ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
TƏQDIMAT MƏRASIMI...
-
KONFRANSLAR... EKSPEDISIYALAR...
-
YARADICILIQ…
-
IFAÇILIQ...
-
GÖRÜŞLƏR…
-
MUZEYLƏRDƏ...
-
|
|
YENI IL QABAĞI YUXU VƏ YA ÖMRÜNÜZ UZUN OLSUN
Biri var idi, biri yox idi. Bakı adlanan bir şəhərdə Musiqi Akademiyası deyilən bir incəsənət məbədi var idi. Keçmişdə konservatoriya adlanan bu məkanda xalqın böyük hörmət bəslədiyi görkəmli ailənin görkəmli davamçısı, dünyada böyük nüfuza malik musiqiçi Fərhad Bədəlbəyli rektorluq edirdi.
Günlərin bir günü rektorun ağlına maraqlı bir fikir gəlir: fortepiano ixtisası üzrə təhsil alan tələbələrin ifa texnikasını ayrıca yoxlamaq. Çox götür-qoydan sonra bunu, xüsusi olaraq, etüdlərin ifası ilə, özü də, hansısa konkret bir bəstəkarın yaradıcılığına müraciət etməklə aydınlaşdırmağı qərara alır. Bəs görəsən hansı bəstəkarı seçsin?
Professor xeyli düşünür, böyük həyəcan keçirir, gündüzlər yemir, gecələr yatmır, bu məsələ ətrafında tez-tez müşavirələr, elmi şuralar keçirir. Musiqi Akademiyasında bir mərəkə qopur, gəl-görəsən. Hərə bir tərəfdən rektora namizədlər təklif etməyə başlayır: katibə Aida «öz adamını», sürücü Leonid bir ayrısını irəli sürür. Hətta adı ilə tanınan Lev Stepanoviç və bufetçi xanım da bu məsələdə yaxından iştirak etməyi özlərinə borc bilirlər. Nəhayət, Fərhad Bədəlbəyli bütün məsləhətləri qulaq ardına vuraraq, öz seçimini elan edir - Karl Çerni!
Bəli, bəli, məhz milliyyətcə çex, Lüdviq van Bethovenin şagirdi, Avstriya bəstəkarı, Azərbaycanlı musiqiçilərin uşaqlıq çağlarından yaxşı tanıdığı (məktəb illərində etüdlərini o qədər çalıblar ki,) - Karl Çerni.
Dinləyiş başlanır, nə başlanır. Tələbələrin biri səhnədən düşməmiş, o biri səhnəyə qalxır. Çerni soyadı hamının dilinin əzbəri olur: Çerni, Çerni,Çerni...
Dinləyişin şirin yerində, növbəti etüdə qulaq asan rektor bədahətən, ifa olunan əsərə sözlər qoşmağa başlayır. Deyirlər, «iştah diş altındadı!» Növbəti etüd və növbəti sözlər, yenə etüd, yenə sözlər. Belə-belə, günün sonuna Fərhad Bədəlbəyli Çerninin əsərlərinin motivləri əsasında, bir növ operetta yaratmaq üçün, çox gözəl süjet xəttinin olduğunu görür və bunu, Akademiyada ənənə şəkli almış «Kapustnik» - Yeni il ərəfəsində göstərilən məzhəkəli, şən bir tamaşa – formasında canlandırmağı qarşısına məqsəd qoyur. Səhnə əsərinin musiqili və ədəbi ideyasının orijinallığı onda idi ki, Çerninin darıxdırıcı etüdləri Fərhad Bədəlbəyli istedadı ilə ariyalar, xor və duetlər və hətta rəqslər üçün parlaq akkompanimentə çevrilir...
Haşiyə: Adətən «Kapustnik»ləri müəllim və istedadlı tələbələrdən ibarət bir qrup yaradırdı. Bu tamaşalar zamanı səslənən bir çox «duzlu» sözlər sonralar xalq yaradıcılığının parlaq nümunəsi kimi dillər əzbəri olurdu. Keçən əsrin 70-80-ci illərinin tamaşaçıları Adolf Hitlerin bunkerindəki telefonun zəngini və Fürerin dəstəyi qaldıraraq - «Yox, hamam deyil!» bağırtısını, Alla Puqaçovanın repertuarı üzərində qurulmuş «Puqaçovşina» operettasını şübhəsiz, yaxşı xatırlayırlar. 90-cı illərin tamaşaçısının isə, əlbəttə ki, həmyerlimiz Mstislav Rostropoviçin uzun müddət ayrılıqdan sonra, Vətənə qayıdışı şərəfinə yaradılmış və milli xörəyimiz olan «Xaş» mövzusu ilə bağlı «Kapustnik» və Bakı Musiqi Akademiyasının rektoru professor Fərhad Bədəlbəylinin anadan olmasının 55 illiyi münasibətilə göstərilən tamaşada psixoloq Ağabəy Sultanov, yazıçılarımızdan Anar və Çingiz Abdullayev, rəssam Çingiz Fərzəliyevdən ibarət kvartetin çıxışı heç zaman yaddaşından silin-məyəcək.
28 dekabr 2004-cü il, saat 19.00. Bakı Musiqi Akademiyasının Böyük Zalı.
... Səhnə açılır.
Dinləyişdən sonra, yorğun halda əyləşmiş rektor Fərhad Bədəlbəyli (bu rolu BMA-nın dosenti, Moskva Dövlət Filarmoniyasının solisti Murad Adıgözəlzadə ifa edirdi) nəticələrə nəzər salır. Bu işdə ona köməklik göstərən katibə Aida Xuraman Qasımovanın etüdləri müvəffəqiyyətlə ifa etdiyi barədə, Musa Mirzəyevin isə, Çerninin əsərləri əvəzinə, ancaq öz əsərlərini çalması haqda məlumat verir. Fidan Qasımovanın etüdləri violino alətində çoxdan çalmasını bəhanə gətirən rektor (vəzifə səlahiyyətlərini aşaraq?!), Fidan xanımı dinləyişdən azad edir. Polad Bülbül oğluna gəlincə isə, ...
Professoru yavaş-yavaş yuxu aparır.
«Təhsil Naziri cənab Misser Şmitdin əmri ilə Karl Çerni, Fərhad Bədəlbəylinin yerinə - Bakı Musiqi Akademiyasına rektor təyin edilmişdir!
Şöhrətdən uzaq olan, daima pulsuzluqdan mənəvi əzab çəkən Çerni (Opera studiyasının direktoru, professor Azad Əliyev), bütün yeni vəzifəyə gəlmiş rəhbər işçilərə xas olan adət üzrə, birinci növbədə katibəni dəyişir, kabinetində yerdəyişmələr aparır, təzə qanunqayda tətbiq etməyə başlayır. Katibə Adelya (Akademiyanın müəllimi Gülnaz Ismayılova), işlədiyi ilk gündən «Olmaz!», «Buraxmaram!», «Rektor məşğuldur!» şüarlarını əlində bayraq tutaraq (professorun əsl katibəsi Aidanın iş metodu burada parlaq şəkildə gözə çarpırdı), sevimli rektorunun sakitliyini qorumaqla məşğul olur. Öz əqidəsində polad kimi möhkəm olan Adelya rektor ilə görüşmək istəyən Zəhlətökən kişini (Opera teatrının solisti Əkrəm Poladov) şirin dilinə, bolluca vədlərinə baxmayaraq qəbul otağından qovur. Bu zaman Akademiyada məhəbbət dəliləri kimi məhşur olan Tsilya (Opera teatrının solisti Səbinə Əsədova) və Şpilya (Opera teatrının solisti Fəridə Məmmədova) Karl Çerniyə eşqinamə oxuyub, onunla yaxınlıq
etmək, «məşğələlər keçmək» arzusunda olduqlarını bildirirlər. Musiqidən zara gəlmiş rektor bu fürsəti (qoca olmasına baxmayaraq) əldən verməyib Şpilya ilə çox «fəal məşğul olur!». Tsilya isə qəbul otağında ahnalə içində göz yaşları tökür.
Elə bu zaman Akademiya binasında haray qopur. Sən demə, bir zaman Bolqarıstanın Qabrovo şəhəri ilə qardaşlaşmış Azərbaycanın qədim şəhəri Şəkidən olan qonaq (sənətşünaslıq namizədi Ibrahim Quliyev) öz oğlu ilə (pianoçu Emil Məmmədov) rektorun qəbuluna gəlmişdir. Sinəsini sipər kimi irəli verən katibə Şəki ləhcəsi, Şəki səxavəti və nəhayət, ona hədiyyə edilən Ukraynalı Yuşenkonun narıngi rəngli şərfi qarşısında tab gətirməyib rektorun kabinetinin qapılarını qonaqların üzünə taybatay açır.
Karl Çerni ömründə birinci dəfə idi ki, Şəkili görürdü. Ilk öncə qonaqdan hürkən rektor Şəkililərin baldan da şirin - «diluu yiyim», «həbilə, cözou yiyim» kəlmələrini eşitcək məsti-məstanə qonağa baxır və onun zəmbildə gətirdiyi diri xoruzu, pay kimi, məmnuniyyətlə qəbul edir. Oğlunun «yaman Çerni baz» olduğuna işarə edən Şəkili övladının fortepianodakı müşayiəti altında Çerni ilə «Bugi-vugi», «Tvist», daha sonra isə katibə Adelya ilə şıdırğı Azəri rəqsi ifa edərək rektoru oğlu ilə məşğul olmağa razı salır. Amma..., amma bunun üçün, həm də, bir ətək pul lazımdır...
Akademiyanın kassası qarşısında aləm dəyib bir-birinə, deyirlər ki, maaş olacaq. Nəhayət, nəhayət!!!
Əşşi, maaş nə gəzir e, pul var bəyəm?!
Akademiyanın ağsaqqalı, Tsilya, Şpilya, müəllimlər, xor kollektivi (başda Gülbacı Imanova olmaqla) Karl Çerninin xirtdəyindən yapışıb pul tələb edirlər. Camaatın xofundan qorxuya düşmüş rektor tələbəsi Moyşaya (Akademiyanın müəllimi Yuri Sayutkin) müraciət edərək «bəs pullar hanı?» sualını verir. «Maestro, dərs keçirilib ki, pul da olsun?» cavabını alan rektor mühasibi Gülər xanımdan hesabat tələb edir. Lakin, pul olmayan yerdə nə hesabat?
Akademiyadakı haraya Şəkili qonaq özünü çatdırır. Məsələdən hali olduqdan sonra o, mobil telefonu ilə kiməsə zəng edir. Hamının gözü ondadır, görəsən o kiminlə danışır?
- Mənə göstəriş verdilər ki, «cibindəki pulları Akademiyanın işçilərinə payla!»
- deyən Şəkili, dollarları camaatın başına səpələməyə başlayır.
Hurrey, alqış sədaları ətrafı bürüyür, hamı bir-birini təbrik edir. Və nəhayət, dahi Karl Çerniyə möhtəşəm Himn oxunur...»
Fərhad Bədəlbəyli oyanır. Bu nə idi, onun gördüyü yuxudur, yoxsa... Cərəyan edən səhnələr, əlində ifa olunan etüdlərin nömrələrini göstərərək səhnənin o başından bu başına gedən cazibədar Xanım (laborant Mənzər Nurəliyeva), hadisələrə özünəməxsus atmacaları ilə şərh verən Aparıcı (Şən və Hazırcavablar Klubunun üzvü Elçin Imanov) – bütün bunlar həqiqətən olmuş əhvalatdır?
Bəli, bəli, əzizimiz Fərhad müəllim, Fərhad Şəmsiyeviç! Bütün bunlar həqiqətdir, çünki bunları Sizin istedadınız yaratmışdır, biz isə Sizin ad gününüzdə yaratdığınız əsəri Sizə hədiyyə etdik.
Ömrünüz uzun olsun, MAESTRO!
Ibrahim QULIYEV
|