ÏÐÅÌÉÅÐÀ
AZƏRBAYCAN OPERA SƏNƏTININ YENI UĞURU: VASIF ADIGÖZƏLOVUN «NATƏVAN» OPERASI
Ramiz ZÖHRABOV
Search

ÏÐÅÌÉÅÐÀ
AZƏRBAYCAN OPERA SƏNƏTININ YENI UĞURU: VASIF ADIGÖZƏLOVUN «NATƏVAN» OPERASI
Ramiz ZÖHRABOV

 


Nəhayət, orkestr və xorun, eləcə də yuxarı (zil) registirdə Natəvanın həyəcanlı çağırışı ilə opera tamamlanır.

       Əlbəttə ki, epiloqdakı bu monumental vokal-simfonik lövhəni həyəcansız dinləmək mümkün deyil.

       Tamaşaya baxdıqda belə nəticəyə gəlmək olur ki, «Natəvan» operasının yaradıcı heyəti əsərin quruluşu üzərində böyük həvəslə işləmişdir.

       Operada böyük əhəmiyyət kəsb edən Natəvan rolunun ifaçısı, dünya şöhrətli vokalçı, respublikanın xalq artisti, Dövlət mükafatı laureatı və Beynəlxalq müsabiqələr laureatı, professor Xuraman Qasımovadır.

       Yeri gəlmişkən onu da xatırladaq ki, əsərin qəhrəmanı Natəvan (X.Qasımova) proloqdan başlayaraq epiloqun sonuna qədər pərdədən-pərdəyə, şəkildən-şəklə müxtəlif situasiyalarda həm istedadlı bir aktyor, həm də ustad vokalçı kimi vəziyyətlərə görə tez-tez dəyişilir. Xuraman Qasımova özünü böyük şairə, Dövlət xadimi, ağıllı və tərəqqipərvər maarifçi, ərini hədsiz dərəcədə sevən və onun tərəfindən sevilən qadın, gözəl ana kimi göstərməyə nail olur. Bütün bu keyfiyyətlər X.Qasımovanın bir aktyor kimi fitri istedadının uğurudur.

       Eyni zamanda tamaşaçılar onun oyununda təbiiliyə, yüksək vokal məharətinə valeh olur və əvvəldən sona qədər hər bir nömrəni həyəcanla izləyir və səmimi alqışlarla qarşılayırlar.

       Mən özüm üç dəfə bu tamaşaya baxmışam. Açığını deyim ki, hər tamaşada teatr həvəskarları, həmçinin professional musiqiçilər X.Qasımovanın ifaçılıq və aktyorluq qabiliyyətini, professionallığını yüksək qiymətləndirir, məharətini təqdir edirlər. Yeri gəlmişkən onu deyim ki, V.Adıgözəlov X.Qasımovanın geniş səs tessiturasını, yüksək səviyyəli professionallığını, bir vokalçı kimi ifaçılıq sahəsində geniş imkanlarını, həm də oxuma texnikasını, istedadlı aktyor məziyyətlərini nəzərdə tutaraq məhz onun partiyasını çox mürəkkəb səciyyədə yazmışdır. Məncə, bu günə qədər bəstələnmiş Azərbaycan operalarındakı qadın partiyaları arasında Natəvan kimi ağır, mürəkkəb, ifaçılıqda müxtəlif səciyyəli vokal texnikası, səs palitrasının parlaqlığını tələb edən ikinci bir obraz tapmaq çətindir. Natəvanın partiyası ifaçıdan böyük enerji, qüvvə tələb edir. Bu partiyanı sona qədər eyni səviyyədə aparmaq çox çətindir. Lakin nə qədər ağır olsa da, Xuraman Qasımova bu partiyanın və ümumilikdə, b u obrazın öhdəsindən bacarıqla, həm də asanlıqla gəlir. Çünki, onun potensial imkanları, fitri istedadı, ustad olması və səhnə təcrübəsi bütün vəziyyətlərdən alnıaçıq çıxmağa, bu rola necə deyərlər, «qalib gəlməyə» imkan yaradır.

       Operada Natəvan obrazı ilə bahəm mən deyərdim ki, aparıcı qüvvə xor nömrələrini saymaq olar. Xalqın obrazını təmsil edən xor, demək olar ki, operadakı bütün səhnələrdə iştirak edir. Tamaşada həm kişi, həm qadın, həm də qarışıq xorun vokal imkanlarını müəllif çox yüksək professionallıqla, özünəməxsus yazı texnikası ilə təcəssüm etdirməyə nail olmuşdur. Əlbəttə, biz kollektivlə yanaşı onun rəhbəri gənc xormeyster Sevil Hacıyevanın rolunu və əməyini də təqdir etməliyik. Yeganə iradımız odur ki, xor ifaçılarının bəzi kütləvi səhnələrdə diksiyaları aydın və səlis olmur. Bu baxımdan diksiya üzərində daha çox işləmək məqsədəuyğundur.

       Tamaşada Xasay bəy Usmiyevin rolunu respublikanın əməkdar artisti Həsən Enami oynayır. Həsən Enami kimi istedadlı aktyorun səs palitrası çox emosional və təsirlidir. Ona görə də müğənni bu rolun öhdəsindən məharətlə gəlir.

       Qasım bəy Zakir rolunda çıxış edən respublikanın əməkdar artisti Şahlar Quliyev, Aleksandr Düma rolunda əməkdar arstist Elxan Əhədzadə bu obrazları muvəffəqiyyətlə yaradır, onların daxili aləminə bacarıqla nüfuz edə bilirlər.

       Qara paltarlı şəxs rolunda aktyor Bəhram Əliyev obrazın mənəviyyatını – qeyrətini, vicdanını satmağa hazır olan obrazı qabarıq göstərir.

       Artıq yuxarıda adlarını sadaladığımız təcrübəli, tanınmış aktyorlarla yanaşı gənc vokalçıların bu mürəkkəb tamaşaya cəlb edilməsi də önəmlidir. Bu baxımdan Nizami Bağırovun (Xasay bəyin əmisi), Anar Bağırovun (Mirzə Fəna), Səbuhi Ibayevin (Mirzə Həsən Yüzbaşov), Nəzər Bəylərovun (Mirzə Növrəs) adlarını çəkə bilərik. Inanırıq ki, bu aktyorların oyunları getdikcə cilalanacaqdır.

       «Natəvan» operasında xanəndə qız rolunda artıq muğam sənətində öz sözünü demiş respublikanın əməkdar artisti Nəzakət Teymurova, xanəndə oğlanlar – respublikanın əməkdar artistləri Mənsum Ibrahimov və Səfa Qəhrəmanov muğam dəstgahlarından şöbələri, zərbi-muğamları («Qarabağ şikəstəsi» və «Mənsuriyyə»ni) istər məlahətli, istərsə də şaqraq zəngulələrlə ifa edərək, muğamın rəngarəng çalarlarından bacarıqla istifadəyə nail olurlar.

       Birinci aşıq – Sabir Əliyev, ikinci aşıq – Nəzər Bəylərov da öz rollarını inandırıcı boyalarla yaradırlar.

       «Natəvan» operasının uğurlu alınmasında tamaşanın musiqi rəhbəri və dirijoru, istedadlı sənətkar, bir müddət Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin baş dirijoru və bədii rəhbəri kimi çalışmış Yalçın Adıgözəlovun əməyi böyükdür. O, səhnəni çox gözəl duyur və mən deyərdim ki, 800 səhifəlik partituranı bütün təfərrüatı ilə əsaslı qavramışdır. O, həm orkestri, həm xoru, həm solistləri, həm də xoreoqrafik nömrələri yerli-yerində, necə deyərlər, «idarə edir». Interpretasiya sahəsində özünün ən gözəl və yüksək professional keyfiyyətlərini nümayiş etdirərək, nəticədə vahid ansambl yaratmağa nail olmuşdur.

       Bir keyfiyyəti də qeyd etmək istərdim. Dirijor partituranı o qədər dərindən mənimsəmişdir ki, hətta partituraya baxmadan orkestri əzbərdən idarə edir. Sintetik janr olan opera partiturasını əzbərdən idarə etmək yüksək oriyentasiya bacarığı, fitri istedad, güclü yaddaş və ustalıq tələb edir. Bütün bu keyfiyyətlər Yalçında öz təcəssümünü tapmışdır.        «Natəvan» operasının tamaşaya hazırlanma prosesində məhsuldar yaradıcılıq işi aparan müəlliflə bərabər quruluşçu rejissor – Azərbaycan və Özbəkistan Respublikalarının xalq artisti, Özbəkistanın Dövlət mükafatı laureatı, professor Firudin Səfərov bu tarixi mövzuya həsr olunmuş operaya maraqlı və diqqəti cəlb edən quruluş vermişdir. O, lirik səpkili operaya müasirlik aşılamış, nəticədə dolğun, epik səciyyəli sənət əsəri yaranmışdır.

       Tamaşanın bədii tərtibatı da operanın süjeti ilə həmahənglik yaradır. Quruluşçu rəssam Azərbaycan Respublikasının xalq rəssamı Rafiz Ismayılov bir kino rəssamı kimi tanınmış sənətkardır. Rafiz Ismayılov məhz ilk dəfə olaraq opera tamaşasına tərtibat vermişdir. Bu onun debütüdür. Onun dekorasiyalarda işlətdiyi şəffaf, parlaq rənglər XIX əsrin Şərq sarayları, küçə, bina və meydanları ilə uyğun gəlir.

       Respublikanın xalq artisti, SSRI Dövlət mükafatı laureatı Tamilla Şirəliyevanın operadakı rəqslərə verdiyi quruluş da özünü doğruldur.

       Xatırladım ki, tamaşanın səhnə təcəssümü zamanı V.Adıgözəlov həm özünə, həm də tamaşanın yaradıcı heyətinə qarşı çox tələbkar bir insan kimi özünü göstərirdi. O, iş prosesində həm solistlərə, həm quruluşçu rejissorlara, dirijora, xormeysterə, rəssama dəyərli məsləhətlər verir və onlar da böyük təcrübəyə malik olan müəllifə xüsusi hörmətlə yanaşaraq, çox lazımlı məsləhətlərə əməl edirdilər. Bir sözlə iş prosesində istər yaradıcı heyətin üzvləri arasında, istərsə də yaradıcı heyətlə V.Adıgözəlov arasında həmişə qarşılıqlı hörmət, həmrəylik hökm sürmüşdür.

       Məhz ömrünün səkkiz ilini «Natəvan» operasının yazılmasına sərf etməsi, bəstəkarla yaradıcı heyətin gərgin işləməsi, hər bir səhnənin üzərində axtarışlar, zərgər dəqiqliyi və maraqlı tapıntılar nəticəsində «Natəvan» operası ərsəyə gəldi və müvəffəqiyyətlə tamaşaya qoyuldu. Bu opera öz uğurlu səhnə təcəssümünü taparaq Natəvanın anadan olmasının 170 illiyinə gözəl töhvə oldu.

       Inanırıq ki, «Natəvan» Azərbaycan opera sənətində «Koroğlu» və «Sevil»dən sonra parlaq səhifə təşkil edərək, musiqi xəzinəmizi zənginləşdirəcək və daim səhnədə yaşayacaq. Ümidvarıq ki, bu opera həmçinin türk xalqlarının opera səhnələrini də bəzəyəcəkdir.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page