Hər bir xalq yetirdiyi böyük şəxsiyyət və dahilərlə haqlı olaraq fəxr edir. Azərbaycan professional musiqisinin banisi, bəstəkar, yazıçı-dramaturq, görkəmli jurnalist, dərin zəkalı alim, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəyov qeyri-adi fitri istedada malik belə nadir şəxsiyyətlərdəndir.
Bütün Yaxın Şərq aləmində ilk opera «Leyli və Məcnun», eləcə də Azərbaycan musiqi mədəniyyətinin gözəl incisi, şöhrət tacı sayılan «Koroğlu»nun müəllifi Ü.Hacıbəyovun yaratdığı əsərlər ümum-dünya şöhrəti qazanaraq, dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil olmuşdur.
Doğma xalqına yaxından bağlı olan və onun milli musiqi sənətinin qaynar çeşməsindən daim bəhrələnən, milyonlarla dinləyicinin qəlbinə möhkəm yol tapan Ü.Hacıbəyovun çoxcəhətli yaradıcılığında xəlqilik, millilik, beynəlmiləlçilik və novatorluq ənənələri geniş əks olunmuş, bütün əsərlərinin canına hopmuşdur.
Anadan olmasının 120 illiyini böyük təntənə ilə qeyd etməyə hazırlaşdığımız odlar yurdunun bu müdrik və qeyrətli oğlu xalqımıza, el-obamıza baş ucalığı gətirmişdir. Təkcə musiqi, bədii və elmi əsərləri ilə deyil, həm də özünün gözəl, hamı üçün örnək olmağa layiq insani keyfiyyətləri ilə dərin iz qoyub getmiş Ü.Hacıbəyovun adı və əziz xatirəsi hər bir azərbaycanlının qəlbində əbədi hörmət və məhəbbət hissilə yaşayır.
Üzeyir Hacıbəyov 1885-ci ildə Ağcabədi rayonunda anadan olmuşdur. Onun uşaqlıq illəri mədəniyyətimizə istedadlı bəstəkarlar, musiqiçilər, şairlər, rəssamlar bəxş etmiş füsünkar Şuşanın qaynar musiqi həyatında keçmişdir. Bu baxımdan qeyd etmək lazımdır ki, Qarabağın zəngin musiqi aləmində boya-başa çatan Ü.Hacıbəyovun böyük bir musiqiçi kimi yetişməsində və formalaşmasında Şuşa şəhəri əhəmiyyətli rol oynamışdır.
Azərbaycanda opera sənətinin yaranması və inkişafı Üzeyir Hacıbəyovun adı ilə qırılmaz tellərlə bağlıdır.
XVI əsrdə yaşamış görkəmli Azərbaycan şairi Məhəmməd Füzulinin məhəbbət və sədaqət hisslərini tərənnüm edən məşhur «Leyli və Məcnun» əsərinə əsaslanan Üzeyir Hacıbəyov 1908-ci ildə «Leyli və Məcnun» operasının ilk tamaşası ilə Azərbaycan professional musiqisinin bünövrəsini qoymuşdur. Bu opera dərhal ürəklərə yol açmış və o zaman hələ çox gənc olan bəstəkara şöhrət qazandırmışdır. Yarandığı vaxtdan 97 il keçməsinə baxmayaraq, bu gün də biz «Leyli və Məcnun» operasını diqqəti cəlb edən orijinal bir əsər kimi sevə-sevə dinləyirik. «Leyli və Məcnun» operasına yüksək qiymət verən xalq şairimiz Səməd Vurğun çox doğru olaraq Üzeyir Hacıbəyova «Ey Füzuli şerinin bəstəkar qardaşı» deyə müraciət etmişdir.
«Leyli və Məcnun» operasının böyük müvəffəqiyyətlərindən ruhlanan Ü.Hacıbəyov bir-birinin ardınca «Şeyx Sənan», «Rüstəm və Söhrab», «Şah Abbas və Xurşid banu», «Əsli və Kərəm», «Harun və Leyla» kimi muğam operalarını bəstələmişdir. Maraqlıdır ki, bu operaların librettolarını da Ü.Hacıbəyov özü yazmışdır. Ü.Hacıbəyov adlarını çəkdiyimiz operalarda muğam və təsniflərdən çox geniş istifadə etmişdir. Müəllif muğamlar vasitəsilə surətlərin daxili aləmini böyük ustalıqla açmışdır.
Onu da deyək ki, Ü.Hacıbəyov muğam operalarında klassik opera janrına məxsus ariyalar, xorlar, simfonik və rəqs nömrələrini bəstələmişdir ki, bu da operanın bədii əhəmiyyətini daha da artırmışdır.
Musiqisevərlərə məlumdur ki, bu əsərlərdən ikisi «Leyli və Məcnun» ilə «Əsli və Kərəm» hazırda M.F.Axundov adına Azərbaycan Opera və Balet Teatrının repertuarında özünə möhkəm yer tutmaqdadır.
Azərbaycanda musiqili komediya janrının yaradıcısı olan Üzeyir Hacıbəyovun zəngin bədii irsində onun «Ər və arvad», «O olmasın bu olsun», «Arşın mal alan» musiqili komediyaları xüsusi əhəmiyyət kəsb edir. Bu əsərlərin ədəbi mətnini də Ü.Hacıbəyov yazmışdır. Həmin mətnlər Azərbaycan dramaturgiyasının qiymətli səhifələrini təşkil edir.
Üzeyir Hacıbəyovun musiqili komediyalarından söhbət açarkən, illər boyu milyonlarla dinləyicilər tərəfindən səmimi qarşılanan, dünya şöhrəti qazanmış «Arşın mal alan»ı xüsusi qeyd etməliyik. Təkcə bir faktı göstərmək kifayətdir ki, musiqili komediya bu klassik nümunəsi 40-dan artıq dilə tərcümə olunaraq böyük müvəffəqiyyətlər əldə etmişdir. Üç dəfə ekranlaşdırılmış «Arşın mal alan» filmi həm Azərbaycan, həm də dünya tamaşaçılarının ən çox sevdikləri filmlərdəndir.
Üzeyir Hacıbəyovun şah əsəri onun «Koroğlu» operasıdır. Elə bir musiqi həvəskarı tapılmaz ki, «Koroğlu» operasına, onun üvertürasına həyəcansız qulaq assın və Üzeyir bəy sənətinə valeh olmasın. Opera xalqın doğma dilində yazılmışdır. Ü.Hacıbəyov sənətinin qüdrəti ondadır ki, bəstəkar həyatının son günlərinədək xalqdan ayrılmamış, xalq sənətinin qaynar çeşməsindən daim bəhrələnmişdir. Ü.Hacıbəyovun bu sahədəki xidmətini yüksək qiymətləndirən SSRI xalq artisti, akademik, böyük bəstəkar Qara Qarayev yazır: «Üzeyir Hacıbəyov xalqın musiqisindən istifadə edərkən, onu yeni bir keyfiyyətdə, zənginləşdirilmiş bir şəkildə xalqa qaytarmaq məqsədini izləmişdir. Müqayisəli bir dillə desək, o, tonlarla musiqi dəmir külçəsini işləyərək xalq musiqi dühasının qramlarla qızılını əldə etməyə çalışmışdır».
Üzeyir Hacıbəyov dahi bəstəkar olmaqla yanaşı, həm də Azərbaycan musiqi sənətinin müxtəlif məsələlərinə və aktual problemlərinə aid yüzlərlə məruzələrin, çıxışların, elmi məqalə və əsərlərin müəllifidir.
1920-ci illərdə hədsiz yaradıcılıq imkanları əldə etmiş Üzeyir Hacıbəyovun Azərbaycan musiqisinin taleyi, inkişaf və yüksəliş yolları haqqında böyük bir mütəxəssis kimi irəli sürdüyü qiymətli fikirləri musiqişünaslıq elmimizin maraqlı səhifələrini təşkil edir.
Azərbaycan musiqisinin məqam əsaslarını dərindən və hərtərəfli tədqiq edən Üzeyir Hacıbəyov «Azərbaycan xalq musiqisinin əsasları» adlı ilk fundamental elmi-tədqiqat əsərini yazmışdır. Onu da deyək ki, musiqişünaslıq elmində nəzər-diqqəti cəlb edən bu möhtəşəm əsəri Ü.Hacıbəyov 20 il müddətində, 1925-1945-ci illər arasında yazmışdır. Illər uzunu aparılan axtarışların, yuxusuz gecələrin nəticəsində yaranmış bu gözəl əsəri yazarkən, öz tədqiqatında əsaslanacağı və istifadə edəcəyi nə bir ədəbiyyat, nə xüsusi elmi əsərlər, nə də başqa bir vəsait olmamışdır. Bəstəkar öz şəxsi müşahidələrinə, apardığı diqqətli tədqiqatların nəticələrinə və Azərbaycan xalq musiqisinin bütün nümunə və formalarının dərin təhlilinə əsaslanmışdır. Bu lazımlı, çox qiymətli elmi-tədqiqat əsərini işləməklə Ü.Hacıbəyov musiqişünaslıq elminin də banisi olmuşdur.
Müasir Azərbaycan musiqisinin elə bir sahəsi yoxdur ki, Ü.Hacıbəyovun adı ilə bağlı olmasın. Ilk operamız, operettamız, xalq çalğı alətləri orkestrimiz, mahnı və rəqs ansamblımız, xorumuz, simfonik orkestrimiz, Azərbaycan Dövlət Konservatoriyası və sairə onun bilavasitə rəhbərliyi və gərgin əməyi sayəsində yaranmışdır.
Qüdrətli bəstəkar Qara Qarayev haqlı olaraq yazmışdır: «Dahi bəstəkarımız Üzeyir Hacıbəyovun tarixi xidmətini Qlinkanın rus musiqisindəki xidməti ilə müqayisə etmək olar... Azərbaycan musiqisi tarixində Üzeyir Hacıbəyov nə elədisə, nə yaratdısa, hamısı birinci oldu, ilkin oldu... O, öz xalqının mütərəqqi milli ənənələrinə sadiq qalaraq, Azərbaycan musiqisini elə bir yüksəkliyə qaldıra bildi ki, həmin yüksəklikdə musiqimiz beynəlmiləl xarakter kəsb etdi... Üzeyir Hacıbəyov Azərbaycan musiqi mədəniyyətinin atasıdır».
Dahi bəstəkarımız Üzeyir Hacıbəyov həm də dahi insan, əsl vətəndaş olmuşdur. Xalqımıza xas olan bütün xeyirxah, alicənab keyfiyyətlər onun simasında toplanmışdır.
Üzeyir Hacıbəyov musiqi, bədii və elmi əsərləri ilə deyil, həm də özünün nəcib insani hisslər aşılayan böyük şəxsiyyəti, mənəvi paklığı, gözəlliyi ilə dərin iz qoyub getmişdir. O, özünün böyük insani keyfiyyətləri ilə bütün xalqa nümunə olmuşdur. Üzeyir bəy hər kəsin sevincinə və kədərinə şərik olmağı bacarır, kimin nəyə ehtiyacı olduğunu həssaslıqla öyrənir, kömək əlini uzadır, adamlara ağıllı məsləhətlər verirdi. Milliyyətindən asılı olmayaraq istedadlı insanlara qayğı göstərər, əsil həyat yolu seçməkdə onların qolundan tutardı.
SSRI xalq artisti, böyük rus bəstəkarı T.Xrennikov, nüfuzlu və ağıllı insan, gözəl bəstəkar Ü.Hacıbəyov haqqında belə demişdir: «Üzeyir Hacıbəyov xalqa bağlı olmuş, böyük ürəkli vətəndaş kimi şöhrətlənmişdir. Mən bu böyük bəstəkarı həmişə minnətdarlıqla xatırlayıram. O, millətindən asılı olmayaraq, bütün gənc musiqiçilərə, o cümlədən, mənim özümə də kömək etmiş, bir müəllim kimi, bir ağsaqqal kimi əl tutmuşdur».
SSRI xalq artisti, dahi bəstəkar Dmitri Şostakoviçin Ü.Hacıbəyov sənəti, musiqi sahəsindəki xidmətləri, Ü.Hacıbəyov şəxsiyyətinin gözəlliyi, xeyirxahlığı barədə dönə-dönə söhbət açması diqqətəlayiqdir. D.Şostakoviç mətbuat səhifələrində yazmışdı: «Sovet musiqiçiləri və musiqi xiridarları sovet xalqının şan-şöhrətli oğlu Üzeyir Hacıbəyovu həmişə sevəcək və hörmətlə xatırlayacaqlar. Onun şagirdləri – Azərbaycan bəstəkarları çox haqlı olaraq sovet musiqi sənətinin ön cərgələrində addımlayırlar. Bu Üzeyir Hacıbəyovun əməyinin bəhrəsidir».
Yazımı xalqımızın əzəməti, vüqarı olan xalq şairimiz Səməd Vurğunun Üzeyir Hacıbəyovun əziz xatirəsinə həsr etdiyi aşağıdakı çoxmənalı misraları ilə bitirmək istəyirəm:
Ölüm sevinməsin qoy, ömrünü vermir bada
El qədrini canından daha əziz bilənlər.
Bir şirin xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər...