ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
YARADICILIQ...
.
Search

ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
KONFRANS...
.
YARADICILIQ...
.
GÖRÜŞLƏR...
.
MUZEYLƏRDƏ...
.
BIZƏ YAZIRLAR... Istambuldan
.

 


       O, bu haqda belə deyir: «Mən ilk dəfə tar çalmağı 1959-cu ildə orta məktəbdə oxuyarkən yuxarı sinif şagirdi olan Lətifov Bahadurdan öyrənmişəm. Orasını da qeyd edim ki, bu şəxs mükəmməl texniki ifaçılıq imkanlarına malik idi. Mən o dövrdə şagirdlərdən ibarət heyət yığıb ansambl düzəltmişdim. Demək olar ki, təşkil etdiyim bu ansambl məktəbin ictimai tədbirlərində həvəslə çıxış edirdi. Məndə olan tar çalmaq həvəsi 1963-cü ildə Bakı xalq konservatoriyasına gətirdi. Və bıranı 1965-ci ildə bitirdim. Xatırladım ki, Xalq Konservatoriyasında ixtisas müəllimim gözəl sənətkar, tarzən Kamil Ibrahimov olmuşdur.

       Murtuz sənətdə ilk addımlarından istedadlı tarzən kimi 1960-cı illərdə korlar mədəniyyət evində ansambl dərnəyi aparan görkəmli peda-qoq, tarzən, bəstəkar, respublikanın əməkdar artisti Adil Gəray Məmmədbəylinin diqqətini cəlb edir. 1965-ci ildə həmin kollektivin tərkibində, o, Gürcüstana qastrol səfərinə gedir. Murtuz Mehdiyev burada solo konsert proqramına daxil etdiyi R.Laqidzenin «Tbilisi haqqında mahnı»sını ifa edir. Konsertdə uğurlu çıxışına görə tarzən Gürcüstan korlar cəmiyyətinin fəxri-fərmanına layiq görülür. Beləliklə, Murtuz Mehdiyev 1966-cı ildə orta məktəbi bitirərək Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına (indiki Bakı Musiqi Akakdemiyası) xalq çalğı alətləri şöbəsinin tar sinfinə qəbul olunur. Onun tar ixtisası üzrə müəllimi görkəmli bəstəkar, dirijor, respublikanın xalq artisti, professor Səid Rüstəmov idi. 1971-ci ildə isə o, təhsilini uğurla başa çatdırır.

       Murtuz Mehdiyev ali təhsil illərində sənətin sirlərinə daha dərindən yiyələnir. O, konservatoriyada sevimli müəllimimiz, Səid Rüstəmovun sinfində musiqi dünyagörüşünu genişləndirmiş, ifaçılıq mədəniyyətini, bəstəkar əsərlərinin təfsir xüsusiyyətlərinin, çalışqanlığı və istedadı sayəsində dərindən mənimsəmişdir. Elə təkcə onu demək kifayətdir ki, o, «xüsusi yazı» və eşitmə ilə Ü.Hacıbəyov, A.Zeynallı, S.Rüstəmov, H.Xanməmmədov, S.Ələsgərov, V.Adıgözəlov, xarici bəstəkarlardan M.Qlinka, P.Çaykovski, V.Mosart, N.Budaşkin və başqaları-nın əsərlərini tədris prosesində müvəffəqiyyətlə öyrənmiş, unudulmaz müəlliminin təşəkkürünü qazanan tələbələrdən biri olmuşdur. Indi də solo konsertlərində, Murtuz Mehdiyev bəstəkar əsərlərini yeri gəldikcə təbliğ edir.

       Konservatoriyada təhsil aldığı illərdə Murtuz Mehdiyev o zaman Azərbaycan Dövlət filarmoniyasında görkəmli tarzən, virtuoz ifaçı, respublikanın xalq artisti Hacı Məmmədovun yaratdığı ifaçılıq studiyasının üzvülüyünə müsabiqə yolu ilə qəbul edilir. O, burada Hacı Məmmədovun ifaçılıq sirlərini, çalğı manerasını birbaşa öyrənmək imkanına malik olur. Bu ünsiyyət Murtuz Mehdiyevin bir muğam ifaçısı kimi yetişməsinə, püxtələşməsinə böyük təsir göstərir. Qeyd edək ki, Murtuz Mehdiyev keçmiş muğam müəllimlərindən Əyyub Babayevin adını da iftixarla çəkir (o, muğam ifaçılığımızın görkəmli xadimi, respublikanın xalq artisti Əhməd Bakıxanovun tələbəsi olmuşdur).

       Murtuz Mehdiyev 40 ilə yaxın ifaçılıq dövründə aşağıdakı istiqamətlərdə fəaliyyət göstərmişdir. 1) solo-ifaçı; 2) ansambl rəhbəri; 3) müəllim; 4) bəstəçi; 5) təşkilatçı və s. Təbii ki, bu yaradıcıllıq sahələri Murtuz Mehdiyevin qabiliyyət diapazonunun genişliyinə dəlalət etsə də, o, sözsüz ki, ən öncə peşəkar tarzəndir. Tarzənin 1968-ci ildən bu günə qədər Azərbaycan televiziya və radio şirkətinin fonduna «Orta segah», «Şur», «Orta mahur», «Xaric segah», «Bayatı-Şiraz», 1980-cı illər ərzində «Rast», «Çoban bayatı» muğamlarının lent yazıları daxil edilmişdir. Və bu muğamlar vaxtaşırı radio dalğalarında səsləndirilir. Onun muğam ifaçılığını dinləyərkən belə qənaətə gəlirsən ki, ifaçı məzmunla formanı ustalıqla uzlaşdırır. O, muğamlarımızın zəngin mənbəyin-dən yaradıcılıqla istifadə edir. Eyni zamanda, muğamlarımızın ifaçılıq ənənələrini zənginləşdirən sənətkarlardan bəhrələnərkən şablona yol vermir. Yəni ustadlarımızın ənənəsinə əsaslanaraq muğama öz ifaçılıq münasibətini ön plana çəkir. Murtuz M ehdiyev klassik muğam ifaçılıq xüsusiy-yətlərini dərindən mənimsəmiş bir musiqiçidir. O, klassik muğamlarımızı ifa edərkən hər şeydən əvvəl dinləyiciləri, xalq musiqiçiləri arasında deyildiyi və ifadə edildiyi kimi «Şirin barmaqlar»ın sehrinə sala bilir. Bunlarla yanaşı Murtuz Meh-diyevin ifaçılığına virtuozluq xüsusiyyətləri də xarakterikdir. Məsələn, o, «Xaric segah» muğa-mında «yanıqlı» ifa tərzi nümayiş etdirirsə, «Orta mahur» muğamını isə özünəməxsus virtuozluqla ifa edir.

       Tarzənin maraqlı ifalarından biri də, fikrimizcə, onun lentə aldırdığı «Çoban bayatı» muğamıdır. «Çoban bayatı»nın ifa xarakteri tarzəndən güclü biləng, möhkəm iti barmaqlar, alt mizrab ştrixinin intensiv işlədilməsi və bir də güclü emosional hisslər tələb edir. Sadaladığımız bu keyfiyyətləri tarzən yüksək peşəkarlıqla interpretisiya etməklə həmin muğama eyni zamanda fərdi ifa tərzi ilə yanaşmışdır. Məlumdur ki, «Çoban bayatı» muğamının tar instrumental variantı ilə bərabər tütəkdə çalınma variantı mövcuddur. Adından göründüyü kimi bu muğam çobanların məişətində səslənən melodiyadır. Bu melodiya tütəyin səs prinsiplərinə uyğun olduğuna görə onda daha orijinal və təbii səslənir. Murtuz Mehdiyev hər iki variantı öz ifaçılığında birləşdirərək tütək variantına üstünlük vermişdir. Yəni tütəkdə olan muğam nəfəslərini tarın imkanlarına yaxınlaşdıraraq, muğama tarda yeni boyalar və rəngarəng səs tembrləri daxil edir. Nəticədə tarzənin ifa etdiyi bu muğam yeni interpretasiya səciyyəsi alır.

       Murtuz Mehdiyevin solo ifaçılıq fəaliyyəti həm də keçirilən müsabiqələrdə iştirakı ilə bağlıdır. Qeyd edək ki, ifaçılıq müsabiqələri sənətin ahəngdar inkişafına baxış olmaqla bərabər, ifaçının ustalığının artmasını, dinləyicilər qarşısında məsuliyyətini artırır.

       Belə müsabiqələrdən biri 1998-ci ildə Bakıda keçirilən əlillərin Respublika müsabiqəsi olmuşdur. Murtuz Mehdiyev bir ifaçı kimi 1-ci dərəcəli diploma – laureat adına layiq görülmüşdür. Bu qəbildən olan ikinci yaradıcılıq imtahanı 2002-ci ildə Moskva şəhərində «Filantrop» adlı beynəlxalq qurumun baxışında olur. Mötəbər komissiyadan ibarət olan üzvlər Murtuzun ifaçılıq və yaradıcılıq qabiliyyətinə (o, müsabiqədə həm bəstəkar, həm mətn müəllifi kimi də iştirak edirdi) müsbət qiymət verir. O, 2004-cü ildə dünya əlillərinin yaradıcıllıq festivalında iştirak etmək təklifini alır.

       Murtuz Mehdiyevin bir pedaqoq, təşkilatçı kimi də kollektiv arasında layiqli nüfuzu vardır. Pedaqoji fəaliyyətinin əsas hissəsi Azərbaycan Korlar Cəmiyyətilə bağlıdır. O, 1965-80-cı illərdə cəmiyyətin müxtəlif təşkilatlarında, müəllim, orkestr, ansambl rəhbəri kimi çalışmış onun mədəni kütləvi tədbirlərində yaxından iştirak etmişdir. Nəhayət, cəmiyyətin nəzdində 1980-cı ildə ixtisaslaşdırılmış musiqi məktəbi açılır və Murtuz Mehdiyev məktəbə müdir təyin edilir. Xatırladaq ki, 1993-cü ildən bu təhsil ocağının 38 saylı musiqi məktəbi kimi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı şəhər mədəniyyət idarəsinin sərəngamına keçirilməsi onun gələcək fəaliyyətinə geniş imkanlar açır.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page