ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
«MƏHƏBBƏT ƏFSANƏSI»:
ƏDƏBI MƏNBƏDƏN BALETƏ DOĞRU

Lalə Hüseynova
Search

ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
TƏTBIQI KULTUROLOGIYA
VƏ SOSIOLOJI TƏDQIQATLAR

Ilqar HÜSEYNOV
IDMAN VƏ MUSIQI –
GÖZƏLLIK HARMONIYASIDIR

Imruz ƏFƏNDIYEVA
«MƏHƏBBƏT ƏFSANƏSI»:
ƏDƏBI MƏNBƏDƏN BALETƏ DOĞRU

Lalə Hüseynova

 




       Təxminən 40 il bundan öncə Türk dünyasının iki görkəmli şəxsiyyəti – şair Nazim Hikmət və bəstəkar Arif Məlikov dünya mədəniyyətinə nadir sənət incisi olan «Məhəbbət əfsanəsini» bəxş etdilər. Vətənə, doğma torpağa hədsiz sevgi və ehtiramdan doğmuş bu gözəl səhnə əsəri artıq yarım əsrə yaxındır ki, müxtəlif teatr səhnələrində böyük müvəffəqiyyətlə oynanılır, bir sıra məşhur xarici kollektivlərin repertuarında Azərbaycan musiqisini ləyaqətlə təmsil edir. Yarandıgı ilk gündən indiyədək baletin dünya teatr səhnələrində «zəfər yürüşü» arasıkəsilmədən davam edir, tamaşaya bəslənilən maraq hissi sönmür.

       Bunun sirri və səbəbləri istər musiqişünaslıq, istərsə də baletşünaslıq elmində kifayət qədər araşdırılmış, əsərin balet tarixində tutduğu müstəsna yeri və mövqeyi, zənnimcə, dürüst təyin olunmuşdur. Hazırkı məqalədə biz, baletin dramaturji həllində Nazim Hikmət pyesinin rolu və əhəmiyyəti barədə bəzi mülahizələrimizlə bölüşmək istərdik. Lakin mətləbə keçməzdən öncə «Məhəbbət əfsanəsi» nin tarixi əhəmiyyətini bir daha diqqətə çatdırmağı vacib sayırıq.

       1961-ci ildə Leninqrad Dövlət Opera və Balet Teatrında (hazırkı Sankt-Peterburq Mariin Teatrı) gənc baletmeyster Yuri Qriqoroviç tərəfindən səhnələşdirilmiş «Məhəbbət əfsanəsi» baleti xoreoqrafiya sənəti tarixində yeni səhifə açaraq, mühüm mərhələ oldu. Bununla bağlı baletşünas V.Krasovskayanın maraqlı müqayisəsini sitat gətirmək istərdim. O yazır: «Yatmış gözəl» XIX əsr balet kəşflərinin sintezi olduğu kimi, «Məhəbbət əfsənəsi» XX əsrin balet kəşflərinin sintezidir»1. Fikri açıqlayaq.

       Məlumdur ki, XX əsr baleti öz çoxşaxəli axtarışlarında zəngin təcrübə qazandı: mövzu dairəsi son dərəcə genişləndi; musiqi əsl simfonik mahiyyət kəsb etməyə başladı; xoreoqrafiya mürəkkəb musiqi dramaturgiyasını açmaq yolunda misilsiz addımlar ataraq, öz leksikasında yeni ifadə vasitələri hesabına xeyli zənginləşdi. Lakin bütün bünlara baxmayaraq bitkin, cazibədar, uzunömürlü balet tamaşaları (hətta ən kamil musiqi materialına malik olduğu tərzdə) nadir halda səhnəyə çıxdı. Nə üçün? Bu sualın cavabında tənqidçilərin rəyi, fikri yekdildir. Bitkin tamaşanın yaranması üçün balet dramaturgiyasının bütün komponentləri – ssenari, musiqi, xoreoqrafiyanın üzvi vəhdəti və tarazlığı gərəkdir. Əks halda yarımçıq, natamam səhnə həlləri meydana gəlir: ya tamaşanın ədəbi əsası müasir xoreoqrafiyanın simfonik prinsipləri ilə uyğun gəlmir, ya xoreoqrafiya musiqi materialının simfonik ruhunu ifadə etmək iqtidarında olmur, ya da musiqi materialı süjeti açmaq üçün lazımi səviyyə nümayiş etdirmir..

       Nəzərdə tutulan aspektdə qazanılan uğurlar, yaradılan nümunəvi tamaşalar barədə gedən heç bir söhbət və müzakirə «Əfsanəsiz» keçinməyib. O, özündən qabaq balet sənətinin qazandığı nailiyyətləri ümumiləşdirərək, bütün komponentlərin üzvi sintezi ilə səciyyələnən bitkin balet tamaşasının gözəl, etalon nümunəsi oldu. Baletin əsl simfonik nəfəsli və vüsətli musiqisi, yaddaqalan gözəl melodiyaları, parlaq xoreoqrafiyası onu balet sənətinin daim arzulanan repertuar əsərlərindən birinə çevirmişdir.

       Yuri Qriqoroviç baletin dramaturji əsasına dəqiq düşünülmüş xoreoqrafik konsepsiya qoyaraq, bütün musiqi xoreoqrafik hərəkəti ona tabe etdi. «Məhəbbət əfsanəsi»nin böyük müvəffəqiyyətinin sirri burada hadisələrin yeni quruluşda cərəyan etməsində, baletin yeni dramaturgiyasındadır. Illüstrativ təfərrüatları minimuma endirən baletin dramaturgiyası sırf rəqs formaları üzərində quruldu. Fəal simfonik rəqs xoreoqrafiyanın başlıca ifadə vasitəsinə çevrildi və Y.Qriqoroviç xoreoqrafiya tarixində ilk dəfə olaraq, böyük, «tammetrajlı» baleti büsbütün simfonik rəqs üzərində yaratdı. Tamaşada musiqi və xoreoqrafiyanın bərabərhüquqlu komponent kimi çıxış etməsi bəstəkar və baletmeyster arasındakı münasibətlərin yeni xarakterini də doğurdu. Lakin burada da keçmişin unudulmuş yaxşı bir ənənəsini görmək çətin deyil. V.Krasovskayanın yazdığı kimi: «Baletmeysterlə birgə iş zamanı Məlikov musiqisinin hər bir epizodu xoreoqrafiyaya elə dəqiq uyğunlaşdırıldı, elə ölçülüb-biçildi ki, nömrələrin musiqi-xoreoqrafik v əhdətdə bu tərz uzlaşmasını vaxtilə Çaykovski-Petipanın «Yatmış gözəli» nümayiş etdirmişdi. Bu cəhətdən gənc bəstəkarın bəxti gətirdi. Çünki ondan hazır musiqi alıb, bu musiqiyə yeni süjet calamadılar. Ona ürəyi istədiyi kimi yazmaq təklifi etmədilər ki, fəqət sonra, hər şeyi özlərinə lazım olan tövr dəyişsinlər. «Məhəbbət əfsanəsində» Qriqoroviç proqrama arxalanır və Məlikovun da bu proqrama sadiq qalmasını təkid edirdi».2

       Öz növbəsində Qriqoroviçin arxalandığı libretto-ədəbi mənbə də son dərəcə əlverişli idi və mübaliğəsiz demək olar ki, baletdə müşahidə etdiyimiz bir sıra maraqlı yenilik və tapıntıları çox aydın şəkildə özündə təzahür etdirirdi.

       Y.Qriqoroviçin məhz Nazim Hikmət pyesi əsasında öz yeni ideyalarını açmaq istəyi şübhəsiz ki, təsadüfi deyildi. Bu, yalnız N.Hikmət pyesinin dərin, fəlsəfi məzmunundan irəli gəlmirdi. Məsələ burasındadır ki, əksər halda keçmiş əsrlərin dramaturq və şairlərinin məşhur əsərlərinə istinad edən bəstəkarlardan və habelə baletmeyster -həmkarlarından fərqli olaraq, Qriqoroviç öz novator niyyətlərinin münbit zəminini müasir dramaturqun, yəni yaradıcılığında XX əsrin ədəbi və teatr məkanındakı avanqard təmayülləri və cərəyanları məharətlə təcəssüm etdirmiş böyük türk şairi və dramaturqu Nazim Hikmətin əsərində tapdı. Cəsarətlə demək olar ki, Hikmət dramının kompozisiya və obrazları vasitəsilə baletə böyük fəlsəfi məzmun gəldi.

       Nazim Hikmətin «Məhəbbət əfsanəsi» pyesi rus dilində 1952-ci ildə «Novıy mir» jurnalının dekabr nömrəsində dərc olunmuşdu3. Əsər çox tezliklə teatr ictimaiyyətinin nəzər-diqqətini cəlb etdi və geniş oxucu kütləsinin rəğbətini qazandı. Bir neçə ildən sonra isə gənc baletmeyster Yuri Qriqoroviç gənc bəstəkar Arif Məlikov və bu pyes əsasında balet tamaşası yaratmaq qərarına gəldilər. Şərq ədəbiyyatında çox geniş yayılmış Fərhad və Şirin rəvayətini canlandıran N.Hikmət pyesi hansı məziyyətlərinə görə diqqəti cəlb etdi?

       Məlumdur ki, mif və rəvayətlər hələ qədim zamanlardan başlayaraq bu günədək bədii ədəbiyyat və incəsənətin əsas qaynaqlarından olmuş, hər dövrün ictimai-estetik idealları ilə bağlı şəkildə mənalandırılmışdır. Mifologiyanı araşdıran bir çox alimlər, yazıçı və filosoflar onu ümumxalq müdrikliyinin ifadəsi hesab etmişlər. XX əsr dramaturgiyası qədim rəvayət və əsatirlərə xüsusi maraqla səciyyələnir. Məşhur dramaturqlardan Anuy, Kokto, Brext və başqalarının yaradıcılığında yunan mifologiyasının tutduğu böyük yer təsadüfi deyildi. Hələ XIX əsrdə öz operalarını ancaq miflərə əsaslandıran böyük alman bəstəkarı R.Vaqner bunun səbəbini araşdıraraq yazırdı: «…mif çoxsaylı hadisələrin əlvanlığı olmayıb, onların yığcam və sıxlaşmış şəkildə rabitəsidir. Bu isə onu nəinki insan fantaziyasına, habelə insan hissiyatına da anlaşıqlı edir. Xalq əsatirdə incəsənətin yaradıcısı olur».4 R.Vaqnerin fikrincə məhz bu keyfiyyətinə görə əsl dramın əsasında əsatirlər durmalıdır. Əlbəttə, hər şeydə ifrata varan Vaqner bu fikri də mütləqləşdirmişdi. Lakin əsatirlərin incəsənətdəki rolunu o çox sərrastlıqla qiymətləndirir. Doğrudan da, əsatirlərin və qədim rəvayətlərin məkan və zaman hüdudlarını aşaraq dünyanı, insanı sanki fokusda canlandırmaq imkanı XX əsr dramaturqlarını cəlb edən başlıca məziyyətlərdən biri ola bilərdi. Qərb dramaturgiyasında yunan mifologiyası diqqət mərkəzinə keçirsə, Şərq ədəbiyyatında bir sıra dillər əzbəri olmuş rəvayətlər yeni həyata qədəm qoyur, müasir insanın hiss və duyğularına yönəldilir. Nazim Hikmətin «Məhəbbət əfsanəsi» pyesi bu fikri dolğun şəkildə təsdiq edir.

       N.Hikmət pyesi yazarkən məşhur rəvayətin ona daha yaxın olan türk variantından istifadə etmişdi. Belə ki, bu variantda Şirin hökmdar deyil, Arzen şəhərinin şahı olan – Məhmənə Banunun bacısıdır. Hikmət rəvayətə çox yeniliklər əlavə edib, bəzi yerlərdə fabulanı tamamilə dəyişmişdir. Üç əsas iştirakçıdan başqa dramın bütün qalan personajları yenidir Şirinin xəstələnməsi. Naməlum adamın gəlişi, onun üç şərti və Məhmənə Banunun gözəlliyini qurban verməsi - bütün bu hadisələr Hikmət tərəfindən daxil edilmişdir.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page