ÏÎÐÒÐÅÒËßÐ
«NƏGMƏDIR HƏYAT». ŞƏFIQƏ AXUNDOVA-80
Səadət TƏHMIRAZ QIZI
AYDINLIĞA APARAN YOL
Kamilə DADAŞZADƏ
ETNOMUSIQIŞÜNAS
Cəmilə HƏSƏNOVA.
|
|
F.Xalıqzadə bu illər ərzində Azərbaycan Bəstəkarlar Ittifaqının təşkil etdiyi ekspedisiyalardan da zəngin materiallarla qayıdır. Hər ekspedisiyadan sonra isə onun hesabatlarla elmi məcmuələrdə, dövrü mətbuatda, konfranslarda çıxış edərək, topladığı materiallar, ekspedisiyanın nəticələri haqqında məlumatlar verməsi bu işə necə böyük məsuliyyətlə yanaşdığını sübut edir.
Məlum olduğu kimi, folklor toplayıcısının işi bir çox çətinliklərlə bağlıdır. Respublikanın rayonlarını qarışqarış gəzən folklorçu daha çox yaşlı adamları, folklor bilicilərini arayıb-axtarmalı, onların yaddaşlarında yaşayan nümunələr haqqında məlumatlar əldə etməlidir. Bəzən onları dilə tutaraq bildikləri mahnıları oxutdurmaq, yazıya almaq folklorçudan böyük səbir və ünsiyyət bacarığı tələb edir. Bəzən nadir bir nümunə tapanda isə folklorçunun sevinci ona bütün əzab – əziyyətlərini unutdurur.
F.Xalıqzadənin fikrincə, «folklor dəryadır, toplayıcı isə dalğıc. Toplayıcı dürlü-dürlü inciləri tapmaq üçün folklora tez-tez baş vurmalıdır». O, etnomusiqişünaslara öz tədqiqat hədəfini doğru seçməyi və məqsədinə çatmaq üçün yorulmadan irəliləməyi tövsiyə edir.
Son bir neçə ildə isə F.Xalıqzadə «Musiqi dünyası» jurnalının baş redaktoru sənətşünaslıq doktoru, professor Tariyel Məmmədovun təşəbbüsü ilə, Azərbaycan Açıq Cəmiyyət Institutu və Bakı Musiqi Akademiyasının dəstəyi ilə həyata keçirilən «Azərbaycanın ənənəvi musiqisi atlası» multimediya elektron layihəsinin reallaşdırılması üzrə çalışır. Bu baxımdan «Musiqi dünyası»nın yaradıcı qrupunun əməkdaşı kimi o, Azərbaycanın bir sıra bölgələrində ekspedisiyalarda olmuş, dəyərli foto, video və audio materiallar əldə etmişdir. Həmin materiallar əsasında yaradılmış sayt internetə daxil edilmişdir. Bu da Azərbaycan musiqi folklorunun toplanılması,yazıya alınması, qorunub saxlanılması və musiqi mədəniyyətimizin təbliği yolunda mühüm addımdır.
Əlbəttə ki, bu ekspedisiyaların əhəmiyyəti çox böyükdür. Hər xalqın musiqi folkorunu toplamaq, internetə daxil etmək bu işin ilkin mərhələsidirsə, gələcəkdə onların nota yazılması və araşdırılması etnomusiqişünaslığın perspektivlərini müəyyənləşdirir və bütün bunlar musiqişünaslığın müqayisəli zəmində inkişafı üçün geniş imkanlar yaradır.
F.Xalıqzadənin bir etnomusiqişünas kimi maraq dairəsi çox genişdir. Sadəcə onun elmi məqalələrinin siyahısına nəzər salsaq, bunu görə bilərik. Onlardan bir neçəsini qeyd etmək istərdim: «Musiqi alətlərinin hazırlanmasında təbii materiallar», «Azərbaycan aşıqlarının musiqisi türkologiya baxımından», «Layla və oxşamaların ritmikasına dair», «Qədim Azərbaycan folklorunun modal ritmikasına dair», «Kitabi Dədə Qorqudun musiqi sözlüyü», «Azərbaycan saxurlarının musiqi folkloru haqqında», «Azərbaycan musiqi folklorşünaslığının inkişafında Bülbülün rolu», «Islamın musiqi və xəttatlığa təsiri haqqında», «Ağalar Əliverdibəyovun musiqişünaslıq fəaliyyəti», «Azərbaycanda «Yar-yar» toy mahnıları» və s.
Göründüyü kimi, o, həm xalq musiqi nümunələrində, həm də bəstəkar yaradıcılığında ritmik xüsusiyyətlərin araşdırılması ilə yanaşı, Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi folkloru, xalq musiqisinin janrları, musiqi türkologiyasının geniş çeşidli problemləri ilə maraqlanır.
Onu da qeyd edək ki, F.Xalıqzadə mütəmadi olaraq respublikada keçirilən elmi konfranslarda məruzələrlə çıxış edir. O, həmçinin Moskva, St.Peterburq, Almatı, habelə Türkiyədə və Iranda keçirilən elmi konfranslara bir neçə dəfə dəvət almış və Azərbaycan etnomusiqişünaslığının bu günü və perspektivlərinə dair çıxışları ilə tanınmışdır.
F.Xalıqzadənin pedaqoji fəaliyyətini də xüsusi qeyd etməliyik. O, neçə illərdir ki, Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasının dosentidir. «Azərbaycan xalq musiqisinin əsasları», «Xalq musiqi yaradıcılığı», «Şərq xalqlarının şifahi ənənəvi musiqisi» fənlərini bakalavr və magistr dərəcəsi üzrə təhsil alan musiqişünaslara tədris edir.
Onun maraqlı faktlarla zəngin mühazirələrini dinləyən musiqişünaslar ixtisas yönümünün seçimində də məhz xalq musiqisinin tarixi və nəzəri problemlərinin araşdırılmasına meyl edərək, gələcəkdə etnomusiqişünaslıq sahəsində çalışan hazırlıqlı mütəxəssislər kimi yetişirlər. Bu baxımdan F.Xalıqzadənin elmi rəhbər kimi fəaliyyəti də təqdir olunmalıdır. Çünki onun rəhbərlik etdiyi bakalavr diplom işləri və magistr dissertasiyaları üçün seçdiyi mövzularda musiqimizin maraqlı, işlənilməmiş qatları əhatə olunaraq, elmi yeniliyi ilə diqqəti cəlb edir. F.Xalıqzadə öz elmi – tədqiqat üsullarını tələbələrinə də aşılamağı bacarır və onların musiqi elminə lazımlı mütəxəssislər kimi yetişməsində öz səyini, bilik və bacarığını əsirgəmir.
Fəttah Xalıqzadəni 50 illik yubileyi münasibətilə təbrik ebir, ona can sağlığı, sənət uğurları, elmin çətin yollarıda müvəffəqiyyətlər, tükənməz yaradıcılıq ilhamı arzulayıram.
Azərbaycanda musiqişünaslıq məktəbinin inkişaf edərək, dünyanın qabaqcıl elmi məktəbləri ilə bir sıraya çıxmasıni arzulayan və bunun üçün yorulmadan çalışan, əlindən gələni əsirgəməyən həmkarımın arzularının çin olacağına inanıram.
|