ÌÓÑÈÃÈ ÍßÇßÐÈÉÉßÑÈ
EMIN SABITOĞLUNUN MAHNILARINDA SÖZ ILƏ MUSIQININ QARŞILIQLI ƏLAQƏLƏRI
Ceyran MAHMUDOVA
Search

ÌÓÑÈÃÈ ÍßÇßÐÈÉÉßÑÈ
X.MIRZƏZADƏNIN «ETIRAF» VOKAL-SIMFONIK ƏSƏRI BARƏDƏ BƏZI MÜLAHIZƏLƏR
Qənirə HÜSEYNOVA
MEHTER MÜZIĞI
Şevki Faruk KANCA (Türkiye, Samsun)
VASIF ADIGÖZƏLOV YARADICILIĞININ ÜSLUB XÜSUSIYYƏTLƏRI
Imruz ƏFƏNDIYEVA
EMIN SABITOĞLUNUN MAHNILARINDA SÖZ ILƏ MUSIQININ QARŞILIQLI ƏLAQƏLƏRI
Ceyran MAHMUDOVA
QARA QARAYEV BALETLƏRINDƏ ƏNƏNƏVILIKLƏ MÜASIRLIYIN VƏHDƏTI
Ilhamə MƏMMƏDLI
ASƏF ZEYNALLININ ƏSƏRLƏRINDƏ MILLI LAD – INTONASIYA XÜSUSIYYƏTLƏRI
Cəmilə HƏSƏNOVA

 


Indi isə E.Sabitoğlunun N. Xəzrinin sözlərinə yazdığı «Mavidir» mahnısı üzərində daha ətraflı dayanaraq, dəyişkən heca sayına malik mahnılarının bəzi xüsusiyyətlərini nəzərdən keçirək. Bu mahnının üç kupleti və nəqəratının mətni 11 və 8 hecalı misraların ardıcıllaşması üzərində qurulmuşdur. Şerin misralarına nəzər saldıqda görürük ki, burada «mavidir» sözü həm misraların sonunda, həm də əvvəlində təkrarlanır. Buradakı 8 hecalı misralar özündən əvvəlki 11 hecalının bir neçə sözünün təkrarından əmələ gəlir (bu xüsusiyyət mətnin digər bəndlərində də dəyişməz qalır). Bu da, çox güman ki, melodiyanın ümumi inkişaf qanunauyğunluqlarından irəli gəlir və mətnin belə quruluşu məhz bəstəkar tərəfindən təklif edilmişdir. Mahnının melodiyasında bu zaman eyni ibarənin variant dəyişiklikləri ilə təkrarlanması nəticəsində genişlənmə baş verir. Bu da, öz növbəsində, mətndə də genişlənmə tələb edir. Nəqəratda da həmin genişlənmə cümlənin variant şəklində səslənməsi nəticəsində baş verir. Göstərilən cəhətləri nəzərə alaraq b elə nəticəyə gəlmək olar ki, «Mavidir» mahnısının mətnində misraların quruluşu melodiyada tam olaraq öz əksini tapır.

       Mətndə sonuncu misraların natamam şəkildə təkrarlanması halı ilə E.Sabitoğlunun G. Fəzlinin sözlərinə bəstələdiyi «Sən olmuşam» mahnısında da rastlaşırıq. Nəqəratsız formada yazılmış həmin mahnının mətnində misraların ölçüsü azalan sıra ilə gedir – 11+8+4 (eyni ölçülü misralar burada göstərilməmişdir). Mahnının mətnini səkkiz misradan ibarət şer bəndi təşkil edir. Bu zaman misralar nəzərdən keçirilən bir çox mahnı mətnlərindən fərqli olaraq, AAABBBBB şəklində qafiyələnir (qeyd etmək lazımdır ki, B kimi işarə olunmuş misralar həmqafiyə sözlərlə deyil, «olmuşam» sözü ilə tamamlanır, bu cəhət mahnıda səslənən üç kupletin üçündə də eynidir – CCBBBBB və s.) . Lakin bəstəkar elə bir melodiya yaratmağa müvəffəq olmuşdur ki, burada son həmqafiyə olan beş misralar bir-birindən fərqlənən melodik cümlələrdə səslənir və bununla da eyni qafiyənin təkrarlanması o qədər də çox duyulmur.

       Mahnının son iki cümlələrində sekvensiya elementləri duyulmaqla yanaşı, mətnin sonuncu, səkkiz hecalı misrası qısaldılmış 4 hecalı şəkildə təkrarlanır və məhz bu təkrar zamanı səslənən melodik ibarə mahnını tamamlayır.

       Z. Cabbarzadənin sözlərinə bəstələnmiş «Nə olar» mahnısının kupletində 11 hecalı misralar bir-birilə qafiyələnir. Kupletdə ifa olunan üç poetik misra uyğun olaraq üç melodik cümlədə səslənir. Onlar öz xarakterlərinə görə sual – cavab – sual səciyyəsi daşıyır. Nəqərat bölməsində səslənən dörd 6 hecalı misralardan iki sonuncusu əvvəlkilərin ayrı-ayrı sözlərinin təkrarı nəticəsində əmələ gəlmişdir. Nəqəratdakı mətnin bu cür quruluşu bir növ «Mavidir» mahnısını xatırladır.

       Lakin bu mahnıda, «Mavidir» mahnısından fərqli olaraq, nəqəratda hecaların sayı dəyişməz olaraq qalır. Bütövlükdə nəqərat sadə quruluşa malik olub, iki melodik cümlənin variant şəklində təkrarlanması üzərində qurulmuşdur.

       Sadə quruluşa malik mahnılardan söhbət açarkən, E.Sabitoğlunun N.Xəzrinin sözlərinə yazdığı «Axtar sən məni» mahnısını da qeyd etmək istərdik. Nəqəratsız formada olan həmin mahnıda cəmi dörd cümlə cüzi variant dəyişiklikləri ilə təkrarlansa da, kifayət qədər inkişaf etmiş melodiya 11 hecalı poetik misraların mənasının çatdırılmasında böyük rol oynayır (burada dörd misralı poetik misra səslənir, qafiyələnmə ABAB kimi işarə oluna bilər). Mahnının ilk melodik cümləsinə nəzər salaq. Buradakı iki ibarə tersiya intervalının yuxarı və aşağıya yönəlmiş pilləvari hərəkət vasitəsilə «doldurulması»na əsəslanır.

       Ikinci cümlədə ilk ibarə yuxarı istiqamətli sekvensiya kimi hərəkət edir, ikinci ibarə isə əksinə, bir ton aşağıda, dönmə şəklində səslənir.

       Mahnının sonunda səslənən iki cümlədən birincisində yenə də tersiya intervalı böyük rol oynayır – o, yuxarı istiqamətli tersiya sıçrayışı ilə başlayır, ikinci ibarə isə onu sekvensiya kimi bir ton aşağıda təkrar edir. Mahnının son cümləsi bu ibarələrin sekventli hərəkətini davam etdirir və yekunlaşdırır. Deyilənlər mahnının lakonikliyinin melodik inkişafın maraqlı tərzdə inkişaf etdirilməsi ilə tarazlaşdırılmasını sübut edir.

       E.Sabitoğlunun nəzərdən keçirəcəyimiz son mahnısı V. Səmədoğlunun sözlərinə bəstələdiyi «Uzaq yaşıl ada» mahnısıdır. Mahnının diqqətəlayiq cəhətlərindən biri odur ki, bəstəkar mahnının melodiyasında minimal melodik vasitələrdən istifadə etsə də, mənalı poetik mətni ifadəli və yaddaqalan melodiyada əks etdirməyə nail olmuşdur. Mahnının kupletində 11 hecalı dörd misralı bənddən, nəqəratda isə altı 7 hecalı misralardan istifadə olunur. Mahnının ilk melodik cümləsi sekunda intervalı həcmini əhatə etsə də, ona daxil olan ibarələrin ritminin variant şəklində dəyişməsi nəticəsində monoton təkrar təəssüratı yaranmır. Onu da qeyd edək ki, kupletdə bütün melodik cümlələr eyni ritmik quruluşa malikdir.
        Nümunə ¹ 9

       Kupletin ilk cümlənin variantlarını təşkil edən digər cümlələrində melodiyanın diapazonu bir qədər genişlənərək, kupletin sonuna kvarta intervalını əhatə edir. Nəqəratı şərti olaraq iki bölməyə ayırmaq olar. Birinci bölmə reçitativ səciyyəli olsa da, kupletin ritmik quruluşu burada da təkrarlanır. Bu bölmə bir növ nəqəratın əsas bölməsi üçün giriş əhəmiyyətini daşıyır. Burada səslənən cümlələr sekvensiya münasibətindədir, onlardakı poetik misralara gəldikdə isə, hər ikinci misra bir-birilə qafiyələnir.

       Nəqəratın ikinci bölməsində mahnının valsvari ritmi bərpa olunur, melodik ibarələrin ritmik quruluşunda isə dəyişiklik baş verir – kupletdə birinci ibarə pauza ilə, ikincisi isə xanənin əvvəlindən başlayırdısa, nəqəratın ikinci bölməsində bu əksinədir.

       Bu cümlə kupleti tamamlayan cümlənin variant şəklində inkişafı üzərində qurulmuşdur. Onun digərlərindən bir qədər fərqlənməsi təbiidir – məhz burada şerin məna baxımından ən əhəmiyyətli misraları səslənir. Bu baxımdan həmin misraların mahnının sonunda bir neçə dəfə təkrarlanması heç də təsadüfi deyil:
        Ayrılıq bir dənizmiş,
        Sən uzaq yaşıl ada…

       Beləliklə, bir çox nümunələr üzərində E.Sabitoğlunun mahnılarında söz ilə musiqinin qarşılıqlı əlaqələrini araşdırdıq. Aparılan təhlil göstərdi ki, bəstəkar öz mahnılarında müxtəlif heca ölçüsünə malik poetik mətnlərə muraciət etmişdir. Əlbəttə, araşdırılan mahnılar heç də bəstəkarın bütün mahnı yaradıcılığını əhatə edə bilməz və bu məqsəd də qarşıya qoyulmamışdı. Əsas vəzifə kimi ən maraqlı nümunələrin aşkara çıxarılıb təhlil edilməsi olmuşdur. Bu zaman bir neçə səciyyəvi tendensiyanı qeyd etməyi lazım biliik. Bəstəkarı poetik mətn kimi cəlb edən şerlər arasında konkret obrazlara həsr olunmuş poetik nümunələr az deyil – «Güllər», «Gilavar», «Kəpənək», «Dərələr», «Uzaq yaşıl ada» və bir çox başqa mahnılar buna misal ola bilər.

       E.Sabitoğlunun mahnılarını təhlil edərkən onlarda aparıcı rolun mətnin qafiyə və quruluş xüsusiyyətlərinə deyil, şerin məzmununa məxsus olması aşkar olunur (bu mənada E.Sabitoğlunun mahnılarını T.Quliyevin mahnılarına daha yaxın hesab etmək olar). Məhz məzmundan irəli gələrək bəstəkar yaratdığı mahıların mətnlərində ayrı-ayrı söz və söz birləşmələrinin təkrarına, onların misralardan təcrid edilmiş şəkildə səslənməsinə geniş yer vermişdir. Bu cəhət ilə bəstəkarın bir çox mahnılarında rastlaşırıq. O, melodiyada mətni dolğun əks etdirmək məqsədilə minimal vasitələrdən istifadə etməyə çalışmış, tez-tez sadə quruluşa malik kompozisiyalar yaratmışdır. Lakin musiqi dilinin sadəliyi onun ifadəli və yadda qalan olması, dolğunluğu ilə tarazlaşdırılır.

       Bəstəkar mahnılarının ritm xüsusiyyətlərinə, vurğuların düzgün və yerli-yerində işlədilməsinə də diqqət yetirmişdir. Vurğuların lazımi yerdə işlədilməsini təmin etmək üçün bəstəkar melodiyanı mətnin quruluş xüsusiyyətlərinə uyğun tərzdə yaratmağa çalışmışdır. Bəzi mahnılarda E.Sabitoğlu misralarda ənənəvi heca bölgüsündən uzaqlaşır. Belə olan təqdirdə, əsas məqsəd mahnının melodiyasını daha ifadəli etmək və, eyni zamanda, şerin məzmununu, ayrı-ayrı ifadələrini daha dolğun əks etdirmək olmuşdur. Bir sözlə, artıq mahnı yaradıcılıqlarına nəzər saldığımız S. Rüstəmov və T.Quliyev kimi, E.Sabitoğlu da söz ilə musiqinin üzvi sintezinə nail ola bilmiş, və bu da onun mahnılarının xoşbəxt taleyini müəyyən edən əsas amillərdən biri olmuşdur.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page