T.M.: - Yəqin ki, kafedra yaratmaq lazımdır.
R.M.: - Bilirsiz, dirijorluq kafedrası yaratmaq o qədər də asan iş deyil. Onun nəzdində opera studiyası, simfonik orkestr olmalıdır. Peterburq konservatoriyasında dirijorluq fakültəsi onun həcminin 3/4 hissəsini təşkil edir. 1/4 hissəsini isə o biri fakültələr tutur. Burada dirijorların praktikası üçün iki simfonik orkestr, opera studiyası var. Bu, həm də vokalçıların təcrübə keçməsi üçün vacibdir. Mənim fikrimcə, bizim konservatoriyada da təhsili yeniləşdirmək lazımdır. Əsas üç fənn birinci yerdə durmalıdır: ixtisas, kamera ansamblı və orkestr. Harmoniya və solfecio da olmalıdır.
T.M.: - Perspektiv planlarınız barədə bir qədər ətraflı danışmağınızı xahiş edərdim.
R.M.: - Bilirsiniz, mənim menecerim yoxdur, konsertlər və qastrollarla bağlı bütün məsələlərlə mən özüm məşğul oluram. Artıq 2005-ci ilə kimi konsertlərimin planı var. Son illərdə Bolqariya, Sloveniya, Makedoniya, Serbiya kimi ölkələrdə ilk dəfə konsert vermişəm. Bu il Peterburqda da olmuşam, Italiya və Amerikaya getməyi planlaşdırıram. Musiqi mədəniyyətimizi tanıtmaq naminə hər halda mən əlimdən gələni eləyirəm. Məsələn, mənim təklifimlə Azad Əliyev, Fərhad Bədəlbəyli Makedoniyaya səfər ediblər, bu yaxınlarda Murad Hüseynov da gedəcək. Rizvan Sədirxanovu Istambula dəvət etmişəm. Almaniyada təhsil alan Anar və Fuad Ibrahimovlar bu il Istambulda konsertlər verib. Mənim elektron ünvanım var, Internet vasitəsilə mənimlə əlaqə yarada bilərsiniz.
T.M.: - «Musiqi Dünyası» haqqında nə fikirdəsiniz? Bu səpkidə jurnal Türkiyədə yoxdur. Bizim Internetdə saytlarımız da var. Sonuncu saytımız «Arşın mal alan»dır.
R.M.: - Üzəyir Hacıbəyovun «Koroğlu»sunu, Niyazinin «Xosrov və Şirin»ini səsləndirmək lazımdır. «Koroğlu»nun plastinkası var, onu kasetə və CD-yə köçürüb xalq arasında və xaricdə yaymaq lazımdır ki, qoy operanı bütövlüklə eşitsinlər. «Koroğlu»nun uvertürasından başqa, əsərin digər parçalarını çox az adam bilir.
Təsəvvür edə bilərsinizmi ki, Italiyada Verdinin operalarını səhnəyə qoymurlar və ya tanımırlar. Nəyə görə «Koroğlu» səhnəyə qoyulmur. Mən başa düşürəm ki, Ü.Hacıbəyov Koroğlunun partiyasını Bülbülün səsinə uyğun yazıb. Onun çox özünəməxsus səsi var idi və ən yüksək səsləri götürürdü. Indi tenorlarda bu cür yüksək səslər yoxdur. Lakin Koroğlunun partiyasını yarım ton aşağı oxumaq olar, əsərin yeni redaksiyasını hazırlamaq olar. F.Əmirovun «Sevil» operası yeni redaksiyada tamaşaya qoyulub və yaxşı alınıb. «Koroğlu»ya da yenidən baxmaq lazımdır. Elə Verdinin operalarında düzəlişlər etməyi heç kim qadağan etmir.
Məni bir məsələ də narahat edir. Bakıda çox gözəl bir not mağazası vardı. Bu, bütün Azərbaycanın fəxri idi. Görün, indi bu mağaza nə vəziyyətdədir? Burada satılan kitabların ondan doqquz hissəsi musiqiyə aid olmayan kitablardır. Vitrinin ən gözəgəlimli hissəsini isə «Antoloqiə azartnıx iqr» adlı kitab bəzəyir. Bu, Azərbaycanın mərkəzi musiqi mağazasıdır. Mədəniyyətdən danışmağa dəyərmi?
Mən hər dəfə Bakıdan Türkiyəyə qayıdanda məndən yeni materiallar, kassetlər, notlar istəyirlər. Bu istəkləri çox vaxt yerinə yetirə bilmirəm. Bu dəfə sizin internet saytlarınızın ünvanlarını onlara çatdıraram. Inanıram ki, maraqlananlar çox olacaq.
T.M.: - Sizə müsahibəyə görə təşəkkür edirik və yaradıcıllığınızda yeni uğurlar arzulayırıq. Sağ olun.
Materialı hazırladı:
Cəmilə HƏSƏNOVA.