ÏÎÐÒÐÅÒËßÐ
«NƏGMƏDIR HƏYAT». ŞƏFIQƏ AXUNDOVA-80
Səadət TƏHMIRAZ QIZI
Search

ÏÎÐÒÐÅÒËßÐ
«NƏGMƏDIR HƏYAT». ŞƏFIQƏ AXUNDOVA-80
Səadət TƏHMIRAZ QIZI
AYDINLIĞA APARAN YOL
Kamilə DADAŞZADƏ
ETNOMUSIQIŞÜNAS
Cəmilə HƏSƏNOVA.

 


Doğrudan da Şəfiqə xanım öz sənət idealına qovuşdu. Bu mənada o həmişə özünü xoşbəxt sənətkar hesab edir. Əlbəttə buna haqqı da var. Çünki sənətkara xas olan bütün nailiyyətlərdən ona pay düşüb. Amma göründüyü kimi Şəfiqə xanımı sənətə gətirən yollar elə də hamar olmayıb. Bu çətin və məşəqqətli yolda ona istedadı ilə bahəm xeyirxah insanlar kömək olublar. Bəs görəsən Şəfiqə xanım o xeyirxah insanlarla necə rastlaşdı? Bu sualın cavabına aydınlıq gətirmək üçün yenə də hörmətli sənətkarla olan söhbətlərimə üz tuturam.

       «Mən elə həyatı anlayandan sənət haqqında düşünmüşəm. Musiqini nə vaxtdan, yəni yaşımın hansı çağında sevdiyim yadıma gəlmir. Çünki elə bilirəm ki, elə bu sevgi mənimlə birgə doğulub. Ona görə ki, çox erkən yaşlarımdan fortepianoda eşitdiyim mahnı və rəqsləri çalmağa başlamışam. Sanki bu öz-özünə öyrənmək qabiliyyəti mənim içimdən gəlirdi, Baxmayaraq ki, atam icazə vermirdi, yenə də sənət eşqi, musiqiyə həvəsim, məhəbbətim məni rahat qoymurdu. Elə bir balaca imkan tapan kimi piano arxasına keçib çalırdım. Belə-belə özüm də musiqilər qoşmağa başladım. Ilk vaxtlar inana bilmirdim ki, mən musiqi bəstələyirəm. Çünki bu musiqilər birdən-birə, yəni bədahətən yaranırdı. Və əvvəllər mənə elə gəlirdi ki, onları haradasa eşitmişəm. Amma belə yeni musiqilər məndə tez-tez yarandıqca hiss etdim ki, bu nə isə qeyri-adi bir keyfiyyətdir. Və bu musiqiləri mən özüm yaradıram. Bunu başa düşüncə sənətə məhəbbətim daha da artdı. Artıq hiss edirdim ki, heç kim məni bu sənət sevgisindən m əhrum edə bilməz. Bunu ailə üzvlərimiz, yaxın, doğma insanlar da hiss edirdilər. Bircə atamdan başqa bu yolda mənə mane olan bir kimsə yox idi. Onu da başa düşürdüm. Istəyirdi ki, mən elə sənət sahibi olum ki, dolanacağım çətin olmasın. Mənim musiqiyə məhəbbətim o qədər güclü idi ki, heç gələcək həyatımın maddi təminatı haqda düşünmürdüm. Sənətə olan bu sevgimi böyük bacım Zümrüd xanım daha yaxşı başa düşürdü. Və elə sənət taleyimin uğurlu olmasını da mən həmişə onun adı ilə bağlayıram. Çünki o xeyirxah insanlar dediyim sırada bacım Zümrüdün adını hörmətlə və böyük sevgi ilə xatırlayıram.

       Zümrüd xanım özü filologiya elmləri namizədi idi. Universitetdə dərs deyirdi. Onun həyat yoldaşı dövrünün görkəmli ziyalılarından olan ədəbiyyatşünas, tənqidçi alim Məmməd Arif Dadaşzadə idi. Onların ailəsində tez-tez görkəmli şairlər, ziyalılar qonaq olardılar. Onları yaxşı xatırlayıram, Səməd Vurğun, Cəfər Xəndam, Həmid Araslı, Mirzə Ibrahimov və əlbəttə, çoxlarının adını çəkə bilərəm. Özü də onlar həyat yoldaşları ilə birgə gəlirdilər. Kişilər bir otaqda əyləşərdilər, qadınlar da bir otaqda, yəni bacım Zümrüdün otağında. Hansı ki, bu otaqda onun royalı vardı. Və bu xanımlar da mənim musiqi qabiliyyətimdən xəbərdar idilər. Hər dəfə yığışanda bacıma deyirdilər ki, ay Zümrüd, Şəfiqə bir musiqi çalsın bizim üçün. Mənim çalğım o qədər xoşlarına gəlirdi ki, hətta rəqs edirdilər. Beləcə bacım Zümrüdün evindəki bu maraqlı görüşlər mənim sənət taleyimi həll etdi.

       Günlərin birində yenə də bacımın evində məclis qurulmuşdu. Artıq mənim ifaçılığım haqqında çoxları xəbərdar idi. Beləcə yenə də mən royal arxasına keçib bəstələdəyim musiqilərdən ifa etdim. Və bunu çox bəyənən xanımlar bacıma üz tutub dedilər – ay Zümrüd, bəlkə Şəfiqəni Üzeyir bəyin yanına aparasan. Bu yerdə yazıçı Mirzə Ibrahimovun həyat yoldaşı Sara xanım dedi ki, mən bu dəqiqə Mirzəyə zəng edim qoy o bu barədə Üzeyir bəylə danışsın. Belə də oldu. Sara xanım Mirzə müəllimə zəng edib dedi ki, bilirsən, Zümrüdün bacısı Şəfiqə çox istedadlı qızdır, özü də musiqi bəstələyir. Yaxşı olardı ki, onu Üzeyir bəylə görüşdürək, Mirzə müəllim də o saat Üzeyir bəylə danışıb. O vaxtlar Mirzə Ibrahimov incəsənət idarəsinin rəisi idi. Elə Üzeyir bəyə deyən kimi bəs belə bir gənc qız var, musiqi bəstələyir, o dərhal demişdi ki, sabah gətirin yanıma. Səhəri gün bacım Zümrüd məni Üzeyir bəyin yanına apardı. Əlbəttə, belə bir dahi şəxsiyyətin qarşısında çıxış etmək təsəvvür edin ki, nə qədər çətindir. Elə həyəcanlı idim ki, o həyəcan hissini heç vaxt unuda bilmirəm. Nə isə, görüşdük Üzeyir bəylə və o mənim musiqi qabiliyyətimi yoxladı, sonra mən öz bəstələdiyim musiqilərdən çaldım. Üzeyir bəy bütün bunlardan çox razı qaldı və dedi ki, bu qızda sırf yaradıcılıq qabiliyyəti var, mütləq o, musiqi ilə ciddi məşğul olmalıdır. Və beləliklə, Üzeyir bəy mənim musiqi təhsili almağımı tövsiyyə etdi. Elə o gündən də bütün varlığımla sənətə bağlandım».

       Bəli, bu da Şəfiqə xanımın sənətə gəldiyi yolda rastlaşdığı xeyirxah insanlar və onların xeyirxah xidmətləri. Nə yaxşı ki, xalqımızın belə qədirbilən, xeyirxah övladları olub. Hansı ki, onlar özlərindən sonrakı nəslin də mədəniyyətimizin zənginləşməsində rol oynamalarına, xidmət göstərmələrinə şərait yaradıblar. Bu xeyirxah insanlar içərisində həmişə dahi Üzeyir bəyin adı hörmətlə yad edilir. Çünki o yalnız musiqi sahəsində deyil, elə hər cəhətdən insanlardan öz köməyini əsirgəməyib. Şəfiqə xanımın yaradıcılığında da, onun professional bir bəstəkar kimi yetişməsində də Üzeyir bəyin xidmətləri əvəzsizdir.

       Şəfiqə xanımın istedadını görən Üzeyir bəy onu ilk musiqi savadı almaq üçün Hacı Xanməmmədovun tar sinfinə göndərir, çünki bu, həm xalq musiqisini daha yaxşı mənimsəməkdə gənc bəstəkara gərəkli idi, həm də əsas məqsəd not öyrənməsi və musiqi nəzəriyyəsini bilməsi idi. Çünki bunlar gənc bəstəkarın öz musiqilərini nota yazması üçün çox vacib idi. Bir də yəqin ki, Üzeyir bəyin Şəfiqəni tar sinfinə göndərməsi gələcək bəstəkarın yazacağı əsərlərin xalq ruhunda olmasını təmin etməkdən irəli gəlirdi. Çünki Üzeyir bəyin belə bir fikri vardı ki, hər bir bəstəkar mütləq öz milli alətlərindən birində mükəmməl çalmağı bacarmalıdır. Belə olan halda o, xalq musiqisini daha dərindən mənimsəyər və yazdığı əsərlər də xalqın ruhunda olar. Doğrudan da dahi bəstəkarın bu təcrübəsi tamamilə özünü doğruldub. Hansı bəstəkar ki, tarı, kamanı mükəmməl çala bilir, onun yaratdığı musiqi əsərlərinin kökü daim xalqa bağlı olur. O cümlədən, Şəfiqə Axundovanın da bütün əsərlərində xalq ruhu duyulur . Beləcə, Şəfiqə Axundova bir il Hacı Xanməmmədovdan, sonra isə Ağabacı Rzayevadan tar dərsi alır.

       Beləliklə, Şəfiqə Axundova 1941-ci ildən Üzeyir bəyin təşəbbüsü ilə musiqi təhsili də alır. Özünün qeyd etdiyi kimi, Hacı Xanməmmədov və Ağabacı Rzayeva ona tarın ifasını və sirrlərini öyrədir, eyni zamanda, Fatma Zeynalova və Məmməd Nəsirbəyovdan isə musiqi nəzəriyyəsi üzrə dərs alır. Əlbəttə bütün bunlar gənc Şəfiqənin ürəyindəki arzuların başa gəlməsi üçün ona bir təkan idi. Çünki o, not yazısını öyrəndikcə, musiqi fakturasının nə demək olduğunu dərk etdikcə, ürəyindən süzülüb gələn musiqiləri kağıza köçürə bilirdi. Demək o, sənət yolunda özünün ilkin arzusuna yetişmişdi. Bundan sonrakı həyat və sənət yolunun nə qədər enişli-yoxuşlu olmasına baxmayaraq, bu gənc xanımın yeganə amalı musiqiçi olmaq və bütün ömrünü məhz bu sənətə həsr etmək idi. Bu yolda o, qarşısına çıxan bütün çətinliklərə sinə gərdi, keşməkeşli bir ömür yaşaya-yaşaya sənət dünyasında zirvələr fəth eləyərək xalqın sevimlisinə çevrildi.

       Hərdən özü belə deyir: - «Mən Allahımdan çox razıyam. O, mənə hər nə qismət edibsə buna şükr eləyirəm. Çünki mən sənətdə arzuladığım hər nə varsa ona nail olmuşam. Və bu mənada özümü çox xoşbəxt insan, xoşbəxt sənətkar hesab edirəm. Hər dəfə əsərim hər hansı bir tamaşa salonunda səslənəndə tamaşaçılar məni çox alqışlayır, onda düşünürəm ki, kaş atam sağ olaydı və mənim bu uğurumu görəydi. Yəqin ki, ruhuna əyandı. Bir sözlə, mən xoşbəxt sənətkaram ki, xalq məni belə sevir. Demək, mən həyatımı boş yerə yaşamamışam. Çünki belə bir böyük istedada, güclü sənət duyumuna malik olan xalqın məhəbbətini qazanmaq hər kəsə nəsib olmur”.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page