ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
FOLKLORIZM: TERMIN, PROSES, PROBLEM
Ariz ƏBDÜLƏLIYEV
AZƏRBAYCAN ŞIFAHI XALQ ƏDƏBIYYATINDA ÇALĞI ALƏTLƏRI
Səadət ABDULLAYEVA
ÜZEYIR HACIBƏYOV VƏ ONUN MÜASIRLƏRININ FƏALIYYƏTININ ETNOMUSIQIŞÜNASLIQ ASPEKTI (ardı)
Həsən ADIGÖZƏLZADƏ
ETNOMUSIQI- ŞÜNASLIĞIMIZIN KEÇMIŞINDƏN…
Kamilə DADAŞZADƏ
|
|
XIX əsrin görkəmli musiqiçisi Mirzə Sadıq Əsəd oğlunun yaratdığı Azərbaycan tarının konstruksiyasında qeyd etdiyi Azərbaycan üslubunun kristallaşması prosesinə dair tezis Ü.Hacıbəyov tərəfindən inkişaf etdirilərək çox əhəmiyyətli və perspektivli bir işə - «Azərbaycan xalq musiqisinin əsasları»nadək böyümüşdür.
Bu məqalə kontekstində belə bir fakt mühümdür ki, «Azərbaycan musiqi mədəniyyətinə bir nəzər», «Azərbaycanda musiqi tərəqqisi» məqalələrində Ü.Hacıbəyov folkloristikanın da, etnomusiqişünaslığın da əsas istiqamətlərini müəyyən etmişdir.
Ü.Hacıbəyov folklorşünaslıq istiqamətində (folklor nümunələrinin toplanıb yazılması sahəsində böyük və çətin işi nəzərdə tuturuq) «Azərbaycan türk el nəğmələri» (1927) adlı toplu kimi qiymətli bir irs qoyub getmişdir. Bundan başqa, o, rus musiqisindən gələn istiqaməti - xalq mahnılarının səs ilə fortepiano və xor üçün işləmələrinin yaradılması işini də inkişaf etdirmişdir. Azərbaycan tədqiqatçıları həm Ü.Hacıbəyovun, həm də onun müasirləri və davamçılarının fəaliyyətinin bu aspektlərini müfəssəl işıqlandırmışlar.
Folkloristikaya gəldikdə deməliyik ki, bu sahədə Ü.Hacıbəyovun sədaqətli silahdaşları - 1927-ci ildə «Azərbaycan rəqs havaları» toplusunu nəşr etdirmiş və 300-dək xalq melodiyasını nota yazmış (təəssüf ki, bunlar nəşr edilməyib) M.Maqomayev, xalq musiqisi kabinetinə və xalq melodiyalarının mexaniki yazılması işinə rəhbərlik edən Bülbül, eyni zamanda Asəf Zeynallı, Səid Rüstəmov, Cabbar Qaryağdı, eləcə də bəstəkarlıq məktəbinin gənc nəsli fəaliyyət göstərirdi. Xalq mahnılarının yazılması və işlənməsi sahəsində həm Azərbaycan Dövlət Konservatoriyasında çalışan (G.Burşteyn, S.Karagiçev, Ab və b.), həm Rusiyadan gələn (V.Krivonosov, G.Xubov, V.Belyayev, Vasilenko) başqa millətlərin nümayəndələri olan tədqiqatçılar da az iş görməmişlər.
Q.Qarayev, S.Hacıbəyov, F.Əmirov, Niyazi, T.Quliyev kimi bəstəkarlar da ənənəvi musiqinin yazılması işinə öz paylarını vermişlər. Bu mühüm, böyük zəhmət aparan işin faktları və mərhələləri bütün yaradıcılıq ömrünü folkloristika tarixinin öyrənilməsinə həsr etmiş Ə.I.Isazadənin namizədlik və doktorluq dissertasiyalarında bütün təfərrüatı ilə öz əksini tapmışdır.
Bizim qarşımızda duran məsələ başqadır: biz Azərbaycan elmində etnomusiqişünaslıq konsepsiyasının yaranması və təşəkkülü şərtlərini müəyyən edirik. Müasir Azərbaycan musiqisinin banisi Ü.Hacıbəyovun fəaliyyəti bu iki şaxənin bir-birinə qovuşmasını və eyni zamanda, folkloristikanın etnomusiqişünaslıqdan «cücərmə»sini parlaq nümayiş etdirir. Bu prosesin əks (başqa mədəniyyətlərlə müqayisədə) istiqamətini şərtləndirən bu idi ki, qədim Azərbaycan mütəfəkkirləri musiqi haqda zəngin biliklərinin əsas müddəalarını XX əsr xadimlərinə çatdıra bilmişlər. Bu, həm də ona görə «əks» istiqamətlidir ki, ənənəvi Azərbaycan musiqisinin konseptual vahidliyinin Ü.Hacıbəyov tərəfindən dərk edilməsindən sonra bizim hipoteza şəklində yaratdığımız Azərbaycan xalq musiqisi janrlarının cədvəlində yalnız boş xanələri doldurmaq lazım idi (burada Mendeleyev cədvəlini yada sala bilərik - həmin cədvəldəki yeni elementlərin kəşfi alimin özü tərəfindən qabaqcadan müəyyən edilmişdi). Bu günə kimi Az
ərbaycan folklorşünaslığı elə bununla məşğul olduğu halda, etnomusiqişünaslıq istiqaməti alimləri musiqinin öz dərinliklərinə (nəzəriyyə), əsrlərin dərinliyinə (tarix) və genişliyə (etnoqrafiya) aparıb çıxarmışdır. Təqdirəlayiqdir ki, Azərbaycan musiqisinin tədqiqinin ümumiliyinin (frontal xarakterinin) dərk edilməsi artıq 1950-ci illərdə Ə.Bədəlbəylinin «Izahlı monoqrafik musiqi lüğəti»ndə qeyd edilmişdir. 1 Musiqi elminin yuxarıda qeyd etdiyimiz üç istiqamətinə Ə.Bədəlbəyli daha dördünü də əlavə edir ki, bunlar akustika, alətşünaslıq, musiqi psixologiyası və musiqi tənqididir. 2 Alimlərimizin xalq musiqisi barədə işlərini təhlil edərkən demək olar ki, burada bütün aspektləri (tənqiddən başqa) aşkar edirik və bu da onların etnomusiqişünaslıq təfəkkür üslubunun kənardan Avropa və ya Rusiyadan deyil, öz sələfləri olan orta əsr alimlərindən əxz edildiyini göstərir.
Ü.Hacıbəyovun elmi fəaliyyətində biz iki aspekti - musiqi-etnoqrafik və nəzəri aspektləri irəli sürürük. Bunlardan birincisi üzərində yuxarıda dayanmışdıq: ikincisini də bizim inkişaf etdirdiyimiz aspektdə səciyyələndirmək zəruridir.
Ü.Hacıbəyov «Azərbaycan xalq musiqisinin əsasları» işini yaratmaqla bu terminin I.Zemtsovskinin təklif etdiyi müasir təfsirində nəzəri etnomusiqişünaslığın əsasını qoymuşdur. Biz alimin belə bir tezisini nəzərdə tuturuq ki, «gələcəyin tələb edilən elmi-özündə musiqişünaslıqla etnomusiqişünaslığı birləşdirən yeni elm - musiqini eşitmə qabiliyyəti haqda elmdir».3
Öz işini müasirləri və varislərinin (yəni bizlərin) sərəncamına təqdim edən Ü.Hacıbəyov: a) nəzəriyyəni folklorla birləşdirmiş və ya başqa sözlə desək, xalq musiqisinin qanunauyğunluqlarını nəzəri cəhətdən dərk edib mənalandırmışdır; b) burada mikroalterasiyanın, yəni sistemə daxil olmayan səslərin kompensasiyası üsullarını ona diqtə edən özünün musiqini eşitmə qabiliyyətinə arxalanaraq, nəzəriyyədə temperasiyalı sistemə keçməyə risk etmişdir: c) özünün yaratdığı sistemdə «Koroğlu» operasını bəstələyərək, yol verilmiş sadələşdirmənin eşidilməsi maneəsinin dəf edilməsi mexanizmini nümayiş etdirmişdir (vokal epizodlarda bu təmiz səsi bir ton hüdudunda «bəzəyən» milli oxuma tərzindən istifadə yolu ilə, instrumental epizodlarda isə Azərbaycan musiqisində real şəkildə mövcud olan mikrointervalların daxil olduğu tembr-akustik zonanı dolduran melizmlər hesabına əldə edilmişdir).
1Bədəlbəyli Ə. Izahlı monoqrafik musiqi lüğəti. Bakı, Elm, 1969
2 Yenə orada, s. 6
3 «Zemüovskiy I. Apoloqiə sluxa. Curnal «Muzıkalğnaə Akademiə», ¹ 1, 2002, s. 11
Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.
|