ÈÐÑÈÌÈÇ
MIRZƏ FƏRƏC
HAQQINDA XATIRƏLƏRIM

(ardı)

Ruqiyə RZAYEVA
Search

ÈÐÑÈÌÈÇ
MIRZƏ FƏRƏC
HAQQINDA XATIRƏLƏRIM

(ardı)

Ruqiyə RZAYEVA
«ARŞIN MAL ALAN»
ADLI SƏNƏT INCISI

Səadət QARABAĞLI
RADIONUN MUSIQI
VERILIŞLƏRI REDAKSIYASI:
DÜNƏN, BU GÜN, SABAH

Ramiz MIRIŞLI

 


       Onu mən çox yaxşı bilirəm ki, babam poeziya vurğunu idi. O qəzəllərin muğamlara görə seçilməsində xanəndələrə kömək edərdi. Babam qəzəlləri əzbərdən deyib yazdırardı və xanəndələrə paylardı. Özü də yeri gələndə söz qoşmağı vardı. Yaza bilmədiyinə görə hər şeyi sinə dəftərində saxlayırdı. O vaxt elə zaman idi ki, heç kimin ağlına gəlmirdi ki, belə adamlar bir vaxt həyatdan köçəcək. Onların dediklərini, bildiklərini yazıb saxlamaq lazımdır.

       Babamın dövründə yaşamış və onu çox yaxşı tanıyan, sənətinə qiymət verən Azərbaycanın ilk musiqişünası Üzeyir bəyin dayısı Ağalar bəy Əliverdibəyovun (bəstəkar Nazim Əliverdibəyovun atası) qiymətli bir əlyazma kitabı Azərbaycan. SSR Elmlər Akademiyasının Əlyazmalar Institutunda saxlanır. Nəfis şəkildə tərtib olub gözəl xətlə yazılmış «Azərbaycanın musiqi tarixi» (inv. ¹ 5007) adlı bu əlyazmanın 276-cı səhifəsində babam haqqında dəqiq məlumat verilir: «Bakı tarçalanlarından məşhurları:

       1 – Məşhur mümtaz və məruz tarzənlərdən birisi Mirzə Fərəc Rzayev ədd olunur. Bu zat bisavad olmağına baxmayaraq, çox musiqişünas, gözəl çalan olub, buna ustadi-əzəm adı vermək olar. Bu da Mirzə Səttarın şagirdlərindən olub musiqinin nəzəriyyəsini fövqəladə dərəcədə bilirmiş»3. Yazının axırında babamın ömrünün axırında çəkilmiş bir şəkli də verilmişdir. Evdə olmayan bu şəkli də bizim üçün həmin yazı qədər qiyməti vardır.

       Qaldı Mirzə Fərəcin tərcümeyi halı, atam onun sağlığında yazmışdı. O dəftərlər indi tarix muzeyində elm şöbəsində və mərkəzi incəsənət arxivində saxlanır. O vaxt atam heç güman etməmişdi ki, bir vaxt gələcək, illərin birində onların heç birinin həyatda olmayan vaxtında nəvə öz babası haqqında xatirə kitabı yazacaq. Bunu heç mənim özüm də bilmirdim. Atam bu dəftərdə yazmadığı, qələmə almadığı çox şeylər danışardı, mən əhəmiyyət verməzdim. Atam musiqi aləminin yaxından iştirakçısı olduğu üçün çox şey bilirdi ki, indi o məlumatlar bizim gərəyimiz olardı və babam haqqında daha müfəssəl bir kitab yazmaq olardı.

       Atam yazdığı tərcüməyi halda aydın göstərir ki, Mirzə Fərəc 14-15 yaşında ilk dəfə tarı əlinə alır. Onun ilk tar ustadlarını adları çəkilir. Əli Şirazi (ilk müəllimi), Hüseynqulu xan, Bəylər.

       Rafael Hüseynov «Min ikinci gecə» kitabında bir sıra dəyərli məlumatlar verir. Səh. 19-da Məşədi Süleyman Mirzə Fərəc haqqında yazır: «Mirzə Fərəc çox yaxşı tar çalardı. Xanəndələr onu çox istəyərdilər. Çünki yaxşı oxuyardı, yaxşı müşayiət edərdi. Bakıda hər nə böyük toylar, ya qonaqlıqlar olsaydı Fərəc ora çağrılardı. Fərəcdən cəmi tarçalanlar qorxardılar. Çünki biliyi çox idi».

       Səh. 39-də isə oxuyuruq: «Məşədi Süleyman 1930-cü ilin oktyabr ayında qələmə aldığı bir parça kağızda «şur»un 28 şöbə və guşəsini göstərir. Dəraməd, zirkeş, Səlmək, Gülriz, Bozorg, Dübeyt, Qəcər, Qürur-şur, Bayatı-kürd», Bayatı-türk, Ruh ül-ərvah, Zəminxarə, Hicaz, Sarənc, Əbu Əta, Siyəxi, Kəbri, Dəşti, Laləki, Kabili, Əfşari, Hacı Yuni, Bidbuni, Qərəcə, Rezəvi, Aşıq kut, Qatar, Şəhraşub.

       Məşədi Süleyman bunu da yazır ki, həmin şöbələrin çoxunu ilk dəfə məhz Mirzə Fərəcin ifasında eşidib. Mirzə Fərəc xanəndəni müşayiət edərkən «Simayi-Şəms»dən qabaq mütləq «şəhraşub» guşəsini ifa edərmiş. Həm də «şəhraşub»da Füzulinin.

«Aşıq oldum yenə bir tazə güli-rənayə
Ki salır al ilə hərdəm məni yöz qovğayə»

qəzəlini oxumağı məcləhət görərmiş. Bir gün «niyə məhz bu qəzəli oxumaq lazımdır» – deyə sual etdik. Mirzə Fərəc: «çünki bu şer həm vəzncə «şəhr aşub» şöbəsinə uyğun gəlir. Ikincisi də başmaqçıya həsr edilib».

       «Yaxşı, şerin başmaqçıya həsr edilməsinin mətləbə nə dəxli var?» – deyə bir də soruşduq.
       Mirzə Fərəc bu suala müfəssəl cavab verdi: «Köhnə fars, türk şairləri sənət, peşə sahibləri haqqında silsilə şerlər yazar, onlara «şəhraşub» ünvanı qoyardılar. Əsnaf toylarda «şur» muğamı çalınıb-oxunanda heç vaxt bu şöbə yaddan çıxmazdı. Hətta Tiflis aşıqları «şəhraşub» adında saz havası da düzəldiblər».

       Yenə orada səh. 19-da oxuyuruq:
       Bülbül «Azərbaycan oxuma məktəbi» adlı məqaləsində göstərir ki, vaxtilə Bakıda Ala Palas oğlu və Mirzə Səttar muğamı yaxşı bilən nəzəriyyəçilər kimi şöhrət qazanmışdılar. Sonralar Bakıda tarzən Mirzə Fərəc və həvəskar xanəndə Ağabala Ağasəid oğlu məşhur olmuşlar4.

       13 sentyabr 1985-ci ildə «Ədəbiyyat və incəsənət» qəzetində bir məqalə oxudum: «Yaddaşımda qalanlar». Bu məqaləni mərhum Bəhram müəllim qəzetin redaksiya heyətinin xahişi ilə yazıbmış. Özünün vəfatından sonra evdə olan bu məqaləni oğlu Eldar Mənsurov redaksiyaya təqdim etmişdir. Bu məqalədə yazılmışdı ki, 1920-ci ildə Bakıda Şərq konservatoriyası açılıb. Orada müdir. S. Oqanezaşvili olub, müavin isə gözəl pianoçu Xədicəxanım Qayıbova imiş. Konservatoriya indiki «Qoqol» küçəsi ilə «Tolstoy» küçəsinin tinindəki evin 3-cü mərtəbəsində yerləşirdi. Sonra məqalədə qeyd edir ki, hər gün əmim Mənsurun tarını onun üçün mən aparırdım. Orada Azərbaycan xalq musiqisinin düzgün imirovizə edilməsi üçün konsert-baxış təşkil edirdilər. Məsələn, Cabbar-Qurban-Saşa, Ələsgər-Şirin-Levon, Mirzə Fərəc-Ağabala-Qulu və başqaları. Hər dəstə bir dəstgah çalıb oxuyurdu.

       Bu məqalədən məlum olurdu ki, Bəhram müəllim Mirzə Fərəci nəinki görməmişdi, hətta onun çalğısına da hər gün konservatoriyada qulaq asmışdı.
       Asəf Zeynallı adına musiqi məktəbinin tar muğam sinfinin baş müəllimi, əməkdar mədəniyyət işçisi Kamil Əhmədovun Mirzə Mənsurun tələbəsi və yaxın dostu olmasını bildiyim üçün güman etdim ki, bəlkə vaxtilə sağlığında Mirzə Mənsur babam haqqında ona danışıb. O, musiqi məktəb-lərində keçilən muğam dərsləri üçün yeni tərtib etdiyi dərs proqramı haqqında danışanda dedi: «Mən bu proqramı Üzeyir bəy Hacıbəyov tərəfindən Mirzə Fərəcin iştirakilə 1923-cü ildə tərtib edilmiş ilk dərs proqramının əsasında düzəltmişəm. Kamil müəllim sözünə davam edərək, çox həyəcanlı halda təəssüflə qeyd etdi: «Gözəl tarzən Mirzə Fərəc haqqında musiqişünaslarımız demək olar ki, heç nə yazmamışlar. Mən Mirzə Fərəci görməmişəm. Mirzə Mənsur onun haqqında həmişə deyərdi ki, Mirzə Fərəc muğam mənbəyi idi. Onun çalğısı və biliyi heç bir sənətkarda yoxdur və mən ondan çoxlu muğam və şöbələr öyrənmişəm. Əlinə tarı alıb bir «Xocəstə» çalardı və həmin şöbədə mürəkkəb gəzişmələr edərdi ki, adam heyran qalardı. Mən Mirzəyə bu gözəl çalğı üçün təşəkkür edərdim. O, soruşardı: Xoşuna gəldimi? Indi heç özüm onun kimi yarada bilmirəm. O, başqa aləm idi. Kamil müəllim bu yerə çatanda qeyd etdi ki, mən də zəng simdə həmin gəzişmələri və ya lal barmaqları çalışardım Mirzə Mənsurdan öyrənəm, doğrusu Mirzə Mənsur Mirzə Fərəc haqqında dediyi kimi, mən də həmin çalğıları Mirzə Mənsur kimi yarada bilmirdim. Indi görün, müəllimdən müəllimə nə qədər təfavüt varmış, ustalıq nə qədər azalırmış.

       Bir gün Mirzə Mənsurgilə getmişdim. Divarda əlində tar, papaqlı bir kişi şəkli gördüm. Mirzədən soruşdum: bu kimin şəklidir. O, cavab verməmişdən əlini üzünə aparıb salavat çevirirmiş kimi dodaqları bir xeyli tərpəndikdən sonra mənə dedi: Bu ustadlar ustası, müəllimim Mirzə Fərəcin şəklidir. Həmişə ona rəhmət oxuyuram. Mən heç təəccüblənmədim, çünki Mirzə Mənsur çox təvazəkar adam, təmiz qəlbli, gözəl insan və bilikli müəllim olmuşdu.

       Müğamların «Şikəsteyi-fars» pərdəsində harada çalınmasından asılı olmayaraq, misal üçün «Rast»da «re» pərdəsində, «Mahur hindi»də «sol» pərdəsində, «Orta mahur»da «Do» pərdəsində, «Şur»da «Fa» pərdəsində çalınmaqdan başqa Mirzə Mənsur həmin pərdələrdə bir «Xocəstə»də çalardı və deyərdi ki, bu «Xocəstə»ni Mirzə Fərəcdən öyrənmişəm. Onun özünə məxsus gəzişmələri, ürəkləri lərzəyə gətirən lirik musiqi cümlələri, xalları vardı. Mirzə Fərəcdən başqa Xocəstəni» çalan olmayıb. Oradakı şirin barmaqlar onunkudur.

       Mirzə Fərəc oğlu Ismayıla heç kəsin çalmadığı şöbələri öyrətmişdi. Bir dəfə tələbələri ilə məşğul olan zaman Fərəc onlara sual verir ki, «Cahargah»ın «Hasar» şöbəsindən «Məxlud müxalif»ə necə keçmək olar? Bu şöbə çox qəliz şöbədir. «Orta segah»ın «Mi» pərdəsinə düşür, «Hasar» isə «Sol» pərdədədir. «Sol»dan «Mi»yə düşmək üçün sənətkarlıq lazımdır. Bu vaxt Mirzə Mənsur həmin keçilən pərdəni göstərib deyib ki, belə keçmək olar. Mirzə Fərəc tez başa düşüb ki, bunu Mirzə Mənsura onun oğlu Ismayıl öyrətmişdir. Odur ki, Fərəc bu vaxt oğluna tərs-tərs baxıb mənalı-mənalı gülümsəmişdir. Kamil müəllim sözünə davam edib deyir ki, Mirzə Fərəc «Segah»da «Taxdagih» çalardı. O, şöbəni heç kim bilmir və çalmayır. Mirzə Mənsur Mirzə Fərəcdən öyrənib, mən də ondan öyrənmişəm. Indi mən də bütün bunları öz tələbələrimə öyrədirəm və deyirəm ki, bu şöbələr mənə üzünü görmədiyim Mirzə Fərəcdən – Mirzə Mənsur vasitəsilə yadigardır. Kamil müəllim Mirzə Mənsurun 100 illik yubileyi müna sibətilə «Ədəbiyyat və incəsənət» qəzetində yazdığı məqaləsində (9 yanvar 1987-ci il) göstərir ki, Mirzə Mənsur öz müəllimi Mirzə Fərəcin adı gələndə həmişə ayağa qalxar, onun sənəti qarşısında ehtiramla baş əyərdi.

       Balam xoşbəxt tarzən idi: Tar onun əlində təkcə çalmırdı, həm də oxuyurdu.

«Oxu tar, oxu tar!
Səsindən ən lətif şeirlər dinləyim
Oxu tar, bir qadar...
Nəğməni su kimi alışan ruhuma çiləyim. Oxu tar!
Səni kim unudar?....».

(ardı var)



       1. «Dostunun» əsl adı Anaxanım idi. Bakıda XIX əsrin ikinci yaransında yaşamış ilk məşhur nağaraçılardan Gülünün həyat yoldaşı idi. Bu barədə başqa fəsildə yazılıb.
       2. Bu şirkətdə işləməsi haqqında vəsiqə tarix muzeyinin elm şöbəsində saxlanır. Inv. ¹ 386 Vəsiqənin bir üzü ev arxivində qov. ¹ 49 saxlanır.
       3. «Azərbaycanın musiqi tarixi» AzərbaycanMilli EA-nın. Əlyazmalar Institutu. Td inv. ¹ 5007. Ağalarbəy Əliverdibəyov. Səh. 276.
       4. Rafael Hüseynov «Min ikinci gecə» 1988. «Işıq». Səh. 19.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page