Azərbaycan professional bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəyov milli musiqimizim şah əsərlərini yaratmaqla yanaşı, həm də özünün «Azərbaycan xalq musiqisinin əsasları» fundamental elmi əsərində milli lad nəzəriyyəsini işləyib hazırlamışdır. Bu da təkcə Üzeyir bəyin deyil, ümumiyyətlə, Azərbaycan bəstəkarlarının yaradıcılığına böyük təsir göstərmişdir.
«Azərbaycan xalq musiqisinin əsasları» əsərini Üzeyir bəyin bütün yaradıcılığının yekunu hesab etmək olar. Çünki bəstəkar «Leyli və Məcnun», «Arşın mal alan», «Koroğlu» kimi mərhələ əsərlərini yaratdıqdan sonra musiqidə əldə etdiyi nailiyyətləri elmi surətdə yekunlaşdırmışdır. Üzeyir bəy bu əsərini «Xalq musiqisinin əsasları» adlandırsa da, bu, təkcə xalq musiqisinin deyil, ümumiyyətlə Azərbaycan musiqisinin lad əsasını tədqiq edən və gələcək inkişaf yollarını işıqlandıran bir əsərdir.
Fikrimizcə, milli lad nəzəriyyəsinin müddəalarını elə Ü.Hacıbəyovun öz yaradıcılığının timsalında öyrənmək lazımdır. Çünki onun nəzəriyyəsi məhz təcrübədən yaranmışdı. Bəstəkar milli lad nəzəriyyəsinə addım-addım yaxınlaşmışdı. Xalq musiqisinin, şifahi ənənəli professional musiqinin ciddi qayda-qanunlarını, məhz lad əsasını öyrənən bəstəkarın musiqi təfəkkürü genişlənmişdi. Xalq və şifahi ənənəli musiqinin əsasları onun öz musiqisinin əsaslarına çevrilmişdir. Bu da sonradan Azərbaycan musiqi elmi və bəstəkar yaradıcılığı üçün bünövrə olmuşdur.
Qara Qarayev Üzeyir Hacıbəyovun yaradıcılığını müasir Azərbaycan bəstəkarlıq məktəbinin genetik əsası adlandıraraq yazırdı ki, «o, tonlarla musiqi materialını emal edərək, xalqın musiqi dühasından qızıl külçələri əldə etmişdir».1 Bizcə, «qızıl külçələri» dedikdə, Q.Qarayev elə milli ladları nəzərdə tuturdu.
Şifahi ənənəli professional musiqiyə-muğamlara əsaslanaraq yaratdığı «Leyli və Məcnun» operasında ən ümdə bir cəhət-milli ladlara istinad məsələsi diqqəti cəlb edir. Burada artıq milli lad sisteminin klassik funksional sistemlə qovuşdurulmasının əsası qoyuldu. «Leyli və Məcnun» muğam operası bu yolun başlanğıcında ilk pillə idisə, «Arşın mal alan» musiqili komediyası bəstəkarı bu problemin həllinə yaxınlaşdıran növbəti mərhələ oldu. Və nəhayət, onun sənət axtarışları «Koroğlu» operasında tam həllini tapdı. Bəstəkarın özünün etirafına görə, məhz xalq musiqisinin əsaslarının-lad sisteminin öyrənilməsi onun yaradıcılıq təxəyyülünü genişləndirərək, musiqi dilinin zənginləşməsinə gətirib çıxarmışdır.
Bütün bu əsərlər Ü.Hacıbəyovun fəth etdiyi sənət zirvələri olmaqla yanaşı, həm də nəsil-nəsil yetişən bəstəkarlarımız üçün örnəyə, milli lad nəzəriyyəsinin əhəmiyyətini sübuta yetirən sənət nümunələrinə çevrildi. Beləliklə də xalq musiqisinin lad quruluşu və onunla bağlı qanunauyğunluqların professional bəstəkar yaradıcılığında təzahürü kimi əhatəli bir problem Ü.Hacıbəyovun yaradıcılığında orijinal surətdə həllini tapdı.
Biz Ü. Hacıbəyovun «Azərbaycan xalq musiqisinin əsasları» əsərindən irəli gələn elmi müddəaları məhz onun «Leyli və Məcnun» 2 muğam operasının, «Arşın mal alan» 3 operettasının və «Koroğlu» 4 operasının nümunəsində araşdırıb, milli ladların bəstəkar yaradıcılığında təzahür xüsusiyyətlərinə dair bəzi ümumiləşdirmələr aparmağı məqsədəuyğun hesab edirik.
Bu əsərlərin təhlili nəticəsində belə qənaətə gəlmək olar ki, lad bəstəkarın musiqi dilinin bütün parametrlərinə sirayət edərək, önəmli bir xüsusiyyət kimi özünü büruzə verir. Bu baxımdan melodik dildə, bilavasitə melodikanın quruluşunda, hərəkət formalarında ladlara istinad mühüm əhəmiyyətli faktor kimi üzə çıxır. Eyni zamanda, melodikada lad transformasiyası, poliladlıq, müxtəlif lad-tonallıqlara yönəlmələr və modulyasiyalar kimi maraqlı təzahürlər qeyd olunmalıdır. Polifonik və harmonik dildə, formaquruluşunda, musiqi dramaturgiyasının inkişafında ladlara istinad diqqəti cəlb edir. Fikirlərimizin izahı üçün misallara müraciət edək.
«Leyli və Məcnun» operasında melodika maraqlı lad quruluşuna malik olmaqla yanaşı, ciddi qanunlara tabedir. Melodiyalar rast, şur, segah, çahargah, bayatı-şiraz, şüştər və hümayun ladlarının diatonik səs sırasına və bəzi hallarda xromatizmə uğramış şəklinə əsaslanaraq qurulmuşdur.
Onu da qeyd edək ki, bu ladlara əsaslanan müxtəlif xarakterli melodiyalarda ümumi qanunauyğun cəhətlər özünü büruzə verir. Misal üçün, rast ladında yazılmış melodiyalarda bir neçə xüsusiyəti qeyd edək.
Melodiyalar rast ladının əsas istinad pillələri olan tonika, üst kvarta, kvinta və üst tonika üzərində qurulur. Bu zaman alt kvartadan tonikaya doğru hərəkət və ya üst kvartadan aşağı istiqamətli sıçrayışlar, kvintadan üst tonikaya doğru yüksələn və ya sıçrayışlı hərəkət, üst tonikadan enən hərəkət və s. bu cür gedişlər melodiyanın hərəkət formaları kimi diqqəti cəlb edir. Məsələn, «Leyli və Məcnun» operasında proloqdan «Şəbi-Hicran» xorunun melodiyası mi rast ladının tonikası ətrafında dalğavari hərəkətdən yaranır. Melodiyanın üst kvarta tonuna istinad etməsilə musiqi materialında inkişaf özünü göstərir, melodiyanın diapazonu genişlənir və enən hərəkətlə tonikaya qayıdılır. (Nümunə 1.)
V pərdədən «Söylə bir görək» xorunun melodiyası isə mi rast ladında üst tonikaya istinad edir və bununla əlaqədar olaraq xromatizmə yol verilir. Belə ki, ladın sərhəd tonu yarımton yüksələrək, üst tonikaya həll olunur. Melodiyanın enən hərəkəti zamanı isə bu pillə yenidən diatonik vəziyyətinə qayıdır (Nümunə 2.)
Müqayisə üçün onu da demək lazımdır ki, «Arşın mal alan» və «Koroğlu»da müvafiq ladlara əsaslanan melodiyaların quruluşunda bu ciddi qanunlar saxlanılır. Məsələn, rast ladında qurulmuş melodiyalardan «Arşın mal alan»da Qızların xorunu (nəqəratı), «Koroğlu»dan xalqın xorunu və s. göstərmək olar. (Əlbəttə ki, bu siyahını istənilən sayda nümunələrlə artırmaq olardı, lakin məqalənin həcmi buna imkan vermədiyinə görə biz nümunələrin sayını məhdudlaşdırmışıq).
Digər ladlara aid nümunələrdə də melodiyaların ciddi lad qanunları əsasında qurulduğunu görürük. «Leyli və Məcnun», «Arşın mal alan» və «Koroğlu»dan lad əsasına görə müvafiq mövzuların müqayisəli təhlili bunu deməyə imkan verir. Beləliklə də hər üç adı çəkilən əsərdə rast, şur, segah, şüştər, bayatı-şiraz, çahargah, hümayun ladlarına əsaslanan melodiyalarda müəyyən qanunauyğunluqlar özünü büruzə verir. Bütün bu ladlarda qurulmuş melodiyalar müvafiq ladın istinad pillələrinə əsaslanır. Adətən ladın diatonik səssırası özünü göstərir. Bəzi hallarda isə həmin lad üçün səciyyəvi olan xromatik səslərə təsadüf olunur. Məsələn, şur ladının kadans ibarəsində tonikanın üst aparıcı tonunun (V pillə) əksildilməsi, segah ladında VII pillənin əksildilməsi və s. bu qəbildəndir.
Onu da deyək ki, milli ladlarda musiqi bəstələmək qaydaları Ü.Hacıbəyovun «Azərbaycan xalq musiqisinin əsasları» əsərində göstərilmişdir. Belə qənaətə gəlmək olar ki, Ü.Hacıbəyov bu qaydaları bütün yaradıcılığı boyu bəstəkarlıq təcrübəsində sübuta yetirdikdən sonra onların elmi izahını vermişdir. Ü.Hacıbəyovun əsərlərinin müqayisəsi göstərir ki, melodikanın quruluşunun bu ciddi qanun-qaydalarına əsaslanaraq, bəstəkar musiqi dilini inkişaf etdirmiş, onu yeni cəhətlərlə zənginləşdirmişdir.
Diqqəti cəlb edən belə yeni cəhətlərdən biri lad transformasiyasıdır, yəni müəyyən bir ladda səslənən melodiyanın quruluşunu, hərəkət formalarını saxlamaq şərtilə lad əsasının dəyişdirilməsidir ki, bu da melodiyada cüzi interval əvəzlənməsi sayəsində əldə olunur və təbii bir şəkildə yeni lad intonasiyalarının qabarıq üzə çıxmasına səbəb olur. Məsələn, «Koroğlu»da Uvertüranın ekspozisiya bölməsində giriş mövzusu şur ladına əsaslanırsa, işlənmə bölməsində o, çahargahda səslənir. O cümlədən, əsas partiyanın mövzusu segahda qurulmuşdursa, işlənmə bölməsində çahargahda, reprizada isə rastda verilir. Bu mövzular üzərində bir qədər ətraflı dayanaq.
Uvertüranın giriş mövzusu do şurdadır. Melodiya ladın üst tonikasına istinadla başlanır. Burada şurun ənənəvi kadensiya ibarəsi melodiyanın özəyini təşkil edir. (Nümunə 3.)
1 Qarayev Q. Unudulmaz müəllim, dahi sənətkar. «Ədəbiyyat və incəsənət». 22 noyabr, 1958.
2 Hacıbəyov Ü. «Leyli və Məcnun». Klavir. Bakı, 1985.
3 Hacıbəyov Ü. «Arşın mal alan». Klavir. Bakı, 1948.
4 Hacıbəyov Ü. «Koroğlu». Klavir. M., 1970.
Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.