ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
TƏQDIMAT MƏRASIMI...
-
KONFRANSLAR... EKSPEDISIYALAR...
-
YARADICILIQ…
-
IFAÇILIQ...
-
GÖRÜŞLƏR…
-
MUZEYLƏRDƏ...
-
|
|
IRANDA KEÇIRILƏN XX BEYNƏLXALQ FƏCR MUSIQI FESTIVALINDAKI UĞURLARIMIZ
Iran Islam Respublikasının (IIR) Mədəniyyət Nazirliyindən Azərbaycanın Mədəniyyət Naziri Polad Bülbüloğluna göndərilən məktuba əsasən, IIR-də keçirilən XX Beynəlxalq Fəcr Musiqi Festivalında iştirak etmək üçün professor Ağaverdi Paşayevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestri dəvət olunmuşdu. Fevralın 1-də orkestrlə birgə müğənni Zaur Əmiraslanov və bu sətirlərin müəllifi Tehrana yola düşdük. Festival fevralın 3-dən 7-dək davam etdi.
Onu da deyim ki, XX Beynəlxalq Fəcr Musiqi Festivalında iştirak etmək üçün 15 ölkədən - Almaniya, Fransa, Ispaniya, Italiya, Rumıniya, Hollandiya, Ukrayna, Polşa, Tacikistan, Pakistan, Türkiyə, Azərbaycan və digər ölkələrdən ifaçılar gəlmişdi. Tehranda olarkən ölkənin məşhur musiqiçiləri qaldığımız “Firdovsi Qrand Hotel”ə gəlib bizimlə səmimi görüşür və Azərbaycan musiqiçilərinin əldə etdikləri nailiyyətlərdən söz açırdılar. Eləcə də Tehran televiziyasından gələn çəkiliş qrupu professor Ağaverdi Paşayev və bu sətirlərin müəllifindən müsahibə alaraq televiziya üçün videolentə yazdılar.
Bu səfər üçün Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru, professor Ağaverdi Paşayevin tərtib etdiyi proqram Azərbaycan bəstəkarlarının həmin orkestr üçün yazılmış əsərlərindən və mahnılarından, Azərbaycan xalq mahnıları və rəqslərindən ibarət idi. Proqramda Üzeyir Hacıbəyovun “Koroğlu” operasından Uvertüra, “Arazbarı”, Fikrət Əmirovun “Min bir gecə” baletindən rəqslər (solist Tehranın məşhur nağara çalanı Vahid Əsədullahi), Tofiq Bakıxanovun Iran xalq musiqisinin əsasında yazdığı “Şərqdən gələn sədalar” əsərindən fraqment (solist, gənc və istedadlı tarzən, respublikamızda keçirilən müsabiqələr laureatı Sahib Paşazadə), Azərbaycan xalq rəqsləri və Iran populyar musiqi əsərləri daxil idi.
Konsertin sonunda Sahib Paşazadə (tar) və Çinarə Mütəllibovanın (kanon) ifasında Süleyman Ələsgərovun “Qaytağı” və Həsən Rzayevin “Çahargah Rapsodiyası” səsləndi. Zaur Əmiraslanovun ifasında isə orkestrin müşayiəti ilə Rauf Hacıyevin “Azərbaycan”, Tofiq Quliyevin “Sənə də qalmaz”, Üzeyir Hacıbəyovun “Arşın mal alan” musiqili komediyasından Əsgərin kupletləri, Vasif Adıgözəlovun “Qərənfil” mahnısı səsləndi.
Festival çərçivəsində Azərbaycan musiqiçiləri fevralın 3-ü və 7-sində Tehranın “Talar Vəhdət”, fevralın 4-də “Niyavəran”, fevralın 6-da isə Şiraz şəhərində “Hafez Talar” kimi böyük konsert salonlarında müvəffəqiyyətlə çıxış etdilər. Proqramda olan instrumental əsərləri orkestrin müşayiətilə ifa edən solistlər tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanırdı. Demək olar ki, tamaşaçılar orkestrin ifa etdiyi hər bir nömrəni ayağa qalxaraq “Yaşasın Azərbaycan!” - deyə alqışlayırdılar.
XX Beynəlxalq Fəcr Musiqi Festivalında iştirak edən kollektivlər arasında kamera ansambları da var idi. Polşadan gələn fortepiano triosu: skripka, violonçel və fortepianoda bəstəkar Antonin Dvorjak və Frederik Şopenin triosunu məharətlə ifa etdi. Eləcə də Ispaniyadan gəlmiş trionun ifasında Moriş Ravel və Dmitri Şostakoviçin triosu və Yohannes Bramsın skripka və fortepiano üçün yazılmış “Sonata”sı Iran dinləyiciləri tərəfindən gurultulu alqışlarla qarşılandı.
Musiqi Festivalında Azərbaycan musiqisini təmsil edən Xalq Çalğı Alətləri Orkestrinə xüsusi diqqət yetirilirdi. Bu orkestrin uğurlu çıxışları ilə əlaqədar olaraq festivalın bağlanmasında Iran Kapellasına iki əsərlə, Azərbaycan musiqiçilərinə isə üç əsərlə çıxış etməyə icazə verdilər. Onu da deyim ki, konsertin son nömrəsində orkestrin ifa etdiyi əsəri tamaşaçılar ayağa qalxaraq oxuyurdu. Bu gecə yadda qalan bir hadisəyə çevrildi. Festivalın açılışı və bağlanışı Tehran televiziya studiyası tərəfindən videolentə yazıldı. Festivalın bağlanışı günü IIR Mədəniyyət Nazirliyinin rəhbərliyi tərəfindən festivalın yüksək mükafatı olan “Qızıl çəng” Azərbaycan, Italiya və Ispaniya iştirakçılarına təqdim olundu. Fərəhlə qeyd etmək olar ki, Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin kollektivi keçən il də həmin mükafatla təltif edilmişdi.
Həmin tədbirdə ölkəmizin Irandakı fövqəladə və səlahiyyətli səfiri Abbasəli Həsənov da iştirak edirdi. Hörmətli səfir konsert proqramı sona çatdıqdan sonra səhnə arxasına gələrək Azərbaycan musiqiçilərini təbrik edib gözəl çıxışlarına görə təşəkkürünü bildirdi. Mən də cənab səfirə xatirə olaraq ümummilli liderimiz Heydər Əliyevlə birlikdə çəkdirdiyim şəkili və IIR “Əl-Huda” Beynəlxalq nəşriyyatı tərəfindən çap olunan “Şərqdən gələn sədalar” (Iran xalq musiqisi əsasında yazılıb) əsərimin bir nüsxəsini təqdim etdim. Onu da bildirmək istərdim ki, ölkəmizin Irandakı səfirliyində olarkən orada Azərbaycanın məşhur yazıçı, şair, rəssam, incəsənət və elm xadimlərinin nəşr olunmuş kitabları üçün xüsusi otaq-kitabxana ayrıldığını gördüm. Bu da hörmətli səfirimiz Abbasəli Həsənovun yüksək zövqündən irəli gəlir.
Onu da deyim ki, son zamanlar Azərbaycan Respublikasının prezidenti, zati-aliləri cənab Ilham Əliyev və Iran Islam Respublikasının prezidenti, zati-aliləri Seyid Məhəmməd Hatəminin səmimi görüşlərinin nəticəsi olaraq hər iki ölkənin mədəniyyət əlaqələri gün-gündən inkişaf edərək daha da genişlənir.
Bizim iştirak etdiyimiz XX Beynəlxalq Fəcr Musiqi Festivalına görə Azərbaycan musiqiçiləri adından hər iki ölkənin Mədəniyyət Nazirliklərinə, eləcə də Iran Islam Respublikasının Azərbaycandakı Mədəniyyət Mərkəzinin sədri Seyid Məhəmməd Ocaqnecatiyə, Iran Islam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, cənab Əfşar Süleymaniyə, Azərbaycan Respublikasının Irandakı fövqəladə və səlahiyyətli səfiri, möhtərəm Abbasəli Həsənova dərin təşəkkürümüzü bildiririk.
Tofiq BAKIXANOV
|