ČĐŃČĚČÇ
MIRZƏ FƏRƏC
HAQQINDA XATIRƏLƏRIM

(ardı)

Ruqiyə RZAYEVA
Search

ČĐŃČĚČÇ
MIRZƏ FƏRƏC
HAQQINDA XATIRƏLƏRIM

(ardı)

Ruqiyə RZAYEVA
«ARŞIN MAL ALAN»
ADLI SƏNƏT INCISI

Səadət QARABAĞLI
RADIONUN MUSIQI
VERILIŞLƏRI REDAKSIYASI:
DÜNƏN, BU GÜN, SABAH

Ramiz MIRIŞLI

 


V. AILƏDƏ SƏNƏT
ƏNƏNƏLƏRI DAVAM EDIR

       Mirzə Fərəcin əvvəl bir qızı olur. Uşaq körpə ikən ölür. Sonra tezliklə 1889-cu il iyun ayının 8-də bir oğlu olur. Adını Ismayıl qoyurlar.

       Mirzə Fərəc haram-halal məsələsinə çox ciddi fikir verərdi. Odur ki, oğlu Ismayıl əli təmiz ürəyi düz, yalan bilməyən qayğısız böyümüşdür. Hamıya həmişə yaxşılıq etmişdir.

       Babam özü vaxtilə təhsil ala bilmədiyi üçün oğlunu ən əvvəl balaca yaşda mollaxanaya qoyur. O, bir il mollaxanada əvvəl çərəkə, sonra da quranı oxuyub qurtarır. Həyat göstərir ki, əvvəl mollaxanada təhsil almış uşaqlar çox savadlı olurlar. Ən birincisi köhnə əlifbanı yaxşı öyrənirlər. Məktəbdə çətinlik çəkmirlər.

       Mollaxanadan sonra Ismayıl 8 yaşında əvvəl Bədəlbəyin məktəbində iki il oxuyur. Sonra Soltan Məcid Qənizadənin məktəbində təhsil alır, daha sonra da Bakıda məşhur olan Mirzə Həbib Mahmudbəyovun «rus-teatr məktəbində» təhsili başa vurur. Ancaq nənəm ərköyün böyütdüyü yeganə oğlunu gözündən iraq buraxmaq istəməyir. Odur ki, atamı Bakıdakı mühasibat kursuna qoyurlar ki, mühasib olsun. Bu o vaxta təsadüf edir ki, yuxarıda dediyim kimi Mirtağı artıq neftxuda olmuşdur. Aramyandan aldığı böyük yaraşıqlı malikanədə yerləşmişdi (indiki Azneft, məşhur bina). Binanın ikinci mərtəbəsində özü ailəsilə yaşayırdı. 1910-cu il oktyabrın 1-dən Mirtağı atamı öz «neft sənayesi ticarət firmasında» mühasib kimi işə götürür2. Baş mühasib Erriko idi. Kaqner isə Mirtağının inanılmış köməkçisi.

       Mirtağı babamdan bir həmkar kimi ayrılsa da bu dəfə dostluğu atamla davam etdirir.

       Mirtağı atamdan xahiş edir ki, onlara gələndə tarını da götürsün. Çal-çağır, yemək içməkdən sonra qonaqlar gedir. Mirtağı atamla öz əvvəlki səadətli dünyasına, muğamlı dünyasına qayıdır. Ürəklə çalıb-oxuyurlar. Görünür ki, Mirtağı hələ öz sevimli sənətilə bir dəfəlik vidalaşmayıbmış. Əksinə onunla yaşayırmış. Intəhası xalq arasına çıxmırmış. Tale onu bu yerə çatdırmışdı. Ancaq dövlətindən xalqa xidmət etmək üçün pay ayırmağı da unutmayırmış. 1914-cü ildə Qori seminariyasının müəllim və tələbələrinin böyük qrup şəkli çəkilmişdir. Mirtağının şəkli ortada verilmişdir. Şəkil tarix muzeyindədir. Bunu ona görə etmişdi ki, azərbaycanlı uşaqlar Qori seminariyasına asan qəbul olunsunlar. Mirtağı Hacı Zeynalabdının təşəbbüsünə-xeyriyyə məqsədilə varlılardan pul toplanmasına hər dəfə məmnuniyyətlə qoşulmuşdur. Kasıb ailələrə yardım etmək üçün Mirtağının pul ayırmasının atam özü şahidi olmuşdur.

       Mirtağı alicənab, qəlbi təmiz, ürəyi açıq, sədaqətli, xəbislikdən çox uzaq nəcib bir insan kimi atamın ürəyində özünə möhkəm yer tutmuşdu. Onların dostluğu babamdan da artıq olubmuş.

       Babamın yaşı keçirdi. Ona görə də yeganə övladı olan Ismayılı tez evləndirmək qərarına gəlir ki, nəvə arzusuna da çatsın. Odur ki, Güləndam nənəmin dayısı nəvəsi gözəl-göyçək Xırdaxanıma çox təntənəli bir nişan aparırlar. Qız çox gözəl, olduqca ağıllı olduğundan qorxurlar ki, başqasına qismət olar. Beş il nişanlı qalırlar. Nəhayət 1911-ci ilin mart ayında Novruz bayramı ərəfəsində böyük toy mərasimi başlayır (onda Novruz bayramını martın 9-da edərmişlər; anam belə deyərdi). Toyu rəsmi aparmaq üçün dəvət olunur tarzən Qurban Pirimov, xanəndə Cabbar Qaryağdı oğlu, kamançaçı Saşa Oqanezaşvili və oynayan gürcü qızı Marusya. Toy məclisi yeddi gün davam edir. Babamın bütün tanıdığı həmkarları növbə ilə bu toyda oxuyub çalırlar. Belə qeyri-adi toyun söz-sorağı çox uzaqlara yayılır. Qonaqların sayı-hesabı olmayır. Çağrılmayanlar da iştirak edirlər. Babamın ürəyincə olan çox dəbdəbəli, təntənəli keçən bu toyun 7-ci günü ondan xahiş edirlər ki, oğlunun toyunda bir şey çalsın. Babam razı olur və bir dəstg ah başlayır. Bu vaxt toyda iştirak edən milyonçu Mirtağı Mirbabayev özünü saxlaya bilməyir. Mirzə Fərəclə oxuyub çaldığı unudulmaz günlər ürəyini lərzəyə gətirir, qeyri-adi bir sevinclə oxumağa başlayır. Çoxdan bəri eşidilməyən səsi ilə məclisdəkiləri valeh edir. Bu gecə hamı üçün bir bayrama çevrilir. Hər kəsdən artıq isə çox sevdiyi sənətindən məcburiyyət qarşısında ayrı düşmüş böyük sənətkar Mirtağı üçün. O, bu gecə ürəyini boşaldır, yəqin özü-özlüyündə mənəvi bir təskinlik tapır. Görünür, buna onun çox ehtiyacı varmış. Bu elə bir oxuyub çalmaq olur ki, ondan sonra məclisdəki musiqiçilər deyirlər ki, belə bir oxuyub çalmaqdan sonra bizim çalğımız daha ləzzət etməz. Biz belə bir sənətkarların qarşısında nə karəyik. Odur ki, məclis əhli toya yekun vurmağı təklif edir. Gəlin dalınca getməyə hazırlaşırlar.

       Mirtağının Bakıda uzun müddət fasilədən sonra belə bir təntənəli toy məclisində oxuması təsadüfi bir xoşbəxtlik olur. Həm özü üçün, həm də onu dinləyənlər üçün. Bunun əsl tarixi əhəmiyyəti isə onda idi ki, öz doğma şəhərində təntənəli bir məclisdə böyük sənətkar axırıncı dəfə oxuyub ürəyini boşaltdı. Elə bil ürəyinə dammışdı ki, bu fürsət ona ömürlük daha qismət olmayacaq. 9 ildən sonra öz doğma şəhərilə belə dost-aşinalarilə sənət həmkarları ilə ömürlük vidalaşacaq. Qürbətə gedəcək. Yəqin sonrakı illərdə ömrünün axırına qədər usta xanəndə-neftxuda bu qeyri-adi gecəni heç vaxt unutmamışdır. Necə ki atam ömrünün axırına qədər əziz dostunu – Mirtağını unuda bilmirdi. Həmişə onun yolunu gözləyirdi. Deyirdi ki, sahibkar gələcək. Adı çəkiləndə ürəyi zərif atamın gözləri yaşarırdı. 50-ci illər idi. «bir dəfə atam evə gəlib çox sevinclə xəbər verdi ki, xaricə gedən turistlərdən biri Mirtağını görmüş». O ən əvvəl məni soruşub. Ağabacının isə bəstəkar olmasını bilirmiş, xəbəri varmış. Mirtağı xaricə ged əndə Ağabacı 8 yaşında idi. Yəqin efirdən onun musiqilərini də eşidibmiş. Atam uzun müddət bu xoş xəbərin təsiri altında yaşadı. Tez-tez onu yada salıb onunla keçirdiyi musiqili gecələri təkrar-təkrar xatırladı.

       Səməd babam əvvəldən bir şərt qoymuşdu, qızı aparmağa gələndə mənim qapıma musiqiçilər yox, dərviş gəlsin. Qız üçün köhnə müsəlman qaydasında tikilmiş paltarlar gəlsin. Bütün bunlar nəzərə alınır. Babamın adamları gəlin dalınca gedəndə musiqiçiləri yarı yolda qoyub ucadan oxuyan dərvişi müşayiət edərək indiki Müstafa Sübhi küçəsindəki 159 nömrəli evə çatırlar. Gətirdikləri ən qədim milli Azərbaycan zərli baftanı, tikilmiş paltarları, qırmızı başlıqları və s. gəlinə geyindirirlər. Başına o vaxt dəbdə olan naz-naz örpəyi salırlar (Qırmızı rəngində çox nazik zərif qaz parça üstündə zərli saplarla işlənmiş yaraşıqlı örpək). evdən küçəyə çıxanda isə gəlin görünməsin deyə naz-naz örpəyin üstündən bir də qalın orpək salırlar. Bu örpəyin hər tərəfində ağır qırmızı rəngində zərli güllər həkk olunmuşdu.

       Gəlin üçün tikilən Avropa qaydasında olan ağ paltarlar, ağ dikdaban ayaqqabı, uzun ağ gipur əlcəklər, başa sancmağa qaşlı sancaqlar və s.i. maşında qoyulubmuş. Qapıdan aralanından sonra dərviş gedir. Yolda gözləyən musiqiçilər dəstəsi gəlinin dəstəsinə qoşulur. Faytona oturub bütün yolu çalırlar. Maşında gəlinin paltarlarını dəyişirlər, təntənə ilə Aşağı priyut küçəsi 99/101 nömrəli (Kamo 95) evə çatırlar. Küçədən ta gəlin otağına qədər gəlinin ayağı altında zərli qırmızı payandaz salınır.

       ...1912-ci il dekabr ayının 15-də babamın səbirsizliklə, nigarançılıqla gözlədiyi ən xoşbəxt bir günü çatdı. Ilk qız nəvəsi dünyaya göz açdı. Babam dünyadan tez köçmüş, çox sevdiyi və anasını əvəz etmiş bacısının – Ağabacının adını ilk nəvəsinə qoydu.

       Körpə Ağabacı dünyaya ilk gəlişilə 65 yaşlı babaya dünyalar qədər də sevinc bağışlayır. Bütün ailə bu uşağın üstündə əsir. Soyuq dəyməsin, ağlamasın. anam danışırdı ki, Ağa tez-tez uşaq yatan otağa gəlir, üzünə baxıb onu iyləyir, sonra də məmnun halda gülümsəyib gedirdi (babamı hamı evdə Ağa çağırırdı). Babam həmişə tapşırardı ki, uşağı iylərlər, süd iyi verər, öpməzlər. Çünki onun üzünün qurdu ölər, rəngi sapsarı olar. Uşağı çimizdirmək üçün isə buxardan dönmə su gətirdərmiş. Rəsmi surətdə uşağa ad vermək üçün böyük məclis düzəlir, üç gün davam edir. Çoxlu adamlar çağrılır. Birinci gün molla çağrılır. Belə qayda vardı ki, əgər uşağa ölmüş adamın adını verirsənsə onda molla olmalıdır. Çalmaq olmaz. Süfrə yığışandan sonra molla yasin oxuyur ölən adamçün. Uşağı alır qucağına, adını deyir qulağına, üç dəfə təkrar edir. Sonra verir sağ yanındakına, o da bu ayini təkrar edir, uşağı ötürür sağındakına. Beləlielə bütün oturanlardan sonra ən axırda uşaq verilir anasının qucağına.

       Anam danışırdı ki, gələn qonaqlar hərə bir qızıl hədiyyə xonca ilə gətirmişdilər (aypara şəklində, ay ulduz, pəncə (barmaqlı əl). Bu qızılları hamı gəlib uşağın papağına, köynəyinə, qundağına sancırdılar. Uşaq bütün qızıl içində idi (qayda belə idi). Nənəmin sancdığı göz muncuğu da qızıla alınmışdı. Xoşbəxt ailənin ən xoşbəxt körpəsi olmuşdu Ağabacı.

       Atalarda bir misal var: «Gəlin ocağa çəkər» deyərlər. Bu böyük sənət ocağına düşmüş gəlin demə sənətin başqa bir növünə yiyələnibmiş. Səkkiz yaşda olarkən anası ona iş tikməyi öyrədib. Sonra da həyətlərində yaşayan Imanqulu dayısının arvadı Bilqeyis xanımdan əvvəl rəngli saplarla, sonra da Güləbatın sapla işləməyi səylə öyrənir. Anamın çox qabiliyyətli barmaqları olub. Tikdiyi güləbatın işləri çox zərif, səliqəli tikmələrdi. Onlardan mən gördüklərim 30 dənə arağçın idi. Tirmə üzərində güləbatın butalar salınmışdı, tənbəki qabı (kisəsi) saat qabı, möhür qabı, daraq qabı, sürmədan, bığ bağı (guya bığa həna qoyandan sonra üstündən bağlamaq üçün), noğul kisəsi (o vaxt adamları toya çağıranda indiki kimi yazılı dəvətnamələr yox idi. Belə yaraşıqlı, balaca kisəyə noğul töküb verərdilər məhəllənin tanınmış bir kasıb qadınına. O da qapı-qapı gəzib balaca nəlbəkidə 3-4 dənə noğul verib toya dəvət edərmiş. Ev yiyəsi də noğulu götürüb özünə görə içərisinə pul qoyarmış. Bu yığılan xırda pullar həmin qadına çatarmış).

       Bütün bu zərif əl tikişləri on yaşında qızın əlinin səliqəsi idi. Bunları o özü üçün cehiz hazırlayıbış. Bu işləri səliğə ilə parçaya büküb saxlayırdı ki, güləbatın qaralmasın.

       Anamın çox səliqəli geyinməsi, gördüyü işlərdə, bişirdiyi xörəklərdə bacarığı onun yüksək estetik zövqə malik olmasını göstərirdi. Kəskin zehni vardı, yüzdən çox bayatı bilirdi. Çoxlu qəzəl əzbərləmişdi. Əski əlifbanı quran oxuyanda öyrənmişdi. Sonra atam ona rus əlifbasını öyrətmişdi. 1932-ci ildə «mədəni hücum» vaxtında bir qız bizim evə gəlib anama dərs verərdi. Bir də qonşuluqda Alman qadını yaşayırdı. Anna adında. O gəlib anamın Ağabacının paltarlarını tikər, eyni zamanda onlarla Alman dili dərsi keçərdi. Bir az danışmağı öyrənmişdi. Rus dilində isə sərbəst danışırdı. Bir dəfə vəfatından bir az əvvəl bizə dedi ki, kağız, qələm götürün bildiyim bayatıları deyim yazın, məndən yadigar qalsın sizə. Ancaq nədənsə səsini maqnitafona yazmağa qoymadı. Yəqin bilib ki, özündən sonra onu səsləndirsək bizə çox ağır təsir edər. Yaxşı nağıllar bilirdi. Bir dəfə özü xəstə yatırdı, onda xahiş etdim ki, bir nağıl danışsın başı qarışsın. «Padşağ oğlu və dərzi qızı»nın nağılını söylədi. Maqnitafonu o biri ot aqda qoyub bir təhər yazdıq. Ancaq özü bilmədi. Indi ondan yeganə səsdir ki, yadigar qalıb, qoca və xəstə vaxtının səsi.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page