ilahi qüvvəsinə inanardı. Ancaq musiqi aləmi inqilab dövrü keçirirdi. Səksən yaşlı babam isə buna şübhə ilə baxırdı.

       Indi bizim «Kürd Ovşarı»nın səsi Nyu-Yorkun, Bostonun konsert salonlarından gəlir. Tarımız bütün dünyanı dolaşır. Üzeyir bəyin arzuları həyata keçir. Azərbaycan bəstəkarları tar üçün böyük formalı əsərlər yaradırlar. Tarı simfonik orkestr müşayiət edir.

       Indi mən tar deyəndə, muğam deyəndə gözlərim qarşısında əziz babam, özünün, şir-xurşidli, sədəfli tarı ilə canlanır.


   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page