ÒßÁÐÈÊËßÐ
YUBILEY TƏBRIKLƏRI
-
Search

ÒßÁÐÈÊËßÐ
YUBILEY TƏBRIKLƏRI
-

 


       «Musiqi Dünyası» jurnalının bütün kollektivini və yaradıcılarını əlamətdar yubileyi münasibətilə ürəkdən təbrik edirik. Azərbaycan Bəstəkarlar Ittifaqının tə’sis etdiyi bu nəşr mübaliğəsiz demək olar ki, artıq musiqi həyatımızın ayrılmaz və üzvi tərkib hissəsinə çevrilib. Təşkilatımızın fəaliyyəti, musiqi məkanında baş verən ən maraqlı yeniliklər, dəyərli araşdırma və tədqiqatlar, bəstəkar və musiqişünaslarımızın yubiley tarixləri, həyat və yaradıcılığı, düşüncələri, keçmişin açılmamış səhifələri - bir sözlə musiqi sənəti ilə bağlı ən rəngarəng və müxtəlif sahələr, problemlər burada əksini tapır.

       Arzu edərdik ki, jurnalımızın ömrü uzun olsun, səhifələrindəki yazılar isə böyük maraq və həvəslə qarşılansın.

       Respublikanın xalq artisti,

       Dövlət mükafatı laureatı,

       Professor

        ADIGÖZƏLOV Vasif







        Musiqi Dünyası» jurnalı 5 ildən artıqdır ki, fəaliyyət göstərir. Bu müddət ərzində o, Azərbaycan musiqi elminin, musiqi həyatının kifayət qədər dolğun mənzərəsini yaradan ciddi elmi – maarifçi bir nəşr kimi nüfuz qazanmışdır. Zənnimcə, «Musiqi Dünyası» jurnalının ən böyük müsbət keyfiyyəti onun çoxşaxəli məzmunu və xarakteridir. O, musiqi ilə maraqlanan ən müxtəlif təbəqələrin, alim – tədqiqatçıların, musiqi ifaçılarının, ciddi akademik dairələrlə yanaşı, musiqi ilə maraqlanan geniş oxucu kütləsinin də tələbatını ödəyir. Azərbaycanda ilk ixtisaslaşdırılmış musiqi jurnalı kimi fəaliyyət göstərən «Musiqi Dünyası» çox önəmlidir ki, öz səhifələrində xarici mütəxəssislərə də, onların elmi araşdırmalarına da böyük yer verir, bir sözlə, Azərbaycan oxucularını da xaricdə gedən elmi axtarışlardan xəbərdar edir.

        Mən «Musiqi Dünyası» jurnalına gələcəkdə uğurlar arzulayıram.

        BƏBƏLBƏYLI Fərhad

       Bakı Musiqi Akademiyasının rektoru,

        SSRI xalq artisti, professor







       «Musiqi dünyası» jurnalının Baş redaktoru cənab T.Məmmədova

       ««Musiqi Dünyası» jurnalının beş illik yubileyi münasibəti ilə yaradıcı kollektivinizi ürəkdən təbrik edirik!

       «Ilk sayının çıxdığı tarixdən elə də çox vaxt keçməməsinə baxmayaraq, bu günün çoxsaylı qəzet və jurnalları sırasında jurnalın öz yeri, öz siması vardır və oxucuları onun hər nömrəsini səbirsizIiklə gözləyirlər. «Açılmamış səhifələr», «Musiqişünaslığın aktual problemləri», «Musiqi nəzəriyyəsi», «Müəllif və hüquq», «Kulturoloji məsələlər» və s. rubrikalar altında musiqişünaslığın aktual problemləri, musiqi sənətimizin keçmişi və bu günü, böyük sənətkarlarımızın həyat və yaradıcılıqları, əqli mülkiyyət məsələləri və s. haqqında dərc olunan rəngarəng elmi, nəzəri, tarixi və başqa materiallar oxucular tərəfindən maraqla qarşılanır. Jurnalda əqli yaradıcılıq nəticələrinə və onların müəlliflərinə göstərilən xüsusi diqqət və müəllif hüquqlarına hörmətlə yanaşılması da sizin uğurlarınızı şərtləndirən müsbət keyfiyyətlər kimi təqdirəlayiqdir.

       «Sizə bolluca oxucu sevgisi, yeni-yeni yaradıcılıq uğurları və uzunömürlü olmağı arzu edirik!

        IMANOV Kamran        Azərbaycan Respublikası Müəllif Hüquqları

       Agentliyinin sədri







       Yaşadığımız dövr milli mədəniyyətlərin vahid dünya çərçivəsində qarşılıqlı əlaqəsi, qarşılıqlı zənginləşməsi dövrüdür. Informasiya çoxluğu - radio, televiziya, müxtəlif mətbuat vasitələri, nəhayət, Internet şəbəkəsi bu prosesi gücləndirir, xalqları bir-birinə yaxınlaşdırır, bir-birilə qovuşdurur. Bəşər sivilizasiyasının bir parçası olan, Azərbaycan da bu axına qoşulmalı, öz zəngin milli sərvətini bütün dünyaya mümkün qədər tez və dürüst çatdırmalıdır. Artıq beş ildir fəaliyyət göstərən «Musiqi Dünyası» jurnalı bu çətin, məsuliyyətli, lakin, şərəfli bir vəzifəni öz üzərinə götürmüşdür. Artıq beş ildir qarşısına nəhəng məqsədlər, amallar qoymuş bu ilk musiqi jurnalı Azərbaycan naminə, inamla irəliyə doğru addımlayır, elmi tapıntılar, yeni fikirlər uğrunda çarpışır. Öz adına uyğun olaraq geniş və hərtərəfli mövzu dairəsinə malik olan jurnalın musiqi dünyası müasir «Musiqi tarixi və nəzəriyyəsi»ni, «Irsimiz»i, «Musiqi təhsili»ni, «Musiqi tənqidi»ni, Dünya musiqisinin kor ifeylərinin «Portretlər»ini, «Musiqili teatr»ı və s. əhatə edərək həm elmi-nəzəri, həm publisistik, həm pedaqoji, həm də maarifçilik funksiyalarını öz üzərində daşıyır.

       Jurnal beynəlxalq mahiyyət kəsb edərək, ilk növbədə, bütün türk dünyasının mənəvi dəyərlərini, eləcə də, digər xalqların elmi fikirlərini özündə əks etdirir. Bir sıra tanınmış musiqişünasların – Y.Xolopov, M.Aranovski, V.Meduşevski, A.Cumayev və başqalarının rus və türk dillərində dərc olunmuş məqalə və müsahibələri dediklərimizi bir daha sübut edir.

       Artıq beş ildir ki, «Musiqi Dünyası» jurnalı Azərbaycan dilində çapdan çıxır. Iyirminci əsrin son illərində doğma dilimizdə gözəl «qələmi» olan istedadlı musiqişünaslar nəslinin yetişdiyi bir dövrdə, bəlkə də, zərurətdən doğan bu jurnalın Azərbaycan türkcəsində musiqi-elmi dilinin formalaşmasında da əhəmiyyəti böyükdür. Artıq beş ildir ki, «Musiqi Dünyası» Azərbaycanda ilk jurnal olaraq həm çap, həm də elektron variantda nəşr olunur. Bu isə Internet-jurnalın beynəlxalq aləmə birbaşa çıxışı deməkdir. Azərbaycan musiqi mədəniyyətinin qısa bir zaman çərçivəsində dünyaya inteqrasiyası, tanınması, və özünütəsdiqi deməkdir.

       Bütün uğurların əldə edilməsində jurnalın bütün yaradıcı heyətinin əməyi hədsiz dərəcədə böyükdür. Xüsusilə, baş redaktor T.Məmmədovun yüksək elmı peşəkarlığı, müasir dövrün nəbzini tutmaq qabiliyyəti, ziddiyyətlərlə dolu olan dünyəvi proseslərin axarına qatılmaq, milli dəyərləri qorumaq bacarığı, güclü vətənpərvərlik və vətəndaşlıq hissi jurnalın ən son tələblərə, müasir standartlara uyğun şəkildə ərsəyə gəlməsini təmin etmişdir.

       Jurnal özünün yaradıcılıq uğurlarının proqramıtək böyük mütəfəkkir-şair Hüseyn Cavidin aşağıdakı müdrik misralarını -

       Turana qılıncdan daha kəskin ulu qüvvət

       Mədəniyyət, mədəniyyət, mədəniyyət.

seçərək bu böyük amal – Azərbaycan mədəniyyətinin tərəqqisi uğrunda zirvəyə doğru irəliləməkdədir.

       Arzum budur ki, «Musiqi dünyası» uzun ömürlü olsun. Hər bir müəllif əvvəlki tək «Sovetskaya muzıka», «Muzıkalnaya jizn» və başqa jurnallarda deyil məhz burada çap olunan elmi-nəzəri yazıları ilə fəxr etsin. Qoy jurnalın bütün yaradıcı kollektivinin, hər birimizin «Musiqi Dünyası» dolğun məzmunlu, möcüzə dolu duyğular aşılayan əlvan çalarlı, ecazkar səslərlə, əsrarəngiz təranələrlə dolu bir dünya olsun.

       Hörmətlə,

       Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət

       Universitetinin Elm və yaradıcılıq

       işləri üzrə prorektoru

       professor DADAŞEVA Solmina



   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page