ÈÐÑÈÌÈÇ
MIRZƏ FƏRƏC HAQQINDA XATIRƏLƏRIM (ardı)
Ruqiyə RZAYEVA
«ARŞIN MAL ALAN» ADLI SƏNƏT INCISI
Səadət QARABAĞLI
RADIONUN MUSIQI VERILIŞLƏRI REDAKSIYASI: DÜNƏN, BU GÜN, SABAH
Ramiz MIRIŞLI
|
|
«Sarıtel» musiqi proqramı. 1992-cı il dekabr ayından efirdə səslənməyə başlayıb. Bu verilişi böyük peşəkarlıqla aparan filologiya elmləri namizədi, folklorçu Elxan Məmmədlidir.
Aşıq sənətinin problemlərindən bəhs edən «Sarıtel»də dinləyicini maraqlandıran sənət məsələlərinə cavab tapılır. Məsələn, verilişdə aşıq məktəbi, aşıq mühiti, bunlar arasındakı fərq və ya oxşarlıq; aşıq üslubu, sənətdə fərdi və ümumi üslub, aşıq sənətinin qolları; Saz havaları və onların təsnifatı; Sazın kökləri, pərdə düzümü, kök sistemi kimi nəzəri məsələlərlə yanaşı dinləyicilər aşıqlarımızın ifalarını və onlar haqqında məlumatları dinlədikcə, bu verilişə gündən-günə maraqları artır. Elxan Məmmədli daim öz dinləyicilərilə təmasdadır. «Sarıtel»in ünvanına gələn çoxsaylı dinləyici məktubları, sözsevərlərlə fərdi görüşlər və ya telefon danışıqları, bir daha sübut edir ki, «Sarıtel» bundan sonra hələ neçə il fəaliyyət göstərməyə borcludur.
«Gözəlləmə» musiqi proqramı əsasən aşıqlardan bəhs edir. Bu proqramda dinləyiciyə təqdim olunan bir sənətkarın tərcumeyi-halı ilə bağlı bilgi verilir. Onun sənət dərsi, ustadı, mühiti və ifaçılıq məharəti haqqında məlumat verildikdən sonra, həmin sənətkarın ifası səsləndirilir. Veriliş həftədə bir dəfə 60 dəqiqə həcmində efirə çıxır.
«Axşam görüşləri» musiqi proqramı 20 ilə yaxındır ki, dinləyicilərin sevimli verilişinə çevrilib. Müəllif və aparıcı tanınmış alim, yazıçı, filologiya elmləri doktoru, professor Rəfael Hüseynovun dadlı-duzlu danışığı, onun elmi intellektual səviyyəsi «Axşam görüşləri»ni dinləyicilərin sevimlisinə çevirib. Verilişi cəsarətlə Azərbaycan musiqi mədəniyyətinin radio salnaməsi adlandırmaq olar. Illər boyu Azərbaycan dinləyicisi məhz «Axşam görüşləri»ndən çox gizli mətləbləri anlayıb. Hamının tanımadığı neçə-neçə sənət korifeyinin adını eşidib. Verilişdə müəllifin ürək yanğısı ilə axtarıb üzə çıxardığı neçə-neçə insanın bu və ya digər sənətkarlarımız haqqında xatirələri də öz əksini tapıb. «Axşam görüşləri»ndə 20-ci əsrin son dərəcə ziddiyyətli, bəzən faciəli, bəzən sevincli anları, sənətin və sənətkarların başına açılan oyun və müsibətlər müəllif təxəyyülündən keçirilərək dinləyici qəlbinə yol tapır.
«El sənətkarlarımız» – artıq Azərbaycan efirində öz ünvanı olan musiqi verilişidir. Müəllifi Maşallah Xudubəylidir. Folklorumuzun müxtəlif sahələrini əhatə edən bu verilişlərdə klassik aşıqlarımızdan və el şairlərimizdən söhbət açılır, onların yaradıcılığı ətraflı təhlil edilir, dinləyicilərə qaranlıq qalan tərəflər araşdırılıb, təhlil edilir. Muğamlarımızın, vokal sənətimizin və ümumiyyətlə, mədəniyyətimizin ən zəngin sahəsi olan musiqimizin təbliği naminə əməkdaşlarımızın açdıqları rubrikalar artıq efirdə özünə layiqli yer tutub.
«Nəğməli ömürlər» - müxtəlif vaxtlarda fəaliyyət göstərən müğənnilərimizin həyatından, sənət fəaliyyətindən ətraflı söhbət açır. Onların sənət xüsusiyyətləri dərindən təhlil edilir. Bu sıradan ustad sənətkarların müasir gənclər arasında müğənniliyə meyl edənlərə dəyərli tövsiyyələri, məsləhətləri verilir.
«Ustad xanəndələrimiz», «Ustad müğənnilərimiz» musiqi proqramlarında milli mədəniyyətimizin ən dəyərli incilərindən olan muğamlarımızın mahir ifaçılarından, onların keçdiyi sənət yolundan, bu sahədə qazandıqları uğurlardan söz açılır. Kamil sənət adamları haqqında müsahibələr, portret oçerklər böyük dinləyici rəğbəti qazanıb.
«Unudulmaz ifalar» silsilə verilişlərdəndir. Əməkdaşlarımız dünyasını dəyişmiş ustad xanəndələr barədə onları tanıyanları axtarıb tapır, xatirələrini lentə alır və fonotekada olan yazılardan istifadə edirlər.
«Nəğməli səhər» musiqi proqramının məqsədi səhər tezdən dinləyicidə xoş əhval oyatmaqdır. Verilişin müəllifləri və aparıcıları Musiqi Akademiyasının məzunları, musiqişünaslar Zemfira Əliyeva və Kürsüm Dadaşova səhər 6.20-də dinləyiciləri musiqi aləminin yenilikləri ilə tanış edir və xoş əhvallı mahnı və rəqslərlə onlara bütün günü xoş ovqat arzulayırlar.
Son illərdə doğma torpaqlarımızın düşmən təcavüzünə məruz qaldığı vaxtlardan milli musiqimizin, ifaçılarımızın dilində, bəstəkarlarımızın notlarında çağırış nidaları ilə bağlı əməkdaşların hazırladıqları silsilə verilişlər xüsusi maraqla dinlənilir, zamanın nəbzini tutur. «Vətən nəğmələri», «Ana torpaq», «Darıxma ana», «Nəğmə də bir silahdır», «Vətənin keşiyində», «Əziz vətən oğulları, sizin üçün» musiqi proqramları bu işə xidmət edir.
Görkəmli bəstəkarlarımızın yaradıcılıq yolundan bəhs edən «Bəstəkarlarımızın portreti», «Bəstəkarlarımızın iş otağında» konsert icmallar, «Musiqi dünyamız» proqramları da diqqəti cəlb edir.
«Azərbaycan kino musiqisi» konsert icmalında dinləyicilər kino sənəti, Azərbaycan kinosunun yaranma tarixi və onun inkişaf mərhələləri, kinoda musiqinin rolu, musiqinin filmin digər komponentlərilə əlaqəsi söhbətlərinin şahidi olurlar. Bu məqsədlə verilişə bəstəkarlar, rejissorlar, ssenari müəllifləri dəvət olunurlar. Söhbətlə, şərhlə yanaşı kinofilmlərdən fraqmentlər səslənir. Indiyə qədər Niyazi, Q.Qarayev, T.Quliyev, X.Mirzəzadə, A.Məlikov, E.Sabitoğlu və başqa bəstəkarların kino yaradıcılığı ayda bir dəfə milli radiomuzun efirində öz əksini tapır.
«Musiqi dünyamız» (aylıq veriliş) adından göründüyü kimi, həm milli, həm də professional musiqinin bugünkü və dünəni, musiqimizdə mövcud problemlər geniş yer tutur. Bəstəkarlarımızın xalq musiqisindən bəhrələndiyi, xalq musiqisilə bəstəkar musiqisinin əlaqəsi məsələsi şərh olunur.
Hər bir sənətin fədailəri var və onlar seçdikləri yolda yorulmadan çalışırlar. Nəriman Rzayev 40 ildən çoxdur ki, taleyini milli musiqimizlə, məhz radionun musiqi redaksiyası ilə bağlayıb. Musiqi təhsilini başa vurandan sonra S.Rüstəmovun rəhbərlik etdiyi XÇA orkestrində çalışıb, tarzən olub. Sonra isə redaksiyaya keçib. Gün ərzində efirdə səslənən konsertlərin tərtibində Nəriman müəllimin xidmətlərini inkar etmək mümkün deyil. Bu sözləri Asəf Zeynallı adına musiqi texnikumunun yetirməsi musiqi redaktoru Kamran Ismayılov haqqında da demək yerinə düşər. Çünki xalq musiqisi şöbəsində bütün günü fəal iş gedir, bu, milli radionun ən işgüzar və ən çox diqqət mərkəzində olan musiqi redaksiyasıdır. Redaksiyanın şöbələrindən biri də klassik və müasir dünya musiqisi şöbəsidir. Bu şöbənin əməkdaşları klassik Azərbaycan bəstəkarlarının musiqisilə yanaşı dünya xalqlarının musiqisinə də geniş yer verirlər. Konsert proqramları ilə yanaşı mətnli veriliş və kompozisiyalar da
hazırlanır.
«Yubileylər, portretlər», «Dünya musiqi xəzinəsindən», «Dünya estrada ulduzları» bu qəbildəndir.
Milli konservatoriyamızın məzunları bəstəkar Azad Zahid, musiqişünaslar Zemfira Əliyeva və Kürsüm Dadaşovanın gündəlik əməyi efirdə öz əksini tapır. Bu qızlar istər kompakt disklərin, istər dinləyici istəyilə hazırlanan konsert proqramlarının günün tələbi səviyyəsinə cavab verməsinə çalışırlar.
Şöbə əməkdaşlarının təşəbbüsü ilə Fransa, Yunanıstan, Israil dövlətlərinin Bakıdakı səfirlikləri ilə əlaqə nəticəsində həmin xalqların musiqisi əldə edilir. Şöbə müdiri bəstəkar – Azad Zahidin təşəbbüskarlığı sayəsində Fransa səfirliyinin mədəniyyət üzrə fəaliyyət göstərən əməkdaşları demək olar ki, hər ay əldə etdikləri lent yazılarını və disklərini təmənnasız radioya bağışlayırlar. Paris şəhərində yerləşən «Radio internasional» şirkətinin istehsal etdiyi yeni kompakt disklər təbii ki, dinləyiciləri də razı salır və konsert proqramlarının rəngarəng olmasına şərait yaradır. Bu kompakt disklər yalnız fransız musiqisindən ibarət deyil, burda həm də müasir dünya estradasından nümunələr Avropa, Hindistan və Ərəb ölkələri bəstəkarlarının əsərləri də var.
Bundan əlavə, bu şöbənin xəttilə efirdə bir sıra dinləyici ürəyinə yol tapan musiqi proqramları səslənir.
«Musiqi ekspresi» (ayda bir veriliş – 60 dəqiqə). Dinləyicilər dünya estrada ulduzlarının yeni albomları, yeni mahnıları, onların yaradıcılığı və həyatı ilə tanış olurlar.
«Məşhur türk bəstəkarları» – (aylıq 60 dəq). Türkiyənin klassik bəstəkarları və yeni dövr bəstəkarları haqqında silsilə verilişlərdir. Dinləyicilər bu bəstəkarların yaradıcılığı və bəzi əsərlərilə yaxından tanış olublar.
«Azərbaycanın musiqi aləmində» (aylıq 60 dəq) – adından göründüyü kimi ölkəmizdə və onun hüdudlarından kənarda baş verən musiqi tədbirləri, Azərbaycan musiqiçilərinin nailiyyətləri haqqında söhbət açılır.
«Musiqi təqvimi» – ay ərzində 2 veriliş keçirilən tədbirlər xatırlanır. (ayda 20 dəq).
«Dünya musiqi xəzinəsindən» klassik bəstəkarların həyat və yaradıcılığına həsr olunur.
Efirdə hər gün kompakt disklər səslənir.
«Translyasiyaların izilə» aylıq proqram yubiley tədbirlərilə əlaqədar konsertlərin canlı yayımla efirə verilməsidir.
Musiqi redaksiyasının proqramları sırasında Ü.Hacıbəyov, F.Əmirov, Q.Qarayev, T.Quliyev, A.Məlikov kimi dünya şöhrətli bəstəkarların yubileylərindən hazırlanmış silsilə verilişlər dediklərimizi təsdiq edir. Təqvim günlərilə bağlı konsert proqramlar dinləyici rəğbəti qazanıb. Hər ayın 14-ü Rəşid Behbutovun, 26-ı Bülbülün, 18-i Ü.Hacıbəyovun və M.Maqomayevin günü efirdə qeyd olunur.
Folklorşünas E.Məmmədlinin təşəbbüsü ilə şəhər və rayonlarda keçirilən aşıq yubileyləri haqqında silsilə verilişlər hazırlanır. Qarayazıda aşıq Alqayıt Qarayazılının (1996), Gədəbəydə aşıq Isfəndiyarın (1997), Salyanda aşıq Pənahın (1996), Şəmkirdə və Bakıda Aşıq Ələsgərin 175 illik yubileylərindən də verilişlər hazırlanıb.
Radionun musiqi redaksiyasının qızıl fondda saxladığı neçə-neçə ölməz sənətkarın lent yazıları, uzun illər yaddaşlarda qalan verilişlər taleyini efirlə bağlayan jurnalistlərin və musiqişünasların bugünkü işidir. Belə ki, bu gün radionun fondu Azərbaycan musiqisinin inkişafında əvəzsiz xidmətləri ilə seçilən sənətkarların – bəstəkar, xanəndə və müğənnilərin, ifaçıların lentləri ilə zənginləşir. Və biz əminik ki, bu fond daim gözəl səslər və ifalarla zənginləşəcək.
Musiqi redaksiyasının əməkdaşları bundan sonra da musiqinin müxtəlif janrlarını əhatə edən rəngarəng konsert proqramları və verilişlər hazırlamaqla daha əzmlə çalışacaqlar. Bu da redaksiyanın günün tələbi ilə ayaqlaşmasına imkan verəcəkdir.
|