ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
IFAÇILIQ...
-
Search

ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
TƏQDIMAT MƏRASIMI...
-
KONFRANSLAR... EKSPEDISIYALAR...
-
YARADICILIQ…
-
IFAÇILIQ...
-
GÖRÜŞLƏR…
-
MUZEYLƏRDƏ...
-

 


VOKAL SƏNƏTININ UCA ZIRVƏLƏRINDƏ

       Dünya şöhrətli müğənni, beynəlxalq müsabiqələr laureatı, Respublika Dövlət mükafatı laureatı, Opera və balet teatrının solisti, Azərbaycanın xalq artisti, professor Xuraman Qasımovanın adı geniş dinləyici kütləsinə yaxşı məlumdur.Neçə illərdir ki, onun gözəl, fitri istedadını sevənlər və biz, həmkarlar, o istedadın yüksəlişinin şahidi olmuşuq.

       Onun böyük musiqi həvəsi, istedadı gənc yaşlarından özünü göstərmişdir. Onun gözəl səsi qeyri-adi və təkrarolunmaz tembrə malikdir. Vokal sənətinə böyük məhəbbəti, zəhmətsevərliyi, iradə qüvvəsi, məqsədyönlülüyü və istedadı sayəsində, o, qısa müddətdə yaradıcılığında böyük zirvələrə çatmışdır. O, 1977-ci ildə Tiflis şəhərində keçirilən musiqi ifaçılarının V Zaqafqaziya müsabiqəsində I yeri qazanaraq laureat adına layiq görülmüşdür. Həmin ildə o, Daşkənd şəhərində keçirilən vokalçıların M.Qlinka adına VIII ümumittifaq müsabiqəsinin laureatı olmuşdur. Xuraman Qasımova 1981-ci ildə Afina şəhərində (Yunanıstan) keçirilən “Mariya Kallas” adına beynəlxalq müsabiqənin birinci mükafatının və “Qran Pri” qızıl medalının sahibi olmuşdur. Nəhayət, bu gün, o, hələlik yeganə azərbaycanlı ifaçıdır ki, 1982-ci ildə Moskvada keçirilən, dünya miqyaslı ən çətin, ən nüfuzlu P.I.Çaykovski adına beynəlxalq müsabiqənin laureatı olmuşdur.

       Həmin müsabiqədə Xuraman olduqca böyük müvəffəqiyyətlə çıxış etmişdir və gümüş medala layiq görülmüşdür.

       O,nəinki öz Vətənində, həm də onun hüdudlarından kənarda da böyük şöhrət qazanmışdır.

       Mütəxəssislər onun unikal musiqi istedadı və əsl “qızıl səsi” haqda ölkədən çox-çox uzaqlarda belə danışmağa başladılar.

       Opera və balet teatrının solisti kimi, o, artıq uzun illərdir ki, öz pərəstişkarlarını müxtəlif opera tamaşalarındakı gözəl rolları ilə sevindirir. Onun yaratdığı opera qəhrəmanlarının unudulmaz obrazları özlüyündə musiqi, məzmun və vokal ustalığının müttəfiqliyini nümayiş etdirir. Bunlar musiqi mətni, xarakteri, temperamenti etibarilə çox müxtəlif, mürəkkəb, parlaq və yaddaqalan obrazlardır. O, bu partiyalarda bəstəkarın incə fikirlərini, üslubunu ustalıqla açmağı bacarıb. Gözəl ifa tərzi, yüksək mədəniyyəti və vokal texnikasının ustalığına malik olmağı Xuraman xanımın yaradıcılığını unudulmaz və mükəmməl edir. Onun opera tamaşalarında yaratdığı obrazların hamısı təkrarolunmazdır. Bunların içərisində bəzilərini xüsusi qeyd etmək lazımdır: C.Puççininin “Bohema” operasında - Mimi və Müzetta, C.Verdinin “Otello” operasında - Dezdemona: “Aida” operasında - Aida, C.Puççininin “Toska” operasında - Toska, F.Əmirovun “Sevil” operasında - Sevil və Dilbər və s.

       7 noyabr 2003-cü ildə görkəmli bəstəkarımız - Vasif Adıgözəlovun “Natəvan” operasının premyerası oldu. Xuraman xanım operanın əsas qəhrəmanının - məşhur Azərbaycan şairəsi - Xurşud Banu Natəvanın partiyasını çox böyük ustalıq və məharətlə ifa etdi.

       Bəstəkarın özü etiraf edir ki, bu operanı o, öz Vətəninə – Qarabağa həsr edib. Lakin xüsusilə bu operanı o, məhz bacılar üçün – yəni Fidan və Xuraman Qasımova bacıları üçün yazıb. Bu gün doğrudan da təsəvvür etmək olduqca çətindir ki, bu mürəkkəb partiyanı belə şüurlu, dərindən hiss edərək kim ifa edə bilərdi? Əlbəttə ki, məhz Xuraman xanım, çünki o, son dərəcə inandırıcı, qaneedici və əsaslı surətdə tamaşaçılara tarixi qəhrəmanın dərin vətən-pərvərliyini, hisslərini, qəlbini və faciəsini çatdıra bildi. Bu gözəl müğənninin yaradıcılığı, onun həyatının əsas məzmununu təşkil edən – öz xalqının musiqisinə, öz Vətəninə və işinə böyük məhəbbətlə aşılanmışdır. Biz görürük ki, o, özünün bütün yaradıcılıq fəaliyyəti boyunca Azərbaycanın incəsənətini yüksəklərə qaldırmağa çalışır. O, əsl vətən-pərvərdir.Bu,nəinki onun səhnə yaradıcılığında, hətta mətbuatdakı çıxışlarında, hökumət səviyyəsindəki tədbirlərdə, konfrans və qurultaylarda fəal iştirak etməklə də büruzə verir. Və biz hər dəfə onun səmimiliyini, daxili dolğunluğunu hiss edirik.

       Xuraman xanım həm də öz parlaq kamera-konsert çıxışları ilə də məşhurdur.

       Musiqinin demək olar ki, hər bir janrında çıxış etmək ona xasdır. O, qədim bəstəkarlardan Kaççininin, Stradellanın, Skarlattinin, Baxın, Hendelin, Pörselin, Perqolezinin, Marçellonun və b. əsərlərinin gözəl ifaçısıdır.

       O, Motsartın, Rossininin, Bellininin, Leonkovallonun, Verdinin, Puççininin, Çileanın operalarındakı ariyaların mahir ifaçısıdır. O, Şumanın, Şubertin, Qriqin, Bramsın, Mendelsonun, Listin, Volfun, Qlinkanın, Darqomıjskinin, Raxmaninovun, Çaykovskinin və b. romanslarının ifasında sanki bir rəssam ustad kimi çıxış edir; o, Azərbaycan bəstəkarlarından – Ü.Hacıbəyovun, M.Maqomayevin, C.Hacıyevin, C.Cahangirovun, Q.Qarayevin, F.Əmirovun, Niyazinin, S.Rüstəmovun, T.Quliyevin, R.Hacıyevin, A.Məlikovun, V.Adıgözəlovun və b. əsərlərini ifa edərkən qeyri-adi, təkrarolunmaz melodiklik, məlahət, ahəng və ustalıq nümayiş etdirir. O, xalq mahnılarını ifa edərkən, onun səsinin koloriti müstəsnalıq təşkil edir. Bütün bunlar, Xuraman xanımın istedadının çoxtərəfliliyindən və hərtərəfli zəngin olduğundan xəbər verir. Düzdür, bu, allah vergisidir, lakin o, buna baxmayaraq, həmişə iş prosesindədir, daima yeni yaradıcılıq proyektlərinin, yeni əsərlərin axtarışındadır. O, əldə edilmiş nail iyyətlərlə kifayətlənmir. O, tez-tez öz geniş repertuarını nadir, orijinal əsərlərlə daha da zənginləşdirməklə artırır. Çox vacibdir ki, o, düzgün olaraq öz üzərində daima çalışır və beləliklə, öz ustalığını daha da mükəmməlləşdirir. Ona görə də, o, həmişə yaxşı vokal formadadır. Əlbəttə ki, öz üzərində işləməyi doğru bacarmaq - bu da çox vacib keyfiyyətdir, istedaddır, böyük vergidir.

       Təsadüfi deyil ki, Xuraman xanımın yuxarıda qeyd olunan cəhətləri, yəni sözün əsil mənasında, güclü və qeyri-adi bir şəxsiyyətin bütün sadalanan gözəl keyfiyyətləri, onun pedaqoji fəaliyyəti ilə ayrılmaz surətdə bağlıdır. Artıq 10 ildir ki, o, Bakı Musiqi Akademiyasının «Solo oxuma və opera hazırlığı» kafedrasının müdiridir. Təsadüf elə gətirdi ki, mən Xuraman xanımın bu vəzifəyə təyin olunmasından bir il sonra həmin kafedrada işləməyə başladım. Və şübhəsiz ki, bütün bu illər ərzində onun gördüyü işlər mənim gözümün qabağındadır. Etiraf etməliyəm ki, o, öz işini, yəni kafedraya rəhbərlik etməyi, bacarıqla yerinə yetirir. Bu on il ərzində kafedramızda böyük işlər aparılmışdır. Xuraman xanım səmimi, həmfikir, möhkəm bir pedaqoji kollektiv yaratmışdır. Onun yüksək nüfuzu sayəsində, bizim kafedra həmişə diqqət mərkəzindədir və yaxşı oxumaq istəyənlər arasında böyük populyarlığa malikdir. Bu illər ərzində tələbkarlığın səviyyəsi xeyli artmışdır. Vokal sənətinin ənənələrini davam etdirən, böyük təcrübəyə malik olan Xuraman xanım, tələbələrə əsl musiqiçi olmağı, mədəni, təhsilli, savadlı ifaçı olmağı öyrədir.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page