ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
IFAÇILIQ...
-
Search

ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
IFAÇILIQ...
-
GÖRÜŞLƏR...
-
MÜSABIQƏLƏR...
MÜSAHIBƏLƏR...

-
EKSPEDISIYALAR...
-
YARADICILIQ...
-
MUZEYLƏRDƏ...
-
MUSIQI TƏHSILI...
-

 


AZƏRBAYCANDA SIMLI KVARTETIN YARANMASI VƏ INKIŞAFI TARIXINDƏN SƏHIFƏLƏR

       1921-ci ildə Şərqdə ilk dəfə olaraq konservatoriya yaradılır. Bu tədris müəssisəsinin yaradılmasında dövrün ən yaxşı musiqiçilərinin, əsl ziyalı insanların, bəstəkarların, xanəndələrin əvəzolunmaz xidmətləri olmuşdur. Burada xüsusilə dahi bəstəkarımız, sonralar Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsində səylə çalışan Ü.Hacıbəyovun adını qeyd etmək lazımdır. Konservatoriyada azərbaycanlı tələbələrin avropa musiqi alərlərində yüksək səviyyəli ifa üslublarını, klassik musiqi ənənələrin tam mənimsəmələri üçün isə Üzeyir bəy keçmiş SSRI-nin müxtəlif tədris ocaqlarında çalışan istedadlı musiqiçiləri Azərbaycan Dövlət Konservatoriyasında işləməyə dəvət edir. Ifaçılıq sahəsində inkişafın vacibliyini nəzərə alaraq, 1925-ci ildə görkəmli musiqiçi, istedadlı violonçelist, RSFSR-in əməkdar artisti, professor L.V.Rostropoviç Bakıya dəvət olunur.

       L.Rostropoviç kiçik yaşlarından başlayaraq, tutduğu musiqiçi yolunda hər zaman uğurla addımlamışdır. 1910-cu ildə konservatoriyanı qızıl medalla bitirən L. Rostropoviçin adı çox nadir olan əlaçılar siyahısına daxil olunmuşdur. Artıq xaricdə müvəffəqiyyətlə çıxış edən 18 yaşlı L.Rostropoviç haqqında Fransa, Amerika, Ingilis mətbuatında olduqca gözəl fikirlər yazılmış, onun üçün xüsusi olaraq «Violonçelist-solist L.Rostropoviç» adlı reklam prospekti yaradılmışdı. Elə bu dövrdə Mendelson adına Berlin muzeyi L.Rostropoviçi 1758-ci ildə J.V.Qvadanini tərəfindən düzəldilən violonçellə mükafatlandımışdı. Bir sözlə, L.Rostropoviçin fəaliyyətini musiqi həyatında yeni bir hadisə hesab edirdilər.

       L.Rostropoviçin musiqiçi kimi fəaliyyətindən danışarkən, xüsusilə onun Bakıda göstərdiyi xidmətləri qeyd etmək lazımdır.Bakıda yaşadığı illəri L.Rostropoviç həyatının ən maraqlı dövrü hesab etmişdir. Ilk dəfə Azərbaycana L.Rostropoviç 1914-cü ildə gəlmişdi. Və bu illərdə Bakıda keçirilən konsertlərdə istedadlı violonçelist böyük uğurla çıxış edirdi.Bakı musiqi cəmiyyətinin rəğbətini qazanan L.Rostropoviç yenidən, 1925-ci ildə Bakıya gəlir.

       Azərbaycan Dövlət Konservatoriyasında pedaqoq kimi çalışdığı illər ərzində əsl yaradıcı insan olan L.Rostropoviç tələbələrindən istedadını əsirgəməmiş, özünəməxsus ifaçılıq qabiliyyətini tələbələri ilə bölüşmüşdür. Azərbaycan professional musiqisinin aparıcı siması olan Üzeyir bəylə istedadlı violonçelist L.Rostropoviç arasında tezliklə əsl dostluq münasibətləri yarandı.

       Musiqi ansamblları arasında dörd ifaçıdan ibarət olan kvartetlərin geniş yayıldığını qeyd etməliyik.Müxtəlif tərkibli kamera ansamblları içərisində simli kvartetlər xüsusi yer tutur. Azərbaycanda ilk simli kvarteti Ü.Hacıbəyovun təklifi ilə Azərbaycan professional violonçel məktəbinin inkişafında böyük rolu olan L.Rostropoviç yaratmışdır. Konservatoriyada simli alətlər sinfi 1925-ci ildə təşkil olunmuşdu. Simli kvartetin yaradılması da məhz bu dövrə təsadüf edir. Kvartetin üzvləri isə I.Eydlin, M.Simberov,V.Adamski və L.Rostropoviç idilər.

       Ü.Hacıbəyov M.Maqomayevlə birlikdə simli kvartet üçün əsərlər yazır, Azərbaycan xalq mahnılarını kvartet üçün işləyirdilər. Nümunə olaraq, Ü.Hacıbəyovun «Üç telli durna», «Yallı», «Dağlarda çiçək», M.Maqomayevin «Dağıstan dağ yeridir» xalq mahnı işləmələrini göstərmək olar.Bu əsərlər simli kvartet tərəfindən konsertlərdə məharətlə ifa edilirdi.

        L.Rostropoviçin yaşadığı evdə tez-tez musiqi gecələri keçirilirdi. Təbii ki, bu musiqi gecələrində istedadlı musiqiçilər, Azərbaycan Dövlət Konservatoriyasının müəllimləri də iştirak edirdilər.

       Müəyyən müddətdən sonra konservatoriyanın tərkibində fəaliyyət göstərən simli kvartetin tərkibi dəyişir. Beləliklə, kvartetdə S.L.Bretanitski (I skripka), N.I.Simberov (II skripka), V.Adamski ( alt) və Z.S.Qonçarov (violonçel) çıxış edirdilər.

       1930-cu illərin əvvəllərində kamera kollektivləri sırasında M.Paltsev, A.Qrossman, V.Adamov və A.Şvartsın iştirakı ilə simli kvartet yaradılır.Qeyd etməliyik ki, bu kollektiv iyirmi ilə yaxın müddət ərzində geniş dinləyici kütləsi qarşısında çıxış etmişdir.

       1940-cı illərin əvvəllərində Bakı radio mərkəzində azərbaycanlılardan ibarət ilk simli kvartet yaranır. Bu kvartet isə on il fəaliyyət göstərmişdir. Kvartetin üzvləri: B.Məmmədzadə, Q.Sultanov, A.Hacıyev və B.Heydərov idilər. Artıq Azərbaycanın musiqi həyatında, konsertlərdə simli kvartetin də özünəməxsus yeri var idi.

       Ilk Dövlət Simli kvarteti isə Q.Qarayevin rəhbərliyi ilə 1951-ci ildə yaradılır. Kvartetin tərkibinə Azərbaycan Dövlət Konservatoriyasının müəllimləri daxil idi: Azad Əliyev(I skripka), Murad Tağıyev(II skripka), Rəşid Seyidzadə(alt), Sabir Əliyev(violonçel). Iki ildən artıq müddət ərzində bu gənc kollektivə I.M.Turiç rəhbərlik edir. Qeyd etməliyik ki, I.M.Turiç 1925-1931-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında L.Rostropoviçin tələbəsi olmuşdur. Ilk illərdə simli kvartet yalnız Azərbaycan Dövlət Konservatoriyasında keçirilən konsertlərdə çıxış edirdi. 1953-cü ildən isə M.Maqomayev adına Dövlət Filarmoniyasının ən yaxşı kollektivinə çevrilir.Artıq bu illərdən başlayaraq, Azərbaycan bəstəkarlarının yaradıcılığında kvartet üçün saysız-hesabsız əsərlər yaranmağa başladı. Qeyd etməliyik ki, konservatoriyada təhsil alan gənc bəstəkarlar tədris proqramına əsasən kvartet üçün əsərlər yazırdılar. Kvartet üçün yazılmış əsərlər sırasında ilk öncə Ü.Hacıbəyov,A.Zeynal lının əsərlərini qeyd edirdiksə, artıq belə əsərlər bir çox bəstəkarlarımızın yaradıcılığında da yaranmağa başladı.Belə ki,Azərbaycan Dövlət simli kvartetinin ifasında görkəmli Azərbaycan bəstəkarlarının: Q.Qarayev, S.Hacıbəyov, C.Hacıyev və başqalarının əsərləri məharətlə ifa olunurdu. Bu gün isə bəstəkarlarımızın yaradıcılıqlarına nəzər salsaq, simli kvartet üçün yazılmış əsərlərə A.Rzayev, M.Mirzəyev, X.Mirzəzadə, O.Zülfüqarov, T.Bakıxanov A.Dadaşov, E.Dadaşova və başqalarının yaradıcılığında rast gəlmək olar.Azərbaycan Dövlət Simli kvartetinin repertuarı isə olduqca geniş idi.Belə ki, onlar Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı klassiklərin: I.S.Bax, I.Haydn, V.A.Mosart, L.Bethoven, I.Brams, P.I.Çaykovski və başqa bəstəkarların əsərlərinə də müraciət edirdilər.

       1957- ci ildə Azərbaycan Dövlət simli kvarteti Moskvada keçirilən Ümumittifaq Gənclər Festivalında böyük uğurla çıxış edərək ən yüksək mükafata - Qızıl Medala layiq görülür. Daha sonra simli kvartet VI Ümumdünya Festivalında II mükafata-Gümüş Medala layiq görülür. Simli kvartet artıq geniş dinləyici kütləsi tərəfindən Qafqaz ölkələri, Ukrayna, Moldaviya və başqa yerlərdə tanınırdı.Bu uğurları əldə etməkdə kvartetin hər bir üzvünün istedadı böyük rol oynayırdı.

       I skripkada ifa edən A.Əliyev görkəmli skripka ifaçısı olmuşdur.Gözəl səslənmə tərzi, mükəmməl texnika, zəngin artistlik temperamenti onun ifasına xas olan cəhətlər idi.

       II skripkada M.Tağıyev ifa edirdi. Kvartet üzvləri arasında yaş fərqi ilə böyük olan M.Tağıyev də ifaçıya xas olan üstünlükləri öz çalğısında əks etdirməyi bacarırdı.

       Kvartetin digər bir üzvü R.Seyidzadə olmuşdur. O,1958-ci ildə ADK-nın skripka sinfini bitirmişdir.Altda çalmağa isə 1950-ci ildə kamera ansamblı sinfində başlamışdı.Öz ifasına ciddi tələbkarlıq, musiqini gözəl duyma qabiliyyəti, ansambl ifaçılığında ustalıq onu kvartetin digər üzvləri ilə yaxınlaşdırmışdı.

       Kvartetin əldə etdiyi uğurlardan danışarkən, xüsusi olaraq, violonçelist S.Əliyevin xidmətlərini qeyd etməliyik. 1946-cı ildə ADK-na daxil olan S.Əliyev 1951-ci ildə konservatoriyanı müvəffəqiyyətlə bitirir.Bu illərdən, konservatoriyada və Bülbül adına orta ixtisas musiqi məktəbində pedaqoji fəaliyyətə başlayır.Azərbaycan professional ifaçılıq sənətinin inkişafında mühüm rol oynayan, neçə-neçə violonçelisti bu uğurlu yola yönəldən S.Əliyevin ifaçılığı, yaradıcılığı ilə daim fəxr etməliyik.

       S.Əliyevin dünya şöhrətli musiqiçi, həmyerlimiz M.Rostropoviçlə olan əlaqələrini də qeyd etməliyik. L.və M. Rostropoviçlərin ev muzeyində qorunub saxlanılan materiallar, nümayiş olunan fotoşəkillər bu iki yaradıcı insanın bir-birinə bəslədikləri gözəl münasibətlərini təsdiqləyir. M.Rostropoviç isə S.Əliyev haqqında yazır: «Azərbaycan Dövlət Konservatoriyasının violonçel sinfi çox yüksək professional səviyyədə durur. Bu işdə, sözsüz, mənim dostum, istedadlı müəllim və musiqiçi S.Əliyevin xidməti böyükdür»1.

       Bir sözlə, kvartetin hər bir üzvünə xas olan eyni xüsusiyyətlər: kollektiv fərdilik, yaradıcılıq uğurlarını əldə etmək üçün qarşıya qoyulan məqsəd bu ansamblın daim uğur qazanması üçün ən əsas şərtlərdən olmuşdur.

       Ayrı-ayrı musiqi ocaqlarında fəaliyyət göstərən simli kvartetlərdən danışarkən, Azərbaycanda ilk dəfə L.Rostropoviçin təşəbbüsü ilə yaradılan simli kvartetin artıq bu gün yüksək bir inkişaf mərhələsi keçdiyini qeyd etməliyik.

       Azərbaycan Dövlət Konservatoriyasında simli kvartetlərdən biri 1967-ci ildə S.Qəniyev (I skripka), B.Mehdiyev (II skripka), Z.Rüstəmzadə (alt) və R.Abdullayevin (violonçel) iştirakı ilə yaranmışdır. Bir ildən sonra kollektiv Sofiya şəhərində keçirilən IX Ümumdünya gənclər və tələbələr festivalında uğurla çıxış edir. Festivalda kvartetin tərkibində altda Ç.Məmmədov ifa etmişdir.Simli kvartetin üzvlərinin tez-tez dəyişməsi nəticəsində daima yeni-yeni kollektivlər yaranmışdır.Belə ki, konservatoriyanın nəzdində yaranan simli kvartetlərdən biri də S.Qəniyev (I skripka), B.Mehdiyev (II skripka), T.Aslanov (alt) və Y.Abdullayevin (violonçel) iştirakı ilə fəaliyyət göstərmişdir.

       Konservatoriyada fəaliyyət göstərən simli kvartetlərdən biri respublikamızda ilk dəfə yaranan qadın simli kvarteti olmuşdur.Kvartetin üzvləri T.Əliyeva (I skripka), X.Rəhimova (II skripka), S.Səyidova (alt) və N.Abbaszadə(violonçel) idi. Fəaliyyət göstərdiyi müddətdə bu kollektiv konservatoriyanın konsert həyatında uğurla çıxış etmişdir.

       Konsertlərdə, musiqi festivallarında uğurla çıxış edən simli kvartetlərdən danışarkən istedadlı musiqiçi R.Seyidzadənin rəhbərliyi ilə yaranan kollektivin fəaliyyətini qeyd etməliyik. Ansamblın tərkibinə Zaqafqaziya müsabiqəsinin laureatları Ə.Babayev, D.Seyidzadə və E.Isgəndərov daxil idi. E.Isgəndərovun iştirakı ilə daha bir simli kvartet isə Bakı Incəsənət Mərkəzinin tərkibində fəaliyyət göstərmişdir. R.Əmirəliyev, R.Müzəffərov, I.Məmmədov və E.Isgəndərov tərəfindən təşkil olunmuş bu kollektiv hətta 1991-ci ildə «Amadeus» adı ilə Londonda keçirilən Beynəlxalq yay müsabiqəsinin iştirakçısı olmuşdur.

       Azərbaycanda simli kvartetin yaranması, inkişaf mərhələsinin nə qədər maraqlı olduğunu nəzərə alaraq L. və M. Rostropoviçlərin ev-muzeyində keçirilən növbəti tədbir bu mövzuya həsr edilmişdir.

       Tədbiri giriş sözü ilə muzeyin direktoru Şeyla xanım Heydərova açmışdır.Sonra L.Rostropoviçin 1925-1931-ci illərdə Bakıda yaşadığı dövrdəki fəaliyyətini işıqlarından məruzə ilə muzeyin kiçik elmi işçisi K.Kərimova tədbirdə çıxış etdi. Məruzədə L.Rostropoviçin təşəbbüsü ilə ADK-nın nəzdində yaradılan ilk simli kvartetin fəaliyyətindən, eləcə də simli kvartet ansambllarının sonrakı inkişaf mərhələlərindən bəhs olundu.Bununla yanaşı, tədbir iştirakçıları sərgi ilə tanış oldular. Sərgidə əsası 1951-ci ildə qoyulan Azərbaycan Dövlət Simli Kvartetinin konsert afişaları, simli kvartetin ifası ilə yazılmış qramvallar, fotoşəkillər, Azərbaycan bəstəkarlarının simli kvartet üçün yazdığı əsərlər, muzeyin fondundan olan materiallarla yanaşı, E.Isgəndərov, N.Abbaszadə, Y.Abdullayevin şəxsi arxivindən olan materiallar da nümayiş etdirildi. Tədbirdə Ü.Hacıbəyov adına BMA-nın kamera ansamblı kafedrasının müdürü R.Nərimanbəyli, Musiqi Akademiyasının professorları E.Isgəndərov, B.M ehdiyev, bəstəkarlarımızdan A.Rzayev, M.Mirzəyev, O.Zülfüqarov, Opera studiyasının direktoru A.Əliyev, A.Zeynallı adına musiqi kollecinin tələbələri, Polşa Cəmiyyətinin Bakıdakı nümayəndəliyi və başqaları iştirak etdilər. Sonda Azərbaycan Dövlət Simli Kvartetinin ifasında konsert proqramı qonaqlara təqdim olundu. Kvartetdə U.Seyidov (I skripka), S.Məmmədova (II skripka), V.Imanov (alt) və A.Miltıx (violonçel) ifa edirdilər. Azərbaycanın bu günkü musiqi həyatında Dövlət Simli Kvartetinin tutduğu mövqeyi və ecazkar ifası Azərbaycanda simli kvartet ansamblının yüksək inkişaf mərhələsi keçdiyini təsdiqləyir.




1 Ədəbiyyat və incəsənət qəzeti. I.Ismayılzadə. Vaxtında gələn sevinc. 31.01.1970.

Şeyla HEYDƏROVA



   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page