ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
AZƏRBAYCAN ŞIFAHI XALQ ƏDƏBIYYATINDA ÇALĞI ALƏTLƏRI
Səadət ABDULLAYEVA
Search

ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
FOLKLORIZM: TERMIN, PROSES, PROBLEM
Ariz ƏBDÜLƏLIYEV
AZƏRBAYCAN ŞIFAHI XALQ ƏDƏBIYYATINDA ÇALĞI ALƏTLƏRI
Səadət ABDULLAYEVA
ÜZEYIR HACIBƏYOV VƏ ONUN MÜASIRLƏRININ FƏALIYYƏTININ ETNOMUSIQIŞÜNASLIQ ASPEKTI (ardı)
Həsən ADIGÖZƏLZADƏ
ETNOMUSIQI-
ŞÜNASLIĞIMIZIN KEÇMIŞINDƏN…

Kamilə DADAŞZADƏ

 


Tədqiqatçıların yekdil fikrinə görə çox qədim tarixə malik olan folklor nümunələri əsrdən-əsrə keçərək zəmanəmizə qədər gəlib çıxmışdır [1]. Çalğı alətlərimiz mövsüm, ailə-məişət, toy və yas mərasimlərində, məzhəkə, qaravəlli və şəbih tamaşalarında səslənməklə yanaşı, onların adları şifahi xalq ədəbiyyatının lirik (əmək, mövsüm və mərasim nəğmələri, xalq mahnıları, toy mərasimləri, bayatı, layla və oxşamalar, aşıq şeri) və epik (nağıl, tapmaca, atalar sözü və məsəllər, dastan, əfsanə, lətifə, yanıltmaca və uşaq oyunları, xalq oyunu və dramları) növlərində məzmuna uyğun yerlərdə çəkilir, səs çalarları, quruluş xüsusiyyətləri, çalınma tərzləri qeyd olunur. Bu bir tərəfdən çalğı alətlərinin xalq arasında geniş yayılmasını, insanların onları böyük həssaslıqla duymalarını, fəaliyyətlərinin müxtəlif anlarında və əhval-ruhiyyədən asılı olaraq səsləndirmələrini göstərir, digər tərəfdən isə şifahi xalq ədəbiyyatı nümunələri çalğı alətlərinin yayılması, quruluş və bədii ifadə xüsusiyyətlərinin öyrənilməsində mühüm əhəm iyyət kəsb edir.

        Müxtəlif növ çalğı alətlərinin adları Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi - “Kitabi-Dədə Qorqud” dastanında çəkilir, onların quruluşları, səs ucalığı və hansı materialdan hazırlanması göstərilir [2]:

Qolça qopız götürib eldən-elə, bəgdən-bəgə
ozan gəzər,
Ər comərdin, ər nakəsin ozan bilür.
Gumbır-gumbır nəqarələr dögüldi. Burması
altun tuc borular
çalındı.
Beyrək qalqdı, qızlar yanına vardı. Surnaçıları
qovdı,
nəqaraçuları qovdı.
Burnından qanı düdük kibi şorladı.
Qılınc çəküb altı kafər dəplədi, tolanbaz urıb
yundları ürkitdi.
Gumbır-gumbır davullar çalındı. Altun-tuc
borular ağrıldı.
Borı çalındı, kos uruldı.

        Bu sətirlərdən məlum olur ki, ozanların yanında gəzdirdikləri simli qopuz qolça, yəni qol uzunluğunda idi. Qızılı rəngdə tutacağı olan borular tuncdan hazırlanırdı. Zurna nağara ilə birgə, nəfəsli alət düdük isə solo çalınırdı. Atlar düşməndən qənimət kimi götürüldükdə onları ürkütmək üçün tolanbazdan (təbilbazdan) istifadə olunardı. Boru səslənəndə onu nağara ilə yanaşı zərb alətləri- davul və kos da müşayiət edərdi.

        XV-XVI əsrlərdə qələmə alınmış və “Oğuznamə” başlığı ilə toplanmış atalar sözü və zərb məsəllərində saz, qopuz, domrov və tavulun adları çəkilir [3]:

Dügün domrovsuz olmaz.
Tavul üni iraqdan xoşdur.
Nə vurulduq isə, vurulduq, tavul üninə
güvəndük.
Aşığa sinək avazı saz gəlür.
Qüvvətlü qollu qulunla, qopuz qılınla.

        Bu sətirlərdə simli alət domrovun (hal-hazırda Zaqatala-Balakən bölgələrində dambur, tambur, tonpur və tunpur adı ilə tanınır) toy şənliklərində istifadə olunması, zərb aləti tavulun (davulun) güclü səsi, aşıqla sazın uyuşması və qopuzun ecazkar simləri nəzərə çatdırılır.

        Folklorun ən qədim növü olan əmək nəğmələrinə aid edilən “heyvanların bəhsi” silsiləsində keçinin və eşşəyin “dili” ilə səslənən:

Davula (qavala) çəkilən mənim dərimdi1
Gərənaydan yoğun səsim var mənim

        misraları zərb aləti üzünün nədən hazırlanmasına, nəfəs alətinin isə güclü səsinə işarədir.

“Tütək”adlı nəğmədə:
Sürünü haylar tütək,
Eli haraylar tütək.
Çobana yol yoldaşı,
Itləri bağlar tütək.

        çalğı alətinin çobanların əmək fəaliyyəti ilə əlaqəsi əks olunur.


1 Burada və sonra verilən folklor nümunələri “Bayatılar” (toplayanı H.Qasımov. Bakı, Azərnəşr, 1962), “Azərbaycan folklor antologiyası”, I kitab (toplayanı Ə.Axundov. Bakı, Azərb. EA nəşr., 1968), “Bayatılar”. XVII-XX əsrlər (tərtib edəni A.Məmmədova. Bakı, Elm, 1977), “Toy və halay mahnıları” (tərtib edəni B.Şahsoylu. Bakı, Gənclik, 1980), “Atalar sözü” (toplayanı Ə.hüseynzadə. Bakı, Yazıçı, 1981), “Azərbaycan bayatıları” (tərtib edənlər B.Abdullayev, E.Məmədov, Q.Babazadə. Bakı, Elm, 1984), “Xalqın söz xəzinəsi” (tərtibçi P.Əfəndiyev. Bakı, Maarif, 1985), “Azərbaycan xalq mahnıları və təsnifləri” (tərtib edəni Q.Namazəliyev. Bakı, Işıq,1985), ”Xalqımızın deyimləri və duyumları” (tərtib edəni M.həkimov. Bakı, Maarif,1986), “Arazam kürə bəndəm” (tərtib edəni B.Abdullayev. Bakı, Yazıçı, 1986), “Tükənməz bulaq” (toplayanı L.Ağayev. Bakı, Işıq, 1986), “Nəğmələr, inaclar, alqışlar” (toplayanı A.Nəbiyev. Bakı, Yazıçı, 1986), K.Vəliyev. Elin yaddaşı, dilin yaddaşı (Bakı, Gənclik,1987), “Novruz bayra mı”(toplayanı A.Nəbiyev. Bakı, Yazıçı,1991), “Sözlü, nağıllı gecələr”. Folklor örnəkləri (toplayanı L. Ağalı. Bakı, Işıq, 1991), “El düzgüləri, elat söyləmələri”(toplayıb tərtib edəni M.Qasımlı. Bakı, Azərnəşr, 1993), “Azərbaycan folkloru antologiyas”: I kitab, Naxçıvan folkloru (tərtib edənlər T.Fərzəlyiev, M.Qasımlı. Bakı, Sabah, 1994); III kitab, Göyçə folkloru (toplayıb tərtib edəni H. Ismayılov. Bakı, Səda, 2000); IV kitab, Şəki folkloru, I c. (tərtib edənlər H.Əbdül-həlimov, R.Qafarlı, O.Orucov, V.Aslan. Bakı, Səda,2000); V kitab, Qarabağ folkloru (toplayanlar I.Abbaslı, T.Fərzəliyev, N.Nazim. Bakı, Səda, 2000); VI kitab, Şəki folkloru, II c. (toplayanı N.Əbdülhəlilov. Bakı, Nurlan, 2002); VII kitab, Qaraqoyunlu folkloru (toplayanlar H.Ismayılov, Q.Süleymanov. Bakı, Səda, 2002), “Xalqın söz mirvariləri”(toplayıb tərtib edəni Sədnik Paşa Pirsultanlı. Bakı, Azərnəşr,1999), Polad Əli. Üç min ilin hikməti. Bakı, Yurd, 2002) və başqa toplu və məqalələrdən alınmadır.

Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page