ÓÑÒÀÄËÀÐÛÌÛÇÛÍ ÕÀÒÈÐßÑÈÍß
LEONID VAYNŞTEYN: ŞƏXSIYYƏT. PEDAQOQ. BƏSTƏKAR.
Lalə RAFIQ QIZI
Search

ÓÑÒÀÄËÀÐÛÌÛÇÛÍ ÕÀÒÈÐßÑÈÍß
USTAD SƏNƏTKARLARI YAŞADAN ƏVƏZSIZ TƏDQIQATÇI
Aslan KƏNAN
LEONID VAYNŞTEYN: ŞƏXSIYYƏT. PEDAQOQ. BƏSTƏKAR.
Lalə RAFIQ QIZI

 


Şəxsiyyət və pedaqoq. Həyatda elə insanlar var ki, sıralarımızdan getsələr də, insan kimi bizim ürəyimizdə, dost kimi qəlbimizdə, fikirlərimizdə, müəllim kimi sözlərimizdə, əməllərimizdə, sənətkar kimi əsərlərində yaşayır. Insanın əldə etdiyi nailiyyətlər, ona qarşı olan münasibət şəxsi mədəniyyətdən daxili gözəllikdən asılıdır. Azərbaycan bəstəkarlıq məktəbinin layiqli davamçılarından biri bəstəkar Leonid Vaynşteyn bu gözəl xüsusiyyətləri öz şəxsiyyətində birləşdirirdi. Bir həqiqətdir ki, həyatdan aldığımız «dərs» unudula bilər, lakin ustadın bizə verdiyi «dərs», qiymətli kəlamlar heç vaxt unudulmur və ömrü boyu illər keçdikcə, yaşlandıqca minnətdarlıq hissindən başqa öz borcunu heç bir şeylə qaytara bilmirsən. Tarix təkrarlanır. «Mən musiqidən əldə etdiyim nailiyyətlərə görə Qara müəllimə minnətdaram» - deyən Leonid Vaynşteyn mənim fikirlərimi təsdiqləyir. Dahi sənətkar Qara Qarayevin sinfində təhsil almaq şərəfli idi və yəqin elə bir musiqiçi tapılmaz ki, onun sənət aləminə daxil olmaq arzusunda olmasın. Bu illər L.Vaynşteynin həyatında xoşbəxt anların təcəssümü idi.

       Fikir və düşüncələrimi L.Vaynşteyn portretinin əsas cizgiləri ilə davam etdirməyim təsadüfi deyil. Sənətkarın yetkinliyi onun öz sənətinə yiyələnmək səviyyəsindən, eləcə də şəxsiyyətinin yetkinliyindən asılıdır. Isti münasibət, nəvaziş, geniş ürək Vaynşteyn yaradıcılığında öz əksini tapan xüsusiyyətlərdir. Bəstəkar Rauf Hacıyev yazır: «Üzeyir bəy həmişə deyirdi ki, hirsli adamlar heç vaxt yaxşı müsiqi yaza bilməz, çünki yaxşı müsiqi mehriban olmalı, insanlara xoşbəxtlik, sevinc gətirməlidir».

       Yeni, daima dəyişən, təravətli harmoniya, səmimi melodiya ilə sevindirməyi öyrədən L.Vaynşteynin nəsihətinə sadiq qaldım. Dörd illik təhsil, dörd illik ünsiyyət mənə nəinki bəstəkarlıq aləminin sirlərini, həm də öz müsiqimizdə həyat harmoniyasını itirməməyin yollarını öyrətdi. Gənc nəslin yaradıcılığına çox ehtiyat və nəvazişlə yanaşan bu insan hər birimizi ürəkdən gələn müsiqi yaratmağa istiqamətləndirirdi.

       Bəstəkar. Onun musiqisinə qulaq asanda nostalji hisslər keçirirəm. Yüksək ideallara xidmət edən hər bir əsər müxtəlif üslub və janrların bir-birinə qovuşma nöqtəsi olmaqla bərabər, respublikamızın musiqi həyatını əks etdirən illərin panoramasıdır. Simfoniyalar, kamera-instrumental əsərlər, balet, kino və uşaq musiqisi, mahnılar... L.Vaynşteyn bir çox bəstəkarların yaradıcılığına xas olan eksperiment dövrunu çox uğurla adlayır. Hər bir əsər yaranmamışdan əvvəl qarşıya qoyulmuş məqsədlərin həll edilməsi nümunəsinə çevrilir. Ona xas olan intonasion və harmonik yekdillik bütün yaradıcılığına üslüb birliyi gətirir. Janrların bir-birini zənginləşdirmək xüsusiyyətinə malik olması artıq ilk əsərlərdən özünü büruzə verir və bəstəkarın XX əsrin musiqisində neoklassik istiqamətə olan münasibətini bildirir.

       Müxtəlif janrlara müraciət, Polad Bülbüloğlunun sözləri ilə desək, «bilavasitə teatr, kino ilə bağlılıq, ən əsası ifaçı kollektivlərlə ünsiyyət auditoriyanın tələbatını nəbzini tutmaq bacarığı onun yaradıcılığının səmimiliyinə, sevilməsinə gətirib çıxartmışdır». Mehriban çöhrəli insanın yazdığı musiqi kiçik tamaşaçılardan tutmuş hamının urəyinə yol tapır. Təsadüfi deyil ki, onun yaradıcılığında uşaq musiqisi əsas yerlərdən birini tutur. Cəmiyyətimizin kiçik üzvlərinin tərbiyəsində onların musiqi zövqünün formalaşmasında böyük rol oynayan uşaqlar üçün musiqi əsərlərindən başlayaraq, cəmiyyətin və zəmanənin diktə etdiyi problemləri, ideyaları, şəxsiyyətin düşüncələrini, sevinc və əzablarını, daxili hissləri reallıqla özündə birləşdirə biləcək simfoniya janrına qədər müraciət etməsi bəstəkarın musiqi dünyasında yaşayan obraz rəngarəngliyindən, çoxşaxəli dünyagörüşündən xəbər verir. Onu da qeyd etmək lazımdır ki, «uşaq qəlbli böyük insan» xətti aparıcı mövzulardan biri nin əsasını təşkil etsə də, həyatın vurduğu zərbələr özünü göstərir. Bəstəkarın qardaşına həsr etdiyi II simfoniyasında ağrının dərinliyini, faciənin silinməz izlərini hiss edirik. Azərbaycan bəstəkarları dəfələrlə simfonik orkestr kimi «qüdrətli alətin» imkanlarına müraciət etmişdir. V.Adıgözəlovun dediyi kimi, «orkestr imkanlarına dərindən bələd olan müəllif bundan ustalıqla istifadə edir. Onun VI simfoniyası yüksək mədəniyyətin, musiqi zəkasının təzahürüdür». Bəstəkarın dramatik tamaşalara yazdığı musiqi onun şən və zarafatcıl təbiətini gizlədə bilməyən operettaları, baleti sovet məkanının bir çox şəhərlərində səhnəyə qoyulmuş, simfonik musiqisi tanınmış sənətçilər tərəfindən həm respublikamızda, həm də xarici ölkələrdə ifa olunur. Onun skripka və orkestr üçün konsertinin ifaçısı məşhur Leonid Koqanın nəvəsi Dmitriy Koqan bu əsəri öz repertuarına salmaq niyyətini bildirərək demişdir: «O, elə sənətkarlara aiddir ki, beynəlxalq ictimaiyyət tərəfindən sağlığında tanınmamışdır. Çox təəssüf ki, onu sonradan ta nıyıb anlamağa başlamışıq. Mən bu konserti Rusiya və xarici ölkələrdə ifa etmək üçün proqrama salmaq icazəsini istəyirəm».

       Son. Leonid Vaynşteynin sanki «həyat simfoniyasının» son akkordlarının carçısı olan «Rekviyem»i, bu dünyada onun yaxınlarının, dostlarının, tələbələrinin ürəyində həmişəlik qaldı. Bu kədər öz ifadəsini ona həsr edilmiş musiqidə /A.Dadaşov «Dostumun xatirəsinə» poema-rekviyem/, sözdə, filmlərdə, /F.Mənsurova «Vaynşteynin xatirəsinə»/, ən əsası isə yaddaşlarda qaldı. Bəstəkar fikirlərində yaranmış, hələ nota köçürülməmiş əsəri – həyatının, musiqisinin bir hissəsini özü ilə sonsuzluğa apardı. Iliyinə qədər bakılı olan, doğma şəhərinə sadiq qalan bu insan onun sevinc və səadətini, kədər və faciəsini öz ürəyinin sarı siminə toxunduraraq musiqisi ilə əbədiləşdirmişdir. Sonda L.Vaynşteynə xas olan ənənəni – musiqini poetik sözlə tamamlamaq ənənəsini davam etdirərək onun «ömür simfoniyası»nı qəlbimin səsi ilə seçdiyim B.Vahabzadənin misraları ilə ifadə etmək istərdim.

       Ömür – qəlbin, zəkanın min eşqi, min əməli.

       Ömür – ömürdən sonra yaşamağın təməli.



   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page