ÏÎÐÒÐÅÒËßÐ
YUBILEY DÜŞÜNCƏLƏRI
Ülviyyə IMANOVA
Search

ÏÎÐÒÐÅÒËßÐ
POLAD BÜLBÜLOĞLU – 60
Vasif ADIGÖZƏLOV
SOLMAZ QASIMOVA – 75
Zemfira ABDULLAYEVA
YUBILEY DÜŞÜNCƏLƏRI
Ülviyyə IMANOVA
AZƏRBAYCAN MUSIQISINI AMERIKADA YAŞADAN SƏNƏTKAR
Aida HÜSEYNOVA
BIR MUSIQIŞÜNAS ÖMRÜNÜN SƏHIFƏLƏRI
Səadət SEYIDOVA, Imruz ƏFƏNDIYEVA
ASYA TAĞIYEVA – 70
Təranə ƏLIYEVA
HƏMYERLIMIZ MURAD KAJLAYEVLƏ BAKIDA GÖRÜŞ
Ramiz ZÖHRABOV
RƏSUL RƏSULOV – 75
Yusif AXUNDZADƏ

 


Deyirlər, hər insan təkrarolunmazdır və o, özündə bir dünyanı əks etdirir. Çox təəssüf ki, insan varlığı, onun təkrarsızlığı barəsində biz daima yox, yalnız arabir müəyyən hadisə, yaxud səbəb ilə bağlı olaraq düşünürük. Adətən insana ünvanlanan ən xoş sözlər və arzular yubileylə əlaqəli olur. Odur ki, birmənalılıqdan uzaq olan bu hadisə hər kəsin qəlbində müsbət fikir və hisslərlə müşayiət olunur.

       Təbii ki, hər bir yubiley özünəməxsus şəkildə keçirilir. Lakin masştab və formasından asılı olmayaraq, o, bir gözəl vasitə kimi çıxış edir və onun səbəbkarına olan münasibəti çox qabarıq şəkildə nümayiş etdirir. Eyni zamanda, hər bir yubiley baş verən hadisələri, konkret simaları, bir sözlə, həyatın axarını daha dərindən dərk etmək, bir insanın həyat və yaradıcılığı misalında tarixi əhəmiyyət kəsb edən məsələlərin inkişaf prosesini izləmək və hətta onunla bağlı olan bəzi ümumiləşdirmələri də aparmaq imkanı yaradır.

       Bu baxımdan Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru, professor Oqtay Hüseyn oğlu Abasquliyevin 65 illik yubileyi olduqca səciyyəvidir. Onun «Böyük musiqiyə» daxil olması Ü.Hacıbəyovun yadigarı olan Azərbaycan Dövlət Konservatoriyasının, sözün əsl mənasında, parlaq dövrünə təsadüf edir.

       XX əsrin 60-cı illəri Azərbaycan mədəniyyəti, xüsusilə musiqi sənəti üçün çox əlamətdar idi. Kommunist ideologiyasının nisbətən «yumşalması» nəticəsində Azərbaycan musiqisində qeyri-adi canlanma baş verir və bu da özünü müxtəlif istiqamətlərdə göstərir. Bəstəkar təfəkkürünün daha azad və sərbəst formalaşması, ciddi üslub axtarışları, ifaçılığın dinamik inkişafı yeni ifaçılıq kollektivlərinin yaranması və s. kimi tendensiyalar bu canlanmanın təzahürüdür.

       Şübhəsiz, konservatoriya musiqimizdə yaranan önəmli və prinsipial yeniliklərdən kənar qala bilməzdi. Əksinə, o, yeniliyə yönələn musiqi prosesinin fəal iştirakçısı idi. O dövrün konservatoriyasında əsl istedad, novator əhval-ruhiyyəsi və yaratmaq həvəsi hökm sürürdü. Odur ki, burada təhsil alan hər bir tələbə, o cümlədən O.Abasquliyev üçün o illərin əhəmiyyəti və təsiri tam mənada unudulmazdır.

       Gənc pianoçunun formalaşmasında ixtisas üzrə müəllimlərin rolu və xidmətləri əvəzsizdir və bu fakt özü-özlüyündə çox şeydən xəbər verir. O.Abasquliyevin ilk musiqi addımları Bülbül adına orta ixtisas musiqi məktəbində baş verir və o, burada R.Siroviçin sinfində təhsil alır. Məlumdur ki, bu müəllim böyük təcrübəyə malik olan mütəxəssis idi və o, xüsusən uşaqlarla gözəl çalışırdı. Bu baxımdan uşaqlıq illərindən başlayaraq, O.Abasquliyev düzgün istiqamətdə inkişaf edir və onun musiqiyə olan ciddi münasibəti məhz məktəb illərindən özünü büruzə verir.

       Musiqiçinin həyatında, qeyd etdiyimiz kimi, Konservatoriya xüsusi rol oynayır və o, 1957-62-ci illər ərzində professor M.Brennerin tələbəsi kimi təhsilini davam etdirir. Bu illər onun üçün son dərəcədə maraqlı, səmərəli və əhəmiyyətli idi.

       Bildiyimiz kimi, professor M.Brenner Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının ən nüfuzlu və istedadlı müəllimlərindən idi və hər tələbə onun sinfində təhsil almaq arzusu ilə Konservatoriyaya daxil olurdu. Onu da qeyd etməliyik ki, məşhur professorun sinfində fortepiano fakültəsində ən bacarıqlı, yüksək ifaçılıq qabiliyyətini nümayiş etdirən tələbələr oxuyurdu. Maraqlıdır ki, professor M.Brennerin bütün tələbələri Konservatoriyada çox seçilirdilər və bu, ilk növbədə müəllimin tələbə qarşısında çətin, maksimal səylər tələb edən məqsədlərin qoyulmasından irəli gəlirdi. Bu sinifdə ifaçılığa aid olan ciddilik və məsuliyyətlilik, zövq və mədəniyyət, musiqiyə dərin və yaradıcı yanaşma tərzi aparıcı cəhətlər kimi qeyd olunmalıdır. Sözsüz ki, professor M.Brennerin sinfi böyük bir məktəb idi. Hər tələbə bu məktəbə daxil ola bilmirdi və bu məktəbi uğurla başa vuran gənc ifaçı üçün olduqca önəmli və şərəfli idi.

       Konservatoriya O. Abasquliyevə professor M.Brennerin məktəbinin nümayəndəsi olmaq imkanını bəxş edir və o da bu fürsəti əldən vermir. Məhz burada musiqi ifaçılığının sirrlərinə bələd olur, professionallıq, peşəkarlıq anlayışı onun üçün doğma və aydın olur. O.Abasquliyevin ifasında zövq, intizam və təmkinlik xüsusi əhəmiyyət kəsb edərək onun ifaçılıq sənətini çox qabarıq şəkildə xarakterizə edir.

       Maraqlıdır ki, O.Abasquliyevin Azərbaycan fortepiano ifaçılığına daxil olduğu dövr ifaçılıq baxımından çox zəngindir. E.Səfərova, R.Quliyev, Z.Adıgözəlzadə, T.Qasımova və Azərbaycanın digər tanınmış pianoçularından bəziləri O.Abasquliyevdən bir az əvvəl, digərləri isə onunla eyni vaxtda çıxış ediblər. Ən əsas odur ki, musiqiçi milli piano ifaçılığımızın istedadlı nümayəndəsidir və təqdirəlayiqdir ki , o, böyük ifaçılar sırasında özünəməxsus yer tutaraq nüfuzlu, diqqəti cəlb edən mütəxəssis kimi qəbul olunur.

       Nəhayət, O.Abasquliyev öz təhsilini P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında, professor Q.Milşteynin sinfində bitirir. Xüsusi olaraq vurğulamaq istərdik ki, burada yalnız formal baxımdan təhsilin sona çatmasından söhbət gedir, çünki O.Abasquliyev daima öz üzərində çalışır və bunun səbəbini onun müəllimlik fəaliyyətində görmək olar.

       Müəllimlik peşəsinin bir müsbət cəhəti onunla bağlıdır ki, biliyi ilə bölüşən mütəxəssis daima gözəl formada olmalıdır və bu da onun özünə qarşı tələbkar və məsuliyyətli olmasına səbəb olur. Dediyimiz sözləri tam mənada O.Abasquliyevə aid etmək olar. O, 1964-cü ildən başlayaraq, bu günə qədər Ü.Hacıbəyov adına ADK-da (indiki Bakı Musiqi Akademiyasında) çalışır. Bu illər ərzində ifaçılıqla yanaşı o, özünü istedadlı və təcrübəli müəllim kimi göstərib və bu gün də göstərməkdədir.

       Məlumdur ki, müəllimlik nə qədər şərəflidirsə, bir o qədər də çətin və məsuliyyətli peşədir. Musiqiçi gözəl pianoçu (başqa alət sahibi!) ola bilər, lakin gözəl pianoçu hələ gözəl müəllim demək deyil. Əsil müəllim olmaq üçün peşəkarlıq, bilik, təcrübə ilə yanaşı, ürək, həvəs, istək tələb olunur ki, onu da hər adam bacarmır. O.Abasquliyev bunu bacarır, özü də böyük ustalıqla bacarır. Onun tələbələri müxtəlif təhsil ocaqlarında, o cümlədən BMA-da da çalışırlar və bu da onların yüksək professionallığından xəbər verir.

       O.Abasquliyevin fəaliyyətini tam şəkildə göstərmək üçün onun təşkilati-administrativ işini də qeyd emək lazımdır. Bildiyimiz kimi, o, uzun illər fortepiano fakultəsinin dekanı olub və bu iş həmişə təqdirəlayiq olub, müsbət qiymətləndirilib.

       Aydın məsələdir ki, hər bir təhsil ocağının tədris işində dekanın rolu və fəaliyyəti nə qədər vacibdir. Ilk növbədə, dekandan yüksək peşəkarlıqla bərabər xüsusi insani cəhətlər tələb olunur. Dekan intizamlı, təmkinli, tələbələr və müəllimlərlə ünsiyyət yaradan insan olmalıdır. Onun təşkilatçılıq imkanları tədris işində də özünü göstərir və beləliklə, ali məktəb sistemində dekan vəzifəsinin rolu və mahiyyəti açılmış olur.

       O.Abasquliyev özünü nümunəvi dekan kimi göstərib və bu uğurlu işin məntiqli davamı kimi o, 2003-cü ildə BMA-nın tədris işləri üzrə prorektoru vəzifəsinə seçilib. O.Abasquliyev bu vəzifədə də özünə xas olan peşəkarlığı, mədəniyyəti, təmkinliyi və insanlığını məharətlə nümayiş etdirir.

       Deyirlər, hər kəsin taleyi, keçdiyi həyat yolu ancaq ona məxsusdur. Bu fikri əsas götürsək, onu deməliyik ki, Oqtay Abasquliyevin həyatını BMA-sız təsəvvür etmək olmaz və əksinə, BMA həyatında xüsusən fortepiano fakultəsinin fəaliyyətində onun rolu və xidmətləri əvəzsizdir. Artq 40 ildən çoxdur ki, Oqtay müəllim hər gün doğma ocağı olan Konservatoriyaya gəlir. Bu illər ərzində həmişəki kimi, o, diqqətli, mehriban, tələbkar və çalışqandır. Təbii ki, çoxdan Konservatoriya onun üçün daim düşündürən, narahatlığına səbəb olan və sevinc anları bəxş edən bir dünyadır.

       Bu düşüncələrin yaranmasının səbəbkarı da Oqtay müəllim olub, daha doğrusu onun 65 illik yubileyi. Son olaraq, hörmətli yubilyara can sağlığı, uzun ömür, xoşbəxtlik, yaradıcılıq uğurları arzulayırıq.



   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page