ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
IFAÇILIQ...
-
GÖRÜŞLƏR...
-
MÜSABIQƏLƏR... MÜSAHIBƏLƏR...
-
EKSPEDISIYALAR...
-
YARADICILIQ...
-
MUZEYLƏRDƏ...
-
MUSIQI TƏHSILI...
-
|
|
«MUSIQI MINIATÜRLƏRI AXŞAMI» KONSERTINDƏN TƏƏSSÜRATLAR (RASIM ABDULLAYEV – 60)
23 iyun 2004-cü ildə Bakı Musiqi Akademiyasının Böyük zalında görkəmli musiqiçi, Azərbaycanın əməkdar artisti, professor Rasim Abdullayevin 60 illiyinə həsr olunmuş «Musiqi miniatürləri» başlığı altında keçirilən yubiley konserti yubilyarın və Bakı Musiqi Akademiyasının rektoru, məşhur pianoçu, SSRI və Azərbaycanın xalq artisti, professor Fərhad Bədəlbəylinin ifasında təqdim olundu. Dünya klassiklərinin ölməz əsərlərinin səsləndirilməsi bu rəqəmin silinməz xatirəsi kimi dinləyicilərin yaddaşında yazıldı. Ömrünün bütün çağlarını violonçeldə ifa sənətinə həsr etmiş Rasim Abdullayev musiqi ifaçılığı sahəsində yüksək ifa ustalığına nail olmuş və əvəzsiz sənətkar kimi ad qazanmışdır. Onun violonçeldə həm solo, həm də orkestrlə müşayiət olunan ifaları musiqisevərlərin xatirələrində dərin izlər qoymuş və hər konsertdən sonra həm geniş tamaşaçı auditoriyasında, həm də artıq bir çox mükəmməl ifalarla tanış olan dinləyicilərdə ifaçının mənalı ifa tərzi, geniş texniki imkanları təəccüb və heyr
ət hissləri doğurmuşdur.
Rasim Abdullayevin konsertləri sırasında professor Fərhad Bədəlbəyli ilə bərabər hazırlanan konsert proqramları xüsusi diqqət mərkəzindədir. Bu cür konsertlər ifaçılıq ustalığına yüksək qiymət verə biləcək musiqi sahəsi mütəxəssisləri və hazırlıqlı, tələbkar auditoriya üçün nəzərdə tutulur. Xüsusi qeyd olunmalıdır ki, hər zaman bu konsertlərə giriş sərbəst olmuşdur. Belə konsertlərin xeyriyyəçilik məqsədilə təşkil olunması nəinki professor-müəllim heyətinin, həm də tələbə və musiqi məktəbləri şagirdlərinin buraya gəlişini təmin etmiş olur. Bu da onlara yüksək ifaçılıq sənətinə yiyələnməyə imkan yaradır.
Rasim Abdullayevin yubiley konsertini müşayiət edən professor Fərhad Bədəlbəyli ifa etdiyi proqramı maraqlı əsərlər üzərində qurmuşdu. Proqrama daxil edilmiş Qərbi Avropa, Rusiya və Azərbaycan bəstəkarlarının əsərləri forma və janr baxımından dinləyicilərə bir növ kiçik töhfələr bəxş etmiş olurdu. Sanki dinləyicilərin yubiley təbriklərinin qəbul edilməsindən öncə ifaçılar onlara gözəl musiqi nömrələrini hədiyyə olaraq təqdim edirdilər. Bunların sırasında Qərbi Avropa bəstəkarlarının klassik nümunələrindən - Baxın «Ariozo», Bokkerinin «Rondo», Bendanın «Qrave» kimi əsərlərilə yanaşı, rus klassikasına da – Qlazunovun «Ispan serenadası», «Trubadurun mahnısı», Çaykovskinin «Sentimental valsı»na da yer verilmişdi. Daha müasir dövr əsərlərinə gəldikdə isə proqrama Iberin «Ağ, kiçik uzunqulaq», Debüssinin «Gözəl axşam» və s. əsərləri daxil edilmişdi. Azərbaycan bəstəkarı Oqtay Zülfüqarovun «Rəqsə dəvət və rəqs» adlı romantik əsəri ilə yanaşı gürcü bəstəkarın Tsintsadzenin «Saçidao» əsəri də səsləndi. Proqramı
n sonunda Fərhad Bədəlbəylinin «Şuşa səmasında quşların fəryadı» adlı piano və violonçelin ifasında səslənən musiqi əsəri konsert salonunu həyəcanlandırdı və əsər gurultulu alqışlarla qarşılandı. Fərhad Bədəlbəylinin Qarabağ mövzusuna həsr etdiyi bu əsər hamının yaddaşında yaşıl yamaclı, qaynar bulaqlı, gur meşəli doğma Vətənimizi, təcavüzə uğramış torpaqlarımızı quşların fəryadı ilə canlandırdı və bununla da sanki yaralı yerimizə toxundu. Zalın sürəkli alqışları solistlərin səhnədən buraxılmamasına və konserti davam etməsinə zəmin yaratdı. Solistlər «Bis»ə Şopenin «Lyarqo» və Raxmaninovun «Vokaliz» əsərlərini dərin və mənalı, özlərinə məxsus tərzdə ifa etdilər. Tamaşaçıların minnətdarlığının həddi-hüdudu görünmürdü, onlar solistləri ayaqüstə alqışlayır, bahar çiçəklərinə bürüyürdülər, səhnə isə gül dəstələrinə qərq olmuşdu.
Ifaçılar üçün bundan yüksək mükafat yoxdur!
Yubiley axşamı keçirilən konsert yüksək zövqlə qurulmuş və mənalı kübar musiqi axşamları səviyyəsində təşkil olunmuşdu.
Ümumiyyətlə, yaradıcılıq sahələri sırasında ifaçılıq ən mühüm yerlərdən birini tutur. Ifaçılıq sənətində yaradıcılıq prosesi uzun illərin məhsulu olaraq, xüsusi iş şəraitində, günlərlə məşq edilərək hazır vəziyyətə gətirilsə də dramaturji baxımdan tamamlanmış bir əsər kimi öz həllini ancaq səhnədə tapır. Bu zaman səhnə ustalığı ifaçılıq bacarığı ilə üst-üstə düşməlidir.
Bu baxımdan yüksək səviyyəli violonçel və piano ifaçıları - Rasim Abdullayev və Fərhad Bədəlbəyli ansamblı nümunəvi ifa tərzləri ilə «Azərbaycanın musiqi ifaçılığı ustaları» səhifələrinə qızıl hərflərlə yazıla bilərlər.
Onların bir-birini müşayiət etmə tərzi, ifaçılıq və səhnə mədəniyyəti, repertuarlarının seçimi, kiçik və iri həcmli əsərlərin dramaturji yükünün düzgün paylaşdırılması ifaçılıq ustalığı yolundan məharətlə, dərin düşüncə ilə səmərəli istifadə edilmənin nəticəsidir. Yüksək ustalıq səviyyəsinə məhz bu cür tükənməz bacarıq, yuxusuz gecələr, ucu-bucağı görünməz məşqlər, qastrol səfərlərində keçirilmiş konsertlər, çıxışlar hesabına çatmaq mümkündür. Bu yolda solist olmaq sözün geniş mənasında hər ifaçıya nəsib olmur. Bu yolda ifaçı öz həyatını sənətə bağlamalı və əlbəttə ki, Allahın ona bəxş etdiyi istedad da burada az rol oynamır. Istedadlı ifa isə heç bir zaman xatirələrdən, düşüncələrdən silinmir.
Xüsusi qeyd etməliyik ki, Azərbaycanın musiqi ifaçılığı tarixində bu cür mükəmməl ifaçılıq ansamblının müşahidə edilməsinə az hallarda təsadüf olunur. Fikrimizcə, Azərbaycanın əməkdar artisti, professor Rasim Abdullayev və SSRI və Azərbaycanın xalq artisti, professor Fərhad Bədəlbəyli simasında iki solistin ifası – yüksək yaradıcılıq vəhdəti təşkil edir.
Sonuncu konsertin keçiirlməsinə səbəb əlbəttə ki, professor Rasim Abdullayevin yubiley tədbiri id. Imkandan istifadə edərək biz jurnal vasitəsilə onu təbrik edir, can sağlığı, yaradıcılıq uğurları, şəxsi həyatında səadət və müvəffəqiyyətlər arzulayır və bu cür konsertlərin davamlı olmasını səbirsizliklə gözləyirik.
Gülnaz ABDULLAZADƏ
|