ÀÇßÐÁÀÉÆÀÍ ÁßÑÒßÊÀÐËÀÐ ÈÒÒÈÔÀÃÛ - 70
HEYDƏR ƏLIYEV VƏ AZƏRBAYCAN BƏSTƏKARLAR ITTIFAQI
Ramiz ZÖHRABOV
BU GÜNÜMÜZƏ VƏ GƏLƏCƏYIMIZƏ INANIRAM
Vasif ADIGÖZƏLOV
TARIXIMIZI VƏRƏQLƏYƏRKƏN…
Lalə HÜSEYNOVA
NAXÇIVAN BƏSTƏKARLAR TƏŞKILATI
Şəmsəddin QASIMOV
GƏNCƏ BƏSTƏKARLAR TƏŞKILATI
Rauf ISMAYILZADƏ
LƏNKƏRAN BƏSTƏKARLAR TƏŞKILATI
Zəminə ƏLIYEVA
AZƏRBAYCAN BƏSTƏKARLAR ITTIFAQININ PLENUMU
-
TƏQDIMAT MƏRASIMI
-
YENILIKLƏR
-
TƏBRIKLƏR
|
|
Tarix baxımından 70 il əslində böyük müddət deyil. Lakin gəlin etiraf edək ki, Azərbaycan musiqisinin təkamülü baxımından bu dövr əsl mə’nada mərhələvi və taleyüklü olmuşdur1.
Məlum həqiqətdir ki, XX əsr Azərbaycan musiqi mədəniyyəti tarixində keyfiyyətcə yeni bir səhifə açdı. Bu səhifə ilk növbədə Avropa anlamlı peşəkar bəstəkar yaradıcılığının meydana gəlməsi ilə bağlı idi. Azərbaycanda çoxsaylı peşələrin sırasına biri də əlavə olundu – bəstəkar. Beləliklə, ilk Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun 1908-ci ildə həyat üzü görmüş «Leyli və Məcnun» operası ilə intibaha başlayan musiqimiz XX əsrin ortalarına doğru opera, balet, operetta, simfoniya, konsert kimi irihəcmli musiqi janrlarını, habelə bir sıra xırda musiqi formalarını da əxz etmiş oldu.
Azərbaycan musiqisinin çox qısa zaman kəsiyində, təxminən 30 il müddətində (1908-1940) əldə etdikləri, əlbəttə, ilk növbədə yeni yaranmış (1920-ci ildə isə sovetləşmiş) respublikada mükəmməl, üçpilləli təhsil sisteminin qurulması ilə bağlı idi: ibtidai musiqi məktəbləri, musiqi texnikumu və nəhayət, ali təhsil ocağı kimi Dövlət Konservatoriyası fəaliyyətə başlamışdı. Milli musiqiçi kadrların, o cümlədən bəstəkarların tərbiyə olunması üçün Moskva və Leninqrad (indiki Sankt-Peterburq) kimi nüfuzlu musiqi mərkəzlərindən Bakıya yüksək ixtisaslı professor-müəllim hey’əti də’vət olunmuşdu.
Sovet dövlətində yaradıcı ziyalıları ictimai təşkilatlarda birləşdirmək zərurətinin məhz keçən əsrin 30-cu illərində xüsusi aktuallıq kəsb etməsi təsadüfi deyildi. SSRI kimi dünyanın böyük və çoxmillətli bir hissəsini vahid əldə saxlamaq üçün totalitar sovet rejimi 30-cu illərdən başlayaraq, həyatın bütün sahələrində, iqtisadiyyatdan tutmuş mədəniyyətə kimi, vəziyyəti tam nəzarətə götürmək taktikasını seçdi. Bunun nəticəsi kimi isə, Sovet Ittifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin 23 aprel 1932-ci il tarixli qərarı ilə «Ədəbi-bədii təşkilatların yenidən qurulması» məsələsi gündəmə gəldi. Bu qərara müvafiq olaraq Azərbaycan bəstəkarlarının da təşkilatlanma prosesi başlandı.
Əlbəttə, digər yaradıcı peşə sahiblərindən, məsələn, artıq 20-ci illərdən etibarən ən müxtəlif Ittifaq və Assosiasiyalarda birləşən və 1927-ci ildə öz ilk qurultaylarını keçirən yazıçı və şairlərdən fərqli olaraq, bəstəkarların ayrıca təşkilatlanmasının nisbətən gecikməsinin obyektiv səbəbləri var idi. Bu da, ilk növbədə, peşəkar bəstəkar kadrlarının sayca çox az olmasından irəli gəlirdi. Milli kadrlar isə, ümumiyyətlə, barmaqla sayılırdı. Elə onu demək kifayətdir ki, Azərbaycanda bəstəkar ixtisası üzrə ali məktəb diplomu almış ilk milli kadr Asəf Zeynallı idi. Təsadüfi deyil ki, 1931-ci ildə konservatoriyanı yenicə bitirən Asəf Zeynallı Azərbaycan proletar musiqiçilər Assosiasiyasının sədri seçilmişdi. Lakin çox təəssüf ki, gənc olmasına baxmayaraq, ictimai xadim kimi xeyli işlər görmüş, ilk milli romanslar, simfonik musiqi nümunələrini yaratmış bu böyük istedad çox erkən – 23 yaşında ikən həyatdan köçdü və bununla da özünü tam reallaşdıra bilmədi.
Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.
|