ÒßÁÐÈÊËßÐ
YUBILEY TƏBRIKLƏRI
-
|
|
«MUSIQI DÜNYASI» JURNALININ
BAŞ REDAKTORU
CƏNAB TARIYEL MƏMMƏDOVA
Hörmətli Tariyel müəllim!
Sizi, rəhbərlik etdiyiniz «Musiqi Dünyası» jurnalını yaranmasının 5 ili münasibəti ilə təbrik edirik. Fəxrlə qeyd etmək lazımdır ki, jurnal nəşrə başladığı ilk gündən oxucuların rəğbətini qazanmışdır. Biz çox şadıq ki, jurnalın ilk nəşrinin təqdimetmə mərasimi 18 sentyabr 1999-cu ildə muzeyimizin filialı olan Niyazinin mənzil-muzeyində keçirilmişdir. «Musiqi Dünyası» jurnalının əhatə dairəsi genişdir. Respublikada yeganə jurnaldır ki, musiqi nəzəriyyəsi, musiqi tarixi, musiqişünaslığın aktual problemləri, məxəzşünaslıq, kulturoloji məsələlərinə, beynəlxalq elmi-pedaqoji, tənqidi-publisistik, mədəni-maarif və digər elm sahələrinə aid maraqlı və sanballı məqalələr dərc edilir.
«Musiqi Dünyası» jurnalı beynəlxalq miqyasda tanınır və onun bir çox ölkələrlə (ABŞ, Ingiltərə, Almaniya, Türkiyə, Rusiya, Özbəkistan, Qazaxıstan, Qırğızıstan) sıx yaradıcılıq əlaqələri vardır. Böyük fəxr hissi ilə onu da qeyd etmək lazımdır ki, qədim musiqisi və mədəniyyəti olan Ukrayna kimi böyük bir dövlətin bu sahədə jurnal nəşri yoxdur. Məlum olduğu kimi, jurnalın müxtəlif məzmunlu 14 saytı yaradılmışdır. Sizin jurnalın bu saytlarında muzeyimizin bilavasitə iştirakı ilə Azərbaycan musiqi mədəniyyəti tarixinə aid eksponatlardan ibarət elektron sərgi yaradılmışdır. Bu elektron sərginin köməyi ilə Azərbaycan musiqi mədəniyyətini dünyaya tanıtmaq sahəsində Sizin jurnal böyük işlər görür. Bu nailiyyətlər qarşılıqlı əməkdaşlıq sahəsində əldə edilmiş və gələcəkdə də müvəffəqiyyətlə davam etdiriləcəkdir.
Hörmətli baş redaktor, Sizə bu şərəfli işlərinizdə uğurlar arzulayırıq.
HÖRMƏTLƏ
BAYRAMOVA Alla
MUZEYIN DIREKTORU
«Musiqi Dünyası» jurnalının
Baş redaktoru professor T.Məmmədova
Hörmətli Tariyel müəllim!
Hər bir xalqın kimliyi onun mədəniyyətində öz əksini tapır. Musiqi isə xalqın Milli varlığının, mənəvi dəyərinin pozulmaz möhürüdür. Musiqi elə bir incəsənət növüdür ki, dilindən, dinindən, yerindən asılı olmayaraq hər yerdə, həmişə hədd bilmədən, sərhəd tanımadan ürəklərə yol tapır, hamının anlayacağı dildə öz xalqının kimliyindən danışır. Bu mənada, Azərbaycan musiqisi artıq dünyanın hər yerinə ayaq açıb, bütün dünya ilə danışa bilir. Bu müqəddəs yolda «Musiqi Dünyası» jurnalı da 5 ildir ki, uğurla addımlayır, Azərbaycanı dünyaya tanıdır. Ən önəmli cəhətlərdən biri də odur ki, jurnal dünyanın məlumat arenasına dövrün tələb etdiyi formada da çıxa bilir. Bu gün bu çox vacib və gərəkli məsələdir. Azərbaycanın zəngin musiqi irsini, qədim mədənıyyətini dünyaya tanıtmaq ölkələr fəth etmək qədər böyük hünərdir. Jurnalın nəşrinə məsul şəxslərdən bir də ona görə razıyıq ki, çap olunan hər nömrədən Milli Kitabxanaya vaxtında çatdırırlar. Bir kitabxanaçı kimi jurnalın oxucular
tərəfindən maraqla qarşılanması oxunması bizi çox sevindirir. Bu fakt jurnalın uğuru və həm də milli-mənəvi sərvətimizin dəyərini ölçən meyardır. Bütün kitabxana ictimaiyyəti adından və öz adımdan jurnalınızın 5 yaşını ürəkdən təbrik edir, ona bu müqəddəs yolda bol-bol uğurlar arzulayıram.
QAFUROVA Leyla
M.F.Axımdov adına
Azərbaycan Milli
Kitabxanasının direktoru,
Əməkdar Mədəniyyət işçisi
Müstəqil ölkəmizin öz musiqiçilərinə, musiqi xadimlərinə, musiqisevərlərinə, ümumiyyətlə xalqımıza bəxş etdiyi ən dəyərli ərməğanlardan biri də -«Musiqi Dünyası» jurnalıdır.
Uzun illər azərbaycanlı musiqiçilər müstəqil, əhatəli, elmi-publisistik bir dərginin nəşrini arzulamışdılar. Nəşr olunduğu ilkin sayından—«Musiqi Dünyası» öz məsləkini, məfkurəsini, prinsiplərini, dəqiq təyin etmiş, Azərbaycan musiqi elminin, tarixinin, ifaçılıq, folklorşünaslıq, bəstəkarlıq sənətinin ən aktual problemlərinə, ən sirli qatlarına nüfuz edə bilmək əzmini bariz göstərmişdir.
Fərəhli haldır ki, nəşr olunduğu bu illər ərzində «Musiqi Dünyası» dahi bəstəkarımız Üzeyir Hacıbəyovun adını, xatirəsini, əməllərini daim uca tutub, hər sayında bu ulu Öndərimizi müxtəlif məqalələrdə, elmi yazılarda yad etmişdir. Bütün istedadlı qələm sahiblərinə öz səhifələrini səxavətlə açan bu jurnal Ü. Hacıbəyovun ev-muzeyinin də neçə-neçə əməkdaşının elmi məqalələrini məmnunluqla çap etmişdir. Məhz bu səbəbdən, haqlı olaraq, muzey «Musiqi Dünyası»nı ən yaxın dostu kimi sevir, onun hər uğuruna sevinir, onun şadlığına qoşulur.
Bu gün «Musiqi Dünyası» jurnalının beş yaşı tamam olur. Üzeyir Hacıbəyovun ev-muzeyi də öz səmimi təbrikləri ilə bu jurnalı sevənlərə qoşulur. Arzu edirik ki, bu jurnal dünyanın bütün qitələrində, bütün xalqların musiqisevərlərinin sevimlisi olsun. Gün olsun, yubileylər sırasına «Musiqi Dünya»sının 50, 500 illik yubileyləri də əlavə olunsun.
FƏRƏCOV Sərdar
Bəstəkar,
Üzeyir Hacıbəyovun ev-muzeyinin direktoru
|