ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
MUZEYLƏRDƏ...
-
Search

ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
IFAÇILIQ...
-
GÖRÜŞLƏR...
-
MÜSABIQƏLƏR...
MÜSAHIBƏLƏR...

-
EKSPEDISIYALAR...
-
YARADICILIQ...
-
MUZEYLƏRDƏ...
-
MUSIQI TƏHSILI...
-

 


ÜZEYIR MUSIQI GÜNÜ

       Bütün qədim xalqlar kimi Azərbaycan xalqının da yaddaşında o adamlar qalıb ki, onlar şam kimi yanıblar, işıqları ilə çox qaranlıqları aydınlığa qərq ediblər. Üzeyir bəy Hacıbəyov məhz bu cür nadir adamlardan biridir.

       Azərbaycan professonal musiqisinin banisi, görkəmli ictimai xadim, jurnalist və dramaturq Üzeyir bəy Hacıbəyov qeyri-adi istedadını, xalqına həsr edərək, öz adını mənəviyyat tarixinə qızıl hərflərlə yazmışdır. Təbiət bu nadir insanı yaradarkən qətiyyən xəsislik etməmişdir, ondan heç nəyi əsirgəməmişdir.

       Üzeyir sənəti! Bu sənət aydınlıq və səmimilik, doğmalıq və munislik deməkdir. Üzeyir sənəti hər bir azərbaycanlı üçün ana laylası qədər, atalar sözü qədər doğmadır.

       Üzeyir sənəti! Bu ifadə hardasa möcüzə deməkdir. Adiliyin, sadəliyin möcüzəsi.

       Üzeyir sənəti! Ölməz komediyalar, unudulmaz səhnə əsərləri deməkdir. Elə əsərlər ki, Azərbaycan dramaturgiyasını onlarsız təsəvvür eləmək olmur. Axundovun, Vəzirovun, Haqverdiyevin ənənələrini yaradıcılıqla davam etdirən sənətkar, yalnız musiqisi ilə deyil, bədii sözünün qüdrəti ilə də ədəbiyyatımızın nəhəngləri ilə çiyin-çiyinə dayanır.

       Üzeyir sənəti! Hər bir azərbacyanlı üçün əbədi məktəbdir. Xalqa xidmət, fədakarlıq məktəbi! Bu məktəbi keçməyən vətənə, xalqa xidmətin sirrini və sehrini çətin öyrənə bilsin. Bu məktəbi keçən hər bir adam mənən zənginləşir, yolunu, istiqamətini müəyyənləşdirir.

       Öz sənəti ilə bütün xalqın məhəbbətini qazanmaq sənətkar üçün böyük bir səadətdir. Bu sənətin kökü Azərbaycan xalqının tarixindədir, hər bir azərbaycanlının ürəyindədir.

       Dahi bəstəkarın tələbəsi Qara Qarayevin sözləri ilə desək – «Zaman bu istedadın qurduğu əzəmətli binanı sarsıtmaqda nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləşdiyinə şahid olur. Onun musiqisinin parlaq rəngləri daha da əlvanlaşır və biz onun yaradıcılığında yeni gözəlliklər və incəliklər kəşf edirik».

       18 sentyabr. Bu gün xalqımız üçün böyük bayram günüdür. Bu gün dahi Ü.Hacıbəyovun doğum günüdür.

       1995-ci ildən bəri Üzeyir bəyin doğum günü respublikamızda «Üzeyir Musiqi gunu» kimi qeyd edilir. Bu heç də əbəs deyil. Çünki milli musiqimiz, mədəniyyətimiz öz inkişafına və inkişaf zirvəsinə görə Ü.Hacıbəyova borcludur.

       Bununla əlaqədar, sentyabr ayının 16-da Üzeyir bəyin ev-muzeyində bu günə həsr olunmuş tədbir keçirildi.

       Muzeydəki tədbirə dəvət almış qonaqlar arasında tanınmış elm xadimləri, bəstəkarlar, ziyalılar, sənət adamları, bəstəkarın qohumları və Ibrahim Əbilov adına Mədəniyyət Mərkəzinin kollektivi də var idi.

       Tədbiri giriş sözü ilə muzeyin direktoru Səadət xanım Qarabağlı açdı. Səadət xanım Ü.Hacıbəyov haqqında, onun ömrünün 45 ilini doğma xalqımızın mədəniyyətinin yüksəldilməsinə, Azərbaycan musiqisini inkişaf etdirərək, yeni keyfiyyətlərlə zənginləşdirərək, dünya xalqları arasında tanınmasına və sevilməsinə sərf etməsindən danışdı. O, qeyd etdi ki, Üzeyir bəy Azərbaycan, rus və dünya klassik ədəbiyyatı və incəsənətinin mütərəqqi ənənələrini dərindən mənimsəyərək, Azərbaycan mədəniyyəti tarixinə böyük bəstəkar, opera sənətinin banisi kimi daxil olmuşdur. Üzeyir Hacıbəyov respublikada musiqi təhsilini tədris etməyə, gənc kadrların təhsil almasına, klassik və xalq musiqisini öyrənib bədii xüsusiyyətlərini meydana çıxarmağa, müasir musiqi formalarını yaymağa, müxtəlif musiqi kollektivlərini yaratmağa müvəffəq olmuşdur. Üzeyir bəyin opera sənəti, opera dramaturgiyası sənət tariximizdə tamamilə yenilik idi və bunu onunla sübut etmək olar ki, Yaxın Şərqdə ilk opera «Leyli v ə Məcnun»un müəllifi məhz Üzeyir bəy idi.

       Səadət xanım tədbirə toplaşanları qonşu Dağınstanda, Dərbənd dramatik teatr səhnəsində «Arşın mal alan» operettasının tamaşaya qoyulması xəbərini söylədi. Bu xəbər Üzeyir bəyi, Üzeyir bəy sənətini, yaradıcılığını sevənlər, qiymətləndirənlər tərəfindən çox sevinclə qarşılandı. Və bu bir daha sübut etdi ki, Üzeyir bəy sənəti ölməzdir, bəşəridir.

       Sonra isə I.Əbilov adına Mədəniyyət Mərkəzinin bədii rəhbəri Mirəhməd Əsgərov söz aldı. O, dahi Üzeyir bəydən, onun yaradıcılığına olan sonsuz məhəbbətindən danışdı. Mirəhməd müəllim qeyd etdi ki, biz hər il Ü.Hacıbəyovun ad günündə ona həsr olunmuş konsert proqramı ilə çıxış edirik. Və qonaqlarımız arasında Üzeyir bəyin ev-muzeyinin əməkdaşları da olur. Lakin bu il birinci dəfədir ki, biz bu dahi insanın evində öz tədbirimizi keçiririk. Söz yox ki, konsert proqramımız yalnız Üzeyir bəyin əsərlərindən təşkil olunmuşdur. Bütün iştirakçılarımız böyük həvəslə bu tədbirə hazırlaşmışlar.

       Bəli, konsert başladı.

       Mirəhməd Əsgərov, Inarə Nurullayeva və Fidan Məhərrəmova Ü.Hacıbəyovun «O olmasın, bu olsun» operettasından səhnəni çox məharətlə ifa etdilər. Bu operettadan «Qoçuların xoru», «Hamam səhnəsi» vokal qrupunun ifasında səsləndi. Bəstəkarın «Qara göz» mahnısı isə Münəvvər Məmmədova tərəifndən özünəməxsus tərzdə ifa edildi.

       Şahmar Əkbərzadənin dahi bəstəkara həsr etdiyi «Beş xətt» şeri toplaşanlar tərəfindən rəğbətlə qarşılandı.

       Mədəniyyət Mərkəzinin yetirməsi olan, hal-hazırda A.Zeynallı adına musiqi məktəbinin tələbəsi Aysel Qurbanova Üzeyir Hacıbəyovun «Sevgili canan» romansını, «Arşın mal alan» operettasından Cahan xalanın mahnısını Münəvvər Məmmədova, Asyanın mahnısını isə Gülnar professional səviyyədə səsləndirdilər.

       Mərkəzin «Vurğun» poeziya teatrının üzvləri Səməd Vurğunun «Eşq olsun sənətkara» adlı şerini, Aida Əhədova isə «Böyük bəstəkar» şerini böyük vurğunluqla ifa etdilər.

       Tədbirdə Ü.Hacıbəyovun həyat və yaradıcılığına dair viktorina da keçirildi. Qaliblər muzeyin hədiyyələri ilə mükafatlandırıldı.

       Konsert proqramından sonra professor Gülhüseyn Hüseynoğlunun çıxışı dinlənildi. Ü.Hacıbəyov şəxsiyyətinin vurğunu olan Gülhüseyn müəllim onun həm də kamil yazıçı və publisist olmasından, Üzeyir bəyin gözəl felyetonları, ədəbi səhnəcikləri, satirik, publisistik yazılarının ədəbiyyatımızda özünəməxsus yer tutmasından danışdı.

       Tədbirdə Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı səfirliyinin Mədəniyyət müşaviri Fethi Gedikli də iştirak edirdi. O, Ü.Hacıbəyovun, onun əsərlərinin nəinki Azərbaycanda, həmçinin Türkiyədə də sevildiyindən, yaradıcılığına, musiqilərinə böyük hörmət bəsləndiyini söylədi.

       Bəstəkar Şəfiqə Axundova isə öz müəllimi haqqında xoş xatirələrini danışdı.

       Söz respublikanın xalq artisti, bəstəkar Musa Mirzəyevə verildi. Böyük bəstəkardan vurğunluqla danışan Musa müəllim simli orkestr üçün yazdığı «Böyük sənətkar – Üzeyir hacıbəyova ithaf» əsərini muzeyə hədiyyə etdi.

       Musiqi Akademiyasının professoru, bəstəkar, xalq artisti Tofiq Bakıxanov isə gənclərimizi Üzeyir bəy irsinə, onun əsərələrinə olan maraqlarını təqdirəlayiq hall kimi qiymətləndirdi. O, qeyd etdi ki, Üzeyir bəy Hacıbəyov unudula bilməz, illər keçsə də nəsillərin yaddaşında daim yaşayacaqdır.

       Tədbirin sonunda Səadət xanım tanınmış Azərbaycan aktyoru, Hacıbəyovlar nəslindən olan Osman Hacıbəyovun, onun qızı Rəna xanım tərəfindən muzeyə hədiyyə olunmuş portretini göstərdi.

       Yekun sözunu S.Qarabağlı söyləyərək, Üzeyir bəy ocağına toplaşanları bu gün münasibəti ilə bir daha təbrik etdi. O, Əbilov adına Mədəniyyət Mərkəzinin kollektivinə özünün «Üzeyir bəy Hacıbəyovun publisistikasında musiqi məsələləri» kitabını təqdim etdi.

       Daha sonra iştirakçılar muzeydə təşkil edilmiş «Üzeyir Hacıbəyovun şəxsi kitabxanasından seçmələr» adlı sərgi ilə tanış oldular.



Sevinc AQIL QIZI

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page