ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
IFAÇILIQ...
-
GÖRÜŞLƏR...
-
MÜSABIQƏLƏR... MÜSAHIBƏLƏR...
-
EKSPEDISIYALAR...
-
YARADICILIQ...
-
MUZEYLƏRDƏ...
-
MUSIQI TƏHSILI...
-
|
|
FOLKLOR EKSPEDISIYASINDAN BAŞLANAN ƏMƏKDAŞLIQ
Türkiyə və Azərbaycanın elm, sənət və mədəniyyət xadimlərinin bir araya gəlib, fikir və təcrübə mübadiləsi aparması dövlət müstəqilliyimizin verdiyi gözəl imkanlardandır. Əməkdaşlıq əlaqələrini genişləndirmək, yeni və daha yüksək nailiyyətlərə can atmaq folklor mütəxəssislərimizin də çoxdankı arzularındandır və indi bu istək müxtəlif qurum və təşkilatların səyləri ilə uğurla gerçəkləşdirilir.
Lap bu yaxınlarda ölkələrimizin iki ali bədii məktəbi - Ege Universitesi Türk Musiqisi Dövlət Konservatuarı (EÜ TMDK) və Bakı Musiqi Akademiyası (BMA) arasında bağlanmış ikitərəfli müqaviləyə əsasən uzunmüddətli bir layihənin təməl daşı qoyuldu. Qardaş ölkədən gəlmiş əziz qonaqlar bir həftə ərzində azərbaycanlı həmkarları ilə birlikdə Bakı və Şamaxıda gərgin folklor araşdırmaları apardılar və Azərbaycan xalq yaradıcılığının bir sıra müxtəlif sahələrinə aid dəyərli materiallar əldə etdilər.
Yeri gəlmişkən, ekspedisiyanın üzvləri Şamaxıda və eləcə də Məlhəm və Dəmirçi kəndlərində işin yüksək səviyyədə təşkili üçün rayon icra hakimiyyətinin başçısı Natiq Məmmədova və Mədəniyyət şöbəsinin müdiri Məleykə Israfilovaya dərin təşəkkürlərini bildirirlər.
Ekspedisiya türk mütəxəssislərinin geniş maraqları ilə əlaqədar çoxyönlü xarakteri ilə seçilirdi. Onlardan yalnız biri - Qani Pekşen ixtisasca musiqişünas idi. Yeri gəlmişkən onu da xatırladaq ki, Q.Peşken bu yaxınlarda daha bir sevincini yaşadı: respublikamızın Ali Attestasiya Komissiyasının qərarı ilə o, sənətşünaslıq sahəsində fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görüldü. Türkiyəli alim bir neçə ay bundan qabaq BMA-nın prorektoru, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadənin rəhbərliyi ilə dissertasiya işini uğurla müdafiə etmişdi.
Veyis Yeginin maraqları isə musiqinin özəl bir sahəsi olan etnoorqanologiyaya yönəlmişdi; o, çalışdığı konservatoriyada musiqi alətlərini hazırlayan böyük bir laboratoriya müdiridir.
Qalan iki dostumuz – Əbdürrəhim Qaradəniz və Gürbüz Aktaş rəqs sənəti sahəsində fəaliyyət göstərsələr də, geyimlərlə, geyimlərə vurulan naxış və motivlərlə, həmçinin xalçalarla da yaxından maraqlanırlar. Bir cəhəti xüsusilə vurğulamaq lazımdır ki, ekspedisiyanın müvəffəqiyyətində Əbdürrəhimbəyin məharətli video çəkimlərinin önəmi çox böyük idi.
Onun iş təcrübəsindən çox şeyi görüb-götürmək olar. Məsələn, zurna, saz, nağara və başqa ifalarda işlənən çalğı üsullarının ayrıca olaraq iri planda lentə alınması əyani vəsait kimi böyük maraq doğurur.
Beləliklə, xalqın həyat və məişətində çalğı, musiqi, şer, rəqs, geyim, xalça və s. əslində bir-birilə sıx bağlı olduğu kimi axtarışlar da kompleksli şəkildə gedirdi. Bu metod nəzəri cəhətdən Azərbaycan sənətşünaslarına da yaxşı bələddir. Bu baxımdan görkəmli bəstəkar və musiqişünas Əfrasiyab Bədəlbəylinin sözləri yerinə düşər: «Təbiəti etibarı ilə mürəkkəb bir hadisə olan folklor yalnız söz, musiqi, mahnı, balet, dram və digər şəkillərinin bir-birindən təcrid edilmiş bir halda deyil, vahid bədii kompleksin tərkib ünsürləri kimi ələ alındığı zamanda toplu bir şəkildə incələnə bilər».
Lakin kompleksli tədqiqatı təcrübədə gerçəkləşdirmək heç də həmişə müəssər olmur. Ekspedisiyanın lap başlanğıcdan belə bir istiqamət alması Azərbaycan tərəfinə də bəlli oldu. Onu da qeyd edək ki, professor G.Abdullazadənin təşəbbüsü ilə bu axtarışlara BMA-nın iki tələbəsi də qatıldı – Qaralova Nərmin və Məmmədova Həbibə. Türk dostlarının sahə şəraitində zəngin iş təcrübəsi onlar üçün olduqca önəmli idi.
Folklor araşdırmaları nə qədər rəngarəng olursa olsun, onun əsasında vahid elmi konsepsiya durmalıdır.
Bu çalışmalarda müasir dövrün qloballaşma şəraiti, milli və bəşəri dəyərlərin düzgün şəkildə uzlaşdırılması olduqca vacibdir.
Bildiyimiz kimi, hər bir xalq dədə-babalarının yaratdığı maddi və mənəvi mədəniyyət abidələrini qorumalı, onları gələcək nəsillərə çatdırmalıdır. Bu səylər yaşadığımız qloballaşma şəraitində xüsusi məna və əhəmiyyət kəsb edir. Telekommuniksiya texnologiyalarının sürətli inkişafı sayəsində dünyanın ən uzaq ölkələri ilə əlaqə yaratmaq, qısa zaman ərzində böyük informasiya axınını almaq olar. Belə bir şəraitdə milli və məhəlli mədəniyyətlər yabançı təsirlərə məruz qalır. Bu gün kökdən gələn, saf folklor nümunələrini müşahidə etmək imkanı get-gedə azalır və onları təhrif olunmuş növ və şəkillərdən ayırd etmək vəzifəsi ortaya çıxır. Istər musiqidə, istər rəqsdə, istərsə də geyimlərdə tipik folklor ənənəsini duyub anlamaq üçün sadə xalqla ünsiyyət qurmaq lazımdır.
Unutmaq olmaz ki, hər bir xalq öz ənənəvi mədəniyyəti ilə yanaşı, başqa milli mədəniyyətləri də öyrənə bilər. Bizim folklor başqalarının da diqqətini özünə cəlb edirsə, dünya mədəniyyətinin bir parçası olur.
Bu təbii istəyin Türkiyə ilə bağlı bəzi maraqlı örnəklərini elə həmkarlarımızın söhbətlərindən öyrəndik. Məsələn, bü gün türk ustası Avropada yaşayan həvəskarlara saz çalmağı öyrədir və ya Yaponiyadan gəlmiş qrup yerli rəqsləri olduğu kimi öyrənib ifa edir. Deməli biz də doğma folklorumuzu həm özümüz üçün, həm də Yer üzünün bütün insanları üçün qorumalı, toplamalı və öyrənməliyik. Həm də bu işin yüksək beynəlxalq səviyyədə görülməsi müasir zamanın tələbidir.
Mütəxəssislərimizin təcrübə toplamasında bu tədbirlərin böyük əhəmiyyəti vardır. 90-cı illərdə Azərbaycanda musiqi folkloru ekspedisiyaları xeyli zəiflədikdən sonra XXI əsrdən həmin ənənələrin yenidən dirçəldilməsi meyli müşahidə olunur. Lakin bu işdə müvəffəqiyyət qazanmaq üçün xarici ölkə mütəxəssisləri ilə sıx əlaqələr qurulmalı, qabaqcıl elmi-metodiki üsullardan bacarıqla istifadə olunmalıdır.
Əlbəttə, Bakı və Şamaxıda əldə olunmuş xalq yaradıcılığı materialları əsl qiymətini araşdırma mərhələsindən sonra büruzə verəcəkdir. Eyni zamanda bəzi maraqlı çəkilişləri qeyd etməyə bilmərik. Azərbaycan səhnəsinin sönməyən ulduzlarından xalq artisti Əminə Dilbazinin milli rəqs sənəti haqqında geniş və əyani izahatı, Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin eksponatları ilə tanışlıq, qədim musiqi alətlərinin tanınmış bərpaçısı Məcnun Kərimovla görüş, Aşıq Ulduz, Aşıq Şərbət, Aşıq Ağamurad Mərzəngəlinin, Rasim Ələsgərov, Şirzad Fətəliyev və başqalarının ifaları ekspedisiyanın parlaq səhifələrini təşkil edir. Folklor layihəsini davam etdirmək üçün gələcəkdə də birgə ekspedisiyaların keçirilməsi nəzərdə tutulmuşdur.
Gülnaz ABDULLAZADƏ,
Fəttah XALIQZADƏ
|