ÍÎÒÎÃÐÀÔÈÉÀ ÁÈÁËÈÎÃÐÀÔÈÉÀ ÄÈÑÊÎÃÐÀÔÈÉÀ
«QARABAĞ XANƏNDƏLƏRI» LAYIHƏSI
Cəmilə HƏSƏNOVA
YENI DƏRS VƏSAITI
Fəttah XALIQZADƏ
ISTEDADLI SKRIPKAÇI ZƏHRA QULIYEVA
Aytac ELXAN QIZI
MUSIQI PEDAQOQIKASINA YENI YANAŞMA
Y.B. Əliyev
|
|
Bu yaxınlarda musiqi həyatımızda əlamətdar bir hadisə baş verib. Azərbaycan skripka sənəti tarixində ilk dəfə olaraq, iki diskdən ibarət olan, Respublikanın əməkdar artisti, skripkaçı Zəhra Quliyevanın musiqi albomu işıq üzü görüb. Ilk baxışdan albomun bədii tərtibatının onun daxilində olan əsərlərlə nə qədər harmoniya yaratdığının şahidi oluruq. Geniş repertuar dairəsi olan bu albom həm zahiri gözəlliyi, həm də əsərlərin yüksək zövqlə yerləşdirilməsiylə seçilir. Albomda «barokko» üslubundan başlayaraq, müasir dövrümüzün bəstəkarlarının əsərlərinədək geniş repertuara rast gəlirik. Burada Rusiyanın xalq artisti beynəlxalq müsabiqələr laureatı professor Boris Lvoviç Qutnikovun öz yetişdirməsi haqqında müdrik uzaqgörənliklə dediyi sözləri yada salsaq yerinə düşər: «Parlaq, coşğun, ehtiraslı ifa tərzinə, gözəl dolğun səsə, sərbəst skripka texnikasına malik olan Zəhra Quliyeva özünü əsil professional kimi büruzə verir. Onun məqsəd yönlü, qibtə ediləcək əməksevərliyi klassiklər
in, rus və müasir bəstəkarların əsərlərindən ibarət geniş repertuara malik olmasına səbəb olub. Yüksək professional imkanları olan skripkaçı çaldığı əsərlərin üslub xüsusiyyətlərinin dərinliyinə varma qabiliyyətinə malikdir».
Ilk təhsilini Zəhra Quliyeva Bülbül adına orta ixtisas musiqi məktəbində almışdır. Daha sonra Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olur (Respublikanın xalq artisti, professor S.S.Qəniyevin və respublikanın əməkdar artisti, professor M.Y.Tağıyevin sinifləri) və oranı fərqlənmə diplomu ilə bitirir. Hələ konservatoriyada oxuduğu müddətdə Zəhra Quliyeva özünü istedadlı və ümüdverən tələbə kimi göstərir. Hətta Rostov şəhərində Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsertlə çıxış edir. Lakin Zəhra xanım bununla kifayətlənməyib N.A. Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasının assistent-stajor bölməsinə, dünyaşöhrətli skripkaçı, professor B.L.Qutnikovun sinifinə daxil olaraq təhsilini davam etdirir. Leninqradda oxuduğu müddətdə Zəhra Quliyeva orada yerləşən bir çox konsert salonlarında çıxış edir. Burada qərb bəstəkarlarının əsərləriylə yanaşı, Azərbaycan bəstəkarlarının əsərlərini də ifa edirdi. Onun, hər
bir musiqiçi üçün çox çətin sayılan Qara Qarayevin skripka konsertinin ifası Leninqrad musiqi ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır.
1978-ci ildən Zəhra Quliyeva Azərbaycan Dövlət Konservatoriyasında ( indiki Bakı Musiqi Akademiyasında) pedaqoji fəaliyyətə başlayır. Çalışdığı ilk illərdən indiyədək bir çox maraqlı və istedadlı musiqiçilər, ifaçılar yetişdirib. Ifaçılıq sənəti fəal və çox dolğun olan sənətçi, musiqi mədəniyyətinin görkəmli xadimləri olan Niyazi, Hikmət Şimşək və b. dirijorlarla çıxış edir. Dünyanın bir çox konsert salonlarında çıxış edən skripkaçı, Azərbaycan musiqisini, bəstəkarlarımızdan A.Zeynallının, Q.Qarayevin, F.Əmirovun, V.Adıgözəlovun,M.Mirzəyevin və b. əsərlərini təbliğ etmişdi.
Moskva Dövlət Konservatoriyasında dahi şairimiz Füzulinin anadan olmasının 500 illiyinə həsr olunmuş konsert keçirilərkən Zəhra xanım həm aparıcı, həm də ifaçı kimi çıxış etmiş və musiqisevərlərin xüsusi diqqətinə layiq görülmüşdü.
Yüksək dil qabiliyyətinə malik olan bu zərif xanım 1983-1990-cı illər arasında Azərbaycan Dövlət Televiziyasında «Zəriflik» adlı müəllif proqramını yaradır. Burada o, həm Azərbaycan, həm də dünya miqyaslı rəssam və musiqiçilərin sənətindən, həyat və yaradıcılığından söhbət açır. 1990-cı ildə Zəhra Quliyeva Azərbaycan Musiqi Xadimləri Ittifaqının sədrinin I müavini vəzifəsini tutur. O illər Zəhra xanım bir çox konsert qastrol səfərlərinə çıxır. Ingiltərədə Aberdin musiqi festivalının qonağı olur.
1993-cü ildən Türkiyənin Bilkənd Universitetinin dəvəti ilə orada çalışmağa başlayır. Bilkənd universitetində o, həm müəllimlik, həm də ifaçılıq sənətini birgə sürdürür. Universitetdə fəaliyyət göstərən beynəlxalq orkestrin üzvü olur. Daha sonra 1998-ci ildə Makao qubernatorluğunun ( indiki Çin Xalq Respublikasının xüsusi administrativ regionu) dəvəti ilə oraya gedərək Kamera orkestrinin konsertmeysteri vəzifəsində fəaliyyət göstərir. Makao konservatoriyasında Zəhra Quliyeva pedaqoji fəaliyyətini də davam edir. Bu dövrdə aktiv ifaçılıq fəaliyyətini sürdürərək o, Çin Xalq Respublikasının müxtəlif şəhərlərində, Portuqaliya və Ispaniyada solo və orkestrlə çox saylı konsertlər verir.
2001-ci ildə Zəhra xanım vətənə dönərək, ifaçılıq və müəllimlik fəaliyyətini davam etdirir. BMA-nın skripka kafedrasında, ifaçılıq sinfiylə yanaşı, o, həm də «skripka sənəti tarixi» fənnindən də tələbələrə məruzələr oxuyur. Azərbaycan dilində, xüsusiylə latın qrafikasıyla, bu fənn üzrə dərsliklərin olmadığını görən Zəhra Quliyeva, 2001-2003 illər arası «Skripka sənəti tarixi» adlı 2 dərslik yazıb.
Haqqında danışdığımız albomda Zəhra Quliyevanın ifasında daha çox Barokko dövrünün və Azərbaycan bəstəkarlarının əsərlərinə yer verilib. Bu da ifaçının konsert səhnələrində nadir ifa olunan A.Korelli, H.Pörsel, F.Ceminiani kimi bəstəkarların əsərlərini geniş dinləyici kütləsinə çatdırmaq arzusundan irəli gəlir. Daha sonra Volfqanq Amadey Motsartın skripka və orkestr üçün G-dur konsertinin ifası isə dahi dirijor Niyazinin qüdrətli orkestr müşayət ustalığı ilə skripkaçının bu əsərə verdiyi təfsiri vəhdət təşkil edərək, dinləyici qəlbinə yol açır.
Ilk dəfə olaraq, bir CD albomunda 7 Azərbaycan bəstəkarının skripka üçün əsərləri səsləndirilib. Burada görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin, Fikrət Əmirovun, Arif Məlikovun, Rauf Hacıyevin, Musa Mirzəyevin müxtəlif illərdə yazdığı əsərləri Zəhra Quliyevanın təfsirində özünəməxsus tərzdə səslənir. Musiqinin məzmununa dərindən varma qabiliyyəti, müstəsna səs hasiletmə bacarığı, bu ifaçının seçilən xüsusiyyətlərindəndir. Bu fikri, Zəhra Quliyevanın ifasında səslənən V.Adıgözəlovun skripka və simfonik orkestr üçün yazdığı konsertə də şamil etmək olar. V.Adıgözəlov musiqisinin rəngarəng koloriti, virtuoz yönümü, xalq musiqi mənbələrinə dərin istinadı Zəhra Quliyevanın ifasında özünün doğru təfsirini tapır.
Albomda səslənən bir əsər də xüsusi diqqətimi çəkdi. Şəxsən mən, bəstəkar Eldar Mansurovu, xalq arasında populyar olan və çox sevilən gözəl mahnıların müəllifi kimi tanıyırdım. Sözü gedən albomla tanışlıqdan sonra isə E. Mansurovun kamera instrumental janrında yazdığı skripka və fortepiano üçün sonatası haqqında deyə bilərəm ki, əsərin müasir yazılış üslubu, kəskin obrazlar qalereyası Zəhra Quliyevanın ifasında bu bəstəkarı biz dinləyicilərə yeni yöndən tanıtdı.
Albomu dinlədikcə səslənən əsərlərdə skripkaçını müşayiət edən pianoçular - Nailə Ismayılova, BMA-nın dosentləri Yeganə Axundova, Gülnarə Acalova və xüsusilə Azərbaycanın xalq artisti professor Zöhrab Adıgözəlzadənin professional ustalıqlarını qeyd etmək lazımdır.
Zəhra Quliyevanın bu pianoçularla əməkdaşlığının gözəl bəhrəsi səslənən hər bir əsərdə aydın hiss olunur.
Yaşadığımız dövrdə bayağı, zövqsüz musiqinin baş aldığı zamanda, klassik musiqinin təbliğinə böyük ehtiyac duyulur. Düşünürəm ki, haqqında söhbət açdığımız bu albom, qismən də olsa klassik musiqinin təbliğində böyük rol oynayacaqdır.
|