ÀÇßÐÁÀÉÆÀÍ ÁßÑÒßÊÀÐËÀÐ ÈÒÒÈÔÀÃÛÍÄÀ
ORQAN MUSIQISINƏ HƏSR OLUNMUŞ PLENUMUN MÜZAKIRƏSI
Materialı hazırladı: Sevda ƏLIQIZI
NAXÇIVAN MUXTAR RESPUBLIKASINDA KEÇIRILMIŞ SƏYYAR PLENUMUN MÜZAKIRƏSI
Materialı hazırladılar: Lalə HÜSEYNOVA və Sevda ƏLIQIZ
ÜZEYIR HACIBƏYOVUN ANADAN OLMASININ120 ILLIK YUBILEYINƏ LAYIQLI TÖHFƏ
Materialı hazırladı: Ülkər TALIBZADƏ
XƏBƏRLƏR 2005-ci il
Materialları hazırladı: Leyla MƏMMƏDOVA
|
|
N.Abutidze S.Ibrahimovanın «Poema-ithaf» əsərini məharətlə, zövqlə ifa etdi. Bəstəkarın xalq musiqisindən özünəməxsus bir tərzdə bəhrələnməsi, leytmotiv sisteminə söykənilməsi, musiqi dilinin müasirliyi ilə əlaqədar xromatizmlə zənginləşdirilməsi, şəffaf faktura - bu xüsusiyyətlər Sevda xanımın əsərində tam dolğunluqla təcəssümünü tapmışdır. Bu əsər bəstəkarın əzizlərinin xatirəsinə ithafdır və təbiidir ki, burada səmimilik, yüksək emosionallıq və incə lirizm ön plandadır. Bizim tərəfimizdən həmişə qeyd olunur ki, S.Ibrahimovanın hər bir yeni əsərində yaddaqalan gözəl melodizm, mahnıvarilik qəlbdən gələn musiqi təranələri dinləyici rəğbətini qazanır.
A.Əlizadənin «Muğam sədaları» əsərini R.Babayeva uğurla, ustalıqla ifa etdi. Bu olduqca mürəkkəb, dərin psixologizm və dramatizm ilə səciyyələnən möhtəşəm əsərdir. O, respublikamızda 90-cı illərdə baş verən faciəvi hadisələrlə sıx bağlıdır. Burada bəstəkar «Simayi-şəms» muğamının intonasiyalarından ustalıqla istifadə etmiş və müxtəlif xarakterli, təsviri, qeyri-adi möhtəşəm, dəhşətli simvollar, obrazlar, səhnəciklər yaratmışdır.
Elnarə Dadaşovanın «Süsən sünbül» xalq mahnısı əsasında bəstələnmiş variasiyaları olduqca ifadəli, səmimi və maraqlı əsərdir. Istedadlı bəstəkar milli harmoniyamızın xüsusiyyətlərini zövqlə bu əsərdə əks etdirmişdir və hər bir variasiyada maraqlı harmonik tapıntılar kəşf etmişdir. Ümumiyyətlə, E.Dadaşova xalq mahnılarını, rəqsləri müxtəlif alətlər üçün zövqlə, bacarıqla işləmişdir. Bu çətin sahəni E.Dadaşova çox bacarıqla əhatə edir. Variasiyaları R.Babayeva zövqlə səsləndirdi.
C.Abbasovun dahi azərbaycan bəstəkarı Qara Qarayevin xatirəsinə həsr olunmuş «Postlüdtya»sını gənc ifaçı Lalə Novruzova bacarıqla ifa etdi.
Gənc bəstəkar N.Mirişlinin «Iki ofort» əsərini K.Sədirxanova məharətlə, uğurla təqdim etdi. Gənc ifaçılarımızdan biz həmçinin Afaq Aşumovanı qeyd etməliyik. Onun ifasında biz I.Mirzəyevin parlaq və emosional obrazlarla səciyyələnən «Sonata»sını maraqla dinlədik. Xüsusilə, qeyd etmək istərdim ki, K.Sədirxanova və A.Aşumova Tahirə xanımın orqan sinfini bitiriblər.
Mən plenumun uğurlu keçirilməsində xüsusilə gözəl sənətkarımız T.Yaqubovanın xidmətini yüksək qiymətləndirirəm. Qısa bir müddətdə o, kafedrasının professor və müəllimlərini bu işə cəlb etdi və plenuma təqdim olunmuş əsərlərin yüksək səviyyədə təqdim edilməsinə nail oldu.
Tahirə Yaqubova (musiqişünas, respublikanın əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının Orqan ifaçılığı kafedrasının müdiri): Əvvəla, qeyd etmək istərdim ki, Azərbaycan Bəstəkarlar Ittifaqının 70 illiyinə həsr olunmuş xüsusi orqan musiqisi plenumunda iştirak etmək şərəfinə nail olduğumuza görə Bəstəkarlar Ittifaqına öz minnətdarlığımı bildirirəm. Həqiqətən, bu illər ərzində orqan üçün çoxlu əsərlər yazılıb. Xatırlatmaq istərdim ki, orqan üçün ilk əsəri Qara Qarayev yazıb. Bu, «Insan məskən salır» kinofilminə yazılmış musiqidir. Sonralar o, Fərəc Qarayevlə birgə «Qoyya» filminə yazdığı musiqidə ispan və azərbaycan folklorunun çulğalaşmasından maraqlı orqan musiqisi yaratmışdır.
2 konsertdən ibarət olan orqan musiqisi Plenumunun hazırlığı və məşqlər zamanı mən yaxından iştirak etmişəm. Onu da deməliyəm ki, məşqlər üçün vaxt çox az idi. Xüsusilə, orqanın köklənməsi üçün vaxt çatmırdı. Həmçinin konsertdən öncə də orqanın köklənməsinə az vaxt ayrılmışdı. Bu isə çox vacibdir. Çünki orqanın lazımınca köklənməməsi nəticəsində səslənmədə müəyyən qüsurlar oldu. Bütün bunları nəzərə alaraq Bəstəkarlar Ittifaqının və Bakı Musiqi Akademiyasının rəhbərliyindən xahiş edirəm ki, gələcəkdə orqan musiqisi konsertləri keçirilərkən alətin köklənməsinə və məşqlərə kifayət qədər vaxt ayrılsın.
Mən ikinci konsertdə səslənən əsərlər haqqında danışmaq istəyirəm. Əsərlər məndə çox xoş təəssürat yaratdı. Həmçinin gənc bəstəkarları təbrik edirəm. Onlar öz üzərlərinə düşən işin öhdəsindən layiqincə gələ biliblər.
Xüsusilə, Vasif Adıgözəlovun «Muğam-sonata» əsəri orqan çalan Rasimə Babayevanın ifasında çox gözəl səsləndi. Ifaçı əsəri xüsusi bir yanaşma tərzi ilə təfsir etdi, registr həllini tapdı. Burada ifa hər bir cəhətdən - həm səs balansı nöqteyi-nəzərindən, həm mətnin not yazısının dəqiq ifası, həm də obrazlı məzmunun dərin ifadəsi baxımından diqqətəlayiqdir. Rasimə Babayeva bu əsəri tez-tez ifa edir və hər dəfə də böyük müvəffəqiyyət qazanır.
Aqşin Əlizadənin «Muğam sədaları» əsəri mənim təsəvvürümdə xalqımızın yaşadığı 20 yanvar faciəsinin, dərin kədərli anlarının təzahürüdür. Bu əsər proqramlıdır - mənəvi sarsıntıları, insanların iztirablarını əks etdirir. Burada həmçinin təsviri məqamlar da var: tankların tırtıllarının səsi, gəmilərin ümumi faciə ilə həmrəyliyi əks etdirən sirena siqnalları və s. Əsər bir özəkdən yaranaraq, bu özəyin müxtəlif obrazlı transformasiyası yolu ilə inkişaf etdirilir - burada həm Qarabağ təbiəti ilə assosiasiya yaradan lirik təsvirləri, həm dramatizm, həm də hisslərin faciəvi kulminasiyası öz əksini tapır.
Elnarə Dadaşovanın «Süsən sünbül» xalq mahnısına variasiyaları xalq mahnısının öz təbiətindən irəli gələn lirik planlı əsərdir. Maraqlı harmonik tapıntıları var. Texniki səbəblərə görə sonuncu variasiya ifa edilmədi. Çünki burada həm mürəkkəb pedal partiyası, həm də onun manual ifadə ilə birləşməsi çətinlik yaradırdı. Variasiyaları ifa edən Rasimə Babayeva əsəri Bax fakturası tərzində təqdim etdi: əvvəl xalq mahnısının bir səsli mövzusu səsləndi, sonra variasiyaların tədricən dinamik inkişafı açıqlandı.
Nazim Mirişlinin «Iki ofort» əsəri Kamilla Sədirxanovanın ifasında səsləndi. Orqan yaxşı köklənmədiyinə görə səslənmədə bəzi qüsurlar yaranmasına baxmayaraq ifaçının peşəkarlığı nəticəsində əsər yüksək səviyyədə təqdim edildi. Ümumiyyətlə, Kamilla Sədirxanova və Afaq Aşumova orqan ifaçılığı kafedrasının çox istedadlı və gənc müəllimləridirlər. Onların hər ikisi milli orqan ifaçılığının gələcək ulduzları hesab edilə bilərlər. Onlar ən mürəkkəb əsərləri ifa etməyə qadirdirlər. Belə əsərlərdən biri də orqan plenumunun birinci konsertində onların birgə ifa etdiyi - Xəyyam Mirzəzadənin «Ağ və Qara» əsəridir.
Plenumun digər iştirakçısı Lalə Novruzova da orqan ifaçılığı kafedrasınnın baş müəllimidir. O, Cəlal Abbasovun müəllimi Qara Qarayevin xatirəsinə həsr olunmuş «Postlüdiya» əsərini ifa etdi. Bu monotematik əsərin əsasını «Qarayev» abreviaturası təşkil edir və bütün tematizm bu özəkdən yaranaraq tədricən dinamik inkişaf alır. Həzin melodiya fonunda səslənən rekviyem dərin kədəri, ürək ağrısını əks etdirir.
Ümumiyyətlə, qeyd etməliyəm ki, bütün ifaçılar əsərlərə ideya-bədii məzmun baxımından yaradıcılıqla yanaşmışlar. Hər bir ifaçının özünəməxsus təfsiri var. Zənnimcə, yalnız vahid bir təfsirə əsaslanaraq onu təkrarlamaq düzgün deyil. Hər bir ifaçının öz dünyagörüşü, musiqi duyumu, təxəyyülü olmalıdır. Əsas məsələ isə müəllifin əsərdə əks etdirdiyi ideya-məzmunu ifadə etməkdir.
|