ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
MUZEYLƏRDƏ...
.
Search

ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
KONFRANS...
.
YARADICILIQ...
.
GÖRÜŞLƏR...
.
MUZEYLƏRDƏ...
.
BIZƏ YAZIRLAR... Istambuldan
.

 


90 YAŞLI GƏNC «ARŞIN MAL ALAN»

       Artıq neçə ildir ki, dahi bəstəkar Üzeyir Hacıbəyovun ev-muzeyi muzey anlayışı çərçivəsindən çıxaraq, respublikamızın musiqi və mədəniyyət ocağına çevrilmişdir. Burada mütəmadi olaraq müxtəlif tədbirlər, bəstəkarın xatirə gecələri keçirilir, əsərlərinin ildönümü qeyd olunur.

       2003-cü il oktyabr ayının 25-i də muzey üçün əlamətdar bir gün idi. Bu gün burada «Arşın mal alan» operettasının ilk dəfə səhnəyə qoyulmasının 90 illiyi qeyd edildi. Tədbirə respublikanın bir çox alimləri, incəsənət xadimləri dəvət olunmuşdular.

       Tədbiri giriş sözü ilə muzeyin direktoru Səadət Qarabağlı açdı. O, «Arşın mal alan» operettasının yaranma tarixindən danışdı. Dedi ki, Hüseynqulu Sarabskinin quruluş verdiyi, Müslüm Maqomayevin dirijorluq etdiyi ilk tamaşadan sonra əsərin səhnə taleyi çox uğurlu olmuşdur. 90 yaşlı həmişəcavan «Arşın mal alan» 67 dilə tərcümə edilmiş, 120-dən artıq səhnədə tamaşaya qoyulmuşdur ki, bu da dünyanın 50 ölkəsini əhatə edir.

       Musiqişünas, professor Zemfira Səfərovanın çıxışı da çox maraqlı və əhatəli idi. Alim «Arşın mal alan» operettasının partiturasının çap olunmasının vacibliyindən də söhbət açdı.

       Azərbaycan Dövlət Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev 2003-cü ildə Ankara Opera və Balet Teatrında bu əsəri tamaşaya qoymasından və operettanın böyük uğur qazanmasından söhbət açdı. Söz kinoşünas Aydın Kazımzadəyə verildi. O, «Arşın mal alan»ın ekran həyatından bəhs etdi və öz tədqiqatları nəticəsində maraqlı faktların üzə çıxmasından danışdı.

       Professor Saleh bəy Qarabağlı Azərbaycanda tanınmış ziyalılardandır. Onun dahi bəstəkarın əsərlərinə xüsusi marağı, münasibəti vardır. Tədbirdə çıxış edən Saleh bəy qeyd etdi ki, «Arşın mal alan»ın orijinallığını onda görür ki, bu əsərdə heç bir konflikt yoxdur. Lirik və aşiqanə səpgidə yazılmış operettada bütün hadisələr həm də incə yumorla cərəyan edir.

       Rəssam Elturan Avalov Üzeyir Hacıbəyov yaradıcılığına dəfələrlə müraciət etmişdir. O, «Arşın mal alan» operettasına da yadda qalan miniatürlər çəkmişdir. Tədbirdə öz ürək sözlərini söyləyən Elturan, Üzeyir bəyə məhəbbətini çox orijinal şəkildə bildirdi. O, böyük bəstəkarın royalında «Arşın mal alan» operettası əsasında kiçik improvizə ifa etdi.

       Xalq artisti Lütfiyar Imanovun, Edinburq Universitetinin professoru Qulamrza Təbrizinin, Səslər arxivinin direktoru Yaqub Mədətovun, müğənni Yaqub Zurufçunun çıxışları da çox maraqla qarşılandı.

       Sonra tədbirə dəvət olunmuş müğənnilər, aktyorlar kiçik konsert proqramı ilə çıxış etdilər. Opera və Balet Teatrının solisti Gülnaz Ismayılova «Arşın mal alan»dan «Gülçöhrənin ariyası»nı və «Gülçöhrənin naləsi»ni ifa etdi. Royalda müşayiət edirdi Musiqi Akademiyasının müəllimi Ülviyyə Hacıbəyova. Xalq artisti Lütfiyar Imanov isə «Əsgərin mahnısı»nı oxudu. Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorları Şüküfə Musayeva və Azad Məmmədov operettadan Telli və Vəlinin duetini çox məharətlə ifa etdilər. Tanınmış müğənni Yaqub Zurufçunun oxuduğu «Əsgərin ariyası» da böyük alqışlara səbəb oldu.

       Muzeydə ənənəvi olaraq, bəstəkarın əsərlərinin ildönümünə, yubileylərinə həsr olunmuş sərgilər təşkil edilir. Bu dəfə də burada «Arşın mal alan» operettasının 90 illik həyatını əks etdirən geniş foto-sərgi hazırlanmışdır. Bu sərgidə, operettada iştirak etmiş aktyorların, aktrisaların fotoşəkilləri, əsərin müxtəlif illərdə və müxtəlif ölkələrdə dərc olunmuş proqramları, afişaları nümayiş olunur. Operettanın rejissorları, rəssamları olmuş şəxsiyyətlərin fotoları, əsərə çəkilmiş eskizlər, rəsm əsərləri, miniatürlər sərgini daha maraqlı edir. Tədbirin sonunda iştirakçılar bu geniş əhatəli sərgilə tanış oldular. Fürsətdən istifadə edərək biz, respublikamızın bütün sənətsevərlərini bu sərgiyə baxmağa dəvət edirik.

G.ƏLƏSGƏROVA




KEÇMIŞIN UNUDULMUŞ SƏSLƏRI

       Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi özünün ilk kompakt diskini buraxmışdır. Onun təqdimatı 15 sentyabr 2003-cü ildə olmuş, qarşıdan gələn Üzeyir Hacıbəyov musiqi günü bayramına təsadüf etmişdir. «Keçmişin unudulmuş səsləri» adlı disk Məcnun Kərimovun rəhbərliyi ilə (konsertmeyster Munis Şərifov, solist Nuriyyə Hüseynova) qədim musiqi alətləri muzey ansamblının səsyazmalarından ibarətdir. Diskin qeyri adiliyi və unikallığı ondadır ki, bu diskdə Məcnun Kərimov tərəfindən bərpa edilmiş, Azərbaycanda orta əsrlərdə geniş yayılmış və tamamilə unudulmuş musiqi alətləri çəqanə, rud, rübab, səntur, çəng, bərbət, çoqur və Şirvan tənburu ilk dəfə səslənmişdir.

       Eyni zamanda, bu ilk diskdir ki, XIV əsr görkəmli Azərbaycan musiqiçilərindən Əbdülqadir Marağayinin musiqisi yazılmışdır. Ərəb əlifbasının hərfləri ilə yazılmış və şərh edilmiş 2 əsər – «Naxışbəstə» və «Heydərnamə» təqdim edilmişdir. Qalan 14 nömrə rənglər, xalq mahnıları («Dəli ceyran», «Sarı gəlin», «Baxcada güllər», «Nazlana - nazlana» və s.) Azərbaycan bəstəkarlarının (N.Əliverdibəyovun «Sevgili yar», E.Sabitoğlunun «Şirin dil» və Q.Əsgərovun «Əziz dost») mahnılarından ibarətdir.

       Diskə ifaçıların və musiqi alətlərinin fotoşəkillərindən ibarət buklet əlavə olunmuşdur. Ön sözü muzeyin direktoru Alla Bayramova (Azərbaycan və Ingilis dillərində) yazmışdır. Muzey bu diski YUNESKO-nun Mədəni Irs Şöbəsi tərəfindən göstərilən maliyyə dəstəyi sayəsində buraxmışdır.

Zemfira ƏSƏDOVA

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page