ÍÎÒÎÃÐÀÔÈÉÀ ÁÈÁËÈÎÃÐÀÔÈÉÀ ÄÈÑÊÎÃÐÀÔÈÉÀ
YENI DƏRS VƏSAITI
Fəttah XALIQZADƏ
Search

ÍÎÒÎÃÐÀÔÈÉÀ ÁÈÁËÈÎÃÐÀÔÈÉÀ ÄÈÑÊÎÃÐÀÔÈÉÀ
«QARABAĞ XANƏNDƏLƏRI» LAYIHƏSI
Cəmilə HƏSƏNOVA
YENI DƏRS VƏSAITI
Fəttah XALIQZADƏ
ISTEDADLI SKRIPKAÇI ZƏHRA QULIYEVA
Aytac ELXAN QIZI
MUSIQI PEDAQOQIKASINA YENI YANAŞMA
Y.B. Əliyev

 


Sənətşünaslıq namizədi, dosent Cəmilə Həsənovanın «Azərbaycan bəstəkarlarının əsərlərində milli ladların təzahürü» adlı maraqlı dərs vəsaiti çapdan çıxmışdır. Elmi redaktor – Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabovdur.

Kitabın 6 əsas bölməsində Üzeyir Hacıbəyov, Asəf Zeynallı, Qara Qarayev və Fikrət Əmirov kimi məşhur bəstəkarlarımızın əsərlərində milli ladların müxtəlif tətbiqi qaydaları, bədii-ifadəli əhəmiyyəti ətraflı şəkildə şərh olunmuş və çoxsaylı not nümunələri ilə təsdiqini tapmışdır. Bundan başqa, dərs vəsaitinə müəllifin məqsəd və məramını açıqlayan geniş giriş və bütün ladlara aid bəstəkar əsərlərinin uzun siyahısından ibarət əlavə bölməsi də daxil edilmişdir.

Məlum olduğu kimi, Azərbaycan xalq musiqisinin, xüsusilə, klassik muğamlarımızın zəngin intonasiya ahəngi musiqinin lad komponentində öz əksini tapmışdır. Bu cəhətə həlledici əhəmiyyət vermiş dahi bəstəkar və musiqişünas-alim Üzeyir Hacıbəyov «Azərbaycan xalq musiqisinin əsasları» adlı məşhur elmi əsərində mükəmməl lad nəzəriyyəsini yaratmış, milli bəstəkalıq sənətimizin də həmin möhkəm bünövrə üzərində ucaldılmalı olduğunu həm səxsi bədii yaradıcılığı, həm də elmi və pedaqoji fəaliyyəti ilə parlaq şəkildə sübuta yetirmişdir.

Adı keçən tədqiqat əsasında meydana gəlmiş eyniadlı «Azərbaycan xalq musiqisinin əsasları» fənni ali və orta ixtisas musiqi məktəblərinin tədris proqramına möhkəm daxil olmuşdur. Bu lad sistemi nəinki xalq musiqi janrlarının, həmçinin bəstəkar yaradıcılığının təhlilində də başlıca rol oynayır. Ü.Hacıbəyovun lad nəzəriyyəsinin tələbələr tərəfindən daha yaxşı mənimsənilməsi üçün elmi-metodiki səciyyəli araşdırmalara da müəyyən ehtiyac vardır. Həmin istiqamətdə yaşlı nəslin nümayəndələri – professor M.S.Ismayılov, daha sonralar R.Zöhrabov, E.Babayev, R.Məmmədova dəyərli işlər görmüşlər.

Milli lad xüsusiyyətlərinin yazılı ənənəli professional sənətdə öyrənilməsi vəzifəsi ilə bir çox musiqişünaslarımız qarşılaşmışdır. Bu məsələlərin müxtəlif bəstəkarlarımızın yaradıcılığı timsalında hər-tərəfli şəkildə tədqiqi isə C.Həsənovanı uzun müddət daima düşündürmüşdür. O, haqqında bəhs olunan dərs vəsaitini özünün bir sıra elmi məqalələri əsasında işləyib hazırlamışdır. Müəllif ladın digər musiqi ifadə vasitələri ilə üzvi əlaqəsinə geniş bucaq altında baxmış, nəinki forma və melos cəhətlərini, eləcə də musiqi əsərlərinin harmoniya, çoxsəslilik, dramaturgiya və sair ünsürlərini lad qanunauyğunluqlarından «çıxarmağa» çalışmışdır. Kitabda verilən bütün məqalələrin tələbələrə (ilk növbədə, musiqişünas və bəstəkarlara) ünvanlanması da vurğulanmalıdır.

Lad məsələsinin göstərilən aspektdə incələnməsi milli bəstəkarlıq sənətimizin ilk qaranquşu sayılan «Leyli və Məcnun» kimi orijinal bir opera janrından başlanılmışdır. Operanın müxtəlif pərdələri və epizodlarında müəyyən bir lad sferasının üstünlüyü dramaturji inkişaf mərhələləri ilə izah olunur. Operanın əksər musiqi nömrələrinin lad əsasına nəzər salınmış, ondan irəli gələn musiqi üslub xüsusiyyətləri (məsələn, melodika, harmoniya) araşdırılmışdır.

Bəstəkarın yaradıcılığında mühüm rol oynamış və gözəl melodiyaları ilə bütün dünyada şöhrət qazanmış «Arşin mal alan» musiqili komediyasında milli lad təfəkkürü geniş imkanları və yeni çalarları ilə özünü göstərir. Baş qəhrəmanların musiqi xarakteristikasında ladlardan məqsədyönlü şəkildə istifadə olunması inandırıcı şəkildə açılıb göstərilmişdir. Eyni bir nömrədə iki ladın qarşılaşdırılması melodiyalara xüsusi təravət və cazibədarlıq verir, eyni zamanda obrazın daxili aləminin açılmasında da özünü tam doğruldur.

Ü.Hacıbəyovun «Leyli və Məcnun»dan «Koroğlu»ya qədər keçdiyi nəhəng təkamül yolu lad cəhətində də üzə çıxmışdır. Nisbətən böyük həcmli ariyaların, səhnələrin, xor və orkestr epizodlarının quruluşunda lad yenə də mühüm bir amil olaraq qalır. Buna görə də ayrı-ayrı həssələrin təhlili ilə yanaşı tədqiqatçı ümumi formaların (məsələn, Uvertüranın) lad-tonal quruluşına da ciddi fikir vermişdir.

Eyni məsələ A.Zeynallının əsərlərində də aydın şərhini tapmışdır («Muğamsayağı», fortepiano üçün «Çahargah» pyesi, məşhur «Ölkəm» romansı). Sonuncu əsərin maraqlı tonal planı ladların qohumluq münasibətləri ilə izah olunur.

Azərbaycan musiqisinin parlaq simalarından olan F.Əmirovun «Sevil» operasından ən səciyyəvi parçalar da lad təhlilinə məruz qalmış və onun fərdi üslubunu açıb göstərmişdir. Cəsarətli, lakin təbii səslənən tonal münasibətləri proloqda, Sevilin ariozosu və ariyasında, Balaşın ariyasında və b. dəqiq şəkildə göstərilmişdir. Şübhəsiz, növbələşən tonallıqların bir-biri ilə və bütövlükdə bəstəkarın üslubu ilə qanunauyğun əlaqələri də yox deyildir.

Milli ladların təzahürünü araşdırmaq məqsədi ilə Q.Qarayev yaradıcılığından «Yeddi gözəl» baleti seçilmişdir. Ilk öncə belə bir danılmaz həqiqət ifadə olunmuşdur ki, «heç bir zaman bəstəkar bir ladın hüdudlarında məhdudlaşmır» (s. 114). C.Həsənova milli ladlardan istifadə məsələsini Q.Qarayevin fərdi bədii üslubu kontekstində araşdıqmaqla düzgün yol seçmiş və bütün bunları tələbələr üçün anlaşıqlı tərzdə izah etmişdir.



   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page