ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
YARADICILIQ…
-
Search

ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
TƏQDIMAT MƏRASIMI...
-
KONFRANSLAR... EKSPEDISIYALAR...
-
YARADICILIQ…
-
IFAÇILIQ...
-
GÖRÜŞLƏR…
-
MUZEYLƏRDƏ...
-

 


S.FƏRƏCOVUN «BIR GÜNLÜK SIĞƏ» MUSIQILI KOMEDIYASI

       Bəstəkar Sərdar Fərəcovun adı musiqi ictimaiyyətinə yaxşı tanışdır. Özünəxas dəst-xəttə malik bəstəkar yaratdığı müxtəlif janrlı əsərlərində onu əhatə edən aləmi, dövrün özəlliklərini, insanların mənəvi dünyasını öz görümündə canlandıraraq, dinləyiciyə çatdırmağa çalışır. Bəstəkarın maraq dairəsi çox genişdir. Lakin onun sanballı bir siyahı ilə təmsil olunan yaradıcılığında bəstəkarın musiqili səhnə əsərlərinə mütəmadi müraciəti diqqəti cəlb edir.

       Bəstəkarın bu qəbildən olan əsərləri müxtəlif janrlara aiddir. Məsələn, «Şəngülüm-Məngülüm» rok operası, «Tədbirə qarşı tədbir» müzikli, «Yaddaş ağrısı» musiqili tamaşası, «Səhnədə məhəbbət» operettası və ümumiyyətlə, 30-dan artıq tamaşalara yazılmış müxtəlif səpkili musiqiləri qeyd edə bilərik. Bu yaxınlarda bəstəkarın əsərlərinin siyahısına daha biri əlavə olunmuşdur: «Bir günlük siğə» musiqili komediyası. Əlbəttə ki, S.Fərəcovun qələmindən çıxmış bütün bu əsərləri birləşdirən ümumi cəhət onların təkcə musiqili-səhnə əsərləri olması deyil. Onların ümdə cəhəti məhz bəstəkarın səhnənin tələblərini dərindən duymasıdan və əsərin ədəbi və musiqi məzmununun tam vəhdətinə nail olmasından ibarətdir. Bu xüsusiyyət bəstəkarın haqqında danışacağımız sonuncu əsərində - «Bir günlük siğə» musiqili komediyasında da öz təzahürünü tapır.

       Sərdar Fərəcovun dediyi kimi, əsərin librettosu ona Musiqili Komediya teatrı tərəfindən təqdim olunmuşdur. Ümumiyyətlə, teatrda belə bir ənənə var ki, yazıçı və dramaturqlar müəyyən bir əsəri libretto şəklində işləyib teatra təqdim edirlər. Sonra isə teatrın rəhbərliyi həmin librettolar əsasında əsər yazmaq üçün bəstəkarlara müraciət edir. Haqqında şöhbət gedən musiqili komediyanın librettosu da öz bəstəkarını belə «tapmışdır».

       Librettonun əsasını böyük türk yazıçısı, xüsusilə Azərbaycanda «Çalı quşu» romanının müəllifi kimi tanınmış Rəşad Nuri Güntəkinin əsəri təşkil edir. Məsələ burasındadır ki, həmin əsərin qəribə taleyi var. Orijinalda «Hülləki» və ya «Hüllücə» adlanan bu əsər bizə rus dilində gəlib çatmışdır. Əsərin türk variantı yoxdur. Ona görə də adında bir qədər anlaşılmazlıq yaranmışdır. Azərbaycan teatrları arasında ilk dəfə Sumqayıtda tamaşaya qoyulmuşdur. Sonralar yazıçı Cahangir Məmmədov bu əsəri ruscadan azərbaycan dilinə tərcümə etmiş və libretto şəklinə salaraq teatra təhvil vermişdir.

       S.Fərəcovun sözlərinə görə, ona 2002-ci ildə Musiqili Komediya teatrı tərəfindən bir neçə müasir mövzulu əsər təqdim olunsa da, klassik türk yazıçısının əsəri onu daha çox maraqlandırmışdır. Cahangir Məmmədovla bir daha libretto üzərində işlədikdən sonra Sərdar Fərəcov özü həm də şerlərin mətnini yazmış və musiqi bəstələmişdir. Əsər o qədər bəstəkarı cəlb etmişdi ki, sanki birnəfəsə onun üzərində işləmişdir. Maraqlıdır ki, musiqili komediyanı tamamlayan sonuncu xoru o, birinci olaraq yazmışdır.

       Yeni musiqili komediyanın ilkin adı «Keçmiş olsun, arkadaş» idisə, sonradan «Bir günlük siğə və ya keçmiş ola arkadaş» adlandırılmışdır.

       Beləliklə, 2004-cü ilin sonunda, dekabrın 18-də Musiqili Komediya teatrının repertuarı daha bir əsərlə zənginləşdi.

       Bəs əsərin süjet xətti nədən ibarətdir? Qeyd etmək lazımdır ki, orta əsrlərdə müsəlman aləmində hökm sürən Şəriət qayda-qanunlarına görə bir günlük siğə deyilən bir adət var idi: bir kişi qadınını boşayıbsa və onunla yenidən evlənmək istəyirsə, mütləq o qadın başqa bir yad kişi ilə bir günlük siğəyə girməli idi, yəni bu, zahiri bir görüntü olurdu. Adətən, yaşlı kişilər pul xatirinə hər hansı bir qadınla bir günlük siğə kəsdirməyə razı olurdular. Rəşad Nuri Güntəkin XX əsrin əvvəllərində Türkiyə həyatında bu adətin hələ də qaldığını və necə eybəcər bir forma aldığını, bəzi fırıldaqçı insanların isə bundan necə sui-istifadə edərək, öz ləyaqətsiz əməllərini həyata keçirdiklərini, eyni zamanda, başqalarının da həyatını korladıqlarını dərindən açıb göstərmişdir. Librettoda məhz bir günlük siğə əhvalatı ön planda durur. Bir günlük siğə əsərdə baş verən hadisələrin axarını, eyni zamanda, əsərin qəhrəmanlarının həyatını dəyişən təkanverici qüvvəyə çevrilir. Əsərin qayəsi is ə məhz bir günlük siğə məsələsinin insanların əlində fırıldaqçılıq üçün bir vasitə olmasını, eyni zamanda, tamahkarlığın onların beyinlərinə pozucu təsir göstərməsini açıqlamaqdan ibarətdir. Əsərdə Islam dininin, şəriət qanunlarının hökm sürduyu bir cəmiyyətdə insanların din yolundan azması, şəriət pərdəsi altında fırıldaqçılıq etməsi, nadanlıq, avamlıq kimi cəhətlər tənqid olunur, gülüş hədəfinə çevrilir. Cəlil Məmmədquluzadənin təbirincə desək, bu, göz yaşları içində gülüşdür. Əsərin tragikomik, kimisi üçün xoşbəxtliklə, kimisi üçünsə bədbəxtliklə nəticələnən finalından belə qənaətə gəlmək olur ki, bir ailədə işlər yoluna qoyulsa da, bu, ümumilikdə türk cəmiyyətinin bəlasıdır və məhz cəmiyyət fırıldaqçılardan, mənfur adətlərdən təmizlənməlidir.

       Əsərin məziyyətlərindən danışarkən, ilk növbədə, onun musiqisini qeyd etmək istərdim. Əlbəttə ki, bəstəkarın professionallığı, yazı üslubu və ifadə vasitələrinin zəngin arsenalından bacarıqla istifadə etməsi diqqətəlayiqdir və əsərin uğurunu təmin edən başlıca amildir.

       Deməliyəm ki, musiqi əsərin məzmunu ilə həmahəng olub, onu dolğun əks etdirir. Türk həyatının təcəssümü üçün bəstəkar məhz türk musiqi üslubuna müraciət etmiş, türk intonasiyaları əsasında, türk xalq melodiyaları ruhunda musiqi bəstələmişdir.

       Bəstəkar əsərin hər bir personajını özünəməxsus intonasiyalarla səciyyələndirir. Necə deyərlər, obrazın musiqi xarakteristikasını bu obraza xas olan, onun danışıq tərzi, xasiyyəti, davranışı, ilə həmahəng olan intonasiyalarla, səciyyəvi musiqi ibarələrilə canlandırır. Lakin bəzən musiqili komediyada türk ruhuna uyuşmayan musiqi də yer alır, avropasayağı üsluba keçid özünü göstərir. Elə son səhnələrdən birindəki «Vyana» valsı bu qəbildəndir. Nə qədər sənətkalıqla işlənsə də, bu, nə əsərin məzmununa, nə də ümumi ruhuna uyğun deyil. (Bəstəkarın öz sözlərinə görə, o, bu valsı məhz uzun müddət Vyanada yaşayan Rəşad Nuri Güntəkinin xatirəsinə həsr etmişdir). Əksinə, Mələyin ariyaları isə musiqinin dərin təsir qüvvəsi ilə yadda qalır və obrazın səciyyələndirilməsində mühüm rol oynayır. Eyni zamanda, Şərifin anası Ruqiyyə ilə, ev sahibəsi Adilə Dudu ilə ansambl səhnələrindəki musiqi bu obrazların satirik planda həllində xüsusi əhəmiyyət kəsb edir.

       Əsərdəki hadisələrin mərkəzində Mələk obrazı durur. Bütün baş verən hadisələr bu və ya digər dərəcədə Mələklə, onun taleyi ilə bağlıdır.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page