ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
YARADICILIQ…
-
Search

ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
TƏQDIMAT MƏRASIMI...
-
KONFRANSLAR... EKSPEDISIYALAR...
-
YARADICILIQ…
-
IFAÇILIQ...
-
GÖRÜŞLƏR…
-
MUZEYLƏRDƏ...
-

 


Mələk safqəlbli, ürəyiyumşaq, həyatsevər, ailəsinə bağlı, ailə üzvlərinə hörmət göstərən sadə bir türk qadınıdır. Tamaşaçı onun taleyi ilə tədricən tanış olur və səhnədəki hadisələr bir-birini əvəz etdikcə, onun xarakterinin müxtəlif cəhətləri açılır. Onun taleyini həll edən hadisələrə isə biganə qalmaq olmur. Qadının türk cəmiyyətindəki hüquqsuz vəziyyəti, özündən soruşmadan belə ətrafındakı yaxın və ya uzaq insanların onun həyatını istədikləri səmtə yönəltmələri, çox zaman çarəsizlikdən taleyi ilə barışmaq məcburiyyətində qalması Mələk surətində öz təcəssümünü tapır.

       Mələk obrazı əsərdə inkişafda verilmişdir. Belə ki, əsərin əvvəlində ərinin yolunu gözləyən, qayını və qayınanası tərəfindən aldadılan, lakin onların hər sözünü, hərəkətini bağışlayan sadəlövh Mələk ailəsini itirmək və evdən bayıra atılmaq təhlükəsi ilə üzləşir. Sonda isə o, aldadıldığını, alçaldıldığını başa düşərək, taleyini özü həll etmək iqtidarında olan bir surətə çevrilir. Məhz bir günlük siğə onun həyatını dəyişir, gözlərini açır.

       Onu da deyək ki, Mələk əsərdə ən geniş musiqi xarakteristikasına malikdir. Onun ariya və ariozoları, duet səhnələrindəki vokal partiyaları obrazın daxili aləminin səciyyələndirilməsində böyük rol oynayır. Məhz bu səhnələrdə biz Mələyin çətin həyatı ilə, baş verən hadisələrə münasibəti ilə, zahirdə görünən deyil, məhz daxilindəki həyəcanları, yaşadığı hissləri ilə tanış oluruq, onun arzularına, səadət və məhəbbət dolu bir həyat istəyinə qoşuluruq.

       Əsərdə Mələk rolunda çıxış edən Nərgiz Kərimova Mələyin daxili aləmini çox dərindən hiss edir. Aktrisanın geniş vokal imkanlarını, gözəl tembrli və zəngin çalarlı səsini xüsusi qeyd etmək lazımdır. Obrazın səciyyələndirilməsində onun həm ifaçılıq məharəti, həm səhnə mədəniyyəti, həm də məlahətli surəti bir arada qovuşaraq, aktrisanın canlı, həyati bir obraz yaratmasına rəvac vermişdir.

       Tamaşada iştirak edən aktyorlardan Nərgiz Kərimova ilə yanaşı, əməkdar artist Elxan Əhədzadə yaratdığı Şərif obrazı ilə diqqəti cəlb edir. Onu da deyim ki, böyük yaradıcılıq imkanlarına malik bu aktyorların səhnədə təcəssüm etdirdikləri surətlər bir-birindən əks qütbdə dayanır. Cəmiyyətdəki mənfi-müsbət cəhətlərin, yaxşı-pis əməllərin təzahürünə dönür. Mələk – Nərgiz Kərimova – lirik dramatik plandadırsa, Şərif-Elxan Əhədzadə – satirik bir surətdir.

       Qeyd etmək lazımdır ki, bu tamaşada Elxan Əhədzadə yeni ampluada çıxış edir. Şərif obrazını o, dinamik cizgilərlə yaratmışdır. O, bu rolun öhdəsindən elə ustalıqla gəlir ki, tamaşaçıda Şərifə və onun əməllərinə qarşı həm ikrah hissi, həm də gülüş doğurur. Məhz Şərifin tamahkarlığı, fırıldaqçılığı və dələduzluğu hadisələrin hərəkətvericisinə çevrilir. Həyatda heç bir amalı olmayan və insanları aldatmaqla dolanan Şərif hər bir vəziyyətdən növbəti yalanlar quraşdırmaqla çıxır və sonda elə öz kələklərinin qurbanı olur.

       Onun musiqi xarakteristikası da satirik planda öz həllini tapır. Bəstəkar musiqi vasitəsilə Şərifin iç üzünü açmağa nail olur.

       Əsərin əsas personajlarından biri olan Helmi rolunun ifaçısı Çingiz Əhmədovun oyununa gəlincə, deməliyəm ki, bu rol o qədər də uğurlu alınmamışdır. Helmi rolunu o, komik planda təfsir edərək, tamaşaçını öz hərəkətləri və danışığı ilə güldürmək üçün çox canfəşanlıq edir. Aktyor Helmi surətini səthi qavrayaraq, onun daxili aləmini aça bilmir. Onu qorxaq və düşdüyü vəziyyətdən yararlanan hiyləgər bir surət kimi göstərir. Helmi sadəlövh bir insan olub, ehtiyac ucbatından Şərifin evinə oğurluğa gəlir və bu zaman təsadüfən bu evdə cərəyan edən hadisələrin mərkəzinə düşür. Qorxudularaq Mələklə bir günlük siğəyə razılıq verən Helmi sonradan Mələyi görüb ona vurulur. Bu evdə şahidi olduğu bütün gizli işlərin, Şəriflə anasının kələklərinin üstünü açır. Mələyin dayısından qalan var-dövlətə sahib olduğunu Mələyə xəbər verməklə, onun qəlbində özünə qarşı istək yaratmağa çalışır. Lakin aktyor öz oyunu ilə tamaşaçını öz hisslərinin təmizliyinə, təmənnasızlığına inandıra bilmir. Və o, Şərifə qarşı qoyulan, onun pis əm əllərini ifşa edən müsbət qəhrəman kimi deyil, elə onun kələklərindən istifadə edən təmənnalı bir şəxs kimi görünür. Aktyorun vokal imkanları da zəifdir. Xüsusilə Nərgiz Kərimova ilə duetdə bu, daha qabarıq üzə çıxır.

       Tamaşada digər aktyorların da oyunu diqqəti cəlb edir. Aktyoların oyununda özünü göstərən təbiiliyi xüsusi qeyd etmək istərdim. Belə ki, libretto müəllifi Cahangir Məmmədovun Rəşad Nuri Güntəkinin əsərinin ümumi ruhunu qoruyub, saxlaması, insan talelərini səmimi, sadə bir dildə, xalq ədəbiyyatı ruhunda, həm zarafatyana tərzdə, həm də dərin həyəcanlı hissləri üzə çıxaran lirik təhkiyə ilə təcəssüm etdirməsi aktyor oyununa da böyük təsir göstərmişdir. Səhnədəki hadisələrin inkişafı komik vəziyyətlərin yaranmasına gətirib çıxarır. Belə komik vəziyyətlərdə isə aktyorlar səmimi, təbii oyun tərzi ilə, mətndən kənara çıxmayaraq, artıq sözlərə, gülüş xatirinə edilmiş hərəkətlərə yol verməyərək, çox səlis, dəqiq qurulmuş və yaxşı işlənmiş mizanlarla tamaşaçını ələ almağı bacarırlar. Əlbəttə ki, tamaşada iştirak edən aktyorların rolları barədə də ayrı-ayrılıqda çox fikir söyləmək olar. Çünki hər bir aktyor özünəməxsus oyun tərzinə malik olub, yaddaqalan surətlər yaratmışlar. Və canlı bir tamaşa alınmasına böyü k səy göstərmişlər. Bu baxımdan, əlbəttə ki, tamaşanın quruluşçu rejissoru Yusif Əkbərovun da böyük əməyi olmuşdur.

       Eyni zamanda, musiqili komediyada xorun əhəmiyyətli rolunu qeyd etmək lazımdır. Onu da deyim ki, teatrın xorunun ifaçılıq keyfiyyətləri və professionallığı çox yaxşı təsir bağışlayır. Eyni sözləri teatrın orkestrinə də şamil etmək olar. Bu nöqteyi-nəzərdən tamaşanın ağırlığını çiyninə götürən teatrın baş dirijoru Nazim Hacıəlibəylinin xidməti təqdirəlayiqdir.

       Artıq qeyd etdiyim kimi, əsərdəki hadisələr XX əsrin əvvəllərində baş verir. Ümumiyyətlə, bu tarixi dövrün və türk həyatının əks etdirilməsində az əhəmiyyətli olmayan geyimlər və səhnə tərtibatı rəssam Ismayıl Məmmədovun işində gözəl əks olunmuşdur. Məhz səhnədə dekorasiyaların quruluşu da rəmzi məna daşıyır. Belə ki, arxa planda məscid minarələrinin görüntüləri bir tərəfdən, insanları Allaha ibadətə çağırış kimi, digər tərəfdən isə mənəvi cəhətdən pozulmuş insanlara xəbərdarlıq kimi qavranılır.

       Ümumiyyətlə, «Bir günlük siğə» musiqili komediyası musiqisi, bədii keyfiyyətləri, aktyorların oyunu baxımından, tamaşanın səhnə tərtibatı və rejissor işi baxımından Musiqili Komediya Teatrında son dövrdə səhnəyə qoyulmuş ən yaxşı tamaşalardan biridir. Bu müvəffəqiyyətli əsərə görə bəstəkar Sərdar Fərəcovu və teatrın bütün kollektivini təbrik etmək istərdim. Məlum həqiqətdir ki, teatr tərbiyə vasitəsidir. Tamaşanın araya-ərsəyə gəlməsində rolu, zəhməti olan şəxlər ilk növbədə, tamaşaçı zövqünü, estetik gözəllik hissini səhnədən səslənən söz, musiqi və davranışları vasitəsilə aşılamağı bacarmalıdır. Əminliklə deyə bilərəm ki, «Bir günlük siğə» tamaşasının yaradıcı heyəti bu işin öhdəsindən bacarıqla gəlməyə nail olmuşdur.

Cəmilə HƏSƏNOVA



   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page