ÏÎÐÒÐÅÒËßÐ
SOLMAZ QASIMOVA – 75
Zemfira ABDULLAYEVA
Search

ÏÎÐÒÐÅÒËßÐ
POLAD BÜLBÜLOĞLU – 60
Vasif ADIGÖZƏLOV
SOLMAZ QASIMOVA – 75
Zemfira ABDULLAYEVA
YUBILEY DÜŞÜNCƏLƏRI
Ülviyyə IMANOVA
AZƏRBAYCAN MUSIQISINI AMERIKADA YAŞADAN SƏNƏTKAR
Aida HÜSEYNOVA
BIR MUSIQIŞÜNAS ÖMRÜNÜN SƏHIFƏLƏRI
Səadət SEYIDOVA, Imruz ƏFƏNDIYEVA
ASYA TAĞIYEVA – 70
Təranə ƏLIYEVA
HƏMYERLIMIZ MURAD KAJLAYEVLƏ BAKIDA GÖRÜŞ
Ramiz ZÖHRABOV
RƏSUL RƏSULOV – 75
Yusif AXUNDZADƏ

 


Azərbaycan Bəstəkarlar Ittifaqının üzvü, Bakı Musiqi Akademiyasının musiqi tarixi kafedrasının professoru, sənətşünaslıq namizədi, görkəmli musiqişünas alim Solmaz xanım Qasımovanın anadan olmasının 75 və fəaliyyətinin 50 ili tamam oldu.

       Solmaz Qasımovanın adı çəkniləndə ilk növbədə onun musiqi sahəsində əldə etdiyi nailiyyətləri, hazırladığı kadrları, yazdığı çoxsaylı monoqrafiya və dərslikləri, elmi tədqiqatları və elmi metodiki işləri ilə daim Azərbaycan musiqişünaslığının önündə gedən bir insanı gözümüzün qarşısına gətiririk.

       Solmaz Qasımova 1929-cu ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açmışdır. Hələ uşaq yaşlarından musiqini dərindən sevən Solmaz orta məktəbdə oxumaqla yanaşı, musiqi məktəbində də təhsil alır. O illəri xatırlayan Solmaz xanımın etirafına görə o, musiqi məktəbində oxuyan zaman dahi Ü.Hacıbəyovun qarşısında bəstəkarın «Cəngi» əsərini ifa etmişdir və bu görüş onun gələcək həyatına öz təsirini göstərmişdir. Musiqiyə olan dərin məhəbbət onu Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinə gətirir. Bu təhsil ocağını əla qiymətlərlə başa vuraraq, Solmaz Qasımova Azərbaycan Dövlət Konservatoriyasının nəzəriyyə-bəstəkarlıq şöbəsinə daxil olur. Burada o, E.Q.Muradova, D.X.Danilov, o zamanlar Bakıda qısa müddətdə dərs deyən tanınmış rus musiqişünası D.V.Jitomirski, B.I.Zeydman, N.S.Çumakov, S.Hacıbəyov və başqalarından dərs alır. 1954-cü ildə Konservatoriyanı fərqlənmə diplomu ilə bitirən Solmaz xanımı təbrik edənlərin arasında o illərdə Konservatoriyanın rektoru olan Q ara Qarayev də var idi, dahi bəstəkar onun diplom işinə yüksək qiymət vermişdi. Həmin ildən S.Qasımova bu ali məktəbdə fəaliyyətə başlayaraq, müəllim, dosent, professor vərifəsinə kimi yüksəlmişdir.

       Bu illər əzrində o, Konservatoriyada tədris olunan xarici ölkələrin musiqi tarixi, musiqişünaslığın tarixi və nəzəriyyəsi, Azərbaycan musiqisinin tarixi (onu da qeyd etmək lazımdır ki, bu fənnin ilk mühazirəçisi məhz S.Qasımova olmuşdur) kursları üzrə mühazirə, seminarlar aparmış və neçə-neçə musiqiçi nəslinin yetişməsində öz sözünü demişdir.

       Solmaz xanım daim musiqi sahəsində fundamental və əhəmiyyətli tədqiqatlar aparan, daim yazan musiqişünas alimdir. Onun ən məhsuldar tədqiqat sahəsi Azərbaycan opera sənəti, Azərbaycan bəstəkarlarının yaradıcılığı ilə bağlı məsələlər olmuşdur. Bu sahədə apardığı çoxillik elmi-tədqiqat işlərinin nəticələri 1968-ci ildə müdafiə etdiyi «Azərbaycan bəstəkarlarının opera yaradıcılığında müasir mövzu» adlı dissertasiyasında, «Azərbaycan bəstəkarlarının opera yaradıcılığı» (I hissə – 1973, II hissə - 1986) kitablarında, «Cahangir Cahangirov» (1964), «Süleyman Ələsgərov» (1974), «Azər Rzayev» (1981), «Ramiz Quliyev» (1998), «Tofiq Quliyev» (1995, Z.Abdullayeva ilə birgə) «Fikrət Əmirov» (2004, Z.Abdullayeva ilə birgə) monoqrafiyalarında öz əksini tapmışdır. Bu əsərlərdə Azərbaycan bəstəkarlarının yaradıcılıq portretləri, əsərlərinin təhlili, musiqi dili, bəstəkarın musiqisinə xas olan üslub xüsusiyyətləri, Azərbaycan incəsənətindəki rolu və musiqi mədəniyyətimizin inkişafında kı tarixi xidmətləri müəyyənləşdirilmişdir.

       Solmaz xanım Qasımova keçmiş Sovetlər Ittifaqında keçirilən elmi konfrans və simpoziumların, plenumların fəal iştirakçısı olmuşdur. O, dəfələrlə Moskva, Sankt-Peterburq, Donetsk, Voronej, Tbilisi, Alma-Ata, Daşkənd, Kiyev və b. şəhərlərdə keçirilən televiziya verilişlərinin, konsertlərin aparıcısı olmuş, öz məzmunlu çıxışları və söhbətləri ilə Azərbaycan musiqisini layiqincə təmsil etmişdir. Eyni zamanda, Solmaz Qasımova tez-tez Bakıda və respublikadan kənarda müdafiə şuralarında opponent çıxışları ilə həmişə diqqəti cəlb edirdi. Belə yaddaqalan çıxışlardan 1977-ci ildə çox tanınmış musiqişünas Raabinlə birlikdə hal-hazırda musiqi Akademiyasının dosenti Validə xanım Şərifovanın Moskvada keçirilən müdafiəsini xatırlamaq yerinə düşərdi.

       Musiqi sahəsində elmi kadrların yetişdirilməsi professor S.Qasımovanın daim diqqət mərkəzində olmuşdur. Onun rəhbərliyi ilə 75-dən artıq diplom və 12 namizədlik dissertasiya işləri yazılıb və müvəffəqiyyətlə müdafiə olunmuşdur.

       Görkəmli alim, pedaqoq, xeyirxah və nəcib insan olan Solmaz xanımın musiqi elminin inkişafında, yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında rolu əvəz edilməzdir. Onların əksəriyyəti bu gün də elmi işlərini müvəffəqiyyətlə davam etdirirlər. Azərbaycan musiqişünaslığının aparıcı simalarından olan R.Zöhrabov, S.Ibrahimova, T.Məmmədov, Ü.Əsgərova, S.Seyidova, V.Şərifova, T.Yaqubova, N.Kərimova, A.Hüseynova, Ş.Məlikova və bir çoxları Solmaz Qasımovanın tələbələri olmuşlar.

       Solmaz xanım Qasımova pedaqoji fəaliyyəti ilə yanaşı, Musiqi Akademiyası, orta ixtisas və uşaq musiqi məktəblərinin tələbə və şagirdlərinin istifadə etdiyi çox dəyərli tədris vəsaitlərinin müəllifidir: «IV sinif üçün musiqi ədəbiyyatı» (Azərbaycan dilində, R.Zöhrabovla birgə), «IV-VII siniflər üçün musiqi ədəbiyyatı» (1984, R.Zöhrabov, L.Mehmandarova ilə birgə), «V sinif üçün musiqi ədəbiyyatı» (Azərbaycan dilində R.Zöhrabov, T.Hüseynova ilə birgə), «Azərbaycan musiqi ədəbiyyatı» dərslikləri (1986, Azərbaycan və rus dillərində N.Bağırovla birgə), «Azərbaycan musiqi tarixi» (1992), «Azərbaycan musiqi tarixinin müntəxəbatı» (I hissə – 1969, II hissə - 1985) kitablarının müəlliflərindən biridir. O, 200-dən artıq məqalə, metodiki tövsiyələr, göstəriş və tapşırıqların da müəllifidir.

       Müqəddəs hədislərdə deyilir ki, «bir saat elmlə məşğul olmaq, 60 illik ibadətə bərabərdir» və ya «valideynlər insanı göydən Yerə endirmiş, müəllim isə insanı səmaya qaldırmışdır».

       Professor Solmaz xanım Qasımova bütün mənalı və şərəfli omür yolunun 50 ilini, yuxarıdakı müqəddəs kəlamların həyata keçirilməsinə sərf etmişdir. O, bu gün də elmi və pedaqoji fəaliyyətdədir. Gözəl, mehriban, çox həssas, təvarökar, əsl müəllim adına layıq bir insan olan Solmaz xanımı yübileyi münasibəti ilə ürəkdən təbrik edir, ona uzun ömür, can sağlıqı arzulayırıq!



   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page