ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
AUDIOVIZUAL ETNOMUSIQIŞÜNASLIQ – MUSIQI ELMININ AKTUAL ISTIQAMƏTŞ KIMI (PROBLEMIN QOYULUŞU)
Tariyel MƏMMƏDOV
LƏNKƏRANIN MUSIQI FOLKLORUNA DAHA BIR BAXIŞ
Fəttah XALIQZADƏ
ÜZEYIR HACIBƏYOV VƏ ONUN MÜASIRLƏRININ FƏALIYYƏTININ ETNOMUSIQIŞÜNASLIQ ASPEKTI
Həsən ADIGÖZƏLZADƏ
|
|
F.Xalıqzadənin «Musiqi Dünyası» jurnalının 3-4/2003 sayında çap olunmuş «Azərbaycanın ənənəvi xalq musiqisi atlası» məqaləsində müəllif oxuculara həmin multimediya layihəsi üzərində işə başlanılması haqqında məlumat vermişdi.
Həqiqətən də jurnalın yaradıcı kollektivi 2003-cü ilin may ayından başlayaraq, layihənin məqsəd və vəzifələrinə uyğun şəkildə 8 ay ərzində respublikanın müxtəlif regionlarının 60-a yaxın yaşayış məskənlərini tədqiq etmişdir. Ekspedisiya tədqiqatları prosesində Azərbaycanın musiqi folkloruna aid 500-dən artıq audiovideo fraqment yazıya alınmışdır. Həm hazırlıq mərhələsində, həm də laboratoriya təhlili şəraitində nəzərdən keçirilən rəngarəng məsələlər Azərbaycan xalq musiqisinin bu günkü seqmentləşmiş təbiətinin aşkara çıxarılması prosesinin reallaşdırılması ideyalarına əsaslanır. Azərbaycanın etnik musiqisi atlasında Azərbaycan xalqı başda olmaqla 23 kiçik xalq təmsil edilmişdir.
Azərbaycan xalqı kiçik etnik xalqlardan ibarət vətəndaş cəmiyyəti kimi elmdə və musiqi mədəniyyətində şifahi ənənələr baxımından hələ təqdim olunmamışdır. Azərbaycanda yaşayan kiçik xalqların musiqi folklorunun janr zənginliyi və mövzu rəngarəngliyi bu vaxta kimi lazımınca dəyərləndirilməmiş, nə ölkəmizdə, nə də onun hüdudlarından kənarda, demək olar ki, tanınmamışdır. Buna görə də layihənin əsas strateji məqsədi Azərbaycan xalqının bədii – musiqi ənənələrinin zənginliyini, onun öz tarixi, mədəni köklərinə qayğıkeş münasibətini nümayiş etdirməkdən ibarətdir. Bununla yanaşı, səyyar tədqiqatlar bizi musiqi elminin tamamilə yeni bir istiqamətinə doğru yönəltdi ki, bu istiqamətin də əsasını iki müstəqil elm sahəsinin – etnomusiqişünaslığın və vizual antropologiyanın inteqrasiyası təşkil edir.
Təqdim olunan məqalə ilə musiqişünaslarımızı Azərbaycan musiqi folklorunun öyrənilməsində müxtəlif elm sahələrindən istifadə və elmlərin inteqrasiyası problemləri üzrə diskussiyaya dəvət edirik.
XX əsrin sonlarında humanitar elmlər antropoloji aspektdə bir sıra elmi istiqamətlərlə zənginləşdi ki, bunlardan hər biri ayrılıqda elm sahəsi statusu kəsb edə bilər: burada «tarixi antropologiya», «sosial antropologiya», «struktur antropologiya», «mədəni antropologiya» nəzərdə tutulur. Ötəri nəzərdən keçirdikdə belə aydın görünür ki, bütün bu elmi istiqamətlərdə tədqiqat obyekti eyni olub, ictimai həyatı əhatə edir. Lakin antropoloji elm sahələrindən biri digərlərindən daha artıq seçilir ki, bu da «vizual antropologiyadır». Onun elmi marağı bilavasitə insan fəaliyyətinin elə cəhətlərini əhatə edir ki, onları audiovizual vasitələrlə yazmaq mümkündür. Vizual antropologiyanın tarixi kinematoqrafın tarixindən ayrılmazdır. Artıq 1898-ci ildə Kembric Universitetindən tədqiqatçı A.Xeddon Torres körfəzinə kamera ilə ekspedisiyaya getmişdi. Həmin dövrdən kinoaparat, sonralar isə videokamera bir çox antropoloqların adətən istifadə etdikləri tədqiqat alətinə çevrilmişdir.
Vizual antropologiyada ilkin mərhələdə formalaşmış baxışlar əgər ekzotik, etnik və başqa mədəni birliklərin təcəssümündən ibarət idisə, hazırkı dövrdə bədii, pedaqoji, dini və s. antropoloji təzahürləri də həmçinin əks etdirir.
Bundan əlavə, bu gün vizual antropologiyanı yalnız çəkilişlərlə və film yaradılması ilə, fotoqrafiya və səsyazma ilə məhdudlaşdırmaq olmaz. Tam mənada vizual antropologiyanın fəaliyyət dairəsinə ekran materiallarının toplanılması, saxlanılması və yayılması, nəzəri və tədqiqat işi, təbliğat, tədris, vizual antropologiyanın ideya və materiallarının təhsil və mədəniyyət sahələrinə tətbiq olunması aiddir.
Beləliklə, vizual antropologiyanı kompleks biliklər sistemi kimi (elmi, yaradıcılıq, informasiya – texnoloji) müəyyənləşdirmək olar ki, bu da ictimai təcrübəyə mədəniyyətin tanınmayan (az işıqlandırılan) tərəfləri haqqında audiovizual informasiyaların daxil edilməsinə yönəldilmişdir. Bütün bunlar mədəniyyətlərin – keçmiş və indiki dövr mədəniyyətlərinin dialoqunu həyata keçirmək məqsədini daşıyır.
Son illərdə videotexnikanın geniş yayılması sayəsində bir çox etnomusiqişünaslar ekspedisiyalarda kameradan istifadə etməyə üstünlük verirlər. Bu zaman belə bir problem qarşıya çıxır ki, Azərbaycan dilində vizual antropologiya üzrə səyyar iş metodikasına dair heç bir vəsait yoxdur. ABŞ və Avropada nəşr olunmuş dərsliklər isə çox nadir hallarda bizə gəlib çatır. Bundan başqa, Qərbdən gətirilmiş dərs vəsaitlərini bizim real şəraitimizə, Azərbaycan etnomusiqişünaslarının artıq sınanmış səyyar iş metodlarına uyğunlaşdırmaq lazımdır (müşahidə, sorğu, anket, müsahibə, yazıya alma, xəritələşdirmə), bu da müəyyən çətinliklərlə bağlıdır. Azərbaycanda hələ ki, çəkilən sənədli etnoqrafik filmlərlə yanaşı, onların şərhi verilən broşüraların çapı ənənə halını almayıb, buna görə də filmlərdəki söz çoxluğu, yəni danışıqlara böyük yer verilməsi onların etnoqrafik əhəmiyyətini azaldır. Həmçinin, musiqili etnoqrafik materiallara həsr olunmuş, məsələn, «Azərbaycanın ənənəvi musiqi atlası» kimi çoxtəbəqəli saytların yarad
ılması işi də hələ reallaşmamışdır. Bu problemlər, söz yox ki, öz həllini gözləyir. Onu da qeyd edək ki, biz bu fakta xüsusi olaraq diqqətimizi yönəldirik. Çünki «Atlas» layihəsinin məzmun baxımından ardıcıl və dərindən mənimsənilməsi bizim seçdiyimiz elmi paradiqmanın – musiqişünaslığımızda antropologiyanın audiovizual metodundan istifadənin düzgünlüyünü sübut edir.
Deməliyik ki, etnologiyanın səyyar metodları ilə mədəni antropologiya arasında ümumi cəhətlər çoxdur. Bunların sırasında mədəniyyətin təmsilçiləri ilə ümumi dil tapılması və ümumi təcrübə əldə olunması yolu ilə onun «işarə aləminə» nüfuz etməyi qeyd etmək olar. Mədəni və sosial antropologiyada səyyar iş metodikası 1920-ci illərdə etnoqrafiyada funksional məktəbin banisi polyak mənşəli ingilis alimi Bronislav Malinovski tərəfindən işlənilmişdir. Bu alimin və onun ardıcıllarının fikrincə, səyyar tədqiqatın əsas məqsədi yerli əhalinin nöqteyi – nəzərini və dünyaya baxışlarını dərk etməkdən ibarətdir.
Indi də öz maraq dairəmizə uyğun, bu məqsədin əldə olunması yollarını şərh edək:
- mütləq yerli əhali arasında yaşamaq və hər gün onlarla ünsiyyətdə olmaq lazımdır.Hadisələrin təbii axarının təhrifinə yol verməmək üçün əhalinin tədqiqatçıya alışması vacibdir;
- aparılan söhbətləri başa düşmək üçün və hər hansı informasiyanın təhrifinə yol verməmək üçün dili bilmək lazımdır. Buna görə də musiqili – etnoqrafik ekspedisiyaya imkan və tələbat dairəsində tərcüməçi, linqvist – dialektoloq daxil olmalıdır.
- etnomusiqişünas əsas diqqətini onu təəccübləndirən qeyri – adi hadisələrə deyil, gündəlik həyat axarına yönəltməlidir.
- ekspedisiya üzvləri öz diqqətini musiqi – etnoqrafik mədəniyyətin bütün təzahürlərinin qarşılıqlı əlaqəsi üzərində cəmləşdirməlidir. Çünki təcrübə göstərir ki, ənənəvi mədəniyyətin təmsilçiləri tərəfindən səsləndirilən musiqi janrları real şəkildə insanların gündəlik həyat hadisələri ilə o dərəcədə bağlıdır ki, onlardan biri digərlərindən ayrı şəkildə dərk oluna bilməz.
- mədəniyyətin bu və ya digər hadisəsinin mahiyyətini başa düşmək üçün tədqiqatçı etnomusiqişünas – antropoloq, ilk növbədə, insanların davranışını müşahidə etməli, bu zaman mədəniyyətin təzahürlərinə dair birbaşa suallar verməməlidir, çünki insanlar adətən bu haqda fikirləşmirlər;
- Azərbaycanın rayonlarına yayda keçirilən ekspedisiyalar qədim köklü xalqların simvolik aləminə nüfuz etmək üçün xüsusi texniki üsullar işləyib hazırlamağa imkan verdi.Ona görə ki, burada insanların şəxsiyyəti və intellekti bütövlükdə musiqi folkloru mədəniyyətinə qapılmışdır və hər bir cəhət dərketməyə əsaslanır.
Etnomusiqişünaslar öz səyyar tədqiqatlarında ənənəvi metodlardan itsifadə edərək, «Atlas» materiallarının öyrənilməsi və yazılması zamanı vizual antropologiyanın metodları ilə silahlanaraq, tədqiqat apparatını kompleks şəkildə təhlil edən mütəxəssisə çevrilirlər.
|