GÖRKƏMLI TARZƏN, PEDAQOQ, ALIM
Bu il Azərbaycan Milli Konservatoriyasının xalq çalğı alətləri kafedrasının professoru, sənətşünaslıq namizədi, görkəmli tarzən-pedaqoq, muğam bilicisi Oqtay Quliyevin anadan olmasının 65, yaradıcılıq fəaliyyətinin 40 illiyi tamam oldu.
O.Quliyev Ağdam şəhərində dünyaya göz açmışdır. O, ibtidai musiqi təhsilini də bu şəhərdə almışdır. Onun tar ixtisası üzrə yüksək pedaqoji təcrübəyə malik müəllimləri – həm not iztisası, həm də muğam sənəti üzrə sirlərini Oqtaya məmnuniyyətlə öyrətmişlər. Və müəllimlərinin məsləhətilə o, Bakıya gəlmiş və A.Zeynallının adını daşıyan Bakı Musiqi Texnikumuna daxil olmuşdur. 4 ildən sonra həmin məktəbi fərqlənmə diplomu ilə bitirir. 1957-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzdində yeni kafedra – Azərbaycan xalq musiqisi kafedrası açılır. Bu kafedra iki bölmədən ibarət idi: xalq musiqisi nəzəriyyəsi və tarixi, xalq çalğı alətləri orkestrinin dirijorluq sinfi. Oqtay dirijorluq sinfini seçir. O vaxtlar bu sənət sahəsində oxuyanlar I və II kurslarda xalq çalğı alətləri ixtisası üzrə təhsil alır, III kursdan başlayaraq dirijorluq ixtisasına yiyələnirdilər. Oqtay əvvəl S.Rüstəmovun tar ixtisası sinfində iki il təhsil alır və sonrakı illərdə dirijorluq sahəsində püxtələşir və həmin sinifi müvəffəqiyyət
lə bitirir. Xatırladaq ki, dirijorluq üzrə onun ixtisas müəllimi görkəmli bəstəkar və dirijor Süleyman Ələsgərov olmuşdur. O.Quliyev isə dirijorluq sinfinin ilk yetirmələrindəndir.
Oqtay hələ gənc yaşlarından bir tar çalan kimi tanınmışdı. Belə ki, 1957-cı ildə 20 yaşında ikən bir mahir tarzən kimi Moskvada keçirilən Ümumittifaq festivalın müsabiqəsində qızıl medala layiq görülmüşdü. O zaman respublika mətbuatı – jurnal və qəzetlər, radio və televiziya vasitəsilə Oqtayla müsahibələr aparılır, o, konsertlərdə çıxışlar edir, genc ifaçının parlaq gələcəyi haqqında rəylər söylənilirdi. Oqtay respublikamızın adını Ümumittifaq miqyasda tanıtdırmışdı. O da məlum idi ki, bu müsabiqədə xalq çalğı alətləri üzrə keçmiş SSRI-nin bütün respublikalarından seçilmiş çoxlu ifaçı Moskvaya gəlib öz sənətlərini nümayiş etdirmişlər, görkəmli ixtisasçılardan düzəlmiş münsiflər heyəti hər bir ifaçıya yüksək tələblər və meyarla yanaşmış və nəticədə təkcə Oqtay qızıl medala layiq görülmüşdü.
Əlbəttə, bu, Azərbaycan musiqisinin qələbəsi idi. Biz onun həmkarları kimi çox sevinirdik ki, bizim yaxın dostumuz belə bir yüksək mükafat alıb. Və o zaman mərkəzi künələrdə gəzintəyə çıxarkən, ictimai yerlərdə olarkən onu radio və televiziya vasitəsilə tanıyanlar Oqtaya yaxınlaşıb səmimi təbrik edir, ona xoş sözlər deyir, yeni uğurlar diləyirdilər. Biz isə, əziz dostumuz Oqtayla fəxr edir, qürur hissi keçirirdik.
Oqtay haqqında təkcə bizim respublikamızın mətbuatında deyil, həmçinin Moskvada buraxılan «Sovetskaə muzıka» jurnalında, «Sovetskaə kulğtura» qəzetində bu festivalla bağlı xüsusi buraxılmış məcmuələrdə, kitablarda müsbət, tərifedici rəylər çap olunurdu. Bu mənada, görkəmli yazıçı Vasili Ardamatskinin «Beş ləçək» adlı kitabından bir fraqmenti tərcümədə veririk: «Sovet musiqiçisi Oqtay Quliyev qədim musiqi aləti olan tarın nəyə qadir olduğunu sənətkarlıqla nümayiş etdirdi. Münsiflər heyətinin xarici ölkələrdən olan nümayəndələri gənc sovet musiqiçisinin sinəsində dil açan tara, onu dilləndirən bu bəstəboy oğlanın məharətinə heyran qalmışdılar».
O zaman böyük tərkibli münsiflər heyətinin bir üzvü də Azərbaycandan idi. O, görkəmli bəstəkarımız, Azərbaycan Teleradio Verilişləri şirkətinin xalq çalğı alətləri orkestrinin baş dirijoru və bədii rəhbəri Səid Rüstəmov idi. Əlbəttə, söz yox ki, hamıdan çox Oqtayın müəllimi və yetirməsi kimi Səid Rüstəmov sevinirdi. O, mətbuat səhifələrində öz yetirməsi haqqında belə yazır: «Gənc tarzən O.Quliyevin maraqlı proqramla çıxış etməsi özünün yüksək istedad sahibi olduğunu göstərməklə yanaşı, həm də xalqımızın qədim musiqi aləti olan tarın olduqca kütləviləşdiyini bar daha sübut etdi. O, münsiflər heyəti qarşısında «Orta Mahur», H.Xanməmmədovun «Konsert»ini, Ü.Hacıbəyovun «Koroğlu» operasından rəqsi çaldıqdan sonra Qlinkanın «Ivan Susanin» operasından valsı ifa etdi. Elə münsiflər heyətini də valeh edən bu klassik əsərin xalq musiqi alətində gözəl səslənməsi idi».
Yeri gəlmişkən onu da xatırladaq ki, Ümumittifaq müsabiqəsindən uğurlar qazanan Oqtay Beynəlxalq müsabiqəyə də vəsiqə alır. Və olduqca çətin olan bu yarışdan da o, alnı açıq çıxır, Beynəlxalq mükafata da layiq görülür.
Oqtay Beynəlxalq müsabiqədən sonra həm Azərbaycan, həm rus, həm də Qərbi Avropa bəstəkarlarının əsərlərini radio dalğalarında, mavi ekranda, açıq konsertlərdə tez-tez təfsir və təbliğ edirdi. O, məhz bu kimi proqramla ilk məşğul olan tarzənlərdəndir. Açığını deyək ki, Oqtay bu sahədə birincilərdəndir.
Sonrakı illərdə Oqtayın müvəffəqiyyətlərindən ruhlanan gənc istedadlı tarzənlər onun bəstəkar yaradıcılığını təbliğ etmək sahəsində təqdirəlayiq işini davam etdirir, açıq konsertlərdə, mavi ekranda və radioda tez-tez çıxışlar gərc ifaçı-tarzənlər nəsli yetişir və professional bəstəkarlarının əsərlərini şövqlə təfsir və təbliğ edirlər.
Biz onu da xatırladaq ki, hal-hazırda Milli Konservatoriyanın istər bakalavr, istərsə də magistr pillələrində tarzənlərimiz, həmçinin digər xalq çalğı alətləri ifaçıları dünya klassiklərinin, eləcə də Azərbaycan bəstəkarlarının müxtəlif janrlı əsərlərini tədris və konsert proqramlarına salır və bu sahənin inkişafı üçün raktorat və müəllim heyəti bir çox əməli işlər görürlər.
35 il bundan əvvəl O.Quliyev indiki Bakı Musiqi Akademiyasının əlaçı məzunu kimi öz taleyini bu Ali musiqi ocağı ilə bağladı. 35 ildir ki, o, dərs deyir, elmi-metodik işlər yazır, yeni-yeni bacarıqlı tarzənlər yetişdirir. O, BMA-nın Səid Rüstəmovdan sonra ikinci professor vəzifəsini almış bir pedaqoqdur. 10 ilə yaxın bir dövrdə o, BMA-nın xalq çalğı alətləri kafedrasının müdiri kimi geniş fəaliyyət göstərmişdir.
Elə bunu demək kifayətdir ki, Bakıda keçirilən xalq çalğı alətləri üzrə Ü.Hacıbəyov adına Ümumittifaq musabiqədə onun 6 tələbəsi və yetirmələri laureat adına layiq görüldülər. Tar ixtisası müəllimlərinin arasında təkcə O.Quliyevin ağır zəhməti və tələbkarlığı nəticəsində onun tələbə və məzunları əvvəl respublikamızda keçirilən müxtəlif mərhələli turlardan sonra müsabiqəyə buraxıldılar və hamısı laureat adını qazandılar. Söz yox ki, bu nailiyyət əsil pedaqoq üçün böyük iftixardır.
Oqtay müəllim özünün dərs vermək metodikasını, tələbələrə aşılamaqla kifayətlənmir. O, bir neçə metodik tövsiyə və göstərişlərini, tədris proqramlarını yazıb, çap etdirmiş və bu işlər müəllimlər üçün qiymətli dərs vəsaitlərinə çevrilmişlər.
Bunlardan başqa Oqtayın muğam ixtisası üzrə müəllimi görkəmli pedaqoq-tarzən Ə.Bakıxanovun təşəbbüsü ilə Moskvada «Melodiya» firması tərəfindən «Muğam məktəbi» seriyasını buraxdırdıqda bu işdə O.Quliyev də yaxından iştirak etmişdi. Əsas məqsəd məktəb proqramına uyğun muğamların kütləvi şəkildə öyrənilməsi idi. Iki valdan ibarət bu seriyada O.Quliyevin ifasında «Şur», «Segah», «Cahargah» dəstgahları, «Bayatı-Kürd», «Şahnaz» kimi kiçik həcmli muğamlar, «Heyratı» zərbi-muğamı daxil edilmişdi.
O.Quliyev Azərbaycan xalq çalğı alətləri orkestrinin tarixinin də ilk tədqiqatçısıdır. O, bu təqdirə layiq işlə bir neçə il məşğul olmuş və «Azərbaycan xalq çalğı alətləri orkestri» mövzusunda dissertasiyasını Tiflisdə müdafiə etmiş və sənətşünaslıq namizədi alimlik dərəcəsini almışdır. Sonra isə onun bu mövzuda Bakıda, "Işıq" nəşriyyatında monoqrafiyası çap olunmuşdur.