Ikinci yanaşma tərzi isə digər bir cəhəti qabardır ki, bu da mədəniyyət sahələrinin genişləndirilməsi ilə bağlıdır. Belə ki, insanların gördüyü işlər, onların fikirləşdikləri, tikdikləri nə varsa, hamısı bura daxildir. Bu halda mədəniyyət fəlsəfə, təbabət, texniki elmlərlə, kənd təsərrüfatı ilə qovuşur.
Bütün bu müstəvidə mədəniyyət fermentini üzə çıxarmaq həm nəzəri, həm də metodoloji baxımdan çox çətin məsələdir. Onun həlli üçün mədəniyyət haqqında ümumi təsəvvürləri konkretləşdirmək lazımdır ki, bu da insanın təhtəlşüuru ilə bağlıdır.
Bizim təqdim etdiyimiz yanaşma tərzi, hər şeydən əvvəl, normativ – dəyər sisteminin, ideyaların, məqsədlərin, bilgilərin təhlili ilə əlaqədardır. Burada həmçinin, onların rəngarəngliyini və qarşıdurmasını müxtəlif dövrlərdə və mədəniyyətlərdə simvolik işarələrlə təcəssüm etdirmə üsulları nəzərdə tutulur. Mədəniyyətin bu mühüm komponentlərinin, onun semantikasının və simvolikasının formalaşması bu prosesin baş verdiyi ictimai cəmiyyətdə inteqrasiya olunmağa, özünü ictimai baxımdan tam varlıq kimi dərk etməyə, müəyyən tarixi dövr ərzində öz həyat fəaliyyətini saxmağa imkan verir.
Mədəniyyətin məhz bu məzmun və işarə-əşya tərkibi geniş mənada, bədii mətn əhəmiyyətinə malik olur və adətən, ənənəvi-humanitar yönümlü tədqiqatlarda, o cümlədən, publisist işlərdə araşdırma obyektinə çevrilir. Bədii mətn ümumiyyətlə, çox vaxt mədəniyyətin özü ilə eyniləşdirilir və folklorçuların və sənətşünasların əsas diqqət mərkəzində dayanır.
Lakin daha bir aspektə də nəzər yetirmək lazımdır, bu da bilavasitə ictimai – mədəni prosesin xarakteri ilə müəyyən olunan bədii mətnin vəzifələri ilə bağlıdır. Belə aspekt verilmiş cəmiyyətin mədəni sistemində yaradılan simvolların, mənaların, dəyərlərin təcrübədə istifadəsi üçün ictimai texnologiya və üsulların təhlilini, onun nəsildən – nəslə ötürülməsi və saxlanılması, həmçinin yeniləşməsi və transformasiyası formalarını nəzərdə tutur.
Qayda – dəyər – məna – simvol bloku və onları tarixən qidalandıran ictimai transmissiya mövcudluq formaları bloku arasındakı əlaqələrin təhlili mədəniyyətə, dövri şəkildə dəyişən laylarla və texnologiyalarla bağlı olan və daim hərəkət edən tamamlanmamış proses kimi baxmağa imkan verir ki, bu da müasir baxışlara uyğundur. Buradan da görünür ki, xalq mədəniyyətində əsas parametr kimi qeyd etdiyimiz sinkretizm daha çox semantik blokla bağlıdır, ikinci parametr – ənənəvilik isə bədii mətnin mövcud icrası ilə təyin olunur.
Bu mövqelərin ifadə olunması və ictimai sistemdə bədii kontekstin qavranılması üçün bir neçə xarakteristikanın kompleks təhlili nəzərdə tutulur. Onlardan ən mühümlərini qeyd edək:
1. Bədii mətn, geniş mənada semantika və onun işarə – əşya – simvolik təcəssümüdür, yəni burada ideyalar, mənalar, musiqi, hərəkət, akustik ifadə vasitələri daxildir.
Şifahi – eşitmə xüsusiyyətlərinə əsaslanan xalq mədəniyyəti üçün həm semantik, həm də işarə baxımından qarışıq, sinkretik qurumlar xüsusilə aktualdır. Xalq mədəniyyəti müxtəlif təzahür istiqamətlərində bədii mətnin müxtəlif mövcudluq üsullarını nümayiş etdirir: məna və formaların saxlanılması, ixtisarı və transformasiyası, qarışıq ənənələrdə yeni mətnlərin yaranması, müxtəlif folklor mətnlərinin qarşılıqlı əlaqəsi, professional sahələrin (musiqi, poeziya və s.) təsiri.
2. Şifahi mədəniyyətin ictimai daşıyıcısı, onun icraçısı və onun sayəsində yaşayan şəxs. Mədəni subyektlərin tipləri müxtəlif cür ola bilər: şəxsiyyət, qrup, ictimai mühit, cəmiyyət, xalq, millət.
3. Mədəniyyətin fəaliyyətinin ictimai mexanizmi, onun qorunması və nəsildən – nəslə ötürülməsi.
Ümumilikdə mədəniyyət, xüsusən də müasir mədəniyyət ictimai informasiya texnologiyalarının böyük arsenalına malikdir. Həmçinin, mədəniyyətə münasibətdə ictimai mexanizmlər rolunu oynayan ictimai institutlar da bura aiddir. Ənənəvi mədəniyyətin ötürülmə üsullarından biri kimi canlı ünsiyyət yəni bilavasitə kommunikasiya aktı xüsusi əhəmiyyətə malikdir. Xalq mədəniyyətinin mühüm cəhətlərindən biri olmaqla yanaşı, bu üsul bizim zəmanəmizdə bədii mətnin fiksasiyasının müxtəlif formaları ilə zənginləşir. Eyni zamanda, xüsusi texnologiyalardan, tədris metodikasından istifadə olunur ki, bu da bilavasitə bədii mətnin xarakterinə, mədəniyyət aləmində onun yerinə və roluna birbaşa təsir göstərir.
4. Mədəniyyətin ictimai funksiyası və ya cəmiyyətin inteqrasiyasında mədəniyyətin rolu. Xalq mədəniyyətinin qlobal sistemlərə, məsələn, cəmiyyətə, ümumilikdə mədəniyyətə münasibətdə ictimai funksiyalarının təhlili onun müasir təzahürlərinin bir sıra mühüm xüsusiyyətlərini aşkar etməyə imkan verir. Xüsusilə də ənənəvi formalara münasibətdə onun əsl universal funksiyalarının fəaliyyət dairəsinin məhdudlaşdırıldığı özünü göstərir: dünyanın bütöv mənzərəsinin formalaşması, tayfanın, cəmiyyətin və fərdin həyatının qanun və dəyərlərinin tənzimlənməsi bura aiddir. Əsasən dekorativ-estetik funksiyaların qüvvətlənməsi özünü büruzə verir, yəni cəmiyyətdə mədəni irsin qorunması çərçivəsində ailənin, nəslin, əcdadların keçmişinin yaddaşlarda qorunub saxlanılması funksiyası gücləndirilir.
Ümumiyyətlə, xalq mədəniyyətinin tədqiqində müasir baxışlar irəli sürülən sualları cavablandırmağı tələb edir: bədii mətn nədir; mədəniyyətin daşıyıcısı, subyekti kimdir; daşıyıcının, yaradıcının, istifadəçinin, qoruyucunun bədii mətnə müraciətinin forma və üsulları hansılardır. Sualların bu şəkildə qoyuluşu xalq mədəniyyətinin bütövlükdə, onun ayrı-ayrı sahələrinin bu və ya digər cəmiyyətdə, müəyyən tarixi dövrdə mövcud durumunun kifayət qədər tam sistemləşdirilmiş lövhəsini yaratmağa imkan verir.