ÀÇßÐÁÀÉÆÀÍ ÁßÑÒßÊÀÐËÀÐ ÈÒÒÈÔÀÃÛÍÄÀ
ORQAN MUSIQISINƏ HƏSR OLUNMUŞ PLENUMUN MÜZAKIRƏSI
Materialı hazırladı: Sevda ƏLIQIZI
NAXÇIVAN MUXTAR RESPUBLIKASINDA KEÇIRILMIŞ SƏYYAR PLENUMUN MÜZAKIRƏSI
Materialı hazırladılar: Lalə HÜSEYNOVA və Sevda ƏLIQIZ
ÜZEYIR HACIBƏYOVUN ANADAN OLMASININ120 ILLIK YUBILEYINƏ LAYIQLI TÖHFƏ
Materialı hazırladı: Ülkər TALIBZADƏ
XƏBƏRLƏR 2005-ci il
Materialları hazırladı: Leyla MƏMMƏDOVA
|
|
Azərbaycan musiqisinə orqan nisbətən gec gəlib. Yəni bu, bizim musiqimizin nisbətən cavan sahəsidir. Əgər musiqi tariximizə nəzər salsaq görərik ki, Azərbaycanın yeni musiqi tarixi təxminən bir əsri əhatə edir. Yəni 1908-ci ildən etibarən Azərbaycan musiqisi yeni istiqamətdə - Avropa anlamlı bəstəkar yaradıcılığı istiqamətində inkişaf etməyə başlayıb. Bu dövrün təxminən ortalarında (60-cı illərdə) orqan musiqisi yarandı. Yəni başqa musiqi janrlarına nisbətən orqan musiqisi Azərbaycanda ən cavan sahədir. Bu dövrdə Azərbaycanda ilk növbədə, orqan sinfinin yaradılması, ifaçıların yetişdirilməsi vacib məsələ idi. Çünki ifaçılar olmasaydı heç kəs bu alət üçün əsər yazmayacaqdı. Ifaçılıq məktəbinin yaranması, xüsusilə, 1964-cü ildə konservatoriyada konsert orqanının quraşdırılması bu sahədə ən böyük təkan oldu. Nəhayət, bəstəkarlarımız da bu işə cəlb olundular və son 40 ilə yaxın vaxt ərzində çox gözəl əsərlər yarandı.
Orqan Azərbaycan musiqisinə nə üçün üzvü şəkildə daxil oldu? I.S.Baxın əsərləri bizə nə üçün belə yaxındır? Nə üçün onun orqan üçün məşhur «Tokkata və fuqa»sını «Bayatı-Şiraz» muğamı ilə müqayisə edirlər? Çünki muğam və orqan musiqisi hər ikisi improvizasiya təbiətinə malik olan sənət növləridir. Bu baxımdan Azərbaycan bəstəkarlarının orqan musiqisində istifadə etdikləri muğam melodiyaları özünü tam doğruldur. Buna parlaq misal olaraq Nazim Əliverdibəyovun orqan üçün «Bayatı-Şiraz» əsəri muğamın orqan təcəssümünün ilk nümunələrindəndir. Bu əsəri «Bayatı-Şiraz» muğamının orqan versiyası adlandırmaq olar. Həmçinin, Vasif Adıgözəlovun «Muğam-sonata», Aqşin Əlizadənin «Muğam sədaları», Eldar Mansurovun «Muğam-dəstgah» əsərləri bu qəbildəndir. Görün, muğam janrının adı bu əsərlərdə nə qədər əks olunub. Mən Rüfət Ramazanovun orqan və xanəndə üçün «And» əsərini də buraya daxil edirəm. Gənc bəstəkarın bu əsərində orqanda həm muğam improvizasiyasının, həm də xanəndənin səsini
n çox üzvü şəkildə uzlaşması orijinal bir effekt vermişdir. Zənnimcə, bu əsər xarici ölkələrdə ifa olunsa çox böyük uğur qazana bilər.
Plenumda səslənmiş əsərlərin bir qrupu memorial xarakteri daşıyır. Belə ki, Avropa musiqisində orqan adətən, artıq yaşanmış sarsıntıları, xatirələri əks etdirən bir alət olub. Bizim musiqimizdə də görürük ki, ithaflar, xatirələr, düşüncələr orqanda çox təsirli səslənir. Plenumda səslənən bir qrup əsərlər məhz bu məzmundadır: Leonid Vaynşteynin «Memorial», Arif Mirzəyevin «Sarabanda» (Şahzadə Diananın xatirəsinə), Cəlal Abbasovun «Postlüdiya» (Qara Qarayevin xatirəsinə), Sevda Ibrahimovanın «Poema-ithaf» əsərləri.
Əlbəttə, bu mövzulardan kənarlaşan əsərlər də var idi. Həyatın ən müxtəlif cəhətlərini, sarsıntılarını əks etdirən əsərlər təqdim edildi. Məsələn: Xəyyam Mirzəzadənin «Ağ və qara» əsəri özünəməxsus fəlsəfi yozumlu bir əsərdir. Bu əsərin balet versiyası da var.
Bizim bu təşəbbüsümüz zənnimcə, çox maraqlı idi. Çünki ilk dəfə olaraq, Azərbaycan Bəstəkarlar Ittifaqının tarixində orqan musiqisinə həsr olunmuş plenum keçirilirdi. Bu plenumda orqanın problemləri, orqan musiqisində yaranmış vəziyyət, nailiyyətlər və çatışmazlıqlar aşkar edildi. Bəstəkarlarımızın bu alətə olan marağını artırmaq üçün biz belə tədbirləri keçirməliyik.
Ramiz Zöhrabov: Bu plenumda Azərbaycan bəstəkarlarının 70 ildə orqan üçün yazılmış ən yaxşı əsərləri öz əksini tapdı. Plenuma təqdim olunmuş əsərlər çox idi. Lakin biz onların içərisindən ən maraqlı əsərləri proqrama daxil etdik. Ifaçıların işini xüsusi qeyd etmək istəyirəm. Ümumiyyətlə, Bakı Musiqi Akademiyasının orqan ifaçılığı kafedrası plenumun hazırlığına çox məsuliyyətlə yanaşdı. Xüsusilə, kafedranın gənc yetirmələri bəstəkarlarımızın əsərlərini çox gözəl ifa etdilər. Biz bu ifaçıları tanıdıq və onların yüksək səviyyəli çıxışını bəyəndik. Orqan ifaçılığı digər alətlərdən çox fərqlidir. Burada əsərin ifası yalnız bir nəfərdən asılı deyil. Alətin köklənməsi, ifa zamanı registrlərin dəyişdirilməsi və s. ifaçılıq üsulları qrup halında yerinə yetirilir. Yəni bütün kafedra birgə çalışır. Inanıram ki, orqan ifaçılığı kafedrasının yüksək səviyyəli işi bəstəkarlarımız üçün də gələcəkdə stimul olacaq və onlar orqan üçün yeni əsərlər yazacaqlar.
Orqan musiqisi Plenumu Azərbaycan Bəstəkarlar Ittifaqının 70 illiyinə həsr olunmuş tədbirlər silsiləsinə daxil idi. Bununla yanaşı qeyd etmək lazımdır ki, Azərbaycan Bəstəkarlar Ittifaqının Naxçıvanda keçirilmiş Səyyar Plenumu da 70 illiyə həsr olunmuşdu. Azərbaycan Bəstəkarlar Ittifaqı habelə digər bölgə təşkilatlarında - o cümlədən Lənkəranda, Şəkidə və Gəncədə ilin sonunadək Səyyar plenumlar keçirməyi planlaşdırır.
Ən əsas məsələ isə dahi bəstəkarımız Üzeyir Hacıbəyovun 120 illik yubileyinin yüksək səviyyədə keçirilməsidir. Azərbaycan Respublikasının Prezidenti cənab Ilham Əliyevin fərmanına əsasən bu yubileylə əlaqədar tədbirlərin keçirilməsi 4 təşkilata - Mədəniyyət Nazirliyinə, Təhsil Nazirliyinə, Milli Elmlər Akademiyasına və Bəstəkarlar Ittifaqına həvalə olunub. Azərbaycan Bəstəkarlar Ittifaqı bu yubileylə əlaqədar müxtəlif tədbirlər planı hazırlayıb: müsabiqələrin, simpoziumların keçirilməsi, yeni nəşrlərin təqdimat mərasimləri və s.
Bu il Milli Elmlər Akademiyası, Bakı Musiqi Akademiyası və Milli Konservatoriya ilə birlikdə konfransın keçirilməsini nəzərdə tuturuq.
Qeyd etmək lazımdır ki, orqan plenumunun müzakirəsində musiqişünaslarımız, ifaçılarımız tərəfindən maraqlı çıxışlar oldu. Lakin arzu edərdik ki, tənqidi fikirlər daha cəsarətlə söylənəydi. Bu, həm bəstəkarların, həm ifaçıların ümumi inkişafına, həm də Bəstəkarlar Ittifaqının daha da məhsuldar işləməsinə təkan verərdi.
Onu da xatırladım ki, konfrans disputda çıxışların məsləhət və tövsiyələri əlahiddə Bəstəkarlar Ittifaqı Katibliyinin iclasında nəzərdən keçiriləcək və söz yox ki, gələcək işlərimizdə bizə yardımçı olacaqdır.
Mən konfrans disputun iştirakçılarına, çıxışçılarına, plenumun konsertində iştirak edən ifaçılara, Bakı Musiqi Akademiyasının rəhbərliyinə Bəstəkarlar Ittifaqı adından təşəkkürümü bildirir, Sizə gələcək yaradıcılıq işlərinizdə yeni-yeni uğurlar diləyirəm.
Sağ olun.
|