ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
IFAÇILIQ...
-
GÖRÜŞLƏR...
-
MÜSABIQƏLƏR... MÜSAHIBƏLƏR...
-
EKSPEDISIYALAR...
-
YARADICILIQ...
-
MUZEYLƏRDƏ...
-
MUSIQI TƏHSILI...
-
|
|
AMERIKA TƏƏSSÜRATLARI
Bu ilin sentyabr ayının 8-dən 28-nə kimi Azərbaycan nümayəndə heyəti ABŞ-ın Ohayo ştatında, Sinsinnati şəhərində səfərdə oldu. Bu səfər «Ictimai əlaqələr: mədəni–tarixi abidələrin qorunması» proqramı çərçivəsində təşkil edilmişdir. Həmin proqram ABŞ-ın Dövlət departamentinin mədəniyyət və təhsil işləri üzrə bürosunun sponsorluğu sayəsində həyata keçirilmişdir. Proqramın təşkilatçısı Elmi tədqiqatlar və qarşılıqlı əlaqələr üzrə beynəlxalq şura – IREX – Azərbaycan idi. Proqramın iştirakçısı və bilavasitə Amerikada onun hazırlanmasının və həyata keçirilməsinin yardımçısı Sinsinnatinin Beynəlxalq turist şurası idi.
Azərbaycan nümayəndə heyətinin tərkibinə Azərbaycan Musiqi mədəniyyəti dövlət muzeyinin direktoru Alla Bayramova, Xalça muzeyinin direktoru Röya Tağiyeva, Xalçaların bərpası mərkəzinin direktoru Emin Haşımov, Gəncə dekorativ – tətbiqi sənət şəxsi muzeyinin direktoru Qalib Bağırov, AMEA Arxeologiya institutunun əməkdaşı Nəsib Muxtarov, Miniatür kitablar muzeyinin direktoru Zərifə Salahova, Azərbaycan tarixi muzeyinin əməkdaşı Madrid Surxayev, Bakı Incəsənət Mərkəzinin nümayəndəsi Rafael Gülməmmədli və mən daxilidim.
Ilk növbədə qeyd etməliyəm ki, qrupumuzun üzvlərini ayrı-ayrı amerikalı ailələrdə yerləşdirmişdilər. Səfər müddətində mən üç ailəyə qonaq oldum: Sara və Piter Şmidtlərin (10-12 sentyabr), Cim Miller və Calin Strubinin (12-17 sentyabr), Devid və Cudi Sabasların (17-27 sentyabr) evində qaldım. Fürsətdən istifadə edərək, mən bu ailələrə və qrupumuzu səmimiliklə qəbul edib, gözəl şərait yaratdıqlarına görə amerikalılara öz dərin minnətdarlığımı bildirmək istəyirəm.
«Ictimai əlaqələr» proqramının meneceri Reyçel Ekerot, onun assistenti isə Deyvid Nufrio, icraçı direktoru Mark Rebstok idi. Onlar bizi öz ölkələrinin mədəni – tarixi abidələri ilə tanış etmək məqsədilə çox rəngarəng və zəngin bir proqram hazırlamışdılar. Səfər müddətində biz, demək olar ki, Sinsinnatidəki, həmçinin Kentukki və Indiana ştatlarındaki əsas muzeylərdə olduq.
Onlardan bir neçəsi haqqında xüsusi danışmaq istərdim. Biz Sinsinnati Muzey mərkəzinə daxil olan mədəniyyət və incəsənət ocaqlarını gəzdik. Bu mərkəz özündə Sinsinnati Tarix cəmiyyətinin kitabxanasını, Tarix muzeyini, Uşaq muzeyini, Təbiətşünaslıq muzeyini, «Omnimeks» panoramlı kinoteatrını, Sinsinnati bədii muzeyini, Plezent – Xilldə “Shekel village” muzeyini Azadlıq Muzeyini, Müzik – xollun qorunması cəmiyyətini və başqa bu kimi mədəniyyət və incəsənət ocaqlarını birləşdirir. Bütün bu ekskursiyalarda maraqlı ekspozisiyalarla, sərgilərlə tanışlıq bizdə silinməz təəssüratlar oyatdı. Məsələn, Bədii muzeydə gördüyümüz «Petra: itirilmiş daş şəhər» adlı sərgidə minillik tarixə malik olan Petra şəhərinin və nabateyalıların zəngin mədəni ənənələrini əks etdirən eksponatlar nümayiş olunurdu. Burada həm Sinsinnati muzeylərinin Nabateya incəsənətini əks etdirən kolleksiyası, həm də Iordaniya və Misirdən gətirilmiş dəyərli incəsənət əsərləri diqqəti cəlb edir. Muzeydə, həmçinin qədim Qərb və Şərq musiqi alətləri
nümayiş olunur, məsələn, çəng, rübab, sitar bu qəbildəndir. Bu, çox böyük kolleksiyadır. Əlamətdardır ki, bu alətlərin çoxu şəxsi kolleksiyalardan muzeyə hədiyyə olunmuşdur. Qeyd etdiyim “Shekel village” isə qapalı dini icmadır. Onlar vaxtilə Ingiltərədən Amerikaya köçüb gəlmişlər. Onların musiqisi çox maraqlıdır. Belə ki, onların oxuduqları qədim ingilis ballada-mahnılarında spiriçuels çizgiləri də öz əksini tapır. Ifa zamanı isə onlar bədənlərini titrədirlər ki, bu da bir növ mənə dərviş oxumalarını xatırlatdı.
Bundan başqa, Azadlıq Muzeyinə ekskursiya bizdə böyük maraq yaratdı. Həmin muzey bu ilin avqust ayında açılmışdır. Onun tikintisi 110 milyon dollara başa gəlmişdir ki, bu məbləğin yarısından çoxu xeyriyyəçilik hesabına ödənilmişdir. Muzeyin həm binası, həm də ekspozisiyası sanki insanı gələcəyə aparır. Burada, həmçinin, amerika xalqının azadlıq mübarizəsinə həsr olunmuş tarixi film də nümayiş etdirilir. Ekskursiyadan sonra muzeyin əməkdaşları ilə bizim səmimi görüşümüz oldu.
Daha bir maraqlı görüş Sinsinnati Universitetinin kitabxanasında keçirildi. Biz, həmçinin, Ümumşəhər kitabxanasında da olduq. Bu kitabxana texnikanın ən son tələbləri səviyyəsində avadanlıqla təchiz olunmuş böyük bir binada yerləşir. O, böyük kitab fonduna malikdir və şəhərdə 41 filialı fəaliyyət göstərir. Burada keçirilən görüşdə bizə məlumat verdilər ki, şəhərdəki bir çox muzeylər tədris proqramlarına malikdir. Onlar da ya qrantlar hesabına, ya da Muzey klubunun üzvləri tərəfindən maliyyələşdirilir. Müəyyən günlərdə burada uşaqlar üçün bu və ya digər tarixi hadisəyə həsr olunmuş silsilə proqramlar təşkil olunur. Muzey əməkdaşları, həmçinin, təbliğat işinə böyük diqqət yetirirlər. Belə ki, bütün mədəniyyət və incəsənət ocaqlarında marketinq və reklam üzrə menecer fəaliyyət göstərir. Çoxsaylı sponsorların hesabına nəşr olunan rəngarəng bukletlər də təbliğata xidmət edir. Eyni zamanda, muzeylərin nəzdində kiçik suvenirlər hazırlayan emalatxanalar da fəaliyyət göstərir.
Sinsinnati Universitetində Musiqi tarixi və nəzəriyyəsi şöbəsinin professorları ilə görüşüm də maraqlı oldu. Mən qısa şəkildə Azərbaycan musiqisinin tarixinə dair məlumat verdim. Bakı Musiqi Akademiyası haqqında danışdım. Universitetin kitabxanasına disklər – Fərhad Bədəlbəylinin, Bəhram Mansurovun, Cavanşir Quliyevin albomlarını, «Leyli və Məcnun» DVD diskini, «Musiqi dünyası» jurnalını Vasif Adıgözəlovun mahnılarından ibarət disklə birgə hədiyyə etdim. BMA-nın elektron kitabxanası saytını, buradakı notları, audio, video materialları nümayiş etdirdim.
Sinsinnati filarmoniyasında da konsertdə olduq. Sinsinnati Filarmoniyasının Simfonik orkestrinin ifası çox gözəl və təsirli idi. Orkestrin dirijoru milliyyətcə eston olan Paavo Yarvidir. Onun rəhbərliyi altında Bethovenin «Leonora» uvertürası və Sibeliusun xor əsəri səsləndi. Yeri gəlmişkən, qeyd edim ki, həmin əsər Estoniyadan olan kişi xorunun ifasında səsləndi və bu, qeyri-adi bir səslənməyə malik ifa idi. Onu da demək istərdim ki, Sinsinnati Filarmoniyasının iş prinsipi bizimkindən çox fərqlidir. Belə ki, burada simfonik konsertlərlə yanaşı, operalar da göstərilir. Qastrola gələn musiqiçilər də çox olur. Maraqlıdır ki, həm konsertdən əvvəl, həm də fasilələr zamanı filarmoniya sanki bir canlı şou məkanına çevrilir. Burada həm simfonik orkestri təbliğ edən disklərin satışı keçirilir. Eyni zamanda, müxtəlif əşyaların satışı təşkil olunur, bufet fəaliyyət göstərir. Konsertə gələn insanlar belə coşqun mühitdə dirijorla, xormeysterlə söhbətlər aparır, brifinq keçirirlər. Bütün bunların simfonik orkestr ü
çün, simfonik musiqinin təbliği üçün mühüm əhəmiyyəti var.
Səfər proqramı çərçivəsində qrupumuzun təqdimatı da keçirildi. Bu, çox ciddi bir tədbir idi. Belə ki, ilk dəfə olaraq, Azərbaycan mədəniyyəti və incəsənətinə dair maretiallar belə kompleks şəkildə Amerika ictimaiyyətinə təqdim olunurdu. Tədbirdə 70-ə yaxın amerikalı iştirak edirdi. Onu da deyim ki, tədbirin əvvəlində «Musiqi Dünyası»nın internet saytı sayəsində Azərbaycan Respublikasının himni səsləndi. Amerikalı həmkarlarımıza Azərbaycan mədəniyyət və incəsənətinə dair fotomateriallar, xalça məmulatı nümunələri, miniatür kitablar, ingilis dilində bukletlər, Miniatür kitab muzeyinin fotoalbomu, Azərbaycanın xəritəsi, Azərbaycanın milli musiqi alətlərinə həsr olunmuş disk təqdim olundu.
Bundan başqa, «Musiqi Dünyası» internet jurnalının səhifələri ilə tanışlıq oldu. Burada verilmiş tezis xarakterli mühazirələrlə yanaşı, kompüter texnologiyası sayəsində Azərbaycan xalçaları, təsviri sənət əsərləri, qayaüstü rəsmlər, Azərbaycan milli musiqi xəzinəsinin inciləri ekranda göstərildi. Qara Qarayevin baletlərindən parçalar, Vaqif Mustafazadənin musiqisi, Məcnun Kərimovun rəhbərlik etdiyi Qədim musiqi alətləri ansamblının çıxışı səsləndirildi. Bütün bunlar amerikalılar tərəfindən maraqla qarşılanırdı. Biz Azərbaycanın mədəniyyəti və incəsənəti ilə yanaşı, həmçinin respublikamızın bu günkü həyatına, reallıqlarına, iyirmi faiz torpaqlarımızın erməni işğalçıları tərəfindən zəbt olunmasına dair söhbətlər apardıq. Natəvanın, Üzeyir Hacıbəyovun və Bülbülün güllələnmiş heykəllərini, erməni vandalizmini və düşmən tapdağı altında qalmış torpaqlarımızın vəziyyətini, qaçqın və məcburi köçkünlərin ağır həyat tərzini əks etdirən fotosərgini amerikalılara təqdim etdik. Bu materiallar onlarda böyük həyəcan
və təəssüf hissləri oyatdı.
Təqdimat mərasimində am erikalılar bizim rəy kitabına öz ürək sözlərini də yazdılar. Ümumiyyətlə, xalqlarımızın bir-birini tanımasına, mədəniyyətlərin yaxınlaşmasına xidmət edən bu tədbir hamıda böyük ruh yüksəkliyi oyatdı və səmimiliyi ilə yadda qaldı.
Vətənə qayıtmazdan əvvəl isə Amerika tərəfinin şəhərin ən görkəmli yerlərindən birində, Qolf klubda təşkil etdiyi mərasimdə bizə proqramı başa çatdırdığımıza dair sertifikat verildi.
Şəhər merinin mərasim iştirakçılarına ünvanlanmış məktubu da oxundu. Məktubda belə bir diqqətəlayiq fikir vardı ki, «sentyabr ayı amerikalılar və azərbaycanlılar arasında dostluq əlaqələrinin möhkəmləndiyi vaxt kimi tarixə düşəcək». Bu mərasim çox səmimi keçdi. Azərbaycan nümayəndələri çıxış edərək, amerikalılarla görüşlərdən aldıqları xoş təəssüratlarla bölüşdülər. Proqramın rəhbərlərinə və təşkilatçilarına öz minnətdarlıqlarını ifadə etdilər. Lakin təəssüf hissi ilə qeyd olundu ki, amerikalılar Azərbaycanla, onun problemlərilə, mədəniyyəti ilə çox az tanışdırlar.
Əlbəttə ki, bu boşluğu aradan qaldırmaq üçün qüvvəmizi, bacarığımızı, imksanlarımızı əsirgəməməliyik. Düşünürəm ki, amerikalı dostlarımızın təcrübəsini öyrənməli, öz işimizi müasir tələblər səviyyəsində qurmalı, ölkəmizin mədəniyyətini və incəsənətini yüksək nailiyyətlərlə zənginləşdirərək onu dünyaya tanıtmalıyıq.
Tariyel MƏMMƏDOV
|