ÁÈÁËÈÎÃÐÀÔÈÉÀ
“MUSIQI PALITRASI”NIN ƏLVAN BOYALARI
Aida HÜSEYNOVA
MÜSLÜM MAQOMAYEVIN BƏDII ALƏMINƏ YENI NƏZƏR
Nigar RƏHIMOVA
YENI ELMI TOPLU
Ceyran MAHMUDOVA
YENI KITABLAR SILSILƏSINDƏN: ADILƏ MAILOVANIN «K.K.SƏFƏRƏLIYEVANIN MUSIQI IFAÇILIĞI YARADICILIĞININ YARANMASI VƏ TƏŞƏKKÜL&Uum
Gülnaz ABDULLAZADƏ
|
|
Bakı Musiqi Akademiyasının 80 illiyi ilə bağlı bir sıra yadda qalan tədbirlər, konsertlər keçirilmiş, məqalə və əsərlər dərc olunmuşdur. Onların arasında Akademiyanın «Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi» kafedrasının dərc etdirdiyi və BMA-nın 80 illiyinə həsr olunmuş «Azərbaycan şifahi xalq və professional musiqisinin problemləri» məcmuəsi də vardır. Müasir musiqişünaslığın aktual problemlərinə həsr olunmuş bu elmi məqalələr toplusunda istər adı çəkilən kafedranın müəllimləri olan bir sıra professor və dosentlərin, istərsə də magistr və dissertantların musiqişünaslıq elminin müxtəlif, əsas etibarilə etnomusiqişünaslıq sahəsinə aid elmi axtarışları öz əksini tapmışdır.
Tərtibçisi və məsul redaktoru sənətşünaslıq namizədi, dosent C. Həsənovanının olduğu topluya giriş sözünü BMA-nın «Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi» kafedrasının müdiri, sənətşünaslıq doktoru, əməkdar incəsənət xadimi, professor Ramiz Zöhrabov yazmışdır. O göstərmişdir ki, əvvəllər bir bölmə kimi, 1980-ci ildən başlayaraq isə müstəqil kafedra kimi fəaliyyət göstərən qurumun professor-müəllim heyəti bu illər ərzində bir sıra dərs vəsaiti və elmi işlər dərc etdirmiş, bu işdə əməli nəticələr əldə etmişdir.
Məcmuə «Şifahi ənənəli xalq və professional musiqi yaradıcılığı» və «Bəstəkar və xalq musiqisi» adlanan iki böyük bölmədən ibərətdir. Həmin bölmələrdə, göstərilən tematikaya uyğun olaraq, bir çox maraqlı məqalələrlə tanış olmaq mümkündür. Toplunun ilk bölməsi professor S. Abdullayevanın «Musiqişünaslığımızda əks olunmayan xalq çalğı alətlərimiz» məqaləsi ilə açılır. S. Abdullayeva milli musiqi alətlərimizin öyrənilməsində böyük xidmətləri olan musiqişünaslardan biri kimi bu sahədə uzun illər boyu ardıcıl olaraq çalışır. Hazırki məqalə mövzunun yeni aspektlərinin öyrənilməsində növbəti mərhələni təşkil edir. .
Professor R. Zöhrabovun müəllifi olduğu «Rəng – şifahi ənənəli Azərbaycan professional musiqisinin bir janrı kimi» məqaləsi rəng janrının tədqiqində yeni bir mərhələni təşkil edir. Məlumdur ki, alim şifahi ənənəli musiqinin müxtəlif janrlarının araşdırılması və təbliği istiqamətində bir çox dəyərli elmi əsərlər yaratmışdır. Adı çəkilən məqalədə R. Zöhrabov rəng janrının mənşəyi, onun dəstgahda rolu və s. xüsusiyyətləri haqqında bir sıra konkret məlumatlar vermişdir.
Toplunun ilk bölməsində həmçinin kafedranın dosentlərindən A. Yusifovanın «Azər-baycanda transkripsiya, işləmə və aranjimanın tarixindən (1895-1927)», A. Ziyadlının «Azərbaycan şifahi ənənəli musiqisində janr əlaqələri (müasir proseslər)», A. Əsə-dullayevin «Muğam dəstgahlarının ifası zamanı musiqi alətlərinin köklənməsi haq-qında» məqalələri dərc edilmişdir. Onlarda etnomusiqişünaslığın müxtəlif sahələrinə aid maraqlı elmi fikirlər irəli sürülür. Belə ki, A. Yusifovanın məqaləsində Azərbaycanda transkripsiya, işləmə və aranjimanın tarixinə aid bir sıra maraqlı tarixi faktlar göstərilmiş, A. Əsədullayevin məqaləsində isə xalq çalğı alətləri ansambllarında dəstgahların ifası zamanı köklənmə ilə bağlı problemlər araşdırılmışdır.
Bundan əlavə birinci bölmədə pedaqoji elmlər namizədi, dosent I. Hüseynovun «Azərbaycan musiqi mədəniyyətində ənənəvilik», dissertant və magistrlərdən E. Hüseynovanın «Rus musiqi alimləri və Azərbaycan xalq musiqisi (ümumi baxış)», N. Əliyevanın «Azərbaycan xalq mahnılarının toplanması və nəşrinə dair», E. Yusifovanın «Azərbaycan və yəhudi xalqlarının toy mərasimlərinin oxşar və fərqli cəhətləri haqqında» və S. Şirinovanın «Azərbaycan satirik və məzəli xalq mahnıları» məqalələri dərc olunmuşdur.
Məcmuənin «Bəstəkar və xalq musiqisi» adlanan ikinci bölməsində də bir sıra maraqlı elmi məqalələrə rast gəlmək olar. Qeyd etmək istərdik ki, «Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi» kafedrasında təkcə şifahi ənənəli musiqi janrları deyil, Azərbaycan bəstəkarlıq məktəbinin bir sıra nümayəndələrinin yaradıcılığının milli kökləri araşdırılır və bu da bir sıra maraqlı tədqiqatlarda öz əksini tapmışdır. Toplunun ikinci bölməsi professor Ə. Isazadənin «Qara Qarayevin yaradıcılığında xalq musiqisinin rolu» adlı məqaləsi ilə başlayır. Məqalədə bəstəkarın folklor ekspedisiyalarında iştirakı və həmin ekspedisiyaların onun milli təfəkkürünün formalaşmasındakı rolu araşdırılır.
Dosent F. Xalıqzadənin «Əfrasiyab Bədəlbəyli və Türkiyə musiqişünaslığı» məqaləsində görkəmli bəstəkar, musiqişünas və dirijorun elmi məqalə və çıxışlarının iki ölkə musiqişünaslıq elminin inkişafında böyük rolu qeyd olunur, Ə. Bədəlbəylinin yara-dıcılığı ilə bağlı maraqlı faktlar göstərilir.
Toplunun ikinci bölməsində diqqəti cəlb edən yazılardan biri də kafedranın dosenti C. Həsənovanın «Fikrət Əmirovun şifahi ənənəli xalq və professional musiqiyə dair mülahizələri» məqaləsidir. Burada müəllif bəstəkarın xalq musiqisi və şifahi ənənəli musiqi ilə bağlı müxtəlif illərdə söylədiyi dəyərli fikirləri göstərərək, onları əlaqələndirilmiş şəkildə təqdim edir.
Məcmuədə həmçinin kafedranın dosentlərindən M. Əhmədovanın «Uşaq musiqisi sahəsində çalışan bəstəkarların yaradıcılığı Ramiz Zöhrabovun əsərlərində», C. Mahmudovanın «Azərbaycan bəstəkarlarının mahnılarında 11 hecalı mətnlərin təzahürü», N. Axundovanın «Musiqi əsərinin strukturunda formul seqmentlərinin rolu», N. Rəhimovanın «Bülbülün milli vokal məktəbi haqqında mülahizələri» məqalələri də özünə yer almışdır. Onlarda bəstəkar yaradıcılığı müxtəlif aspektlərdən təhlil olunmuşdur.
Toplunun ikinci bölməsinin sonunda BMA-nın baş müəllimi A. Novruzovun «Azərbaycan bəstəkarları və tarda not ifaçılığı (1920-40-cı illər)», dissertantlardan Y. Əsədovanın «Ü. Hacıbəyovun elmi məqalələrində xalq musiqisinin tədqiqi məsələləri» və I. Novruzovanın «Nəriman Məmmədovun mahnılarında milli ladlardan istifadə məsələləri» məqalələri dərc edilmişdir.
Beləliklə, yuxarıda göstərilən məqalələrin rəngarəng məzmunu, toxunulan problemlərin geniş əhatə dairəsi göstərir ki, «Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi» kafedrasında çalışan professor-müəllim heyəti, aspirant və dissertantlar müasir musiqişünaslığın ən aktual məsələlərinə müraciət edərək, onları öz elmi işlərində araşdırmağı qarşılarında məqsəd qoymuşlar. Bütün bunlar kafedra rəhbərliyinin düzgün elmi istiqamətverici rolu sayəsində mümkün olmuşdur. Hazırki elmi məqalələr toplusunun «birinci buraxılış» kimi göstərilməsi belə qənaətə gəlməyə imkan verir ki, bu təşəbbüs sonralar da uğurla davam etdiriləcək.
|