ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
TƏQDIMAT MƏRASIMI...
-
KONFRANSLAR... EKSPEDISIYALAR...
-
YARADICILIQ…
-
IFAÇILIQ...
-
GÖRÜŞLƏR…
-
MUZEYLƏRDƏ...
-
|
|
MILLI MUSIQI MƏDƏNIYYƏTIMIZIN QORUNMASI YOLUNDA MÜHÜM ADDIM.
Azərbaycan xalqının zəngin musiqi xəzinəsi vardır və bu xəzinənin qiymətli bir hissəsi böyük sənətkarlarımızın ifa edərək yaratdıqları sənət incilərindən ibarətdir. XIX əsrin sonu – XX əsrin birinci yarısında yaşamış muğam ustadlarının, muğam ifaçılığı sənətinin zirvələrini fəth etmiş sənətkarların – xanəndələrin, xalq çalğı alətləri ifaçılarının yaradıcılığı bizim üçün həmişə böyük bir məktəbdir.
Cabbar Qaryağdı oğlu, Keçəçi oğlu Məhəmməd, Məşədi Məmməd Fərzəliyev, Islam Abdullayev, Seyid Şuşinski, Xan Şuşinski, Bülbül, Qurban Pirimov … və adı əfsanəyə dönmüş nə qədər sənətkarlarımız var. Bu sənətkarlar öz yaradıcılığı ilə musiqi tariximizin qızıl səhifələririni yazmışlar. Onlar Vətənimizin hüdudlarından çox-çox uzaqlarda da Azərbaycan musiqisini tanıtmış və sevdirmişlər.
Məlumdur ki, muğam şifahi ənənəli professional musiqi sənəti kimi qədim dövrlərdən bu günə kimi ustad-şagird zəminində, ənənələrin nəsildən-nəslə ötürülməsilə yaşayır, inkişaf edir. Muğam ifaçıları öz yaradıcılığı ilə milli musiqi xəzinəmizi durmadan zənginləşdirir.
Lakin bizim bir qiymətli milli sərvətimiz də var. Bu da böyük xanəndələrin səsini qoruyub yaşadan və bizlərə çatdıran qrammofon vallarıdır .
XX əsrin əvvəllərində texnikanın «son sözü» sayılan qrammofon vallarının istehsalı böyük vüsət almışdı.Avropanın bir sıra şəhərlərində (Varşava,Riqa və sair) fəalliyyətə başlayan «Ekstrafon», «Pate», «Sport-Rekord» və sair səhmdar şirkətləri tərəfindən Azərbaycanın görkəmli xanəndələri dəvət olunaraq,onların səsi qrammofon vallarına yazılmış və böyük tirajla buraxılmışdır. Həmin qrammofon vallarında yüzlərlə muğam, təsnif, mahnı və oyun havaları orijinal təfsirdə həkk olunmuşdur.
Vaxtilə hər evdə səslənən və çox sevilən bu qrammofon valları indi nadir sənət nümunələri kimi muzeylərin fondlarında, səsyazıları arxivində saxlanılır.Təbiidir ki, zaman öz möhürünü bu vallara da vurmuşdur və keyfiyyətini getdikcə itirən bu səsli abidələri indiki nəsil,demək olar ki, dinləmək imkanından məhrumdur. Onların bərpası isə, əlbəttə ki,həm maddi, həm də mənəvi dəstək tələb edən bir işdir. Təqdirəlayiqdir ki, beynəlxalq professional musiqi jurnalı olan «Musiqi Dünyası»nın yaradıcı qrupu belə bir məsuliyyətli işi öz çiyinlərinə götürərək, Azərbaycandakı Fransa və Almaniya Səfirliyi ilə birlikdə «Azərbaycan diskoqrafiyası» (1900-1940) adlı layihə üzrə işə başlamışdır.
Bu layihə çərçivəsində Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin və Üzeyir Hacıbəyovun ev muzeyinin fondlarından «Ekstrafon», «Pate», «Sport Rekord», «Noqin» və «Aprel» zavodları tərəfindən 100 il əvvəl nəşr edilmiş 300 ədəd vinil qrammofon valları yenidən CD disklərə yazılmış və bərpa olunmuşdur.
Iki ildən bəri görülən məqsədyönlü işin bəhrəsi 2005-ci il yanvarın 24-də Azərbaycan Respublikası Muzey Mərkəzində musiqi ictimaiyyətinə təqdim olundu. Fransanın Azərbaycandakı Səfiri Rolan Blatman və Almaniya Federativ Respublikasının Müvvəqqəti Işlər Vəkili Detlef Lingeman tərəfindən keçirilən təqdimat mərasimindən sonra həmin disklər Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinə və Üzeyir Hacıbəyovun ev muzeyinə yeni tərtibatda qaytarıldı.
Fransa Səfirliyinin Mədəniyyət üzrə attaşesi, elmlər doktoru Üq Baltzinjer bu layihənin tarixçəsini belə açıqlayır: «Bu ideya necə yarandı? Iki il bundan öncə Fransanın Azərbaycandakı səfirliyində əlamətdar bir günü - Yelisey müqaviləsinin,yəni 1963-cü ildə Fransa və Almaniya dövlətləri arasında bağlanmış dostluq müqaviləsinin 40-cı ildönümünü təntənəli qeyd edirdik. Həmin ərəfədə bizə «Musiqi Dünyası jurnalı tərəfindən bir layihə təqdim olundu. Bu,1900-1940-ci illərdə buraxılmış qrammofon vallarının bərpası ilə bağlı layihə idi. Biz Alman səfirliyi ilə məsləhətləşib qərara gəldik ki, ölkələrimiz arasındakı qarşılıqlı əlaqələrin nümayişi olaraq birgə çalışaq və bu layihənin həyata keçirilməsinə yardım edək.Onu da deyim ki, Berlin və Paris də bizim bu ideyamızı dəstəklədi.Beləliklə də, gördüyünüz 300 disk meydana gəldi. Bu günkü təqdimat mərasimi onu sübut edir ki, həqiqətən də birlikdə işləmək mümkündür».
Əlbəttə ki, Fransa və Almaniyanın Azərbaycandakı səfirliklərinin maliyyə yardımı ilə yanaşı,belə böyük bir işi ərsəyə gətirən şəxsləri də qeyd etməliyik.
Layihənin müəllifi və rəhbəri «Musiqi Dünyası» jurnalının baş redaktoru, sənətşünaslıq doktoru, Bakı Musiqi Akademiyasının professoru Tariyel Məmmədovdur. Layihənin səs mühəndisi əməkdar incəsənət xadimi,bəstəkar Cavanşir Quliyev, redaktoru sənətşünaslıq namizədi, Baki Musiqi Akademiyasının dosenti Cəmilə Həsənova, WEB-ustaları Alina Cahangirova, Natalya Dranovskaya, Irina Tişakova qədim qrammofon vallarının bərpası sahəsində böyük həvəslə, yorulmadan çalışmışlar. Hər kəs cavabdeh olduğu sahənin uğurlu alınması üçün əlindən gələni əsirgəməmişdir. Bu da işin müvəffəqiyyətini təmin edən başlıca amildir. Məhz onların yüksək peşəkarlığı, səriştəliliyi və bacarığı sayəsində biz xalqımızın böyük sənətkarlarının Cabbar Qaryağdı oğlu, Keçəçi oğlu Məhəmməd, Məşədi Məmməd Fərzəliyev, Islam Abdullayev, Ələsgər Abdullayev, Bülbül, Sürəyya Qacar və başqalarının təmiz səsini eşitmək imkanı qazandıq, xanəndələrin, ifaçıların səsi, sənəti haqqında təsəvvürlərimizi genişləndirməyə nail olduq. Söz yox ki,indi artıq mu
zeylərin fondlarında saxlanılacaq bu disklər elmi əhəmiyyət kəsb edərək, müasir dövrdə xanəndəlik sənətinin tarixinə dair, adlı-sanlı sənətkarların yaradıcılıq üslubuna dair elmi əsərlərin yazılmasına,məhz musiqişünaslıq tədqiqatlarının genişlənməsinə rəvac verəcək.
Tədqimat mərasimində iştirak edən Azərbaycan Respublikasının Mədəniyyət naziri Polad Bülbül oğlu öz fikirlərini belə ifadə etdi: «Ümumiyyətlə, «Musiqi Dünyası» jurnalı çox böyük iş görür. Mən həmişə bu jurnalı bir musiqiçi olaraq dəstəkləyirəm. Təqdim olunan bu layihə də Azərbaycan mədəniyyəti üçün son dərəcə əhəmiyyətli və lazımlı bir işdir. Bu 300 disk məhz muzeylər üçün hazırlanıb və elmi, tarixi, arxiv baxımından mühüm əhəmiyyətə malikdir. Mən belə hesab edirəm ki, biz bu layihəni davam etdirməliyik və bunun bazasında kütləvi şəkildə belə disklər buraxmalıyıq. Bu işdə Mədəniyyət Nazirliyi əlindən gələn köməyi əsirgəməyəcək. Çünki bizim gələcəyimiz üçün, bizim yetişən nəsillərimiz üçün bu, çox vacib məsələdir».
Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyli təqdimat mərasimində öz fikirlərilə bölüşərək dedi: «Musiqi Dünyası» ciddi, mən deyərdim, ən yüksək səviyyəli bir jurnaldır. Mən xoşbəxtəm ki, Azərbaycanda belə bir musiqi jurnalı çap olunur. Jurnal nəinki Azərbaycanda, hətta dünya üzrə musiqidə gedən prosesləri izləyir, maraqlı məqalələr, düzgün məlumatlar burada öz əksini tapır. Jurnalın belə böyük layihələrdə iştirakı da təqdirəlayiqdir və bu tədbir Azərbaycan musiqi mədəniyyəti üçün çox önəmlidir. Çünki biz həmişə və hər yerdə deyirik ki, böyük sənətkarlarımız var idi. Lakin bu günə kimi faktiki olaraq, biz onların heç bir səsyazısını xaricdə göstərə bilməmişik. Keçmiş sənətkarların səsyazılarının yeni texniki səviyyədə təqdim olunması diqqətəlayiqdir. Bu, tarixi bir hadisədir. Bu, musiqiçilərin bayramıdır. Mən bu münasibətlə hamımızı təbrik edirəm. Və ümidvaram ki, bu CD-lər bütün dünyada öz yerini tapacaq. Qeyd etmək lazımdır ki, bu, kommersiya layihəsi deyil, mədəniyy
ətlə bağlı bir layihədir. Mən istərdim ki, bu CD-lər burada qalmasın, böyük musiqi dükanlarında satılsın. Onları nəinki biz, həmçinin amerikalılar, ingilislər, fransızlar, almanlar, bir sözlə, bütün dünya xalqları eşitsin. Bu, çox vacibdir və gələcəkdə bunu təbliğ etmək lazımdır».
BMA-nın Dillər və ədəbiyyat kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva layihənin əhəmiyyətindən danışaraq qeyd etdi ki, «Kitab yazılırsa, o, maddi sərvət kimi qalır. Musiqi isə elə bir incəsənət növüdür ki, o, eşidilməklə qavranılır və xalqın yaddaşına həkk olunur. Buna görə də musiqi eşidilməlidir. Eşidilməsi üçünsə onu təbliğ etmək lazımdır. Bu baxımdan, əlbəttə ki, təqdim olunan layihə – böyük xanəndələrin səsyazılarının bərpa edilərək disklərə köçürülməsi misilsizdir. Çünki bu işin əsas qayəsi də odur ki, biz və bizdən sonrakı nəsillər klassik muğamlarımızın saflığını qorumalı, onu unutmamalıyıq. Buna görə biz bu layihənin təşəbbüsçülərinə və onu həyata keçirənlərə – Fransanın və Almaniyanın Azərbaycandakı səfirliklərinə və «Musiqi Dünyası» jurnalının əməkdaşlarına belə böyük bir iş gördüklərinə görə «çox sağ ol» deməliyik.
Xalq yazıçısı Anar da tədbirin əhəmiyyətini vurğulayaraq, qeyd etdi ki, «çox vacib bir iş görülüb. Bizim klassik musiqi irsimizin bərpa edilməsi, köhnə qrammofon vallarındakı səsyazılarının təmizlənərək disklərə köçürülməsi və yeni nəsillərə bu yolla çatdırılması təqdirəlayiqdir. Bu işi görənlərə ancaq təşəkkürümü bildirirəm».
Tariyel Məmmədov öz çıxışında həyata keçirdikləri layihəni «Qloballaşma dövründə mədəni irsin və ənənəvi biliklərin qorunub saxlanması» kimi aktual bir problemin həlli yolunda atılan bir addım kimi səciyyələndirərək dedi: «Layihənin əsas məqsədi ondan ibarətdir ki, ümum-dünya musiqi mədəniyyətinin parlaq bir hissəsi olan Azərbaycan xalqı öz qiymətli musiqi xəzinəsini itirməsin, görkəmli xanəndələrimizin, aşıqlarımızın, musiqi ifaçılarımızın səsi, çalğısı həyata qaytarılsın, bərpa olunmuş musiqi inciləri yenidən səslənsin, hər bir Azərbaycan vətəndaşı və Azərbaycana gələn qonaqlar onları eşitsin. Ən əsası isə xalqımız öz musiqi mədəniyyəti tarixini qorusun və gələcək nəsillərə ötürə bilsin».
Və məncə, bu fikrin artıq əlavə şərhə ehtiyacı yoxdur. «Musiqi Dünyası»nın yaradıcı qrupunun bundan sonra da bu məqsəd uğrunda, Azərbaycan milli musiqisinin yüksəlişi və dünya miqyasında təbliği naminə (həyata keçirdiyi internet layihələri vasitəsilə) var qüvvəsilə çalışacağına əminəm.
Sonda «Musiqi Dünyası» adından belə böyük layihələrin həyata keçirilməsinə dəstək verən Fransanın və Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirləri-cənab Rolan Blatmana və cənab Detlef Lingemana, Azərbaycan Respublikası Mədəniyyət Naziri Polad Bülbüloğluna, Azərbaycan Muzey Mərkəzinin müdiri Liana Vəzirovaya, Musiqi Mədəniyyəti Muzeyinin müdiri Alla Bayramovaya, Üzeyir Hacıbəyovun ev muzeyinin müdiri Səadət Qarabağlıya və bu işdə əməyi olan bütün şəxslərə öz minnətdarlığımızı bildiririk.
Cəmilə HƏSƏNOVA
|