YETMIŞ YAŞLI BIR MƏKTƏB VAR ŞUŞADA
Mir Kamil AĞAMIROV
Search


YETMIŞ YAŞLI BIR MƏKTƏB VAR ŞUŞADA
Mir Kamil AĞAMIROV
MUSIQI IFAÇILIĞI TƏLIMINDƏ ƏSƏR
ÜZƏRINDƏ IŞ METODLARI

Minarə DADAŞOVA

 




Ölməz şairimiz Səməd Vurğunun musiqimizin beşiyi adlandırdığı Şuşada təbiət özü nəğmə pıçıldayırdı, musiqi yaradırdı. Bahar və yay ayları səs-səsə verən quşların şaqraq cəh-cəhi təbiətin ürəkaçan simfoniyasına qarışır, ana laylası kimi şirin bir nəğməyə çevrilirdi. Şuşa Azərbaycan vokal sənətinə Cabbar Qaryağdıoğlu, Keçəçioğlu Məhəmməd, Seyid Şuşinski, Islam Abdullayev, Xan Şuşinski, Bülbül kimi nadir istedadlar bəxş etmişdir. Azərbaycan opera sənətinin banisi Üzeyir Hacıbəyovun sənət dünyasının ilk qığılcımları, həzin musiqi çalarları Şuşa təbiətindən, Qarabağın ab-havasından qidalanmışdır. Yaxşı deyiblər ki, Şuşa musiqi sevən, nikbin təbiətli xalqımızın, Azərbaycanın konservatoriyasıdır.

Şuşada musiqi məktəbinin yaradılması hələ XIX əsrin ortalarına təsadüf edir. O zaman burada qabaqcıl fikirli adamların təsiri ilə çal-çağır dünyasının özünəməxsus dəstələri formalaşmağa başladı. Bir neçə il sonra Xarrat Qulu Məhəmməd oğlu (1823-1883) Şuşada musiqi məktəbi açdı. O, bu məktəbdə özü düzəltdiyi tütək, davul, dümbək və s. alətlərdə uşaqlara çalmaq öyrədirdi. Şuşanın görkəmli xanəndələri Cabbar Qaryağdıoğlu, Hacı Hüsü, Keçəçioğlu Məhəmməd, Əbdülbaqi (Bülbülcan), Məşədi Isi və bir sıra başqaları bu məktəbin yetirmələridir. Məktəbin tar sinfində oxuyanlardan Sadıqcan (Məşədi Sadıq Əsəd oğlu, 1846-1902) məşhur novator tarzən kimi tanınmışdır.

XIX əsrin 80-ci illərində muğam aşiqi olan Kor Xəlifə şəhərdə yeni musiqi məktəbi açır. O, burada tələbələrə muğam oxumağı, tar və kamança çalmağı öyrədirdi. Kor Xəlifənin vəfatından sonra musiqi məktəbi də öz fəaliyyətini dayandırır.

90-cı illərdə Azərbaycanın görkəmli alimi, musiqi nəzəriyyəçisi, məşhur rəssam Mir Möhsün Nəvvabın (1833-1918) təşəbbüsü ilə yeni musiqi məktəbi təşkil edilir. Bu məktəbin təsiri ilə musiqi ifaçılığı və vokal sənəti aləmində bir canlanma əmələ gəlir XX əsrin əvvəllərində dağlar gözəli Şuşanın çiçəklənməsi, elm, mədəniyyət və incəsənətin sürətli inkişafı üçün geniş imkanlar yarandı. Xoş avazı, gözəl səsi ilə bütün Şərqdə, Avropanın bir sıra ölkələrində böyük şöhrət qazanmış görkəmli sənətkarlarla yanaşı, gənclər arasında da nadir istedadlar yetişməyə başladı və Şuşada musiqi sənətinin inkişafı üçün daha güclü təkan oldu.

Beləliklə 30-cu illərin əvvəllərində Azərbaycan vokal sənətinin banisi, görkəmli müğənni, həmyerlimiz Bülbülün təşəbbüsü ilə Azərbaycan SSR Xalq Maarif Komissarlığının 10 oktyabr 1932-ci il tarixli qərarına əsasən rəsmi olaraq Şuşa Musiqi Məktəbi yaradıldı (bu həm də Azərbaycanda yaradılan ilk uşaq musiqi məktəbi idi). Məktəbə rəhbərlik Həsənov soyadlı şəxsə tapşırıldı. Məktəb Xan qızı Natəvanın evi olmuş binada fəaliyyətə başladı.

Şuşa Musiqi Məktəbinin açılması təbiətən musiqiyə bağlı olan şuşalı gənclərin və onların valideynlərinin böyük sevincinə səbəb oldu. Buna görə də məktəbə kütləvi axın başladı. Şagirdlər böyük səylə müxtəlif musiqi alətlərində çalmağın sirrini öyrənirdilər. Məktəbdə tar, kamança, fortepiano, skripka və vokal şöbələri fəaliyyət göstərirdi. Musiqi məktəbi tez bir zamanda Şuşanın mədəniyyət və incəsənət mərkəzinə çevrildi.

1933-cü ildə məktəbin ilk rəsmi direktoru Həmzə Əliyev oldu (məşhur skripkaçalan, respublikanın xalq artisti Azad Əliyevin atası). Respublikanın bir neçə görkəmli musiqi müəllimi, o cümlədən, bəstəkar Qəmbər Hüseynli, əməkdar müəllim Fatma Zeynalova, Saleh Əbdürrəhimov, Nikolay və Polina Sergeyevlər, Lətif Əliyev, Aleksey Raxmanov, Zoya Vladimirovna və başqaları Şuşa Musiqi Məktəbində dərs demişlər.

O dövrün məşhur tarzəni Rəsul Əsədov gənc nəslə tar çalmağın sirrini böyük həvəslə öyrədirdi. Hər iki ayağının iflic olması ona yeriməyə imkan vermirdi. Lakin buna baxmayaraq şagirdləri Rəsul müəllimi qucaqlarında məktəbə gətirir, dərslərini keçir və sonra da eyni qayda ilə evə aparırdılar. Bu, yenicə açılan bir məktəbdə müəllimlərin və şagirdlərin işə, dərsə necə böyük bir məsuliyyətlə yanaşmalarının parlaq təzahürü idi. Istedadlı tarzən Isi Abbasov, Imran Şəfiyev, Aslan Qaraşarov (hər üçü Böyük Vətən müharibəsində qəhrəmanlıqla həlak olmuşlar), bəstəkar, Azərbaycan Respublikasının xalq artisti, Dövlət mükafatı laureatı, professor Süleyman Ələsgərov, respublikanın xalq artisti, sənətşünastlıq namizədi, professor Əşrəf Abbasov, istedadlı dirijorlar Kamal Məmmədov, Kamal Abbasov və başqaları onun ilk şagirdləri olmuşlar.

1982-ci ildə məktəbin 50 illik yubleyi ilə əlaqədar yazı hazırlayarkən məktəbin yetirmələri, sevimli bəstəkarlarımız Süleyman Ələsgərov və Əşrəf Abbasovla görüşüb söhbət etmişdim. ŞUŞA qəzetinin 1982-ci il 25 fevral tarixli sayında dərc olunmuş məqaləmdəki həmin qeydləri bir daha möhtərəm oxucularımızın diqqətinə çatdırıram.

Süleyman Ələsgərovun dediklərindən:
- O illəri indi də yaxşı xatırlayıram. Şuşada musiqi məktəbinin açılması biz gəncləri hədsiz sevindirdi. Böyük həvəslə təhsil almağa başladıq. Məktəbimiz bir sıra görkəmli bəstəkarların, dirijor və musiqiçilərin, şair və yazıçıların diqqətini cəlb etmişdi. Görkəmli bəstəkar Reynqold Qliyer, məşhur tarzən Qurban Pirimov, görkəmli şair Mikayıl Müşfiq bu təhsil ocağının qonağı olmuşlar. O illərdən söhbət düşəndə həmyerlimiz, yaxın dostum, istedadlı tarzən mərhum Isi Abbasovu minnətdarlıq hissi ilə xatırlayıram. O, həqiqətən gözəl musiqiçi idi və məktəbi bitirdikdən sonra Bakıda Azərbaycan Dövlət Musiqi Məktəbində təhsilini davam etdirmiş, 1939-cu ildə Şuşaya qayıdaraq bir müddət doğma məktəbdə müəllim işləmiş, 1940-1941-ci illərdə isə direktor olmuşdur. 1938-ci ildə Moskvada Azərbaycan Incəsənəti ongünlüyü keçirilən zaman I. Abbasov da nümayəndə heyətinin tərkibində olmuş, Ü. Hacıbəyovun Koroğlu operasının tamaşası zamanı orkestrdə tar partiyasını ifa etmişdir. Təəssüf ki, amansız müharibə qaynar t əbiətli, gözəl istedada malik olan bu gənci aramızdan vaxtsız apardı

Əşrəf Abbasovun dediklərindən:
- O illər indiki kimi yadımdadır. Süleyman, Isi və mən çox möhkəm dost idik. Demək olar ki, günümüz bir yerdə keçirdi. Musiqi məktəbində oxuduğumuz illər ömrümüzün ən gözəl çağları idi. Təəssüf ki, Isini çox tez itirdik. O, bu gün sağ olsaydı Azərbaycanın ən görkəmli musiqi xadimlərindən biri olacaqdı. Bu gün isə estafet sizdədir. Arzu edirəm ki, doğma Şuşamızın musiqi şöhrətini öz istedadınızla daha uca zirvələrə qaldırasınız

Illər bir-birini əvəz etdi. Şuşa Musiqi Məktəbində təhsil alanların sorağı tezliklə respublikamızın hər tərəfinə yayıldı. Musiqi aləmində yeni ümidverici addımlar atıldı.

KOMMUNIST qəzetinin 1945-ci il yanvar nömrələrindən birində bu məktəbdən bəhs edən şəkil verilmişdi. Şəkilaltı yazıda oxuyuruq: Məktəb çoxlu gənc və istedadlı qüvvələr hazırlamışdır. Məktəbin vokal şöbəsində məlahətli səsə malik 25 nəfər gənc təhsil alır. Bunlardan 6 nəfəri Bakıya gəlmişdir. Bunlar bir neçə gün burada qalacaq, Dövlət Konservatoriyası və musiqi məktəbləri ilə tanış olacaq, müsamirələrdə çıxış edəcəklər. Şəkildə: SSRI Xalq artisti Bülbül məktəbin şagirdləri Isa Rəhimov, Şamil Məmmədov, Tofiqə və Şəfiqə Abdullayevaların səsini yoxlayarkən (qəzetdəki həmin şəkil hal-hazırda Bülbülün ev muzeyində saxlanılır).

Həmin müsabiqənin iştirakçısı, hal-hazırda məktəbimizin muğam-səs şöbəsinin müəllimi Isa Rəhimov o günləri belə xatırlayır:

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page