ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
YARADICILIQ…
-
Search

ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
TƏQDIMAT MƏRASIMI...
-
KONFRANSLAR... EKSPEDISIYALAR...
-
YARADICILIQ…
-
IFAÇILIQ...
-
GÖRÜŞLƏR…
-
MUZEYLƏRDƏ...
-

 


BÖYÜK BƏSTƏKARIN ÖMÜR SALNAMƏSI

        «Tofiq Bakıxanovun kamera-instrumental əsərlərində ifaçılıq xüsusiyyətləri» ilə əlaqədar elmi-tədqiqat işini uğurla başa vuran gənc skripkaçı Hökümə Əliyeva bu günlərdə sənətşünaslıq namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.

       Azərbaycan mədəniyyətinin, tarixinin və ədəbiyyatının inkişaf mərhələlərində böyük rol oynamış Bakıxanovlar nəslinin bu adlı-sanlı şəxsiyyəti barədə söz demək, elmi araşdırma aparmaq, sanballı əsər yazmaq çox məsuliyyətli olduğu kimi, həm də çox şərəflidir.

       Ziyalı ailəsində böyüyüb boya-başa çatan Hökümə Əliyeva bu işin öhdəsindən layiqincə gəlmişdir. Hələ uşaqlıqdan ecazkar səslər aləmilə tanışlığı, spesifik sənət dünyasının dəruni sirrlərinə bələdliyi bizdə təəccüb doğurmur. Çünki o, ilk öncə Bülbül adına orta ixtisas musiqi məktəbinin orkestr şöbəsində «skripka» ixtisası üzrə mükəmməl təhsil almışdır. Sonralar Bakı Musiqi Akademiyasına daxil olmuş, 2000-ci ildə isə bu elmi-ürfan ocağını assitent-stajor olaraq layiqincə bitirmişdir.Bu səbəbdəndir ki, H.Əliyevada musiqini qavrama, bədii duyum hissi qüvvətlidir.

       Monoqrafiya müəllifi T.Bakıxanovun çoxşaxəli sənətində hər bir ifanın, ən xırda, ən zərrəcik çalarlarına varmış, hər bir xanə xətti arasındakı məsafə və məzmun vəhdətini duymuş, fərdi münasibətini bildirmişdir. Monoqrafiya müəllifi T.Bakıxanovun yaradıcılığının timsalında xalqımızın və mədəniyyətimizin tarixi köklərini, təşəkkül mərhələlərini milli zəmin əsasında araşdırmış, dəyərli elmi nəticələrə gəlmişdir.

       Müəllif T.Bakıxanov musiqisinin sehrli sədalarını, bəstəkarın təkrarsız istedadını, onun ifaçılıq sənətində tutduğu mövqeyini səbrlə, orijinal yanaşma üslubu ilə diqqətlə nəzərdən keçirmiş, elmi təhlil etmiş, yeri düşdükcə öz nəzəri fikir və mülahizələrin də irəli sürmüşdür. Fəlsəfə elmləri doktoru, professor Gulnaz Abdullazadə yazır: «… musiqişünaslıqda ifaçılıq sahəsi bir tədqqiat problemi kimi… çox az işlənmişdir». Gənc alim H.Əliyevanın məlum monoqrafiyası üç fəsildən, nəticə, biblioqrafiya, notoqrafiya və böyük bəstəkarın ömür yolunu əyani şəkildə işıqlandlıran maraqlı fotoşəkillərdən ibarətdir. Faktlara əsaslanan hər fəsildə T.Bakıxanovun kamera-instrumental əsərlərinin janr müxtəlifliyi nümayiş etdirilir və onların ifa tərzi, ifaçılıq xüsusiyyətləri müəyyənləşir.

       Zənnimizcə H.Əliyevanın elmin bu çətin sahəsinə «baş vurması» musiqidə daxili mənanı, ifadəliliyi duymaq, sənətin mürəkkəb qatlarını açmaq qabiliyyətinin əzəmi dərəcəsidir.

       Sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabov bu haqda yazır: «H.Əliyeva monoqrafiyadakı üç fəsildə bəstəkarın əsas əsərlərini professional səviyyədə təhlil etmiş, T.Bakıxanovun bu sahədə yaradıcılıq işini elmi aspektdə açıqlaşmış və bununla sübut etmişdir ki, T.Bakıxanovun musiqisinin mühüm və parlaq səhifəsidir». Həqiqətən (sənətşünas olmasaq da) monoqrafiyanı vərəqlədikcə şahidi oluruq ki, monoqrafiyada musiqi dilinin zərifliyi ilə yanaşı, tədqiqatçı tərəfindən qələmə alınan hər bir fikir, verilən hökm və mülahizələr zərgər dəqiqliyi ilə ölçülüb biçilmiş, dil-üslub xüsusiyyətləri, müəllif təqdimatı vahid nöqtədə elmi həllini tapmışdır.

       Şübhəsiz ki, gənc alim Hökümə Əliyevanın «Tofiq Bakıxanovun kamera-instrumental əsərlərində ifaçılıq xüsusiyyətləri» əsəri böyük sənətkarın həyatında ən önəmli və ən mühüm hadisədir.

Gülxar IBRAHIM QIZI



ƏNƏNƏVI MÜƏLLIF GECƏSI

       Çox sevindirici haldır ki, paytaxtımızın klassik musiqi salonlarında əcnəbi dünya şöhrətli musiqiçilərlə yanaşı, milli bəstəkarlıq və ifaçılıq məktəbinin ustad nümayəndələrinin də konsertləri böyük vüsətlə keçir, hətta bütün konsert boyu ayaq üstə dayanan musiqisevərlər də az deyildir.

       2004-cü il dekar ayının 4-də Azərbaycan klassik musiqisinin inkişafında müstəsna rol oynayan Azərbaycan Respublikasının xalq artisti, BMA-nın professoru, Azərbaycan Milli yaradıcılıq Akademiyasının incəsənət doktoru, Şöhrət ordenli, prezident təqaüdçüsü, Abbasqulu Ağa Bakıxanov mükafatının iki dəfə laureatı, bəstəkar Tofiq Əhməd Ağa oğlu Bakıxanovun Şərq musiqisi silsiləsindən ibarət müəllif konserti keçirilmişdir. Onu da qeyd etməliyik ki, həmin konsertdə uğurla səslənən musiqi bəstəkarın yubiley gününə bir ərməğandır.

       Konsertdə BMA-nın baş müəllimləri Fəridə Əhmədbəyova (fortepiano) və Lalə Həsənova (skripka), Kəmalə Mirbabayeva (fortepiano) və Hüsniyyə Məhərrəmova (vokal) çıxış etdilər. Ifaçıların füsünkar, ecazkar, parlaq ifa tərzi sanki bütün bəşəriyyəti fəth edərək, insanları nağıllar, röyalar aləminə qərq edirdi. Konsertdə «Türk rapsodiyası», «Kuzey Kıprıs fesillerı» və Süitadan fraqmentlər, 5 saylı «Türk Sonatası», 7 saylı «Ərəb Sonatası»ndan II hissə, Iran xalq musiqisinin əsasında yazılmış «Şərqdən gələn sədalar» məcmuəsindən fraqmentlər, mərhum musiqiçi, professor Rauf Adıgözəlova ithaf edilmiş 11 saylı sonata, «Azəri gözəlim» (sözləri Kamran Əzizindir), «Bağışla məni» (sözləri Süleyman Rüstəmin), Üzeyir Hacıbəyova ithaf edilmiş «Ulu ustad», «Məktəb illəri», «Onları sevirəm ki» (sözləri Edinburq Universitetinin professoru, tanınmış şair Qulamrza Səbri Təbrizinindir) mahnıları səsləndi.

       Yüksək emosional təsir gücünə və zəngin fəlsəfi mahiyyətə əsaslanan milli musiqi dühası Şərq musiqi aləmində layiqli yerlərdən birini tutur. Azərbaycan musiqiçiləri Şərq mədəniyyətinin inkişafında əhəmiyyətli rol oynamış və eyni zamanda özü də xalqların incəsənətindən bəhrələnmişdir.

       Məsələn, bəstəkar Tofiq Bakıxanov 1967-ci ildə ezamiyyətdə olduğu zaman Türkiyənin Istanbul və Ankara radiosunun kitabxanasında türk xalq musiqisinə dair folklor materialları ilə tanış olur və bunun əsasında 5 saylı «Türk sonatası», «Türk rapsodiyası», VI saylı «Türk simfoniyası» bəstələnir. Axırıncı dəfə Türkyiədə ezamiyyətdə olduğu zaman «Türk ezgileri» əsəri üzərində işləyərək tamamlayır.

       Tofiq Bakıxanov «Türk rapsodiyası» əsərini türk xalq musiqisi əsasında 1987-ci ildə yazıb. Əsərdə xalq həyatının tərənnümü parlaq tərzdə təqdim olunur və bu birhissəli kompozisiyada sonata formasının xüsusiyyətləri özünü büruzə verir.

       1979-cu ildə Şimali Kiprin mərkəzi olan Lefkoşa şəhərində Yılmaz Taner və Mahmud Islamoğlu tərəfindən «Kuzey Kıbrıs türküləri və oyun havaları» adlı birsəsli not məcmuəsi nəşr edilmişdir. T.Bakıxanov 1998-ci ildə ilk dəfə II Beynəlxalq Bellapais Musiqi festivalında iştirak edərkən həmin məcmuənin müəllifləri tərəfindən bu kitabça bəstəkara hədiyyə verilmişdir. T.Bakıxanov Şərq musiqisi əsasında yazdığı əsərlərin davamı olaraq Şimali Kiprin folklorundan istifadə edərək skripka və fortepiano üçün «Kuzey Kıbrıs fəsilləri» (7 hissə), «Kuzey Kıbrıs suitası» (7 hissə) adlı iki məcmuə bəstələyib.

       Bu əsərlər 1998-ci ildə Tbilisidə, 1999-cu ildə Izmirdə və Bakı Musiqi Akademiyasının Böyük zalında Türk Cumhuriyyətinin 76-cı ildönümü münasibəti ilə keçirilən müəllif konsertlərində ifa edilmişdir.

       T.Bakıxanovun 5 saylı türk sonatası «Türk xalq musiqisi üsulları» not ədəbiyyatı əsasında bəstələnib. Sonatada Müzəffər Sarısözün «Türk xalq musiqisi üsulları» not ədəbiyyatındakı üç bölümə, yəni 1) ana üsulları; 2) birləşik üsullar və 3) karma üsullara müraciət edilmişdir. VII saylı sonata ərəb xalq mövzuları əsasında bəstələnmişdir. II hissə bütün ərəb dünyasında məşhur olan «Şələbiyyə» mahnısının mövzusu əsasında bəstələnib. Sonata ərəb musiqiçisi Cəmil Bəşirin, Samir Əl-Bazinin topladığı melodiyalar əsasında yazılıb.

       T.Bakixanovun 11 saylı sonatası kamera ansamblı kafedrasının professoru Rauf Adıgözəlova ithaf edilib. Bəstəkar çalışıb ki, bu sonatada illər boyu tanıdığı ifaçının surətini yaratsın. Müəllif istər skripkaçı, istərsə də vokal ifaçısı kimi onun ifaçılıq xüsusiyyətlərini bu sonatada dinləyiciyə aşılayır. Sənətçi xalq mahnılarını oxuyarkən atası, görkəmli xanəndə Zülfi Adıgözəlovun repertuarına müraciət edərdi və müəllif bu musiqi fraqmentlərini əsərin II-III hissəsində ifadə edib. O biri sonatalardan fərqli olaraq, bəstəkar I hissəni yalnız matəm musiqisi ilə təzahür edərək bütün sənət adamlarının bu itkidən doğan təəssüf hisslərini obrazlaşdırır. III hissədə cəld hərəkətlə verilən epizod Qarabağ şikəstəsinin mövzusu əsasında bəstələnib. Mərhum sənətkar Qarabağ torpağını dərin məhəbbətlə sevdiyi üçün bəstəkar bu mövzuya istinad etmişdir. Onun həmişə oxuduğu «Səndən mənə yar olmaz» xalq mahnısını müəllif III hissənin kodasında sakitləşən hərəkətlə əks etdirir. S anki bu musiqi şamın sönməsini xatırladır. Ilk dəfə 11 saylı sonata Rauf Adıgözəlovun vəfatının öldönümündə BMA-nın Böyük zalında səslənib.

       T.Bakixanov 2001-ci ildə Tehranda üç həftəlik yaradıcılıq ezamiyyətində olmuş və orada Iran xalq musiqisi əsasında beş hissəli «Şərqdən gələn sədalar» əsərini bəstələmişdir. Tofiq Bakıxanov Şərq musiqisinə müraciət etməklə xaricdə Azərbaycan professional musiqisinin özəlliklərini təbliğ edərək bu xalqlarla mədəni əlaqələrin genişlənməsində mühüm rol oynayır.

       Bəstəkarın geniş yaradıcılıq diapazonu imkan verir ki, o, məhz başqa xalqların musiqi ənənəsinə mənsub musiqi nümunələrini öz yaradıcılıq süzgəcindən keçirərək dinləyicilərə təqdim etsin. Bu əsərlər ölkələr arasında dostluq münasibətinin yaranması ilə yanaşı, repertuar baxımından da əhəmiyyətli yer tutur. Tofiq Bakıxanovun Şərq melodiyaları əsasında yazdığı əsərlər soykökü baxımından böyük mənəvi-estetik əhəmiyyət daşıyır.

       Respublikanın əməkdar incəsənət xadimi, şair T.Mütəllibovun təbirincə desək: «bəstəkarlar heç zaman qocalmırlar. Gənclik ehtiraslı əsərləri ilə gündən-günə gəncləşirlər. Onlar qocalmaz ürək sahibidirlər. Bəli, Tofiq Bakıxanov yaşı artdıqca gəncləşən, sinəsində coşğun bir ürək döyünən bəstəkarlarımızdandır. Qoy bu ürəyin hərarəti daha gözəl, daha dolğun musiqi əsərlərinə çevrilsin». 1

       Məqaləni görkəmli bəstəkar, Azərbaycan Respublikasının xalq artisti, Tofiq Quliyevin sözləri ilə tamamlamaq istəyirəm: «Tofiq Bakıxanov ona görə xoşbəxt sənətkardır ki, elə bir ailədə doğulub və böyük sənətkar, gözəl insan Qara Qarayevin sinfində dərs alıb. Belə bir şəxsin Azərbaycan musiqisində rol oynaması təbiidir. T.Bakıxanov musiqinin bütün janrlarında fəal yaradıcılıq göstərən bir sənətkardır. Onun simfonik, kamera, səhnə musiqisindən ibarət əsərləri dəyərli sənət nümunələridir. Xüsusilə T.Bakıxanovun kamera musiqisinin inkişafında böyük rolu vardır. Bu janrda skripka və fortepiano, fleyta və fortepiano üçün əsərlər Azərbaycan kamera musiqisinin inkişafına böyük xidmət göstərmişdir. O, Azərbaycan musiqi xəzinəsinə dəyərli əsərlər bəxş edib». 2

       XX əsr Azərbaycan poeziyasında və mədəniyyətində özünəməxsus yer tutan sənətkarların (T.Mütəllimov və T.Quliyev) fikirlərinə qoşularaq, görkəmli bəstəkarımız Tofiq Bakıxanova can sağlığı və uğurlar arzulayıram.

Hökümə ƏLIYEVA


1 Bəstəkar haqqında söz (Not-biblioqrafiya). Tərtibçi: Əliyeva H. Bakı, Zaman, 2001, s. 33

2Yenə orada, s. 27

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page